usd-1.7000 eur-1.8227 rub-0.0185
Bakı 19°C 3.11 m/s
Son xəbərlər
26-04-2024
25-04-2024
24-04-2024
23-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Bircə fikri vardı: "O Vətən torpaqları bizimkidir. Biz mütləq o yerlərə qayıtmalıyıq..." - Mahirə HÜSEYNOVA 

details

CƏMİYYƏT, ƏDƏBİYYAT

18.03.2024, 14:39 Oxunub: 3597

1001info.az “Qərbi Azərbaycanlılar” rubrikasında  filologiya elmləri doktoru, professor, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcmasının  Dərələyəz mahalı Keşkənd rayonu üzrə icma rəhbəri Mahirə Hüseynova ilə müsahibəni təqdim edir.

Kəmalə Mirzəyeva: - Mahirə xanım, Siz tanınmış bir nəslin nümayəndəsisiniz. Bu yerdə Qərbi Azərbaycanın dəyərli ziyalılarından biri - əməkdar elm xadimi, professor,  tanınmış dilçi alim, ictimai xadim, millət vəkili Həsən Mirzəyevi xatırlamamaq mümkün deyil...  O, hələ qadağaların olduğu o çətin illərdə nəhəng işlər görürdü...

Mahirə Hüseynova: - Həsən Mirzəyev ilə bizi birləşdirən təkcə qohumluq, yaxınlıq münasibətləri deyil. Bizi birləşdirən ümumi bir dərd də var – o da Qərbi Azərbaycan məsələsidir. Həsən müəllim ömrü boyu  yurd həsrətli bir insan kimi yaddaşlarda qalıb.  Bakıda  kifayət qədər yüksək mövqelərdə olub, millət vəkili seçilib, Respublika Ağsaqqallar Şurasında və başqa təşkilatlarda təmsil olunub. Çox vətənpərvər insan idi. O, elmi fəaliyyətə başladığı gündən Qərbi Azərbaycan mövzusu   yaradıcılığından qırmızı xətt kimi keçir.  Hansı cəhətdən?  O, dilçi idi. Bu da dilçilik baxımından ola bilərdi. Həsən Mirzəyev hansı sahələrə müraciət edirdi? Qərbi Azərbaycanın toponimlərinə. “Toponimlər nədir?  Tarixin torpağın köksündəki güzgüsü...”. Bunu akademik Ağamusa Axundov belə deyirdi.  Həqiqətən, Həsən Mirzəyev   Dərələyəz, Ələyəz ,Qovuşuq, Qabaxlı, Qızılgül, Gülüdüz, Qaraqaya, Gədikvəng kimi  bir sıra yer adlarını, onomastik vahidləri  araşdıraraq gəldiyi nəticə bundan ibarət olub ki, bu torpaqlar əsl qədim türk-oğuz torpaqlarıdır. Bu torpaqların yiyəsi erməni ola bilməz! Nə erməninin danışığında, nə kitab- dəftərində, yazısında-pozusunda Dərələyəz sözü, Ələyəz sözü yoxdur.  Eləcə də antroponimlər, hidronimlər....  Qalakənd, Köşbək, Leyliqaçan, Qaraqaya ... bu kimi yerlər sadalamaqla bitməz, ən böyük, ən qədim meşələrdən biri olan Hava meşəsi,  Şah Abbas  karvansarayı, Arpa çayı... Bunların erməniyə nə aidiyyəti var axı ? Həsən müəllim də yazılarında birbaşa tək toponimləri deyil,   bütün onomastik vahidləri tədqiq edərək bu nəticəyə gəlib ki, bu torpaqlar- Azərabaycan qədim oğuz-türk yurdudur.  İndi bunları deməyə nə var ki?.. Artıq Cənab Ali Baş Komandan hamımızın qarşısında açıq bir yol qoyub, yəni biz ora – o torpaqlara mütləq qayıdacağıq- deyib. Təbii ki, indi araşdırmalar həm çoxalıb,  həm də, bir növ, asanlaşıb.  Həsən Mirzəyev isə bunları 30-40 il əvvəl dilə gətirib, yazıb.  Onun bu mövzuda çoxcildli əsərləri var. Həmin çoxcildliyin birinci cildi Qərbi Aərbaycanın Dərələyəz mahalına, digər bir cildi Qərbi Azərbaycanın tanınmış övladlarına,  başqa bir cildi Dərələyəz folkloru nümunələrinə həsr olunub və s... Bu araşdırmalarında o, hər bir kəndin etimologiyasına toxunub və yenə gəldiyi nəticə bundan ibarət olub ki, buralar  Qədim Türk torpaqlarıdır.  Mən də  Mahirə Hüseynova olaraq son vaxtlar  Qərbi Azərbaycanla bağlı bir sıra kitablarımı, o cümlədən “Qərbi Azərbaycan   paleotoponimlərinin linqvistik etimoloji təhlili ”adlı kitabımı ortaya qoya bildim.
2022-ci ilin 24 dekabrında  Cənab  Prezident   Qərbi Azərbaycandan olan bir qrup  ziyalı ilə görüşdü.  O tədbirdə  mən də iştirak edirdim. O görüşdə Cənab Prezident hər birimiz üçün şüar-deviz olan belə bir fikir söylədi ki, biz o torpaqlara qayıdacağıq, amma  müharibə ilə,  top-tüfənglə deyil, sülh yolu ilə, elmi araşdırmalarla qayıdacağıq. Bax bunun nəticəsi  kimi bu kitablar meydana gəldi. Bunu da vurğulamalıyam  ki, 1 mart 2024- cü ildən bizim Azərbaycan Dövlət Pedaqoji Universitetində  Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi fəaliyyətə başlayıb. Eyni zamanda,  Türkoloji mərkəz də yaradıldı.  Biz uzun müddət idi ki, buna hazırlaşırdıq.  Bir daha demək istəyirəm: Cənab Prezidentin söylədiyi kimi, biz  elmi araşdırmalarla , elmi dəlillərlə bütün  dünyaya o torpaqların Qərbi Azərbaycan torpaqları olduğunu sübut edəcəyik. 

Kəmalə Mirzəyeva:  -Mahirə xanım, illər öncə Həsən Mirzəyevi tanımaq şansım olub, onun əqidəsinə, sədaqətinə, amalına heyran qalmışam... Qısaca xatırladım ki, hələ  2003-cü ildə AZTV-də çalışdığım vaxtlarda  onunla bağlı maraqlı çəkilişlərim olub, evindəki o zəngin kitabxanası ilə tanış olmuşam...

Mahirə Hüseynova:  -Bu məqamda  xatırladım ki, Həsən Mirzəyev  həm də “Həsən Mirzə” təxəllüsü ilə şeirlər yazırdı. İki şeir kitabının da müəllifidir...

Yükləsən çəkəmməz filə dərdimi...
Hansı dərdini ? Vətən dərdini...
Pərən-pərən el Dərələyəz ...
Niyə pərən-pərən olub? 

Məhz ermənilərin vandallığı nəticəsində pərən-pərən olan yurd yerlərini nəzərdə tuturdu Həsən Mirzə...
1988-ci ildə deportasiyanın son nöqtəsi qoyulanda Həsən Mirzəyev Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan Qərbi Azərbaycanlıların hər birinin evində olub dərdlərinə şərik çıxaraq onların yerləşdirilməsi ilə məşğul olurdu. Bir növ, xalq-millət-dövlət arasında vasitəçi rolunu oynayırdı. Hazırda biz də onun yoluyla gedirik.  Yaratdığımız “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi” də buna bir sübutdur. Biz burda əldə etdiyimiz  elmi tədqiqatların nəticələrini dünya  ictimaiyyətinə çatdırmağa çalışırıq. 

 

Kəmalə Mirzəyeva: - Çox ağrılı da olsa, bu mövzuya toxunacam. Bu yaxınlarda ananız dünyasını dəyişdi... Nazlı nənə haqq dünyasına qovuşdu... Hansı arzularına çata bilmədi?  O yaşda ananın ən böyük istəyi nəydi?
Mahirə Hüseynova: - Bəli, anam dünyasını dəyişdi...O,  cismani köç elədi, mənən bizimlədir. Həsən Mirzənin bacısı olaraq o əqidəylə, vətən sevgisi, yurd həsrəti ilə dünyadan köçdü. Mən Nazlı ananın tez-tez dediyi bir bayatısını tez-tez xatırlayıram:
           
Mən aşığam, at aşa,
Doğra bağrım,  qat aşa. 
Xəyalım aşan yalı
İnanmaram at  aşa...

 
Bəzən belə dialoqlarımız  olurdu. Deyirdim:

-Ay ana, sən hansı yaldan danışırsan? Hansı at o yalı aşa bilmir?  
Deyirdi ki, mən o xaraba qalmış yurd yerlərini deyirəm…
Bu yaxınlarda mənim bir kiçik xatirə yazım çıxdı. Həmin o yazıda mən anamın yurdunu, elini-obasını necə sevməyindən danışmışam. Əlbəttə, nə onun tam obrazını, nə xarakterini aça bilmişəm.  Anam nəvazişli, hərarətli bir ana olmaqdan başqa həm də vətən həsrətli bir insan idi. Məsələn, aşıq “İrəvan Çuxuru” adlı bir havanı oxuyur. Anamın gözündən  damla-damla yaş süzülür. Mən ona yaxınlaşıram ki, ana, niyə ağlayırsan, nə olub, biz hamımız burdayıq? 
Deyir ki, bir anlıq getdim Qovuşuğu gəzdim-gəldim,  elə bil gedib Dərələyəzdə Yastı bulaqda bir qurtum su içib qayıtdım. Anam cılız hisslərlə yaşayan insan olmayıb.  Eləcə övlad böyüdüm deməyib. Onu da deyim ki, anam həqiqətən layiqli övladlar böyüdüb.  Ancaq layiqli analar, zəngin analar layiqli övlad yetişdirər. Mənim anam kimi analar hətta o çərçivədə  qalmayıb özləri Vətən boyda, Vətən ucalığında dayana biliblər. Bir faktı da deyim: mən Qərbi Azərbaycan İcmasında təmsil olunuram, icma rəhbəriyəm. Anam bunu eşidəndə elə sevindi ki,  sanki mənə ən böyük rütbəni veriblər. Əllərini göyə açıb dua etdi. Dedi, Mahirə, çox sağ ol, Həsən Mirzənin işini davam etdirirsən, o torpaqlar erməniyə qalmamalıdır.

 

 

92 yaşlı bu insanın həvəsi, istəyi tükənməzdi. Bircə fikri vardı: o Vətən torpaqları bizimkidir.Biz mütləq o yerlərə qayıtmalıyıq.
2023-ci ilin noyabr ayının 19-21-i arası Naxçıvanda böyük bir konfrans keçirdik - ”Yurd yerləri...Qərbi Azərbaycan” adı ilə. Bu tədbirə dünyanın bir çox universiteti qatılmışdı. Azərbaycanın da bütün ali məktəbləri təmsil olunmuşdu.  Sonra  ordakı çıxışları, eləcə də öz çıxışımın  videoyazısını anama göstərəndə o, əllərini göyə qaldırıb mənə dua elədi: -Bala, lazımdır, mütləq o torpaqlara qayıtmalıyıq, dədə-babalarımızın məzarını ziyarət etməliyik, o yerlər bizimdir. Bu erməniləri susdurmaq lazımdır. Həmişə deyirdi, mən onun dediyi kimi deyirəm:  İlham Əliyev qarşıda qoyduğu məqsədə çatacaq. Mən arxayınam ona. Buna nail olacaq…

Kəmalə Mirzəyeva: - Qərbi Azərbaycan torpağı ölkəmizə yüzlərlə dövlət xadimi, elm, təhsil işçisi, tanınmış mədəniyyət adamları, əmək qəhrəmanları, səhiyyə işçiləri vermişdir. Bu gün biz onları təbliğ etməli, cəmiyyətə daha yaxından tanıtmalıyıq.

Mahirə Hüseynova: -Əlbəttə, biz onları təbliğ etməsək, belə çıxar ki, bizim keçmişimiz, kökümüz yoxdur. Mənim babam İbrahim Mirzəli oğlu 1889-cu ildə doğulub. 1982-ci ildə rəhmətə gedib. O, Dərələyəz mahalının 7-8 kəndinin ağsaqqalı olub. O vaxt o kəndlər qalmışdı, qalanını ermənilər məhv etmişdilər. Bəzilərini xaraba qoymuş, bəzi kəndin camaatını o biri kəndə köçürmüşdülər,  bəzilərinə erməniləri yerləşdirmişdilər.  Bəli, o qalan 7-8 kəndin ağsaqqalı babam idi. Xalqın dərdini-sərini bilən, dini təhsilli bir  adam idi. Elə dini təhsili olduğuna görə bir çoxu kimi o da   “xalq düşməni” adı ilə Sibirə sürgün edilmişdi, həbsə atılmışdı. 
Biz indi o zənginliyi niyə tam çatdıra bilmirik? Çünki insanlarımız  o vaxt  ali təhsil almaq üçün mütləq Azərbaycana getməliydilər.  Ali təhsil almağa gələn belə istedadlı adamların çoxu elə burda da qalırdı. Bəziləri üz tuturdu Bakıya, sonra da Rusiyaya, Avropaya gedənlər olurdu. Beləcə, sanki böyük bir xəzinə dağıdılmış olurdu.
Qərbi Azərbaycanın öz folkloru var. Şifahi xalq ədəbiyyatının da gözəl biliciləri var. Onların heç də hamısı ali təhsilli deyil. Mənim anam kimi sizə saatlarla bayatılar, şeirlər deyə bilənlər var. Bəzən görürdün ki, anam hansısa sətri, misranı yadından çıxarıb,  elə ustalıqla ona söz əlavə edərdi ki… Sonradan da “şübhə”lənirdik ki, doğrudanmı,  bunu Xəstə Qasım belə deyib? Babam həm şifahi xalq ədəbiyyatını, həm də klassikləri , özündən əvvəlki əhli-beyt şairlərini gözəl bilirdi. Özü də yaradıcılıqla məşğul olurdu. 

 

 

Kəmalə Mirzəyeva: - Volterin təbirincə, Vətən ruhumuzun əsir olduğu yerdir. Qərbi Azərbaycan da xalqımız üçün belə bir əzəli, ruhunun hər zaman üzərində dolaşdığı yurd yeri, Vətəndir deyə bilərik?

Mahirə Hüseynova: -Mənim atam tərəf Qarakilsədəndir. Ata tərəfdən 4-cü babam köçüb Naxçıvana gəlib. Ana tərəf də Dərələyəzdəndir. Mən özüm Bütöv Azərbaycanlıyam. Fikir vermisiz: Hər hansı bir xarici ölkədə  ezamiyyətdə olanda və ya istirahətə  gedəndən  5-10 gün sonra adamın  burnunun ucu göynəyir.  Hiss edirsən ki, bircə dəfə Vətənin havasını içinə çəksən rahat olarsan.Vətən ruhumuzun, özümüzün  özünü tapdığı məkandlr - deyərdim mən - əsir olduğu yox. 
Hər yerdə daş Vətəndir.
Bir parça daş Vətəndir.

Kəmalə Mirzəyeva: -Mahirə xanım, Vətən müharibəsi hər bir azərbaycanlının həyatını dəyişdi...  Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsindən sonra Qərbi Azərbaycandan olan soydaşlarımızın da vaxtilə didərgin salındıqları ata-baba yurdlarına qayıdacağına inam artdı. Bu izahedilməz bir duyğudur... Bu inamla yaşamaq o qədər gözəldir ki... Nə qədər ki, Qarabağ işğalda idi, hər birimiz Qarabağlı idik. Amma  indi bütün düşüncəmizdə, fikrimizdə Qərbi Azərbaycan var.

Mahirə Hüseynova: Dediyim kimi mənim anam Dərələyəzli, atam Qarakilsədəndir. Biz isə Naxçıvanda doğulmuşuq. Şuşa alınanda mən zülüm-zülüm ağlayırdım.  Xudayar Yusifzadə şəhid olanda mən də ona-balama  ağı deyirdim: 

Çıxdın zirvəsinə uca dağların,
Göylərə çəkilib dumana döndün.
Silib göz yaşını al yanaqların,
Qəlblərdə ən əziz mehmana döndün.

Göydən Allah baxır, Haqq divanı var.
Soraq məqamı var, sorğu anı var.
Hərənin qəlbinin qəhrəmanı var,
Minlərin gözündə mizana döndün.

Bilirdin bu Vətən nədən yaxşıdı,
Qoynunda göyərən, bitən yaxşıdı.
Övladda havara yetən yaxşıdı,
Havara yetişib aslana döndün.

Heç unutmaram: Onun anası sosial şəbəkələrdən  bu şeiri oxuyub mənimlə görüşə gəlmişdi…  Qarabağ azad olanda, “Şuşa bizimdir” - deyiləndə mənim yaşlı anam artıq ayağa dura bilmirdi. O, yavaş-yavaş kolyaskanı itələyib gəlib televizorun qarşısında dayanmışdı. Bu, elə bir hissdir ki, onu sözlə ifadə etmək olmur. Hər birimiz bir qarabağlı olaraq torpaqlarımızı azad etdiyimiz kimi, bu gün eyni cəsarətlə, hünərlə deyə bilərik ki, hər birimiz Qərbi Azərbaycanlıyıq. 

Kəmalə Mirzəyeva:  - Mənim atam da Qarakilsədəndir, Qızılcıq kəndindən…  Vaxtilə təhsil almağa gəlib, dediyiniz kimi sonra Bakıda qalıb və bütün həyatını təhsil sahəsində pedaqoji fəaliyyətə həsr edib. Mən Bakıda doğulmuşam. Və 2-3 yaşımda Qarakilsədə ailəmlə birgə 10-15 gün olmaq şansım olub. Bilirsiniz nə qəribədir, mənə bəzən elə gəlir ki, mən oranı addım-addım gəzmişəm, ömrümün böyük bir hissəsini orda yaşamışam, həyatımın ən doğma hissləri qalıb orda sanki...  

Mahirə Hüseynova: -Deyə bildiklərimiz var, bir də deyə bilmədiklərimiz. Biz içimizdəkinin bir hissəsini deyirik, hamısını deyə bilmirik. Desək adiləşər  bəlkə də... Mənim atamın babaları Qarakilsənin Şəki kəndindəndir. Hamımız üçün ən qiymətli şey yəqin ki, cansağlığıdır. Bilirsiniz,  mənə desəydilər ki, hara getmək istəyirsən? Amerikaya, Fransaya, İtaliyaya? Mən birinci o kəndə, Şəki kəndinə gedərdim. Bir baxardım babalarım harda yaşayıb. Bir də Dərələyəzə gedərdim. Ondan sonra gəlib rahat nəfəs alardım.  Bəli, deyə bilərsiniz ki, oralarda olmamısınız. Amma bu mənim qanımdadır, o mənim qanımla gəlir. İnsan gedib 10-20 il Parisdə yaşamaqla fransız ola bilməz ki... Mümkün deyil. Mən bu qanı, atamın qanını daşıyıram. Azərbaycan bütövdür, tamdır. Görürsünüz ki, onun bütövlüyünü qorumaq üçün Cənab Prezidentin gördüyü işlər hansı dərəcədədir.Mən elə bilirəm ki, Allah onu bizə verib ki, qeyrətimiz qayıtsın, cürətimiz qayıtsın,  ümidlərimiz ölməsin. Əgər sərkərdə yaxşı olsa, başda olsa, ordu da bada getməz. Bu gün biz hamımız onun ətrafındayıq, onun siyasətini dəstəkləyirik. Hamı dərk eləməlidir ki, bu qələbələri bizə bəxş edən var!

 


Kəmalə Mirzəyeva: - Qərbi Azərbaycan İcmasının fəaliyyətindən danışaq. Tez-tez tədbirlər keçirilir, xüsusilə bu mövzularda kitab təqdimatları... 

Mahirə Hüseynova:  -Bu təqdimatların özünün vacib tərəfləri var. Məsələn Siz Bakıda doğulmusunuz, Bakıda böyümüsünüz. Qarakilsə haqqında məlumatları - hansı abidələri var, hansı tanınmışları olub, bu və digər suallarınıza cavabları o kitablardan tapa bilərsiniz.  Araşdırma Mərkəzinin də əsas məqsədlərindən  birincisi həmin toponimləri araşdırıb ortaya qoymaq, digər tərəfi maarifləndirməkdir. Sovet rejimində biz bütün bu həqiqətlərdən uzaq olmuşuq...Biz çalışıb o ktabları bir çox dillərə çevirib dünya ictimaiyyətinə çatdırmalıyıq. Bizi qarşıda çox işlər gözləyir.

Mən bu məqamda dünyadan köçən anama yazdığım bir şeiri oxuyacam... Anasını sevməyən Vətənini də sevə bilməz. Öncə ana dili və Vətəndir.

Keçən ömrün hər anını sanıram
Çətin verəm ana, sənin borcunu. 
Borclu qalmaq kösöyündə yanıram.
Anlayıb da gündən-günə borcumu.

Dil açanda ilkin sözüm sən oldun,
Ayaq açdım, üz tutduğum yön oldun,
Sevincimdə-kədərimdə tən oldun,
Bunlar vurdu biri minə borcumu... 

Bircə dəfə baş qoymağım dizinə, 
Dəyərmiş bu Yer üzünün özünə,
Qulaq verib söhbətinə-sözünə
Xatırladım dönə-dönə borcumu.

Bu dünyanın, nə  dövləti, nə malı
Kömək etməz dəyişməyə əhvalı.
Bir söz deyim dədə-baba misalı
Qoruyacam, bil, dəfinə borcumu.

Buna düzəm, zamanədə nə qayda,
Ömür gəlir-keçir hayda-harayda.
Şair oldum, alim oldum, nə fayda -
Verəmmədim yenə sənə borcumu.

Anlayaqmı, ya dünyada çaş qalaq?
Keçib gəldin yollarında daş-qalaq…
Bilirəm ki, eyləyəcək daş-qalaq
Bölsün görüm  ləlöyünə borcumu.

Sevib məni oxşamaqdan doymadın,
Göydə oldun, əlin yerə qoymadın.
Bircə dəfə Mahirəyə qıymadın -
Götür apar as sinənə borcumu.

 

Kəmalə Mizəyeva:  -Mahirə xanım, nur üzlü Nazlı anaya Allah rəhmət eləsin. Siz bir övlad kimi bütün qəlbinizlə bu şeirdə ona olan hisslərinizi ifadə etmisiniz... Ananız,  dediyiniz kimi, ləyaqətli övladlar yetişdirib... O insan seli, o gəlib-gedənlər elə bildim ki, Qərbi Azərbaycan həsrətli insanları yığdı bir yerə... 

Mahirə Hüseynova: - 20 ilə yaxındır bu universitetdə çalışıram. Vaxtilə tələbəm olmuş bir xanım  həmin günlərdə mənə yazdı ki, Mahirə xanım, insanın da ölümü belə nurlu ola bilərmış? Dedi, Mahirə xanım, mən o məclisdə insanların üzündə, baxışında o ananı gördüm. Elə səmimi sözlər dedi ki... çox təsəlli oldu... İşıqlı-nurlu olmaq hər kəsə nəsib olmur... Amma anama nəsib oldu.

Hərdən deyirdi ki : 

Dərya, səndən kim keçdi,
Kim əyləndi, kim keçdi?
Dərya xəyallı könlüm 
Xəyalından kim keçdi?..

Gözlərinin yaşı balaca muncuq dənələri  kimi gözündən süzülərdi.Tez də silərdi ki, biz görməyək. Nə qədər qayğıkeş idi... 11 uşaq, onların qayğıları, ev-eşik, qohum-əqrəba... Nəcib ana idi. 
(Bu məqamda Mahirə xanımın gözləri dolur, titrək əlləriylə telefondakı videonu göstərir... Bunu səhər qardaşım Vəli göndərib. Anamın ad günündən olan kadrlar... Anamın əlləri duada idi...) 

Gözümün nuru, canım ana,
Böyütdün sən məni yana-yana.
Odlusan gül kimi, 
bir qaynar həyat kimi,
Borcluyam mən sənə, 
sənə bir övlad kimi,
Əziz ana…  


Bu mahnının fonunda yığılan şəkillər Mahirə xanımı çox uzaqlara aparır...

 

Digər xəbərlər