ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Təbiət kimi istiqanlı...
jpg-1741689166.jpg)
ƏDƏBİYYAT
11.03.2025, 14:14 Oxunub: 1020Təbiət kimi istiqanlı...
Təbiət insandan çox istiqanlı,
Kənddə gülümsəyir dağım da mənə.
Ögey sayılmıram, doğmadan artıq,
Mehriban yanaşır bağım da mənə.
Kəndin istisi də, soyuq qışı da,
Ayağım altını əzən daşı da.
Ocaqlar üstündə bişən aşı da,
Çox ləzzət eləyir doğrudan mənə.
Bu səmimi misraların müəllifi Fuad Biləsuvarlını uzun illərdi tanıyıram. Sadə, zəhmətkeş, mehriban, diqqətli biri kimi…
Həmişə insanlarla xoş ünsiyyət qurmağa, onlara yaxın olmağa can atır. Bu xüsusiyyətlər onun yalnız şəxsi həyatında deyil, həm də yazılarında özünü göstərir. Yazıları davamlı mətbuatda dərc olunur, tanınmış söz-sənət insanları ilə müsahibələri həmişə maraq doğurur. Gənc dostumuz yazın gəlişini xəbər verən Novruz bayramı günlərində dünyaya gəlib. Bəlkə də bu, təsadüf deyil. Çünki Novruz bayramı təbiətin oyanışı, yenilənməsi və yeni başlanğıcların rəmzidir. Fuad Biləsuvarlının həyatına, yaradıcılığına nəzər salanda da, bu bayramın simvolizminə uyğun olaraq, onun daim yeniliklərə imza atmaq istəklərini görürük. Yazıları, müsahibələri və insanlarla qurduğu səmimi əlaqələr onun həqiqətən fərqli, özünəməxsus yaradıcı dünyasından xəbər verir.
Fuadın yazılarındakı sadəliklə dərinlik arasında qəribə bir tarazlıq hiss olunur. O, sadə, amma çox təsirli dillə oxucusuna düşünmək üçün geniş bir sahə açır, onu cəmiyyətə faydalı olmağa çağırır. Bu xüsusiyyətləri onun yalnız jurnalistikada deyil, həm də həyatın digər sahələrində atdığı addımlarda da görmək mümkündür.
Şeirləri onun yaradıcı dünyasını çox gözəl əks etdirir. Lirik şeirlərdə sosial və fəlsəfi mövzulara qədər həyatın bir çox məqamlarına toxunmağa çalışır, özünəməxsus yazı üslubu və yaradıcı yanaşması həm də onun poeziyaya olan münasibətini ortaya qoyur.
Onun yazıları dilinin sadəliyinə rəğmən, cəmiyyətə fayda verən dərin fikirlərlə, sadəcə estetik gözəlliklərlə deyil, həm də dərindən düşünülmüş sosial və fəlsəfi məzmunla zəngindir. Onun şeirlərində həyatın müxtəlif qatları, insanın daxili dünyası və cəmiyyətin üzləşdiyi problemlər incə bir dillə işlənir.
Fürsətin kəndiri qısa,
Yıxılıram, əldən qaçır.
Bəzən deyə bilmədiyim,
Söz də çıxır dildən, qaçır.
Torpaq küsür - əkən yoxdu,
Ev ucaldıb tikən yoxdu.
Güldən şirə çəkən yoxdu,
Arılar da güldən qaçır.
Fuadın poeziyasında insanın mövcudluğu, arzuları, çətinlikləri və eyni zamanda. insanın özünü tanımağa çalışması, dünyaya dair düşüncələri əsas mövzulardan biridir. Onun şeirlərində yalnız özünü ifadə etmə deyil, həm də oxuculara həyatın dərinliyini anlamağa, cəmiyyətin və insanın üzləşdiyi çətinlikləri dərk etməyə çağıran güclü bir mesaj var. Şeirlərindəki dil və üslub sadəlikdən mürəkkəbliyə doğru dəyişir, bu da onun yaradıcılığını daha fərqli edir. O, həm də nəğməkar şairdir. Fuadın şeirlərinin mahnıya çevrilməsi həm də onun sözlərinin sadəliyi və musiqiyə uyğunluğu ilə əlaqədardır. Onun şeirlərindəki mövzular mahnılarda öz ifadəsini tapır, söz və musiqi bir-birini tamamlayır və insanları düşünməyə vadar edir…
Əməkar artist Nüşabə Ələsgərlinin ifasında səslənən “ Gedən sən oldun” mahnısı:
Könlümün yarasın heç sarımamış,
Mənimlə bir yurdda heç qarımamış,
Sevgidən doymamış, heç yarımamış,
Üz tutub qürbətə gedən sən oldun.
Səninçün gəlmişdi ən gözəl zaman,
Vüsaldan çalardı bizimçün kaman.
Əfsus ki, yolunu tez kəsdi duman,
Üz tutub qürbətə gedən sən oldun.
Xalq artisti Gülyanaq Məmmədovanın ifasında səslənən “Bəlkə görüşmədik” mahnısı:
Nə vaxtsa yolumuz üst-üstə düşər,
Gözlərim gözünlə bir də görüşər.
Bu kəlməm yellərə dönüb ötüşər -
Bəlkə görüşmədik, bəlkə görüşdük.
Düşürsən yadıma - əlində əlim...
Ayrılıq da zülüm, həsrət də zülüm!
Kim bilir, dünyanın işidir, gülüm,
Bəlkə görüşmədik, bəlkə görüşdük...
Xalq artisti Brilliant xanım Dadaşovanın ifasında səsələnən “Qarabağ –Şuşa” adlı mahnını dinləyirəm. Bəstəkar Nadir Əzimovun bəstələdiyi mahnının söz müəllifi yenə Fuad Biləsuvarlıdır.
Şuşada ocaqlar qalamaq üçün,
Azərbaycanımı yaşatmaq üçün.
Bakı, Ağdam, Bərdə, Xocalı birbaşa,
Gəlirik. Qarşıla, Qarabağ - Şuşa!
İlhamlı, şərəfli-şanlı ordumuz,
Fəxr edir sizinlə ana yurdumuz.
Ən çətin günlərdə verdik baş-başa,
Gəlirik. Qarşıla, Qarabağ - Şuşa!
Bu mahnı Fuadın vətən sevgisini çox gözəl ifadə edir, onun Zəfər qazanmış xalqın dilindən qürurla səsləndirdiyi fikirləri bir şüara çevrilir.
Bir faktı da qeyd eləməliyəm: Hər şairin şeirlərinə nəğmə bəstələmək mümkün deyil. Fuad bu baxımdan şanslıdır. Son zamanlar hər kəsin qəlbinə yol tapan bir əsəri xatırlamaya bilmərəm:
Gəl sinəmdən dağı götür,
Götür, Allah, yalvarıram!
Dərdlərimi azdır, itir,
İtir, Allah, yalvarıram!
Çiyinlərim dağdan ağır,
Fikir məni yaman boğur...
Mən bəndənə bir yol uğur
Yetir, Allah, yalvarıram!
Gəl sınama inadını,
Qırma eşqin qanadını...
Bizə vüsalın dadını
Gətir, Allah, yalvarıram!
Bu misralar bir dua kimi səslənməkdədir. Həm də xalq artisti Alim Qasimov və əməkdar artist Fərqanə Qasımova kimi böyük sənətkarların dilində...
Bəli, onun şeirlərində insanın daxili aləminə, mənəvi və ruhi vəziyyətlərinə də böyük diqqət ayrılır, əsərlərində insanın daxili dünyası, ruh halı və mənəvi dünyası ön plana çəkilir. Bu cür əsərlər çox dərin və təsirli olur, oxucunu, dinləyicini düşünməyə vadar edir:
Həsrət dağlarına sinə gərməyə
Sinəmdə dağ boyda ürək var mənim.
Qonağın üzünə hey açıq olan
Süfrəmdə bal dadan çörək var mənim.
İnsanın içinə düşəndə qorxu,
Qaçar ağzın dadı, yox olar yuxu.
Deməsəm bilməz ki, dostların çoxu
Yolumda fitnə var, kələk var mənim.
Fuadam, gözəldi mənimçün həyat!
Sevgi olan yerdə nə şöhrət, nə ad?
İlahi, bu yatmış bəxtimi oyat!
Qəlbimdə min arzu, dilək var mənim!
Özünün də dedyi kimi saysız-hesabsız arzuları var. Nə demək olar qəlbi gözəl duyğularla dolu olan gənc dostumuza, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Fuad Biləsuvarlıya?! Ancaq və ancaq daha böyük uğurlar. İnanıram ki, belə gözəl duyğularla dolu şeirlərini hələ çox oxuyacaq, bir-birindən təravətli nəğmələrini hələ çox dinləyəcəyik.
Kəmalə Mirzəyeva

Digər xəbərlər
