usd-1.7000 eur-1.7513 rub-1.6667
Bakı 5°C 2.24 m/s
Son xəbərlər
14-01-2025
12-01-2025
11-01-2025
10-01-2025
09-01-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Müasir roman, yoxsa fəlsəfi traktat?!

details

ƏDƏBİYYAT

09.01.2025, 17:25 Oxunub: 173

  Müasir roman, yoxsa fəlsəfi traktat?!


“SOKRATLA ÇAYXANA SÖHBƏTLƏRİM” HAQQINDA QEYDLƏR

Tural Cəfərlinin bir neçə hekayəsini oxumuşam. Əvvəl mənə elə gəlirdi ki, Tural hekayələrində gizlənməyə çalışır və bununla da oxucuları özünün axtarışlarına cəlb etmək istəyir. Lakin sonra düşüncələrim dəyişdi və mən belə qənaətə gəldim ki, əslində, müəllif kimi Tural hekayələrində gizlənmir, əksinə, o, bütün varlığı ilə mövcüdluğunu bəyan etmək istəyir... Çünki onun hekayələrindəki qəhrəmanlar cəmiyyət üçün anlaşılmaz, qəribə bir əhvalla yaşayır, bu da özündə “varlıq” problemini ortaya qoymuş olur.

“Sokratla çayxana söhbətlərim” romanını oxuyandan sonra yenidən düşüncələrimə düzəliş etməli olduğumu anladım. Belə ki, Tural Cəfərlinin “Sokratla çayxana söhbətlərim” öncə adı, oxuduqdan sonra isə bədii məziyyətləri ilə diqqətimi çəkdi. Baş verən hadisələrin bir-biri ilə qarşılıqlı əlaqəsi, həmçinin sosial mesajların düşüncə gücünün imkanları hesabına ötürülməsi romanın əsas qayəsini təşkil edir. Oxucu kimi anladım ki, Turalın ilk romanı olan “Sokratla çayxana söhbətlərim” ideya, süjet baxımdan fərqli və özünəməxsus olması ilə müəllifin uğurlu işindən xəbər verir. 

Niyə məhz Sokrat? Və niyə məhz çayxana? Bu sualların cavabı əslində məlumdur. Müəllif çayxananın fəlsəfi tərəflərini romanda əks etdirir. Sokratı isə daha çox mübahisə və fəlsəfi söhbətlərin ustadı kimi hadisələrin içində təbii, dolğun və inandırıcı elementlərlə tanıda bilir. Bu da önəmli amildir. Nəzərə alsaq ki, müəllif fəlsəfə məzunudur və ixtisasından irəli gələn biliklərdən faydalanmaq xüsusiyyətinə malikdir, bu da romanın strukturuna və gedişatına təsirsiz ötüşmür.

“Bəxtsizlər” qəsəbəsi Sokrat kimi filosofların yetişməsi, cəmiyyətin eybəcərliklərini nümayiş etdirməsi baxımından əlverişli imkanlara malikdir. Bura cahil və inadcıl adamların məskunlaşdığı yerdir, elmə, biliyə əhəmiyyət verməyən, ömrünü mənasız və boş keçirən sakinlərin çayxanada necə müdrik, ağıllı və xoşbəxt olmasını göstərən müəllif Sokratı qaranlığın içinə doğan işıq kimi təqdim edir. Sokrat yeni düşüncə və yaşam fəlsəfəsini təlqin edərək, diqqətləri özünə çəkir. Bu da yeniliyə hazır olmayan kütlənin qəzəbinə səbəb olur. Sokratla dostluq edən yeganə qəsəbə sakini də filosof kimi düşünür, yaşayır və digərlərindən insani keyfiyyətlərinə görə seçilir. 

“Sokratla çayxana söhbətlərim”, məncə, Azərbaycan intellektual nəsrinin növbəti nümünələrindəndir. Tural Cəfərli ədəbi-bədii, fəlsəfi nəsr texnikalarından uğurla istifadə edə bilib. Düzdür, müəllifin ilk romanı olduğu üçün qüsurlar da var. Məsələn, romanda hadisələrin zamanla uzlaşması bir qədər zəif təsvir olunub. Sanki yaşanan və baş verən hadisələr bir gündə, bir vaxtda cərəyan edir. Bəzən keçmişlə bağlı təsvirlərdə məkan pozulmalarına da rast gəlmək olar. Bu da anlaşılandır. Çünki müəllif hələ ilk romanının cazibəsindən çıxa bilməyib. Bu işdə redaktorun da üzərinə böyük iş düşür. Təəssüf ki, romanın redaktəsinin uğurlu olduğunu deyə bilməyəcəm. Əgər belə olsaydı, daha püxtələşmiş və oturuşmuş nəsr nümünəsindən danışa bilərdik...

“Sokratla çayxana söhbətlərim”də zamanda səyahət edən Sokrat müasir dövrdə peyda olmaqla, dövrün aktual məsələlərini mövcud duruma uyğun şəkildə təhlil etməyə çalışır. Romanda qədim yunan fəlsəfi mühiti az da olsa əks olunsa da, bu, məlumatlılıq baxımında kafi deyil. Düzdür, müəllif antik dövr fəlsəfi mühitini Sokratın dili ilə təsvir etməyə çalışıb, ancaq təhkiyə istənilən effekti vermir. Ola bilsin müəllif burada tələskənliyə yol verib. Zamanla bu kimi məsələlərin təcrübə və müşahidə vasitəsilə həll olunacağına inanıram. 

“Sokratla çayxana söhbətlərim” romanının ümumi inkişaf xəttində oxucu üçün əlavə “bonus” kimi verilən xırda detallara da rast gəlmək olar. Sanki müəllif oxucu üçün “intellektual” bir məlumatı ötürməklə, həm də ədəbi yüksək ədəbi zövqü, seçim keyfiyyətinə malik oxucu formalaşdırmaq istəyir. Bu ədəbi priomlara dünya romançılığında tez-tez rast gəlinsə də, Azərbaycan nəsrində bu kimi vəziyyətlərlə az hallarda qarşılaşmaq olar. Tural bu mənada həm də intellektual oxucu üçün dünyagörüşünün zənginləşməsi funksiyasını yerinə yetirmək istəyir. 

Romanda adi məişət qayğıları ilə çarpışan tipik obraz olan “Bəxtsizlər” qəsəbəsinin sakini üçün Sokrat müəllim yox, daha çox dost kimi qəbul olunur. Çünki “Bəxtsizlər” qəsəbəsində hamı bir-birinə nifrət edir və belə olan halda “dostluğa”, “səmimi münasibətə” ehtiyac duyan qəsəbə sakini Sokratla dostluq edərək, həm də qəsəbənin prinsiplərinə qarşı çıxmış olur.

Mənə elə gəlir ki, Tural Cəfərli “Sokratla çayxana söhbətlərim” romanını yazmaqla yeni ideya və mövzu axtarışında olan həmkarları üçün ipucu vermiş oldu. Əgər bundan sonra məhz bu səpkidə roman və romanlara rast gəlsəm, təəccüblənmərəm. Çünki son dövrlərdə oxuduğum romanların böyük əksəriyyəti eyni mövzuda və səpkidə yazılan romanlardır. Bunu xüsusən də gənc yazıçılar arasında oxuduğum romanlara nəzərən qeyd edə bilərəm. Bu mənada da Tural Cəfərli çağdaş Azərbaycan nəsri üçün yeni ovqat yaratmış oldu. İnanıram ki, müəllif növbəti romanlarında da oxucuların diqqətini çəkməyi bacaracaq.

Mirkazım ABDULLAYEV
ADU-nun əməkdaşı, şərqşünas

Digər xəbərlər