ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
... SƏN MƏNİ HEYRƏTLƏNDİRDİN, öz böyük İnsanlığınla!- Məlahət İSMAYILQIZI yazır
ƏDƏBİYYAT
15.12.2025, 13:20 Oxunub: 114KİŞİLƏR HİMMƏTİ DAĞ QOPARIR...
... SƏN MƏNİ HEYRƏTLƏNDİRDİN, öz böyük İnsanlığınla!
BAŞIN ƏYİLƏ BİLƏR, RUHUN ƏSİR OLMASIN!
İnsan ki, ziyalandı, fikir ki, ucalandı, dəxi mümkün deyil o şəxs ikiqat olsun- M. Cəlil
Ziyalılar olmasa bəşər zəkası yoxsullaşa bilər – İsmayıl Əliyev
İbadulla Ağayev- öncə hikmətmi, yoxsa ədəbiyyatçımı...Yaşın dediyini baş deməli, Və elmin -insanlığın Vətəni yoxdur. Tükənməyən bir şey varsa, o da insan beynidir, insan təfəkkürüdür.Bütün elmi kəşflər insan kamalının intəhasızlığıdır.
Qarşımda hərtərəfli biliyə malik- hər sahədə elmdən tutmuş bütün insanlığa məxsus fəzilətlərə malik bir şəxsmi, yoxsa şəxsiyyətmi dayanmışdır. Belə gördüm, belə duydum.
Poetik ruhu- poeziya sevgisi ilə onun həkim olduğunu bilmək də daha bir gözəllik idi. Söhətlərdən duyduğum o ki, ilkin həyatında ən böyük dönüş Böyük Azərbaycan sevgili Ulu Səməd Vurğunla görüşü olub, hələ 5- 6 yaşalarında ikən.
Qarşımda dayanan İnsanın kimliyi məlum, həkim- epidemoloq, tibb elmləri üzrə professor, doktor, Əməkdar elm xadimi, əməkdar müəllim, saysız- hesabsız adlar- titullar, mükafatlar... və bunlar o qədər ki, içində itib batırsan. Bir İnsan ömrünə bu qədər zəhməti və onun bəhrəsini sıxışdırmaq özü də bir gözəllik, hətta hünər. Və mən buna hətta cəsarət deyərdim, o ki, özümü dərk edəndən “Cəsarət qələbənin başlanğıcıdır” deyimi yoluma işıq salmışdır.
Və bu dəfə, Sən Məni heyrətləndirirsən Böyük İnsan- Alim. Qarşımda qüdrətli və zərif bir ömür yolu – şərəf və zəhmətlə ağappaq bir yol yoxuşu keçmiş, halallıqla yaşamış bir ziyalı, Alim- həkim, ədəbi dünyanın istənilən sahəsini gözüyumulu gəzən saz- sözün Ustadı səviyyəsinin ən yüksək mərtəbəsinə qalxan unikal bir insan dayanmışdır. Bilmirəm onu necə təqdim edim, həkimmi, pedaqoq, Poetik ruhun ən mükəmməl daşıyıcısı- poeziya vurğunu, tədqiqatçı- tənqidçi, yoxsa tibbin ən yenilikçi sahələrindən olan epidemiologiya üzrə əməkdar elm xadimi, əməkdar müəllim, ziyalı, istedadlı qələm sahibimi, yoxsa, axı qəribə heç nə yoxdur, bir çox kitablar müəllifi, ayditoriyada dərs deyən, mühazirə oxuyan öyrədən, özü də öyrənən poetik dillə, fəlsəfi anlamla tələbələrinin ruhlarına nüfuz edən, bildiklərini tələbələrinə həvəslə- hünərlə öyrədən bir müəllim.
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz!- N. Gəncəvi
Bütün fəzilətlərin və gözəlliklərin yolu Elmdən keçir. Mən belə gördüm, belə yaşadım. Və bu bir müəllim sözü- bu sözün məziyyəti olduqca çoxdur.
Lakin İbadulla Ağayev nə qədər epidemoloq- həkim kimi fəaliyyət göstərsə də, ruhundakı ədəbi sevgi – poeziya, poetik dünya onu daim əsir etmiş, məftun olmuş – bu isə bir neçə amildən qaynaqlana bilər. Öncə gen daşıyıcılığı, yaşadığı mühit, istər Ata, istər Ana xəttində mövcud olan ağayanalıq, 5- 6 yaşlarında Ulu S. Vurğunla tanış olması və daha bir incə xətt... 1948- 53- cü illərdə Qərbi Azərbaycandan məcburi deportasiya edilən Göyçə camaatı və saz- sözün əhatəsində, aşıq məclislərində yaxından iştirakı, Göyçə adlı İlahi Yurdun sazına- sözünə, sənətkarlarına vurğunluq. Sözsüz ki, bunlar xüsusi amillər ola bilər, ama insanın kökü- kötüyü də böyük amildir. Və nə qədər istedadlı ola bilsən də, zəhmət adlı nemətdən bəhrələnmə də böyük amildir. Və hünər istər.
Böyük şairlə başlayan görüş və ilkin cızılan ədəbi portret- bunlar İ- Ağayevin həyat yolunun başlıca kredosu olmuşdur. Böyük Səməd Vurğunla bu görüş onu heç tərk etmədi. Əksinə bu görüş getdikcə böyük bir sevgiyə çevrilərək təməlin üzərinə körpülər salmaqda idi. Məhz bu zamanlarda Ermənistandan deportasiya olunan Göyçəlilərin bir qismi Sabirabadda- onların kəndində məskunlaşdı və bu onun həyatında böyük rol oynadı. İbadulla müəllim sonradan ədəbi mühitin böyük ustadları ilə yaxından tanış olacaq və bu münasibətlər dostluğa çevriləcəkdi. Lakin, Səməd Vurğun adlı İlahi Azərbaycan sevgili şairdən aldığı enerji onun ta könlünə- qəlbinə işləyəcəkdi.
Göyçəlilər üçün tikilən evlərdən birini də İbadulla müəllimin atasına verirlər. Bu evlərdə baş alıb gedən sazın avazı sözlə qoşalaşaraq türkün minilliklərindən dastan söylərdi. Və Saz səsi Ruhlardakı nisgili- kədəri insanların ifadə edə bilmədiklərini- ağrı, acılarını söylərdi insanlara. Hələ erkən çağlarından kökündə olan minilliklərin deyə bilmədiyini deyərmiş Ulu Göyçənin Dədələr adlanan Aşıq- sazəndləri. Məhz buralardan qaynaqlanırmış Ələsgər sevgisi, Ozanlar Yurdunun Miskin Abdalı, Ağ Aşıq, Aşıq Alı... nəhayətində Göyçə Ədəbi Mühitinin Şah Beyti Dədə Ələsgər kimi Ustadları.
Şairin sinəsi haqq bazarıdı,
Satdığı kəlimələr ləl- mirvaridir,
Alimin elmiylə- helmi yarıdır,
Həcvi hədyan demək nahaq söhbətdi.
Və 7 yaşından daha erkən, hələ 6 yaşında körpə ikən böyük Vurğunu görən, öz təxəyyül və düşüncələri ilə pərəstiş edən balaca bir uşaq bu böyük şairdən kim bilir necəsə bir böyük enerji almış, yoxsa əldə etmişdi... Və bu enerji elə bir ruh aləmi ki, nəticədə həkimlik peşəsini seçsə də, bir insan sərrafı, sözün- şeirin pərgarı, Saz- sözün vürğunu... və bu vurğunluq Ulu Səməd Vurğundan başlayaraq Göyçə saz- sözünə aşiqlik halınadək gəlir.
Söz adlı qüdrətə, saz adlı ruhaniyyətə aşiqlik bu insanı öz həkimlik sənətində xəstələrinə və tələbələrini belə bu vurğunluqla müalicə edir, yeri gəldikcə maraqlı söz- söhbətlər, aforizmlər, yerində deyilmiş məntiq və bütün bunlar İbadulla müəllimin – həkimin eyni zamanda bir ensklopediya toplusu anlamına gəlinir, yox bu məhz belədir. Ruhu böyük və gözəl İnsan!
O, bir müəllim- həkim, yalniz sazın və sözün sehrini- bilgini deyil, Saza- sözə Aşiqdir, yaxşı və gözəl olan hər şeyə vurğundur. Əgər insan vurğun ola bilmirsə- Aşiq ola bilmirsə, İnsan adlı Uca varlıq Atəşlərə qalana bilmirsə, bu nə Eşq- bu nə Aşiqlik!?.
Mehrabı Eşqdir Uca Göylərin,
Eşqsiz Ey Dünya nədir dəyərin?!.
Yaxud, Türk dünyasının MaviGözlü Devi Nazım Hikmət, O da Türkiyə adlı Eşq vurğunu...
Sən yanmasan, Mən yanmasam...
Necə çıxar qaranlıqlar aydınlığa- N. Hikmət
O Atəşin eşq elə bir atəş ki, ZiyadXan oğlu Kərəmi belə kül etdi...
Qoy Mən kül olum,
Kərəm kimi yana- yana!
Bizlər üçün bugünkü Eşq Atəşi Azərbaycan adlı Gözəl Məmləkət uğruna elə hər şeyimiz! Poeziya və Vətən Onun üçün hər şey deməkdir. Böyük ədəbiyyat sevgisi və poetik ruh onu ədəbi proseslərin yaxından iştirakçısi – bir filosof olacaq qədər mükəmməl qıldı.
Qarşımda dayanan insanın kimliyi məlum- həkim, professor, doktor, əməkdar elm xadimi, əməkdar müəllim və s nə qədər dürlü- dürlü ad desək, yenə də azlıq edər. Lakin, O təkcə həkim deyil, bu sadalananlar da deyil. Bu təkcə Azərbaycanın deyil, hətta dünya ədəbi mühitinin - ədəbi proseslərin gedişini gözəl bilən, izləyən- öyrənən, yeri gələndə heyran olan, üstəlik də Vətən Azərbaycanın zərrin bir parçası olan Ulu Göyçə- Dədə Ələsgər vurğunudur. Sazın sehri kimləri əsir etmədi ki... heç bir kimsə saz adlı tilsim- ovsundan çıxa bilməyib. Nədən ki, neçə minmin illərdir yol gələn nisgilli kökümüzdür- soyumuzdur Saz! Sazın – sözün vurğunu, sazla- sözlə nəfəs alan ən dəyərli- ən gözəl həkim ziyalımız.
Ruhunun işığında, söhbətlərində, xatirələrinin nurunda günlərlə yol getmək olar. Göyçədən gələn el sənətinin, Göyçə Aşıq Məktəbinin, Göyçə Ədəbi Mühitinin İntibahının əsasını təşkil edən tək Saza deyil, Söz adlı Qüdrətə vurğun olan birisi!
İbadulla müəllim təkcə Saz- söz deyil, Göyçəni hər bir Göyçə insanından daha yaxşı tanıyır. Kamil bir İnsan- hərtərəfli peşə sahibi, saz- söz vurğunu, üstəlik də alim- professor Ulu Göyçə sevdalısı , böyük Vətənpərvər- bundan gözəli olurmu... İlkin olaraq onu həkim kimi deyil, iç dünyası çox zəngin olan sevdiyi, vurğunu olduğu şeiriyyət, poetik ruh, poeziya onda o qədər əfsanəvi çalarlara bürünür ki, bəzən Azərbaycanın lap ucqarlarında yaşayan Aydınlardan söz açarkən, Türkistan Ellərinə, Orta Asiyaya, Turan adlı böyük ideyalara söykənən yazarlar anılır, Oljas Süleymenov kimi türk sevdalılarına qədər gedib çıxılır, üz tutulur.
Qədim Türk mifologiyasında əks olunan totem – Boz Qurd- Mavi Gözlü Qurd anılır. Özü də Türkün böyük - əfsanə şairi Rüstəm Behrudinin timsalında...
Gözü Göydən daha Mavi,
Ağzı Atəş kimi bir Qurd...
... Və sevgili bir yurd!
Və həmən bu beyt ziyalılığa- işığa, nura doğru gedən yolun başlanğıcı olur. Artıq Dədə Ələsgərə verilən hikmət kimi- dürr- sədəf, inci adlı söz xridarlığı və Telli saz adlı sehrin sehrinə düşürsən İlahi adlı o gözəgörünməz tərəfindən !
Əslində bunun özü də İlahinin bir lütfi idi İbadulla müəllim kimi Şəxsiyyət üçün. Tale onu həkim kimi dünyaya bəyan etsə də, Ədəb adlı Eşq- Atəş Ondan heç yan keçmədi ki, keçmədi. Ədəb karvanından daha ucalara pərvazlanmaq olacaqdı nəsibi.
Ziyalı bir ailədə, Sabirabadın Cəngən kəndində dünyaya gəlir. Kür adlı dəli çayın sahilində, Ulu Muğanın ən gözəl guşələrində Tuqay meşələri məkanı olan yerlərdə dünyaya göz açır. Suyu, havası, dəli çayı, meşələri, axar- baxarı, özünəxas təbiəti, zəngin insanları, qohum- əqrabalı bir dünya. Tuqay meçələrində quşların şaqraq səslərinə qulaq asaraq təbiət və insan kəramətinəcən zövq alaraq böyüyən bu gözəl oğlan uşağı özü də hiss etmədən bütün gözəllikləri köksünə və qəlbinə yığmaqda idi. Onu cəlb edən həyat fəlsəfəsi, fəlsəfi anlam və məntiq zəkasında özünə yer etməkdə idi. Hələ 3-4 yaşlarında eşitdiyi bu beyt (elə mən də bu beyti 4-5 yaşlarında atamdan eşitmişdim, ömru boyu qəlbimə saplandı bu Füzuli nisgili), gələcəyin böyük dahisilə yol gələcəkdi :
Füzuli dərd əlindən dağa çıxdı,
Dedilər bəxtəvər yaylağa çıxdı!
Və sonralar bu balaca köksdən çıxacaq ziya işıqları, xatirələr acılı- şirinli olsa da, insan yaddaşına bəzəklər verəcək, tariximizi zənginləşdirəcəkdi. Çünki, İnsan adlı varlıqlar belə balaca- bəzən gözəgörünməz yerlərdən intişar tapar. Və bəşər həyatında önəmli rol oynarlar.
İbadulla müəllimlə tanışlığım illər öncə tədbirlərin birində oldu. Onun mənə verdiyi kitab, ilk mənbə kimi olsa da, Onunla qırıq- qırıq söhbətlərim onun çox zəngin zəka sahibi, yüksək intelektə malik birisi olduğu ilk anlamdan zəngin bir kitab kimi açılırdı.
Zəhmət dolu ömür, həkim- epideiomoloq, professor, alim. Və ədəbiyyatın- ədəbin, ərkanın, əxlaqın dərin bilicisi. Böyük ədəbiyyatçünas, maarifçi, ziyalı. Bu gözəl insanı saza vurğunluğu, sözə bağlılığı, aşiqliyi dərin təfəkküründən, yüksək intelektindən, zəngin mühakimə qabiliyyətindən – belə demək mümkünsə ensklopedik biliyindən xəbər verir. Dəli Kürün sahillərindən dünyaya baxan, insanlarından, barından- bərəkətindən bəhrələnən kiçik, sarışın bir Oğlan uşağı. Və məni ilkin cəlb edən Göyçə Ədəbi Mühitinə vurğunluğu və Ulu Göyçə sevgisi. Hardandır bu böyük Göyçə sevgisi?
Haşiyə: Qeyd etdiyim kimi, 1948- 53- cü illərdə Stalin- Mikoyan qaragüruhunun əlilə Qərbi Azərbaycandan, neçə- neçə minillik dədə- baba yurdlarından sürgün edilən yerli türk əhalisi məcburən köçürülərək Azərbaycana, o cümlədən bir qismi Sabirabada gətirilir. Və bu amilin özü İ. Ağayevin körpə həyatında baş verən təkamülün intişara dönüşü olur. Çünki, əhatə olunduğun mühitin önəmi çox böyük amildir. Kürün Sabirabadda Arazla qovuşduğu məkan- bəlkə elə bunlarda, Araz adının ikiyə bölünmüş Vətənin də sorağını gətirirdi buralara. Kənd mühitində doğulan, o yerlərin pambıq tarlalarından tutmuş Kürdən çıxarılan lilədək, bütün həyatlarını zəhmətlə başlayıb zəhmətlə başa gələn bu insanların yaşamdan nəsibini almışdır bizlərin bu böyük alimi, böyük İnsanı! Doğulduğu yerlərdən, zəhmətkeş insanlardan böyük məhəbbətlə söhbət açan bu nəcib insan- həkim, alim, ədəbiyyat vurğunu, dilçi öz ilk kəndindən, Cəngən kəndindən məhəbbətlə söhbət açır. Ailələrdən, tayfalardan söhbət açan müəllif Qaradolaqlılara uzanan qollardan sevgi ilə bəhs edir.
Anladığın daha bir gözəl amil isə - həm də bu alimin təbiət vurğunu olduğu – Kür çayı sahillərini qarış- qarış gəzdiyi, ulğun kolları, qaraağac, qovaq, çinar kimi əzəmətli ağacların varlığından danışaraq onların əhatəsində böyüyən belə bir insanın Azərbaycanın elm- bilik sahəsinə qədəm qoyması təbii haldır.
İ. Ağayevə mənsub bu xatirə kitabı mənə əslində Ustad Şəhriyarın “Heydərbabaya Salam” poemasını və E. İsmayılın “Ulu Göyçə” poemasınını xatırlatdı. Və məhz o zaman bir daha qət etdim, - İnsanlar, Yaşamış, Yaratmış və Mübarizə aparmışlar. Və bizlərin həyatı necə də bir- birlərinə bənzəyir!
Çox da xoş zəngin dili, özünəməxsus üslubu, coşqun həyat və öncəsi daim əziz və əzəli tutduğum Halallıq adlı nemətin ətrini – xoş rayihələrini gətirdi mənə !
Türkün böyük şairi Səbahəttin Alini xatırlayıram, Onu ki, bir məzarı belə qalmadı, əvəzində qızı S. Aliyə dağ başında qayalıqda simvolik məzar qoydurdu, bu hal mənə Göyçə adlı qutsal məkanda qoyub gəldiyimiz sahibsiz məzarları xatırlatdı...
Başım bəyaz kardır,
Benim Məskənim Dağlardır!
Həyatımızın zəhmət adlı halallıqdan keçən zamanları... o zamanlar ki, hər şey gözəldi. Lakin, bir amildən başqa, insan xislətinə soxulmuş xəbislik- böhtan və paxıllıq heç bitmədi ki, bitmədi. Və bitməyəcək də.
Möhtəşəm, olduqca əzəmətli ömür yoluna mənsub olmaq heç də hamıya nəsib olmur. Belə bir zəngin ömür yolu, zəngin də mühit hallallıqdan bəhrə qazanan insanlar və həyat yolundan alınmış dərslər bizlər üçün dünyanın mərkəzi hesab olunan Paris- Bakıya uzanan yollar. Demə bütün yollar Bakıdan başlansa da, yenə də Ata- Ana yurdu Sabirabadın Cəngən kəndində kəsişir. Hara dönsək, harada yuva qursaq yenə də, doğma Ocaqlar bizi çağırasıdır.
“Orda bir kənd var, O bizim kəndimizdir, getsək də, getməsək də. Orda bir ev var, O ev bizim evimizdir, yaşasaq da, yaşamasaq da”- Fikrət Qoca.
Haşiyə: Müəllimin qeydlərindən belə bir məlumat diqqətimi cəlb edir... “ Muğan da, Mil də, Şirvan da Qarabağ da, Naxçıvan da ermənistan deyilən quramada qalmış ata- baba yurdlarımız da Azərbaycandır. Onu da deyim ki, xalqımız həmişə bir yerdən digər yerə köç etmişlər. Göyçə mahalında məşhur bir kənd var idi- Hacı Muğannı adında... Deyilənlərə görə həmin kəndin əhalisinin əksəriyyəti Muğandan olmuşdur”.
Burada adı çəkilən Hacı Muğanlı kəndi Göyçə mahalının Kəvər rayonuna mənsub kənd mənim Ana Babam Abbas Yusif oğlu Əhmədovun uzun illər yaşadığı kənd olmuşdur. İlkin olaraq oraya Kars tərəflərdən köçüb gəlmişlər. Yəni babalarım bu kənddən olublar. Deyilənlərə inansaq Muğana doğru da uzanan qol-budaqlarımız olduğu da ehtimal deyil, bir həqiqətdir.
Və bizlərin hər birinin həyatında önəmli yer tutan Nənələrimiz, o nənələr ki, dünyanın ən pak, saf, alicənab təmiz qəlbinə malikdirlər, nəvələr üçün nələr etmirlər. Mənim Göyçənin Ərəbzəngisi adlandırılan Ana Nənəm Məsmə Mamam (Dərə kəndindən), və İbadulla müəllimin hökmlü, mərhəmətli Bikə nənəsi, Ustad Şəhriyarın Xan Nənəsi! Hamısı necə də bir- birinə bənzəyirlər. Maraqlı bir təzad gördüm həyatın alt- üst qatında, əsil zəhmətilə yaşayan, çörəklərini daşdan çıxaranlar və haramlar- oğrular hər yanda milliyyətlərindən asılı olmayaraq mövcuddur. Dünyaya gəlişindən bu günəcən hər zaman talenin verdiyi tale- qismətə şükran dedik, çünki Sizlər zəhmət və halallığın, dostluğun – İnsanlığın ən yaxşısına layiq idiniz!Və Tanrı da mükafatlandırır. Çünki, həyat, yaşam fəaliyyət deməkdir. Gedən ayağa daş dəyər- bu da bir atalar misalı.
Bir həzinlik nəğməsi deyərək ilk müəllimini anan İbadulla müəllim, Əhməd müəllimi belə xatırlayır: “Mənə qələm tutmağı, hərfləri öyrətmiş bu insanı indi də xoş duyğularla xatırlayıram. Ürəyi, idrakı dərya, dili düz, zəka əhli, elmli ürfanlı, adı mənim üçün əziz olan müəllimim idi”.
Doğru, yaşadığımız dünya o qədər təzadlı ki, yaxşı- pisi ayırd edənədək uzun yollardan keçirsən. Əlindən uçub gedən gözəl bir İnsanın – mələk birisinin qədirini, qiymətini gec anladınsa yazıqlar sənə!
Həzinlik nəğməsi idi... təkcə bu sətirlər insan ruhunu yerindən oynadır, ayıldır, düşündürür... insan ol deyir bu günkü boz- qara rəngli düşüncələrə! Öz ilk müəlliminə dəyər kimi verilən bu balaca sətirlərdən ruhun fəlsəfi gözəlliyi anlaşılır. Həm Əhməd müəllimin zahiri- daxili gözəlliyi, həm də şağirdin ruh aləminin zənginliyi- lap elə bu günkü payızın qızılı fəlsəfəsini görürsən İbadulla müəllim kimi dərk edən, təsdiq edən bir ziyalı simasında.
Elə bu yerdə dayanır, düşünürəm, bu sayaq insanlar Tanrılar tərəfindən seçilmiş və sevilmişlərdən deyilmi- bu qənaətə gəlirəm!
İnsanı insan edən fəzilət- insanlıq və səxavət. Müəllim- həkim olan bu insan hələ uşaqkən yaşadığı ətraf- mühit, ailə tərbiyəsi, sazlı- sözlü dünya o dünya ki, əsasını Dədə Ələsgər yurdundan – Ocaqlar diyarından, Aşiq- Aşıq dünyasından almışdı.
Və bizlər həyat məktəbini belə bəzən təsadüf, bəzənsə zərurətlərlə bizlərə rast gələn əsil kişilərdən- insanlardan öyrənməli olmuşuq. Lakin ailənin, mühitin böyük rolu var. Bunda da bir gözəllik var. Həyat ibtidaidən aliyə getməkdi məqsəd. Uzun, şərəfli, zəhmət dolu həyat və ali təhsilə doğru gedən yollar...
İbadulla müəllimin yazılarında, nitqində kitablarında diqqəti cəlb edən amillərdən birincisi Azərbaycan dilinin türk dillər qrupunun ən mükəmməli, olduqca zəngin ifadə vasitələri, dil- üslub, dilin qrammatik qayda- qanunlarına riayət edilməsi, düzgün yazılış, və s kimi hallar önəmli yer tutur. Üstəlik də unutmayaq ki, bu alimin peşəsi- sənəti həkimlikdir. Onun kitablarının, yazılarının mükəmməlliyinə və nitqinə heyran olmamaq mümkün deyil!
Yeri gəlmişkən...
Türkü bir çeşmə isə... Mən Onu Dərya elədim- Şəhryar
Bu günkü dilçilikdə üslub və ifadə vasitələri bir çox yazarlar tərəfindən, televiziya ekranlarında bəsit dil quruluşuna, dar düşüncə tərzinə malik aparıcılar tərəfindən, reklamlarda və s dilin düzgün yazılış qanunları tez- tez pozulur. Xüsusəndə yeni qrup yazarlar var ki, lakonik deyərək işlətdikləri cümlələr bəsit, məzmunsuz, quru- sxolastik, bəzənsə hətta qeyri- etik olur. Bunun səbəbləri çoxdur, birini demək istərəm, çünki, mütaliə mədəniyyəti- hərtərəfli biliklərə malik olmaq demək olar ki, yox dərəcəsindədir. Zəngin – oxunaqlı yazı üçün olduqca çox- bütün həyatın boyu oxumalısan. Bir çoxları isə bir- neçə kitab oxuyub- oxumayıb, artıq nitq mədəniyyəti, üstəlik də ifadə çalarları , söz ehtiyatından isə söhbət gedə bilməz.
Və daha bir amil- dilimizin mükəmməlliyindən istifadə edərək mədəni formada qəlibdən çıxarılması- lakin bu amil də dildə anarxiya demək deyil.
Türkün dili tək nazlı dil olmaz,
Qatsan onu başqa dillərə,
Bu əsil dil əsil olmaz – S. M. H. Şəhryar
Dünyadan bir pəncərə misallı baxıb keçənlərə Allah Salamını verib keçmək də hünər istər. Orta əsr türk Ozanı- Övliya, filosof- şairi Yunis İmrə...
Biz dünyadan gedər olduq,
qalanlara Salam olsun,
Bizim üçün xeyir- dua
qılanlara Salam olsun!
Gördüyüm, şahidi olduğum əcayib- qərayib dünya olsa da, hər bir kimsənin, həm də bir fərd olaraq özünəməxsus olduğu, hətta bəzən bu fərdin şəxsiyyətə dönüşdüyünün şahidi oluruq. İbadulla Ağayev qismində dünyaya gəlişindən bu günəcən ALLAH-ın lütfi deyək bu ömür yoluna. Ruhu poeziya üstündə, poetik aləmlə danışan bu Alim- həkimin ədəbiyyatçı olmağını ən çox da Onun ədəbiyyat müəllimi olmuş Qabil müəllim istədi. Lakin...
Ata tərəfdən əslən tarixi məkanlar diyarı olan Hacı- qabulin əsası orta əsr mənbələrinə gedib şıxır. Əslində bu inzibati ərazidən olan əsil- nəcabət zamanla gen daşıyıcılığı kimi özünü göstərməli idi. O, təkcə poetik ruhlu bir insan deyil, həkim- epideimoloq olmaqla ədəbi proseslərdə gedən yenilik və tarixi biliklərə malik birisidir.
Hacın qəbul sözləri yaxın- uzaqlara ziyarətə gedənlərə deyilmiş və zamanla bu yer Hacqabul deyərək adlanmışdır. Çünki, bu məkan Məkkə yolu üzərində yerləşən, strateji nəzərdən çox mühüm əhəmiyyət kəsb etməklə yanaşı çoxlu pirlər, Ocaqlar, ziyarətgahlar məkanı olmuşdur. Ən böyük üstünlüyü isə Azərbaycana məxsus neft kəmərləri də bu zonadan keçmişdir.
Türk müsəlman əhalisinin yaşadığı bütün torpaqlarda yerli əhalinin mənəvi tərbiyəsində ruh halının hüzur bulmasında sözsüz pir- ocaqların böyük rolu olmuşdur. Pir bizlərdə Övliya, ixtiyar, düşüncə sahibi, hörmətli- izzətli deməkdi. Pir- ocaq sözü isə soylu- köklü, iman, inam yeri, qutsal məkan anlamı verir.
Haşiyə: Şərəfli ömür yolu sadəcə inamla olası deyil, bunlar insan oğluna xasdır və deməli insanın yerinə yetirə bilməyəcəyi heç bir qüvvə mövcud deyildir. İctimai formasiyalar, totalitarizm özü hər bir şeyə qadir olsa da, bəndə ilə, İnsanla Allah arasındakı əlaqəni- inam əlaqəsini heç zaman qıra bilməyib.
Bütün neft kəmərləri HacıQabildan keçirdi. İstər Sabirabad, istərsə HacıQabulun qabaqcıl məktəblərində təhsil almaq əslində böyük həyat məktəbi demək idi. Həm də maarifçiliyin ən uca zirvəsi nöqtəsinin tərənnümü deməkdi. Qabaqcıl maarif ocaqlarının verdiyi təhsil idi bunlar.
Məntiq və fəlsəfənin birliyidir həqiqəti- doğrunu yaradan. 60- ci illərin İntibahının sorağı gəlirdi. Hələ uşaqlıqdan oxuduğu Cəngən kəndində 1948/53- cü illər deportasiyası zamanı Sabirabada köçüb gələn Göyçəli ailələrlə yaxınlıq çox keçmədən dostluğa, bir qədər sonra isə saz- sözə vurğunluq bütün ömrü boyu Onu tərk etməyəcəkdi.
Zəmanə adamı olmaq deyil, həqiqətin- doğrunun adamı olmaq- belə düşündüm. Çünki, zaman- zəmanə zamanla keçəndir, lakin doğru və həqiqət daim qalıcıdır. Mən dərk etdiyim bu insan, alim, filosof, müəllim zamanı deyil, doğru olanın- dürüst olanın yanında oldu. Onun xarakterini bütöv halında açan kitabı bunları mənə aşıladı, və mən bu alimin böyüklüyünü, dürüstlüyünü gördüm. Və belə qəbul etdim. Ona məxsus olan “Yaşanan illər. Unudulmayan günlər” kitabını oxuduqca üstəlik də bu alim- həkimin şeiriyyət – lirik dünyasının dərin bilcisi olan, ədəbin- ədəbiyyatın özü və sözü olan bu gözəl insanın dərin tarix bilicisi olduğu da məlum. Muğan, Şirvan, Sabirabad, Salyan, HacıQabul, Gəncə kimi tarixi Azərbaycan torpaqlarının hər qarışı onun üçün müqəddəsdir, əzizdir. Ocaqlar, pirlər, övliyalar haqqında olduqca səlis, rəvan məlumatlarla rastlaşırsan. Əslində bunlar bizlərin tarixidir.
Kitabın dili, üslubu, ifadə tərzi – hər biri doğma yurdlara məhəbbətdən xəbər verir. Cəngən, Muğangəncəli, Salmanlı, Çiçəkli... Onu da qeyd edim ki, İbadulla müəllimin atası Əliağa kişi Muğangəncəlidə dəfn olunmuşdur. Ruhu şad olsun.
Halallıq- bir türk ailəsinə xas həyat, saf dostluqlar və bu günlər bir çoxlarının bəyənmədikləri sovetlər dönəminin verdiyi təhsil, elm və qarşında açılan üfüqlər. İnsanlar yaşamış, yaratmış və mübarizə aparmışlar!
İbadulla müəllimin mənə verdiyi kitabı “ Yaşanan İllər. Unudulmayan Günlər” – mən sadəcə göz gəzdirirəm. Bu qədər zəngin həyat və şedevr bir insanın əsil İnsan ömrü- kişi ömrü, həkim ömrü. Belə bi zənginlik içərisində - mənəviyyat dünyasının zənginliyi içərisində itib- batmasam yaxşıdır...
Ama... mən də yarıyolda qalmağı sevənlərdən deyiləm, mən də yolda usananlardan deyiləm. Özünüz deməli, sadəcə heyran qalmaq azdır, önəm heyrətləndirməkdir.
Hələ ilkin səhifələrdən bu mükəmməl şəxsiyyətin kimliyi bir ziyalı- həkim, alim, müəllim, ədəbiyyatşünas , bədii qiraət ustası- bunlar kamil bir insan ömründən xəbər verir. Kitabın annotasiyasından ilkin məlumatımı alıram ... ama əlavə yenə nəsnələr daha çox olacaq Kreativ düşüncə sahibi istər həkim, istərsə ədəbiyyatçı – tədqiqatçı, tənqidçi kimi, üstəlik bir publisist- folklorun mahir bilicisi kimi.
Harada böyüdü- boya, başa çatdı bu sarışın – günəşə bənzər oğlan?.. Əgər yer Göyçə olsaydı məsumiyyətli- qutsal məkan övladı bu deyərdim. Sən demə intusiyam məni heç aldatmamış. Sabirabad- Saatlıda dünyaya gəldim, lakin 1948- 53- cü illərdə Qərbi Azərbaycandan zorla köçürülən camaat və Sabirabadda məskən salan Göyçəlilər.
Sazın- Sözün Vətəni, Miskin Abdal- Ağ Aşıq- Aşıq Alı, nəhayətində İnsanlığın ölməyən Ruhu- Dədə Ələsgər simasında Saz daha ülvi bir qüdrət alır. Açılan sazlı- sözlü məclislər, sazın yanğısı bir körpəni məftun etməzmi...
Uca Dağ başında yanar bir işıq,
Yolumu gözlər qərib bir Aşiq...
Vətən nisgili- həsrəti kökslərdə qövr etdikcə sözsüz ki, balaca İbadulla bu yanğıdan nəsibini götürüb və sazın sehirli- ofsuni səsinə daldıqca dalıb. Bunun da səbəbi o idi ki, onu kövrəldən, duyğulandıran soy- kökündən gələn doğuşundakı türklük idi, türk qanı idi! Çünki, Sən bir Türksən, səni ağladan da, çağladan da milli kimliyindir.
Və beləliklə də, o bir Sabirabadlıdan çox, bir Göyçə sevgili İlahi Eşqin tərənnümçüsünə çevrilməsi də təbii idi. “İnsana birinci ad valideynləri tərəfindən verilir. Və sənə verilən bu adın arxasınca həyatda qazandığın adlar gəlir, bu adların sırasında kişilik, mərdlik, qeyrət, namus, Vətənpərvərlik, şəxsiyyət və diğərləri formalaşır, bunları isə verən xalq olur”. Bu şahanə fikirlər İbadulla Ağayevə məxsus kitabdandır. Bu gözəl düşüncələrə nəsə əlavə etmək mümkün də deyil.
Doğru, sonrakı adlar mərdlik, kişilik, səxavət və s insan bunlarla tanınır, anılır, sevilir. Bəlkə də tərsinə...Uzunca- gözəl bir ömür, lakin mənalı və şərəfli bir ömür. Belə bir ömrə- zəhmətə yalnızca yaxşı mənada həsəd aparmaq olar. Lakin, həsəd aparmaq deyil, fəxr etmək gərəkir belə bir Şəxsiyyəti tanımaq. Uşaqlıq aləmi ilkin Göyçəli bir dünya ilə başlayan bu sarışın oğlanın ilk dediyi ədəbi- bədii beyt Ulu Füzulinin qəm- kədər adlı dünyasının nisgilini bizlərə çatdıran bir el deyimi...
Füzuli dərd əlindən dağa çıxdı,
Dedilər bəxtəvər yaylağa çıxdı!
Dünyaın zənginliyi məhz bənzərsiz şəxsiyyətlərdir- T. Karley. Gözəllik bu, İnsanlıq demək bu. Özü də böyük hərflərlə yazılan İnsan bu!
Böyük Azərbaycan astranomu, riyaziyyatçısı, alimi Nəsrəddin Tusiyə məxsus olduğu söylənən aforizm... “O İnsan ki, bilmir, və öyrənmək istəyir, O zəhmətkeşdir, ona kömək edin. O adam ki, bilmir və öyrənmək də istəmir, o nadandır, ondan uzaq olun.
O İnsan ki, bilir və biliyi ilə hamını heyran edir, O Alimdir, Ona səcdə edin”! Bu böyük dəyəri ilk dəfədir ki, Atamdan sonra, İbadulla Ağayev timsalında məqbul gördüm.
Bu İlahi düşüncəyə nə əlavə etmək olar...yalnızca heyranlıq duyğusu. Hamının tanıdığı alim- həkim, professor, tibb sahəsinin bilginləri üzrə saysız işləri, mükafatları, - yaxın, uzaq Orta Asiyada, Rusiyada, xarici olkələrdə tibb sahəsinin ən zəngin mütəxəssilərindən birisi, O, tibb elminin və respublika səhiyyəsinin inkişafında xüsusi xidmətləri olmuşdur. Onun fəaliyyəti sahəsində , Azərbaycanın tibb, elm sahələrinin – müəssisələrinin Rusiya institutları ilə əlaqələri möhkəmləndirilmiş, elmi müəssisələrin bazalarında təcrübə keçmə də daxil olmaqla mütəxəssis mübadiləsi təşkil edilmişdir. İbadulla müəllim tibb elmi və səhiyyə sahəsindəki nailiyyətləri, xüsusən də epidemiologiya elminin inkişafindakı xidmətləri nəzərə alınaraq, 1999- cu ildə Rusiya Təbiət Elmləri Akademiyasının , 2001- ci ildə isə Beynəlxalq Ekoenerji Akademiyasının üzvü seçilmişdir.
“...İndi bir daha... tam əminliklə deyirəm ki, mən bir alim tanıyıram... Qeyri- adidir Onun alimliyi. Yeknəsəqliqdən uzaq, rəngarəng boyalınağıla bənzəyir Onun Alim dünyası. Qış nağılı kimi bəyaz, ülvi, təmiz, səmimidir onun nağıllaşan alimliyi. Mənim üçün adilikdən xeyli fərqlidir onun cazibə qüvvəsi.Əsl Azərbaycan nəfəsi Azərbaycan qoxusu, Azərbaycan duyumu vardır Onun əsrarəngiz nağıl dünyasında. Bu elmi dərəcəsi, elmi adı, yüksək rütbəsi yüksək vəzifəsi ön plana çəkilmədən tanıdığım, gördüyüm, qəlbimin gizli sarı simlərinə yaxın buraxıb əzizlədiyim əməkdar elm xadimi, tibb elmləri doktoru, professor İbadulla Ağayevdir”- Mübariz Allahverdiyev, tibb elmləri doktoru.
Mən tanıdığım İbadulla müəllim təkcə ədəbiyyat sevgili deyil, özü də ədib qədər uca fikirli, lirik duyğuların- romantik şeir dünyasının – poeziyanın vurğunu, gözəl qiraət ustası, sinəsində- könlündə böyük alimliyin – böyük də Oxucusu adlanmağa layiq bir İnsan- bir Şəxsiyyət!
Babaları əslən Şamaxı quberniyasının Rəncbər kəndindən olmuşlar. Müəllif Rəncbər kəndi haqqında maraqlı tarixi məlumatlar verir, 1919- cu ildə Şamaxı qəzasında, Azərbaycanın bir çox bölgələrində ermənilərin yerli əhalini amansızlıqla qırdıqları, saysız- hesabsız vəhşiliklər törətdikləri haqqında geniş, çoxlu sayda tarixi faktlar sadalanır. Onu da qeyd edim ki, Azərbaycan torpaqları hesabına yaradılıan Ermənistanda da, Rəncbər kəndi olmuşdur.
Zamanla şəhərlər, kəndlər uzun illər hələ yaşayacaqdı. Lakin dünya acımasız, ömürsə vəfasızdır...
Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı...
Gəlimli- gedimli dünya,
Son ucu ölümlü dünya!- Y. İmrə
Bir- birinə bənzər, eyni zamanda bənzəməyən talelər, zaman adlı müdriklərin söz boxçasından çıxan hikmət...O hikmət ki, Dədəm Qorquddan gəlir...
Qanı öydüyüm bəy ərənlər, dünya Mənəm deyənlər...
Sanki təbiət belə insanlardan üz çevirir, Rəncbər tərəflərdə yeddi il yağış yağmır, çay məcrasını belə dəyişir. XIX əsrin sonları baş verən dəhşətli zəlzələ həyatın altını üstünə çevirir. Və belə bir ifadə biz Göyçə tərəflərdə çox işlənərdi... Şamaxı batan kimi batmaq, yaxud “Qaçan batan kimi batmaq” kimi ifadələr yaddaşlarda əbədi qaldı.
Və bizlər 2020- nin Şanlı Zəfər Qalibiyyətini şahidi olduq. Bunlar isə o qədər gözəl, əzəmətli idi ki, sənə mənsub olan minillik torpaqların, soyunun dərinlərə işləmiş genin- kötüyünün intişar tapdığı torpaqların “Qarabağ Azərbaycandır” deyərək işğaldan azad olunması. 200 ildən çox zaman ərzində daim itirə- itirə gələn Azərbaycan xalqının həyatında ilk dəfə torpaqları alçaq erməni daşnaklarından azad olunması – erməni adlı alçağa atılan güllələr... Xocalı uğruna dedik hər atılan mərmini, gülləni. Son 200 il və Azərbaycan daim itirmişdir, Qəhrəman Oğullarını, barlı- bərəkətli torpaqlarını, şimaldan ruslar, qərbdan erməni işğalı, cənubdan iran molla rejimi... Və ən gözəli o ki, biz nəsil ən xoşbəxt nəsil olduq bu Zəfəri yaşamaqla- 44 gün bir millət olaraq Azərbaycan dünya miqyasında öz yerini ən uca mərtəbədə təsdiqlədi. İlkin olaraq bu işdə strategiya və taktikanın ən kamil bilicisi Şah İsmayıl xislətli Prezidentimiz İlham Əliyev Cənabları, yenilməz Azərbaycan Ordusu və Azərbaycan xalqının birliyi. Bu illər ərzində- 5 il ərzində çox işlər görüldü. Qarabağın inşası, quruculuq işləri, siyasi arenada dünya miqyaslı bəyanatlar, tədbirlər və Azərbaycanın bir millət olaraq özünü təsdiqi baş verdi.
Rəncbər- zəhmət sözündındir. Bu kənd bir çox tayfalar, sənətkarlar, ustalar- papaqçılıq, dərzi, çarıq və s kimi usta sənət adamları ilə məşhur olmuşdur. Səxavətin bariz nümunəsi kimi bu yerlər üçün “Əl tutmaq Əlidən qalıb” gözəl aforizmi ilə zəhmət və mərhəmətə verilən dəyərin ən gözəl nümunəsi deyək. Rəncbər kəndindən Akademiyanın müxbir üzvü, professor Bilal Dadaşov, yenə də Akademiyanın müxbir üzvü , texnika elmləri doktoru Nizami Süleymanov, Əli Məmmədov kimi dünya şöhrətli alimlər çıxmışdır.
Həmçinin İbadulla Ağayev özü də Rəncbər kəndinin ən məşhur nəsillərindən olan Vəlixanlılar tayfasından olduğu məlumdur. Bəy nəsli – böyük nəsil olduqlarına görə 37- ci il repressiyası bu nəsildən yan keçməyib.
Haşiyə : Ata nənəsi Bikə nənə- mən bildiyim və tanıdığım bütün nənələr gözəl olur. Bikə nənənin göstərişi ilə Bakıya MirMövsüm Ağanın ziyarətinə göndərilir, adını da ona Ağa özü qoymuşdur. Və İbadulla adlı bu balacanın soyadı Ağayev, bu məni bir qədər düçündürür. Rəncbər kəndinin ən böyük tayfalarından olan Vəlixanlılar soyadı 37 ci il repressiyası ilə bağlı, sovetlər dönəmində qadağalar qoyulmuşdur. Təqiblərin çox olduğu zamanlar və bu nəslin- kökün soyadları – məni onların xüsusi bir seyid- övliya nəslinə mənsub olması fikrinəmi- qənaətinəmi gətirir!..Hələ ki, nə dərəcədə haqlı olduğumu bilmirəm.
Müharibə dövründə Tuqay meşələrinin meyvəsi, Kürün balığı nicat olmuşdur insanlarımıza. Atası Əliağa kişi- bütün nəsli nəcibliklə - zəhmətlə çalışmış, halallığı ömrünə qayə etmiş insanların övladı olmaq da bir gözəllik- bir Tanrı ərmağanı. İbadulla müəllim öz atasından danışarkən Onun böyüklüyünü Göyçənin şair oğlu Eldar İsmayılın bu misraları ilə tərənnüm edir:
Nadandan, namərddən incimək olmaz,
Küsəndə kişidən küsəsən yaxşıdı!
Ata- Ana məhəbbəti o qədər böyük ki, heç bir digər məhəbbətlərə bənzəməz, xüsusən də Onlara güclü bağlarla bağlısansa... Divarlar üçür, dünya yıxılır, səni bir sahibsizlik- kimsəsizlik çulğayır. Səni kim Onlar qədər sevə bilər, onlar qədər ürəyi yana bilər... sığınacağın ən isti qucaqdır Onların qucağı...Kim Səni Onlar kimi sevə bilər, oduna yana bilər- heç kim!
Son günüməcən,
Özüm də ölənəcən,
Gözləyirəm...
Gəlməyəcəyini bilə- bilə
Son günüməcən, özüm də ölənəcən...
Gözləyirəm gələcəyini.
“Nəyi qazanmışamsa, nəyə nail olmuşamsa, sənin sayəndə olub. Hansı ağıl sahibi olmuşamsa, bunu da səndən almışam. Sənin mənə etdiklərinin heç birini sənə qaytara bilməmişəm, ama bir şey edə bilmişəm ki, sənin adını batırmamışam, Vəlixanlılar nəslinin soyuna- kökünə xələl gətirməmişəm, bütün şanım- şöhrətim sənin adınla bağlı olub, Əliağanın oğlu deyilərək çağırılmışam və sənin oğlun olduğum üçün fəxr etmişəm”.
Göz yaşı tökməyə bir himə bəndəm,
Bulud tək yamanca dolmuşam Ata!- E. İsmayıl
“Ailə Onun Məkkəsi, Mədinəsi idi”...Tək bu ruhani- ilahi sözlər ilə Əliağa kişinin kimliyi- mərdliyi, Uca İnsanlığı gözlər önünə sərilir! Ruhları Şad olsun bütün ləyaqətli Ata- Anaların! Daim Atanın böyük dəstəyini- məhəbbətini duymuş, Onunçün Ata cilalayan- tənzimləyən və yol göstərən rolunda olmuşdur.
1986- cı ilin 11 avqustunda doktorluq dissertasiyasına cəmi bir ay qalmış Ata adlı O Uca Varlığı itirən İbadulla müəllimin təbirincə yox, bütün insanlığın təbirincə desək, “Mənim bütün varlığımı özü ilə apardı”.
Və mən bu gözəl alimin- insanın mənə verdiyi kitabı oxuduqca Böyük Ata məhəbbəti ilə qarşılaşıram. Sizin yazdığınız xatirələri oxuduqca, məni daha bir amil düşündürür, siz həm də gözəl ədəbiyyatçısınız. Tibb sizi qazansa da, ədəbiyyat- ədəbi aləm də sizi itirməyib. Bu və ya digər formada sizi yenidən kəşf edib. Oğulun öz Atasına yazdığı sətirləri ifadədən qaçına bilmirəm, bir az kövrək, bir az romantik, lakin doğru və həqiqətin özü qədər saf və təmizdir bu ürək sözləri:”Kişiliyin elə bir zirvəsinə qalxdın ki, hamı sənə hörmət əlaməti olaraq bizim dediyimiz kimi “Ağa” dedi. Ağalıq sənə yaraşırdı, zahirin də, batinin də gözəl idi”.
Əlbət ki, Ata və Ana qoşa varlıqlardır. Vəzifə, məram hər ikisini minnət və məhəbbətlə anmaq bizlərin borcudur.
Anam Mənim- Mənim Anam! Bu mövzu özü mənim üçün də çox ağrılı, yaralı yerimdir. Çünki, hər il, Onların itkisindən bəhs edən yeni bir yazıyla çıxış etmək – yad etmək, əldən ancaq bu gəlir. Və bu məhəbbət yenilmək bilməyən, heç zaman ölməyən daim gözəl bir hava ifa edən Göyçənin Ulu Sazına bənzər, özü də bəlkə, “Yanıq Kərəmi”, bəlkə də “Ruhani”... nəsə ən gözəl Saz havası, o Saz ki, Ələsgər hikmətindən su içib.
Həmin o Saz ki, İnsanlığın ölməyən Ruhudur. Ölməyən Ruhumuzdur bizlərin Ata- Anası.
Bax, necə pozulub ömrüm Gülşəni...
Həyat Sənsiz Mənə zindandır Ana!- S. Vurğun
İbadulla müəllimin anası Tehran xanım bəy nəslindən olmuş, Xankeçən kəndindəndir. Sonralar 37- ci il repressiyası zamanı bütün mülkləri, evləri, torpaqları əllərindən alınmışdır. Atası Azay bəy bir çox yaxınları ilə bərabər güllələnmişdi. Sonralar Cəngən kəndinə köçmüşlər. Bəy qızına Bəy oğlu elçi düşər. “Mən dünyaya gəlmişdim. Azay bəyin, Əliağa bəyin Ocağına kişi gəlmişdi. Beləcə başlanmışdı bəy qızının xoşbəxt həyatı, sevincli günləri”.
Bütün Analar Mələk simalı, gözəl olurlar. Analar bəşəriyyətə Analıq etmək qüdrətinə malik Şəxsiyyətlərdir. Bütün həyatım boyu Anamdan gözəlini və yaxşısını görmədim. Kimisə onunla- nənəmlə müqayisə etmək fikrində deyiləm. Anamın dürüstlüyü, ilahi övlad sevgisi heç nə ilə nə əvəz olundu, nə də müqayisə.
Ən gözəli o ki, İbadulla müəllimin, alimin- professorun ailəsində bir böyüklük var. Maraqlı nəsihətləri var İbadulla müəllimin, bu nəsihətlərin hər birində bir müdriklik, soyluq- əsillik yatır. Daim qohum- əqrabanın birliyində- bir olma varlığından söhbət açılır. Yəni, tək əlin nəsi var, cüt əlin səsi var. Çox da doğru bir nəsihət- ədəb- ərkana aparan yol. Qardaş- bacı bir- birinə arxa- dayaq durmasa, daha nə həyat bu.
İşdə bu ki, insan münasibətləri o qədər itib, o qədər ucuzlaşıb ki, xəbislik- xəyanətlər baş alıb gedir. Ən çox da zamanın çəkilməyən bəlası olub xəyanət və sadəcə paxıllıq.
Atasının əmisi Mahmudun qızı Səkinə - Onun həyatı və faciəsi məni elə İbadulla müəllimin özü kimi sarsıtdı. Bir cümlə məni tutur, zahirən sakit görünən bir insan... desək, onun içərisində də nə fırtınalar, nə təlatümlər varmış. Hər bir insan özlüyündə bir fərd olsa da, içərisində yatan gözəlliyi duymaq heç də hamıya nəsib olmur.
Yaradan- qurandır İnsan. Ama, o da ola bilər ki, səni hamı sevməsin, təbiidir. Sən də hamını sevməyə bilərsən.. Xüsusən də, əgər həddindən artıq zərif ruhlu, həssas birisənsə, mütləq bu ki, sənin özəlliyin, bəlkə də özünəməxsusluğun- bilgin, ucakönüllülüyün, unikallığın bir qısqanclıq doğurursa...” ya sən zəmanəyə layiq deyilsən, ya da zəmanə sənə layiq deyil”. Alman filosofu Artur Şopenhauerə məxsus bu düşüncəni təqdir edirəm. Nə təəssüflər ki, bizlər cahil bir mühitin məngənəsindəyik. Çabalamaqla, xilas olmağa çalışırıq, lakin mümkün olmayanı mümkün edə bilmək üçün inqilablar gərəkir. Üsyan etmək azdır! Cahil- dini buxovlarla, sosial çətinliklərlə əsir edilən cəmiyyətin səviyyəsi- təhsili o dərəcə üstün olmalıdır ki, nadanlıq, fanatizm adlı cahilliklərə qələbə çala biləsən.
İbadulla müəllimin böyük ailəsi və ailədə olan mehribanlıq məndə təvazökar heyranlıq duyğusu yaradır. Hamıya kömək edən, əl tutan – bu gözəl, nəcib keyfiyyətləri gördüm bu böyük alimdə. Anam Süsənbər xanımı xatırlayıram... “əl tutmaq Əlidən qalıb”. İnsanlar yaxşılıq etməklə, savab qazanmaqla da bütün səxavətli- mərhəmətli insanlar necə də bir- birlərinə bənzəyirlər.
Bu Gözəl Alimə xas maraqlı bir məqam məni aparır... “Yaxşı ki, sən varsan Dilavər, riyakar, paxıl, ikiüzlü, şərəfsiz olan bəzi insanların arasında sənin saflığına , paklığına, həqiqi məhəbbətinə üz tutub sakitləşirəm”.
Sənəti ayrı- ayrı nəsillər deyil, məhz fərdlər yaradır. Fikir, ideya budur. İbadulla müəllim həm əsilli- köklü, hər iki tərəfdən soyadı yüksək təbəqəyə mənsub şəxslər olsalarda, istər həkim kimi, istərsə də ədəbi proseslərin, poetik düşüncənin – elmin, bilginliyin və İnsanlığın ən Uca Zirvəsində dayandı. O bir fərd olsa da, öz şərəfli soyuna- kökünə dayandı. Və bu fərdlər zamanla Şəxsiyyətə çevrilmirlərmi...
İstər 60- ci illər, istərsə də 80- ci illərin nəsli təkcə ədəbi- bədii proseslərdə deyil, ictimai həyatda bir yeniliyin, tərəqqinin, İntibahın əsasını qoydular.
Haşiyə: Bir qədər mövzudan uzaqlaşaraq alçaq erməni işğalında olan nisgilli Göyçəmə keçirəm. 60-cı illər nəslinin İntibaha bürünmüş Ulu Göyçədə necə gözəl işlərə, proseslərə, yeniliklərə imza atdıqlarını öz Atamın- İsmayıl Əliyevin timsalında görürəm. İstər ədəbi proseslərdə, elmdə, təhsildə cəmiyyətin ictimai həyatında tərəqqi və yüksəlişi heç bir vəchlə inkar etmək mümkün belə deyildi. Və Mənim Atam bir fərd olaraq ensklopedik bilik mənbəyi, unikal elm və biliklərə, güclü natiq- orataorluğa malik pedaqoq, ictimai xadim, əslində sırf Şəxsiyyətdi. 80- ci illərdən sonra bu yenilikçi – mütərəqqi insan daha cavan nəsillə yeni ideyalara imza atacaqdılar.
Əgər bizlər bir qədər siyasi həyatımıza keçid etsək 80- ci illər nəsli əslinda daha bir yeni epoxanın davamçıları idilər. Çünki, özül 60- da qoyulmuşdu. Və bunların böyük əksəriyyəti yüksək təhsil görmüş, ədəbi və ictimai həyatda intibahın- bir atəşin oyanışın şahidi olmuş, bir çoxları isə əsasən sovetlərin sadə- yoxsul insanlara gətirdiyi imtiyazlardan istifadə edərək öz zəhmət və bilik- istedadları ilə uca mövqelərə sahib olmuş, nəsil- kökü 37- lər adlı mənhus repressiyadan çıxmış ziyalı nəslin davamçıları idilər. Öz kimliklərini- milli kimliyini gözəl bilir, öz dinini sevir- pərəstiş edir, cahil dindarlıqdan uzaq olan bu insanların böyük əksəriyyəti öz mövqelərini bacarıq və zəhməti sayəsində əldə etmişdilər.
Keçid dövrünün şahidləri və iştirakçıları olmaq kimi yeni təfəkkür tərzinin daşıyıcıları olmaqla həm şahidi, həm də iştirakçıları idilər.
İstedadı, intelekti, yeni düşüncə tərzi ilə həyata atılanlardan oldu İbadulla Ağayev. Vətənin Azadlığa, Müstəqilliyə qovuşması dövrünün, istərsə də erməni işğalı zamanı, artıq nə yaş mövcuddur, nə də mövqe. Milli kimlik- milli hissiyat önə keçir. Bu bir gen- qan daşıyıcılığı məsələsi. Bizlərin qüdrətli- gözəl dövranları kecid dövrünün- erməni işğalının keşməkeşləri dövründə Vətən mücadiləsi uğrunda keçdi.
Həyat şəcərəsinə baxıram, Ata tərəfi HacıQabul- Rəncbər, Dadaşbəyli- bu gün də oralarda yaşayan böyük nəsil- şəcərələr. Qohumlu- əqrabalı, o taylı- bu taylı, istər Ana tərəfi Abbasbəylilər, istərsə də Ata tərəfi Vəlixanlılar- böyük nəsillər, əsil- nəcabət və bu insanlarda dəyər verdiyim ən gözəl keyfiyyət halallıq adlı nemətdən həhrələnən bu insanların biri o birinə olan səmimiyyəti, sadəliyi, hörməti və diqqəti- belə bir gözəlliyə necə aşiq olmayasan!. İnsanlıq bu, Diogenin İnsan axtarışı, Sokratın bulamadığı İnsanlıq bu.
Və İsgəndərin müəllimi necə deyir, “Mənə isnad nöqtəsi verin, dünyanın məhvəırini yerindən qoparım”!
Bu günlər buraların- bizlərin isnad nöqtəsi Vətən Azərbaycan və Ailə adlı böyük səmimiyyətdir. Sizə- Sizin simanızda Ata- Ana Ocağınıza, yaxın qohum- əqraba timsalında Sizi başları üzərinə qaldıraraq hörmətli, əziz tutanları bir daha mən də sevdim. Hörmət- izzətim dünyalarca oldu. İstər Ata tərəfi, istər Ana tərəfi elmin ən yüksək təbəqəsində çalışan bu alim- ziyalı mühitində Sizlərin yetişməsi belə də olmalı idi. Həmin mühitin yetirdiyi alim- ziyalılardan bir nümunə: “ Atamın qohumlarından biri də kimyaçı alim, Akademiyanın müxbir üzvü, kimya elmləri doktoru, əməkdar elm xadimi, professor Bilal Dadaşov idi. Qüdrətli alimimiz Yusif Məmmədəliyev onu Azərbaycanın Faradeyi adlandırırdı”.
Ürəyimə daman hiss özünü doğruldur, mən bu kitabı əlimə aldığım andan elə ilk sətirlərdən İbadulla həkimin, mənim təbirimcə müəllimin adi nəsil- şəcərəyə mənsub olmadığını anlamışdım. Hətta istədim Ona səs atam, ya zəng edəm. Tədricən bu fikrimdə yanılmadığımı gördüm.
Ana babası Azay bəy – tarixi çox uzaqlara, qədimlərə gedən, qərinələrə gedib çıxan bir nəsil- nəcabət. Məlum, əsil- kök nəsil- nəcabətdən gəlir. Azay bəyi güllələdikdən (37- ci il) sonra, Orta Asiyaya sürgün olunan oğlu Cavadın oğlu Bayramqulunu Qırğızıstanda Ç. Aytmatovun atası ilə birgə Alatau dağları ətəklərində güllələmişdilər. Bu faktın özü də, xüsusən türk millətinə verilən işgəncələrin nə qədər dəhşətli olduğu daha bir fakt insanın içini göynədir.
Hər bir sistemin özəl tərəfləri olduğu kimi, sovetlər dönəminin bu qaniçən vəhşiliyini İnsanlıq bu günəcən anlamaq iqtidarında belə deyil.
Təbii belə bir soydan qanadlanmaq çətin olmasa da, çox yəqin ki, asan da olmadı. Çünki, Onun yolu həm də çətinliklərdən keçib. Yalnız zəhmətlə gecəni- gündüzə qataraq belə nailiyyətlərə nail olmaq mümkündü. Və bu zərif insan pillələrlə irəlilədi. Bu irəliləyişə səbəb təkcə bilik və savad deyildi, ən əsas səbəblərdən biri də öz qövmünə sonsuz ehtiramı, böyüklüyü başı üzərinə qaldırması və kökə - ruha bağlılıq Ona ucalıqlar gətirməkdə idi.
Məğrurluq və xeyriyyəçilik kimi nəcib insani keyfiyyətlərə mənsub olmaq da əslində kökdən gəlir. Bu gözəl alimin həyat yoluna nəzər saldıqda onun xeyriyyəçiliyi, hamının qolundan tutması, dəstək əlini uzatnasının şahidi olursan.
Bu filosof alimin bir qədər ömür yoluna da nəzər salmaq çox önəmlidir. Elə amillər var ki, sadəcə ötüb keçməklə olmur. Çünki, bu təbli Şəxsiyyətlərin dünyanı öz mənəvi işığı ilə, nuru ilə işıqlandırmaq üçün, gözəl etmək üçün, həyat hər halı ilə gözəldir deyərək yaşamağa- gözəlləşdirməyə çağırışları da İlahidəndir.
Və 1966- cı il...Bakıya gedən yollar. Bizlər daha həmin uşaqlar deyildik. Bəlkə də biz dünənki uşaqlar ola da bilməzdik. Dünəndən gəlsək də, içimizdə Atalı- Analı dünyamızın nisgilini, qədərsizliyini gizlədərək gülümsəməli idik.
1967- ci ildə Bakıya ali təhsil dalınca gələn bu sarışın gənc Azərbaycan Dövlət Tibb İnstitunun müalicə- profilaktika fakultəsinə daxil olur. Tələbəlik illərindən, o çağlardan – qrup və tələbə yoldaşlarından, müəllimlərindən hörmətlə söhbət açan bu həkimin necə də möhtəşəm bir ömür yoluna malik olduğu əyan olur. Tələbə yoldaşlarından, ölkənin adlı- sanlı həkimlərindən hörmətlə açdığı söhbətlər bu insanı bizə daha da yaxınlaşdırır. Bir daha fəxr duyursan ki, zaman bir qədər gec olsa da, onun kimi bir alimi, əsil ziyalını, öz böyüklərini hörmətlə xarakterizə edən və bir ədəbiyyat insanı, poetik ruhun daşıyıcısı olan bütün ruhu ilə, qəlbi ilə elmə, yaşam fəlsəfəsinə , poeziyaya bağlı olan bu gözəl insanın Göyçə Ədəbi Mühitinə - 7- 10 min illikləri əhatə edən Saz- sözün Vətəni olan Ozanlar Yurduna böyük məhəbbəti özü də bir möcüzə deyək.
Dünyanın fəlsəfi anlamı, “Kitabi Dədəm Qorqud”dan üzü bu yana Ozanlar yurdu olan Şah İsmayıl müridi Miskin Abdaldan üzü Ağ Aşıq, Aşıq Alı- Dədə Ələsgər və dünyanı hikmət nuruna qərq edən bir qutsal Vətən və İbadulla Ağayevin bu AlaGözlü Göyçəyə - Ələsgərin Göyçəsinə vurğunluğu...
Sayzız- hesabsız aşıq məclislərinin – sazın sehirli səsinin vurğunu olan qutsal Göyçənin deyil, Türk dünyasının Aşiq- Aşıqlarından tutmuş sazınadək aşiq olan , müğamın da gözəl bilicisi – yəni hansı sahəyə yanaşılırsa, İbadulla müəllimi orada gördüm, özü də mükəmməl gördüm.
Belə bir şəxsin – şəxsiyyətin bu zamanda yaşaması – Onun zəngin eridusiyası, yüksək intelekti istər tarixi, fəlsəfəni, ədəbiyyatı- daha zərif desək poeziyanı gözəl bilməsi bir çoxlarını sadəcə və sadəcə təəccübləndirsə də, mənim kimisi üçün həm bir heyranlıq duyğusu – hörmət qarışıq , eyni zamanda hər bir elm- biliyin, mənəviyyat dünyasının, ruh halının üst qatına çıxaraq gözəl nitq mədəniyyəti mənə Onun fəlsəfi dünyanin, fəlsəfi anlamın da gözəl daşıyıcısı olduğunun bariz nümunəsidir.
Zamanla tələbəlik illərində belə sadalanan gözəl keyfiyyətlərə malik olan müəllimlərindən məhəbbətlə söhbət açan İbadulla müəllim o illərdə müəllimi olmuş fizioloq Qəhrəman Qəhrəmanovdan, professor Məmmədsadıq Abdullayevin yüksək nitq mədəniyyəti, Azərbaycan dilinin zəngin ifadə vasitələrindən, gözəl mühazirələrindən söhbət açır. Zaman sürət qatarına bənzəyir. Və O, zamanla öz müəllimlərindən geri qalmayacaq, bəlkə də daha böyük üstünlüklərə malik olacaq.
Lakin həyatın fəlsəfi axarı Onu bir ədəbiyyatşünas- tənqidçi, tarixçi, filosof , həkim-alim kimi yetirmiş oldu. Əlbəttə burada gen- kood daşıyıcılığı , nəsil- kökün də böyük amil olduğu önəm daşıyır.
Haşiyə: Ümmnisə Müsabəyova, Zəhra Salayeva, Mustafabəy Topçubaşov kimi müəllimlərindən, tibbin unikal korifeylərindən dərs alması özü daha bir həyat məktəbi- universitet rolunu oynamışdır. Hələ V-ci kursda epidemiologiyadan imtahan verərkən, ona Ali təhsil müəsisəsində qalmaq təklif olunur. Mustafa Topçubaşovun klinikasında Azər Şadlınskinin rəhbərliyi altında cərrahlığın sirlərini öyrənir. “ Böyüyüb boya- başa çatmaq , özünə və Allahın qüdrətinə inanmaq, ömrün enişlı- yoxuşlu yollarında zirvələrə qalxmaq, nəhayətdə cəmiyyətdə mövqe sahibi olmaq tale yazısıdır, bunu Allahdan başqa kimsə poza bilməz. Mənim də yazımı Allah belə yazdı, mən epidemoloq oldum və N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnsitutunun Epidemiologiya kafedrasında assistent kimi fəaliyyətə başladım”. Epidemilogiya kafedrasının rəhbəri olan professor, əməkdar elm xadimi Tağı Tağızadə mənim əlimdən tutub irəliyə aparırdı.
Sözsüz ki, burada sadəcə axara düşmək deyil, qarşıdakının zehni fəaliyyəti, əməyi də böyük önəm daşıyırdı. Və bu sahəyə həm elmi cəhətdən, həm də əməli qabiliyyətim də təkan verirdi deyə İbadulla müəllim qeyd edir. Öz müəllimindən məhəbbətlə söhbət açan alim maraqlı nüanslara işıq tutur. Qarşımda açılan yollar bu zəngin insanın dərin, hərtərəfli mənəviyyata sahib olmasından, maddi nemətlərdən öncə mənəvi sərvətə- dəyərlərə dəyər verməsindən alidə idi. Bu dəyərlər özü həm zehni, həm də insan olaraq kamilləşməkdən ibarətdi.
İnsan uzun illər özünü kəşf etməklə, öz mənini axtarmaqla və nəhayət özünüdərk və özünütəsdiqlə həyatı, özünü, aləmi dərk etdiyini anlayır. Lakin özünü dərk – özünü təsdiq bir kəşf qədər çətindir, çünki özünü dərk edə bilərsən, özünü təsdiq də. Likin yenə də elə amillər var ki, təqdiri İlahidir. Tanrı bizləri özümüz də istəmədən ayrı- ayrı səmtlərə yönəldə bilər.
Əgər bu tale adlı mənhus amil bizlərə gülərsə... gülərsə əgər.
Məni məndə demə, Mən Məndə deyiləm...
Bir Mən vardır Məndə, Məndən içəri!- Y. İmrə
Nəzərimcə İbadulla müəllim Tanrılar tərəfindən seçilmiş və sevilmişlərdəndir. Ulularının ruhu, milli kökünə bağlılıq, böyüklərinə sönsüz sevgi onu həyat yollarında irəli və daim irəli apardı.
Və “O nə dilərsə, O olur”, bunu da belə bilək.
Epidemiologiya sahəsi üzrə gərgin əməyin, biliyin, düşüncə tərzinin, yüksək səviyyənin zəhmətin bəhrəsi olaraq İbadulla müəllim 1979- cu ildə bir çox ziyalı insanların, tibb sahəsi üzrə müəllimlərin iştirakı ilə Quba, Dəvəçi, Qusar, Xaçmaz və s rayonlarda tədqiqat işlərinə başlayır və 1979- cü ildə də başa çatdırıb müdafiə edir. Tibb elmləri üzrə namizəd adını alır. 1992- ci ildə isə böyük ləyaqət sahibi olan Tağı müəllim öz yerini tələbəsinə - kafedra müdiri vəzifəsinə İbadulla müəllim təyin olur.
İbadulla müəllimin öz ustadı- müəllimi olmuş Tağı Tağızadə haqqında fikirləri, verdiyi dəyər olduqca yüksəkdir. Adətən Oğul öz Atasına belə qiymət verə bilər. Zəkasına səcdə qılınan alimlər- ziyalılar nə xoş ki, həyatımızda geç də olsa, rastlaşdığımız ən gözəl amildir. Ama ən gözəli insanlığına- adamlığına səcdə qılınanlarla rastlaşmaq özü bir nemət deyək. Nəinki, çörəyimizi əldən alanlarla, badalaq vuranlarla deyil, çörək verən, qədir bilən, ziya işığına ağlın, zəkanın nuru deyənlərlə rastlaşmaq nə xoş. Budur İnsanlıq. Atdığımız hər addım İnsanlıq naminə etdim, insanıq bizlər, iyilik xatirinə, yaxşılıq naminə, şərəf uğruna deyə bilək. “Tağızadə səviyyəsi həmişə vəzifələrdən qat- qat yüksək zirvələrdə durmuşdur”. “Tağızadənin vüqarında bir əyilməzlik var idi. O, başqaları kimi xırdalansaydı, yəqin ki, Tağızadə olmazdı”.
...Zəkasına səcdə qıldığım, ruhu qarşısında baş əydiyim müəllimim, həyatda nəyə nail oldumsa, bunlar üçün ona borclu olduğum əməkdar elm xadimi, tibb elmləri doktoru, professorTağı Ələkbər oğlu Tağızadədir- İbadulla Ağayev.
Bir ağayanalıq- sözsüz müəllimindən tələbəsinə keçmişdir. Bu yerdə Sədi Şiraziyə məxsus gözəl bir kəlam yadıma düşür: “Pul vasitədir, Əqidə deyil”. Bəli, İnsan özünü əqidə- amal, prinsiplər, dürüstlük- doğruluq və yenə də sözsüz ki, mənəviyyat zənginliyi və əxlaqi dəyərlərlə özünü tənzimləyir və təsdiq etdirir. Budur böyüklük. Nə xoş ki, İbadulla Ağayevin tale- ömür yoluna belə bir gözəllik nəsib olmuşdur.
Əqidə insana bəxş olunmuş ən dözəl fəzilət İlahi tərəfindən ona verilmiş dəyərdir. Əslində dünya özü bir səhnədir, ən xoş olanı o ki, səhnədə deyil, tamaşaçı qismində olasan. İnsan əqidəsi halallığa söykənməli, saflıq, paklıq, doğruluq, dürüstlük kimi zərif meyarlarla süslənməlidir. Əqidə- amal yolçularının yolları zirvələrə dayandığına görə, xəyanətkarları da çox olur. İnsan özünə bənzər deyil, daha ucalarda dayanan birini qəbul etmək iqtidarında deyil.
Çünki, şərəf gendən gəlir, gen- kod daşıyıcısıdır. Tağı müəllim kimi bir şəxsiyyətin- insanın tələbəsi olmaq, onun rəhbərliyi altında dissertasiyalar müdafiə etmək Allahın lütfi idi.
Daim arxasınca yürüdüyüm, dünyaya gəlişimdən bu günəcən aşiq olduğum ən böyük dəyər İnsan- İnsanlıq olmuşdur. Bu günəcən belə kimdəsə işıq ucu boyda adamlıq gördümsə, yüz dəfə baş əydim. Çünki, zaman çox dəyişib, bəlkə də bu günlər bir aforizmə dönən “Yaxşı kişilər yaxşı atları minib getdilər” deyiminə boyunmu əyməlidir...Məncə yox... insanlıq ölərsə, bu bəşəriyyətin sonu və fəlakəti ola bilər.
Əgər səviyyə sənin vəzifəndən qat- qat yüksəksə, o cəmiyyət, pislik, xəbislik hər an səni udmağa hazırdır.
Ruhu şad olsun Tağı müəllim kimi səviyyə- əqidə yolçularının. Ömrümüzü elm adlı gülşənlə bəzəyən bu insanlar bəzən öz böyük ləyaqətlərinin əziyyətini çəkirlər. Çünki, cəmiyyətə- kütləyə alverçilər, oğrular, xəbislər, namərdlər lazımdır, o fikirlə ki, öz alver dünyalarını reallaşdıra bilsinlər, - əl əli yuyar, əl də üzü. Bazar, dükan, məhəllə söhbətləri bunlar. “ Böyük ləyaqət insanı birdən- birə cəmiyyət üçün gərəksiz edir. Bazara qızıl külçəsi ilə getmirlər. Orda xırda- qara pul lazımdır”- Şamfor.
Elm elə bir Günəş ki, Məhəmməd Peyğımbər belə deyirdi:” Elm Çindəsə, onun dalınca Çinə get. Yaxud, bir saatlıq elmlə məşğul olmaq altmış illik ibadətdən yaxşıdır”! Elm Günəş Ziyasıdır, işıqdır, nurdur. Elmsizlik qaranlıq cahilliyyət, avamlıq və fəaliyyətsizlikdir.
Haşiyə:Güclü olmaq istəyirsənsə, qaç! Sağlam olmaq istəyirsənsə, qaç! Gözəl olmaq istəyirsənsə, yenə qaç! Vaxtilə qədim Elladanın qayaları üzərində yazılmış bu kəlam öz əhəmiyyətini indi də itirməyib. Qədim yunan filosofu Platon oxumağı, yazmağı, üzməyi bacarmayan adamları savadsız hesab edirdi. Böyük alman filosofu A. Şopenhauer sağlamlığın nə demək olduğunu ifadə edərək göstərirdi ki, sağlam dilənçi xəstə kraldan xoşbəxtdir!
Qeyd etdiyim kimi 1992- ci ildə T. Tağızadə kafedra müdiri vəzifəsini ona təklif edərək özü kafedranın professoru vəzifəsinə keçmişdir. Əslində bu Azərbaycanda mümkün olmayacaq az sayda şəxsiyyətlərə xas mərdlik nümunəsi idi. “Bu böyük İnsan, qüdrətli şəxsiyyət heç vaxt heç kimin qapısı arxasında qalmadı. Bu xasiyyəti- bu qüruru ona bir çox yüksək vəzifələri qismət etmədi. Lakin Tağızadə səviyyəsi həmişə belə vəzifələrdən qat- qat yüksək zirvələrdə durmuşdur. Biz ondan təkcə Alimliyi və müəllimliyi öyrənmədik, o bizə həm də insanlıq, ləyaqət, sədaqət dərsi vermişdir”.
Tağızadədən sonra da, kafedra daim nümunəvi olmuşdur. Bunun ilkin səbəbi orada Tağı müəllim kimi bir şəxsiyyətin yaratdığı səliqə- səhman idi. Və bu illərdə İbadulla müəllim öz elmi nailiyyətləri, axtarışları, dərslərin keyfiyyəti, yeni metodik vəsaitlərin, tövsiyyələrin tələbələrə çatdırılması, intizam kimi amillər öndə idi.
Üstəlik də İbadulla müəllimdən eşitdiyim kafedra haqqında fikrim o qədər yüksək və orada ilkin olaraq asılan Tağı Tağızadənin portretinin də olduğunu bilirdim. Çox güman ki, bu kafedranı ziyarətə getməliyəm.
Zaman keçdikcə istər həyatımızda, istərsə də kafedranın həyatında da yeniliklər, müdafiələr baş verirdi- deyə İbadulla müəllim qeyd edir.
1986- cı ildə Atasının vəfatından böyük sarsıntı keçirən İbadulla müəllim məhz müəllimi Tağı Tağızadənin təkidi və israrı ilə yenidən elmi fəaliyyətə başlayır. Artıq 1991- ci ildən doktorluq işini müdafiə edib elmi doktor adını alır.
Kafedrada hökm sürən nəşə, sevinc, bayramların təşkili, tədbirlər məhz bu bacarıqlı alimin sayəsində baş tuturdu.
1992- ci ildə artıq kafedra müdiri idim. İnsanın səviyyəsi əgər vəzifəsindən yüksəkdə durursa, o artıq şəxsiyyətə çevrilir. Mədəni, ürəyi böyük, səmimi, səviyyəsi yüksək olan, əsil ziyalı kimi böyüyən, elmi- mədəniyyəti hər bir çətinliyin açarı hesab edənlər üçün İbadulla müəllim əsil ziyalı – unikal, idrakı uca bir şəxsiyyətdir. Mənim kimilərin böyük məhəbbətlə təqdir etdiyi hərtərəfli ensklopedik bilik sahibi - ədəbiyyatçı, tarixçi, poeziya aşiqi sinədəftər, məqamı gələndə gözəl şeir parçalarını öz həzin səsilə ifa etməsi – bütün bunlar Onun böyüklüyünü,, əsil elm- bilik insanı olmasından xəbər verir. Və Onun öz kitabında bir neçə abzas yazı bu şəxsiyyətin də, həyatının heç də hamar olmadığı xəbərini verir.
“Mənim tariximizə, poeziyamıza, musiqimizə olan marağım və bunları bilməyim də bir çoxlarına göz dağı olub. Bunlar Allah tərəfindən insana verilən intelektin təzahür formasıdır. İnsan sərvətlərlə dolu xəzinəsindən kiməsə nəsə verə bilirsə və ondan nəyisə almaq istəyirsə, bu xoçbəxtlikdir, buna sevinmək lazımdır, paxıllıq etmək lazım deyil, ama təəssüf”!!!
“O insanlar ki, imzası ilə xalqının adını göylərə ucaldır, onların qədrini bilmək, yollarında yaşıl işıqlar yandırmaq lazımdır, yol kəsmək yox”.
Sən demə, Onun intelektinin zənginliyi çoxlarına gözdağı imiş.Unikal ömür yaşayan, Göyçənin ensklopedik oğlu, ünlü jurnalist İsmayıl Əliyevin gözəl bir deyimini xatırlayıram: “Gözəldən və Alimdən heç ümidini üzmə”.
Bəzən bir çoban ailəsindən ünlü bir insan çıxa bilər. Bu haqda Atamla maraqlı söhbətlərimiz olurdu, sonda gəldiyim nəticə bu oldu, ziyalı, görmüş, gözü- könlü tox birisi sonda xəyanətkar ola bilməz. Lakin kökü- kötüyü, ruhu çoban olan birisi də, əsil ziyalı ola bilməz. Ruhu çoban- gədalıq olan birisi nə qədər yüksəklərə qalxsa da, gəda olaraq qalacaqdır. Və ilkin nəydisə, sonda ona qayıdır insan.
Kök- kötük, soy böyük amildir, görmüşlük, gen- qan daşıyıcılığı Sənə vəzifə verməsə də, aristokratlıq, Ağayanalıq Sənin ruhundan doğur Böyüklük. Bunu da belə bilək.
Əlbət ki, kökündəki Ağayanalıq özünü İbadulla Ağayev kimi ziyalı- alimdə, tibb sahəsinin ən peşəkar usta isimlərindən olması da Onun alın yazısıdır. Bəy Oğlu Bəy də doğulur!
Mənəviyyat dərsi verməyə bəzən bizim tipli insanlar maraqlı olurlar. Çay içə- içə fəlsəfi söhbətlər edib mənəviyyatdan, insanlıqdan, külli- aləmdən söhbətlər etmək mümkündür. Lakin qarşındakını ancaq canavar kimi, “qoyun bərəni aşdı deyə düşünürsə” ona nə ədəb, nə ərkan, nə də əxlaq, sima öyrədə bilərsən. Şərəf qanla gəlir. Bu genlə gəlir, qan yaddaçıdır. İnsanda ən böyük mənəviyyat onun tərbiyəsi, bu ruhda böyüdülməsidir.
Və mənim aləmimdə ən böyük dəyər əxlaqdır. İnsan kamilliyi və tərbiyə bu işdə böyük onəm daşıyır. Uca Dinimə- Məhəmməd Peyğəmbərə, Həzrət Əliyə qeyri- adi sevgim olub. Belə görmüşəm, belə tərbilələnmişəm. Həzrət Əli dünya üzrə ən böyük filosofdur. Gözəl bir kəlamı, “Hər kəs dilinin altında gizlənib. Danış, görüm səni”.
Yenə də Həzrət Əliyə məxsus aforizmi: “Sən əqidəni nə dərəcədə inkişafetdirmisən? Cavab sadədir, “O dərəcədə ki, indi mən nə heç kəsə inanır, nə də etibar edirəm”. Mənim deyil, bütün Həzrət Əli sevənlər üçün O, kamilliyin ən yüksək zirvəsidir. Həzrət Əli timsalında bu gözəl İlahi şəxsiyyətin ətrafı müaviyə kimi xain- xəyanətkarlarla- yezidlərlə dolu olub.
Bunlar hamısı dərslər alınacaq ibrətamiz həyat hekayələridir!
Oxuram innə- fətahna,
Mətləb allam yuxuda,
Şahi- mərdan nökəriyəm,
Dərsimi pünhan verir! - Dədə Ələsgər
İbrətamiz bir ömür yolu İbadulla müəllimin həyatı. Pislərdən uzaq olun, daim Var olun. Allahın Pənahın da olun !
Unutmayaq, dünya Sizin kimi yaxşı kişilərin çiyinləri üzərində bərqərar olur!
İstər ziyalı, istər sadə- adi bir insan olsun, bizlərin ilkin xoşbəxtliyi ailəmizdən başlanır. Nəsil, kökümüz, Ata- Analar və özümüz də bir ailə oluruq nəhayətində. “Bütün xoşbəxt ailələr bir- birinə bənzəyir”... məşhur rus yazıçısı L. Tilstoya məxsus bu kəlam yazıçının çox sevdiyim əsəri “Anna Karenina”ın ilk cümləsidir.
İbadulla Ağayev nümunə olası bir ailə böyüyü- ata, həyat yoldaşı, nəvələrinə gözəl, qayğıkeş babadır. Həyat yoldaşı Dilbər xanımdan o qədər ideal söhbət açır ki, həm bu gözəl xanıma vurulursan, həm də ona dəyər verən, hörmət bəsləyən, uca tutan ziyalı- alimimizə.
Mənim aləmimcə qadına, Anaya, qızına dəyər verən ailə böyükləri məhz bu zaman udurlar. Orası da məlum ki, hər bir güclü kişinin arxasında güclü bir qadın dayanır. Başqa cürəsi mümkün də deyil. Eyni zamanda, güclü qadınında arxasında- yanında dayanan kişi qeyrətli, hünərvər, öz həyat yoldaşına eniş- yoxuşlarda dəstək verməyi bacarandır. “Mənim bütün qardaş və bacılarımı saxlayıb böyütmüş, onlara həyat vəsiqəsi vermiş bu qadının qarşısında başımı əyirəm. Və ona bütün bunlar üçün min dəfə sağ ol deyirəm. Sənin böyüklüyün ondadır ki, sən bunları bir dəfə də olsun nə valideynlərimin, nə də onların üzünə vurdun, başlarına qaxdın, məramın, məqsədin yalnız halallıq, paklıq, saflıq oldu”.
İbadulla müəllim- Dilbər xanımın həyatı sədaqətdə, etibarda dastan olacaq həyatdır. Belə möhtərəm böyüklərdən öyrənməyə dəyər. Sədaqətli- ağıllı ömür- gün yoldaşı olmaq özü bir roman- dastanlara sığmayacaq qədər rəngarəng və həyat fəlsəfəsi ilə, öyrənməyə layiq müdrilliklə doludur.
Qadın Anadır, yaradıcıdır, Həyat yoldaşıdır. Mənim nəzərimcə ailə Anası hörmətli- izzətli tutulursa, qoruya bilirsənsə, o evin bini- bərəkəti aşıb- daşar. Başlardan nemət yağar belə ailələrdə. Təsadüfi deyil ki, bizim sevimli Peyğəmbərimiz Anaya- qadına neçə böyük dəyər verdiyini gözəl bilirik: Cənnət Anaların Ayaqları altındadır!
Hətta Peyğəmbərimizə aid belə gözəl bir misal da var: Peyğəmbərdən həyatda özünü ən çox kimə borclu bilirsən sualına, O böyük Şəxsiyyət dörd dəfə Anama deyə cavab vermişdir. Yalnızca beşinci dəfə Atama demişdir.
Yəni, Ana- Qadın bu deməkdir. Baş tacı etdinsə, başında tac olacaqdır. Tərsinə edərsənsə... qadın- Ana- uzunsaçlının intiqamı yaman olur!
Mən bu gözəl ailəyə, Vüqar və Aidaya, nəvələrə cansağlığı, axarl- hamar yollar arzulayıram. Babaları kimi gözəllik və ruh zənginliyi nəsibiniz olsun.
Ucsuz bucaqsız dünya, sürətlə axan zaman və kainatın ən böyük dəyər ölçüsü olan İnsan...
Ömür dedi, çox yaşadım,
Ürək dedi, dünən gəldim!
İnsan yaradan, qurandır. Həyatı dərk edərək yaşamaq, zövq almaq- poeziyadan, ürəklər oxşayan nəfis, həzin bir musiqi, minbir çalarlara boyanmış bu günkü payızın rənglər harmoniyası, tarixi abidələr, yaxud 44- günlük savaşla bağlı bu torpaqlar uğruna can qoyan, bağ qoyan adlı və adsız qəhrəmanlar, qarşınızda başlar əyilir, bütün bunlar Vətən deməkdir, sevmək, yaşatmaq borcumuzdur.
Çətin də ola bilər, ağır da, məngənələr altında əzilə bilərsən, ama yenə də ən gözəl olan ruhun gözəlliyidir. Ruhun varlı olmasıdır. Gözəl bir aforizm düşür yadıma, “Küçədə olduqca yoxsul geyimli bir gənclə rastlaşdım. Paltarı yamaqlı, dizləri cırıq idi. Lakin, ruhunun içində ulduzlar parlayırdı. O sevirdi”.
Uca Mövlanəni də xatırlayıram elə bu məqam...”Libas gördüm, içində İnsan yox, İnsan gördüm- üstündə libası yox”.
Və biz insanlar buyuq. Yaşamağa dəyər, anlayana, duyana, “Yaşamaq Gözəl şeydir Qardaşım”- Nazim Hikmət. Önəmli olan o ki, daim ruhlarımızın içində ulduzlar- yildızlar bərq vursun. Altın geyinməyə bilərsən, altun kimi ürəklər gəzdirən köksümüz!
Bir daha vurğunu olduğum bu gözəl fikri ifadədən qaçına bilmirəm: “Özgür olun, Özünüz olun. Dünya Özü olana heyran olur”- İ. Breqman.
Bu dünyada nə yaxşılıq unudulandır, nə də pislik yaddan çıxan. Nə yaxşığarı unutdum, nə də yaxşılıqları. Nə də pisləri bağışlamayı.
Mənə laqeydlik öyrət ürəyim,
Yaxşını yamandan seçə bilməyim...
Qıvrılım, yatım içimdə, batım içimdə...- M. Araz
O M. Arazki, həyatı pislərlə- xain, xəbis, paxıllarla mübarizədə keçdi. Və həssaslıq- o ki, ola M. Araz həssaslığı...bu həssaslıqla gözəl ömür yaşadı, özü də M. Araz ömrü... Qaradan artıq boyaq yoxdur, həyatı sonda boyaqlara döndü, ama özü oldu, sözü oldu, necə dedik, “Dünya özü olana heyran olur”.
Bu odu odsuzun yanan dünyada,
Şeytana göz dikən gözə görünmə,
Bu yalan dünyada, bu yaman dünyada,
Gözəl ol, ama Gözəl görünmə!
Özünüdərk zəkanın dərinliyinə, insan həssaslığına, eridusiyanın mükəmməlliyinə, məntiq və fəlsəfənin yanaşı dayandığı ən güclü amildir.
Mənəviyyat dünyası olduqca zəngin olan İbadulla müəllim üstəlik də çox bacarıqlı, çalışqan, elmi başarıları ilə çox elmi- tədqiqatlara imzalar atan tibb sahəsinin ən hünərvər alimidir. Məncə bütün bu yüksək mənəvi keyfiyyətlərinə fitri istedad da desək, o zəhmət və ağılla birləşərsə bir bütövlük və hünər yaradır.
Onun dediyi şeir parçaları fəlsəfi biçimə, məntiqə söykənir. Və mən bu bacarıqlı, hünərli Tibb Aliminin - ziyalısının ədəbiyyatşünas, dilçi, tarixçi və s yüksək intelektinə - geniş eridusiyasına, məntiq və fəlsəfəsinə, güclü mühakimə qabiliyyətinə - yaşama vurğun olan , əxlaqi dəyərləri özünə əqidə bilən, elm- biliklərin üst qatına çıxaraq dünyaya fəlsəfi bir baxışla baxan, səviyyə nöqteyi- nəzərindən hər şeydən üstün olduğu bir FİLOSOF deyərək tərənnüm etdim.
Bu dəfə Sən Məni heyrətləndirdin. CanSağlığı diləyilə.
İbadulla Ağayev əməkdar elm xadimi, Respublikanın baş epidiemoloqu , kafedra müdiridir. Dünyagörüşü, mədəni- intelektual səviyyəsi olduqca uca bir Şəxsiyyətdir. O, çağdaş Azərbaycan ədəbiyyatının ən mükəmməl ziyalısı- alimidir. İstər fizikən, istər mənən güclü insanlara xasdır Onun mədəni intelektual səviyyəsi.
Başqalarının uğruna sevinmək insanın məvəvi saflığından xəbər verir. Bu gözəl alim düşüncə və fikirlərində, arzu – istəklərində xeyirxahlığının, insanlığının şahididirlər. Ulu Tanrıdan qismət payına fitri istedad, qeyri- adi yaddaş, şərəf və öncəsi bu gözəl mənəvi keyfiyyətlərin özülündə- təməlində ağıl- əqil, düşüncə, özünüdərkdən keçən yolun özünütəsdiqinə gələn ən tükənməz enerji. O enerji ki, “Cəsarət- heç bir halın sarsıda bilməyəcəyi enerji mənbəyidir”- Smayls.
“O Respublika miqyasında tanınmış bacarıqlı həkim, görkəmli alim, qabiliyyətli səhiyyə işçisi , həmçinin işlədiyi və müəllimlik etdiyi Azərbaycan Tibb Universitetində böyük hörmət və nüfuz sahibidir”- Eldar İsmayıl Böyüktürk.
Ağ-Bulağın Ağ Suları adlandırdığım Ulu Göyçənin şair oğlu E. İsmayılın öz dostuna yazdığı şeir parçasının son misraları məni öz ağıl və məntiqilə xeyli düşündürdü...
Sinəndə çağlayan söz çeşməsimi?
Hayqıran...
Kükrəyən dəryamı yoxsa?
Bu qüdrət ruhunun
Öz rişəsimi?
Səndə səndən ayrı dünyamı yoxsa?
Ruhu şad olsun dəyərli şairimizin. İbadulla müəllim cansağlığı, uğurlar. Qoruyucumuz Uca Yaradan olsun!
Və mən bu böyük şəxsiyyətin bir həkimdən çox, dünyəvi biliklərin zəngin mənəviyyst dünyasının bir filosof- psixoloq kimi dəruni elm- bilik carçısının mütləq gözəlliklərini, ürfani elmin fəlsəfi anlamda şərhini verən bu gözəl insanı həkim kimi deyil, ədəbi- ürfani biliklərin əhatəsində gördüyümdən bir Alim- ziyalı, peşəkar həkim kimi də həyat yolunu – şərəfli, zəhmətlə keçən alim ömrünü də varaqlamağa çalışdım.
Bildiyim tibbi terminlər, 300- dən çox elmi- tibbi kitabların, elmi- metodik vəsaitlərin, tibbə aid məqalə və oçerklərin, yüzlərlə peşəsinə aid elmi kəşflərin müəllifi olduğu anlamına gəldim. Bir çox ekspermentlərin də müəllifi , bir növ tibbin epidemiologiya sahəsinə aid elmi kəşflərin müəllif olduğu da daha bir həqiqətdir.
İbadulla müəllimin öz həmkarı, müəllimi olmuş, dürüstlük, saflıq, doğruluq mücəssiməsi olan bu böyük alimi böyük məhəbbətlə anması, ondan dönə- dönə söhbət açması məni valeh etdi. Yaxşı, unikal- dəyərli bu insanın uzaqdan sadəcə adını eşitmişdim. Məntiq və fəlsəfəni əqidə qarışıq həyat kredosuna çevirən bu gözəl Müəllim- Tələbə cütlüyü məni bir daha heyran etdi. Ruhu şad olsun Tağı müəllim kimi Alim- İnsanın, Şəxsiyyətin.
İbadulla müəllim Sizə sağlıqlı, xoşbəxt ömür yolu diləyirəm.
Mən bu şəxsiyyətə təkcə vurulmaq deyil, zamanında belə bir mənəviyyat insanını tanımamağıma çox təəssüfləndim. Və belə insanların bizim zamanımızda yaşamasına – cəmiyyətə, yeri gələndə çirkinliklərə qarşı mübarizəsinə sevindim, nə gizlədim, bu günlər bir qədər ruhdan düşmüşdüm, lakin bu gözəl şəxsiyyət haqqında tələbəsinin yazdıqları mənə stimul verdi. Və Müşfiqi andım biixtiyar...
Mübarizə bu gün də var, yarın da!
Ömür yoluna Tağı Tağızadə kimi şəxsiyyətin çıxması özü bir şans olmuş və Sizlər həyatın ən gözəl dəyəri olan müəllim yox, Müəllimlər Müəllimi ilə rastlaşmışsınız!
Onun öz müəllimi haqqında yazdıqları hər bir insan adlı varlığa örnək olası nüansdır. Ama o da bir şans, o da bir bəxtiyarlıq ki, qarşına İnsan oğlu İnsan çıxsın. Və səni həyat yollarında təmənnasız, iddiasız irəliyə aparsın. O irəli ki, Üfüqdə Ağ Yola bənzəsin. O yolla yürümək o qədər gözəl ki, o yol elmə- biliyə, tərəqqiyə, yeniliyə doğrudur!
29. 10. 25. Bakı
P. S. Bu bir tərif deyil, həqiqətdir. M. Cəlil deməli: “Sözün doğrusunu danışmaq hünər istər”.
Bəlkə də az dedim. Ama bu müdrik- ağıllı insana təkcə Azərbaycandan deyil, bu günlər alçaq erməni əsarətində olan, Ən Gözəl Dərd deyərək vəsf etdiyim Göyçə adlı Ulu diyarın prizmasından belə baxdım. Belə bir baxış isə çox xoşdu, çünki Sazın- sözün Vətəni olan Göyçədən axan qutsallıq, Saz- sözə vurğunluq, Ələsgər diyarına İlahi sevgi – istedad, zəhmət halında bu möhtəşəm insanda bir daha təzahür etməzmi- təcalla etməzmi?
Nə xoş bu təcallaya!
ZƏFƏR ZƏFƏR Mənimdir deyənindir! ZƏFƏRİN Mübarək Azərbaycan!
03. 11. 25
MƏLAHƏT İSMAYILQIZI
AYB- nin, AJB- nin üzvü, tədqiqatçı publisist, yazar