usd-1.7000 eur-1.8455 rub-0.0187
Bakı 15°C 5.26 m/s
Son xəbərlər
17-05-2024
16-05-2024
15-05-2024
14-05-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Bütün həyatını yaşamaq və qurmaq eşqilə yaşayan İsmayıl müəllimi fitri istedadı, zəhməti həyat yollarında çox irəliyə apardı... - Məlahət İSMAYILQIZI yazır

details

ƏDƏBİYYAT

07.05.2024, 14:04 Oxunub: 2690

               GÖYÇƏNİN RƏMZİ GÖYÇƏ GÖLÜDÜR
         

                             İki kişidən biri

 Özgürlük və bağımsızlıq mənim xarakterimdir. 
           M. K. P. Atatürk.

     Allah bizə vahid bir Azərbaycan bəxş etmişdir. Onu   imperiyalar  bölüşdürsələr də, əlimizdə qalanı göz    bəbəyimiz kimi qoruyub saxlamalıyıq. Azərbaycan səcdəgahımız, Türkçülük isə tacımızdır.
             İsmayıl Hüseynoğlu Əliyev.

  Kişinin qədərində yüksəlmək məqamı varsa, ona nə dostu, nə də düşməni əngəl ola bilməz!
    “Qoy Sənin ruhun əbədilik yaşasın!”-  


      Tutanxamon sərdabəsində qızıl piyalə üzərində yazı.


  Kişi himməti dağı qoparır,
  Kişi ol, dağ qopar həmmiyyət ilə- M. Ə. Sabir

 
   Göyçə Aəzrbaycan Türk mədəniyyətinin qaymağıdır.  Qədimdən- qədim türk məskənlərinin ilkin məkanıdır.Türk dünyaya gəlişindən Göyçəyə yol almışdır.Bu günlər gözəl hava, gözəl su, gözəl iqlimi ilə fərqlənən məkanlar axtarırıq ki, gedək ruhumuz  dincəlsin. Göyçə məhz elə bir məkan idi. Bu günlər artıq əlimizdən çıxan- uçub gedən Ağ kəpənəklər kimi, gözəl bəxtimizmi deyək, yoxsa şanslarımızmı!?. Düşmən bəxtimizi, qismətimizi, lap elə yığvalımızı oğurladı...Vətənsizlik, özü də Göyçə kimi bir vətənsizlik ayrı bir dərddir. Göyçə bir məkan olaraq qədim türk dünyasının bütün elementlərini özündə saxlayır; - istər musiqidə,saz-söz sənətində, istər ədəbi mühitdə, folklorda, istər məişət- etnoqrafik xüsusiyyətlərdə bir daşıyıcı kimi öndə olmuşdur. Nə təəssüflər ki, bu gün əlimizdə olmayan, ayaqlarımız altında doğma torpağın gücünü və qüdrətini hiss etmədən yaşayan bizlər çox ehtimal ki, kökündən qoparılmış ağaclara bənzəyirik...                                   
    Qədim Oğuz eli Göyçə mahalı Türkün dünyaya yaranışından xəbər verir. Bu günlər mahalın hər daşı, torpağı 7 minillik tarixini şərəf və halallıqla yaşayan  Azərbaycan türklərinin ayaq izlərini, tarixini, soyunu yer üzündən silmək istəyən erməni vandallarının ayaqları altında tapdalanır.
    Tarixin hansı səmtinə yönəlsən Türkün şərəfli keçmişinin, tarixinin daşıyıcıları olan kişilərlə qarşılaşacaqsan. “Günəş Şərqdən doğur və hər zaman Şərqdən doğacaq”...Böyük Vətən Müharibəsi adlandırılan ikinci cahan savaşından sonra keçmiş SSRİ-nin hər yerində olduğu kimi Göyçə mahalında da bir intibah, bir oyanış başladı. Bu oyanışa, maariflənməyə təkan verənlərdən oldu İsmayıl Hüseyn oğlu Əliyev. Qərbi Azərbaycanda, o cümlədən Göyçə mahalında sayılıb- seçilən, öz gücü və zəhməti, fitri istedadı, ensklopedik biliyi, nüfuzedici nitqi, öz xalqını- Azərbaycanı sevən, camaatını erməni faşistlərindən qorumağa çalışan, hər zaman düşmənə qarşı ayıq- sayıq olan bir şəxsiyyət, dövlət və partiya işlərində çalışan, təsərrüfat rəhbəri- kolxoz və sovxoz direktoru, 1959- cu ildən SSRİ Jurnalistlər İttifaqının üzvü,  Göyçə mahalında və digər bölgələrdə maarifçilik kultunun yaranmasında böyük rolu olan müəllim –pedaqoq, nəhayətdə kəsərli qələm sahibi, və ən qayğıkeş Ata! Yurduna, torpağına olan məhəbbəti, sevgisi ilə bir Azərbaycan- Göyçə fədaisi...  Və bu yerdə fəxrlə deyə biləcəyim daha bir söz- Mənim Atam! Dövlət və partiya işlərində, yüksək vəzifə postlarında çoxları müvəffəqiyyət qazana bilər, bu mümkündür, Lakin ağıllı, məntiqli, güclü qələm sahibi olmaq – bax bunlar hər kişiyə nəsib ola bilməz. Azərbaycan- Göyçə fədaisi olan İsmayıl Hüsynoğlunun həyat yoluna azacıq da olsa nəzər salaq: 1927-ci il iyun ayının 22-də Basarkeçər rayonu Hacı Qərib- Sədanaxac- Güney kəndində sadə, zəhmətkeş bir ailədə - Alıoğlu Hüseynin və Həlimə xanımın ailəsində  dünyaya göz açdı bu mavi gözlü türk oğlu. Fitri istedadı, fərasəti və zəhməti onu  həyat yollarında çox irəliyə apardı. İrəvan Türk Pedoqoji texnikumunu (4ili 3 ilə) başa vuran bu şəxs 1942-ci ildə 15 yaşında ikən əmək fəaliyyətinə müəllim kimi başlayır. 1944-ci ildə isə yaşını bir il artıraraq ordu sıralarına- cəbhəyə yola düşür. Rus dilini gözəl bildiyindən komandir köməkçisi, komsorq kimi fəaliyyəti olmuşdur. Polşa cəbhəsində Varşavanın alman faşistlərindən azad olunmasında yaxından iştirak etmiş, bir sıra medallarla təltif olunmuşdur. Müharibə qələbə ilə başa çatdıqdan sonra doğma Göyçəsinə dönən İ. Əliyev Azərbaycan Pedoqoji institutunun filologiya fakultəsinə daxil olur. 1950-ci illərdən etibarən Basarkeçər rayon partiya komitəsində təbliğatçı, köməkçi kimi fəaliyyətə başlayır. Rayon Rartiya komitəsinin 1-ci katibi Talıb Musayevin yanında təlimatçı kimi fəliyyətə başlamış və sonralar da özünün dediyi kimi həyat- kişilik məktəbini belə kişilərdən öyrənən İ. Əliyev çox keçmədən 1953-cü ildən etibarən Basarkeçər rayon partiya komitəsinin orqanı olan “Bolluq uğrunda” rayon qəzetinə baş redaktor təyin olunur. Rayon qəzetinin həyatında yeni mərhələ başlanır. Əsas amalı, qayəsi doğma camaatına, sadə insanlara xidmət olan bu türk oğlu addımbaşı erməni daşnakları ilə üzləşir. Və dəfələrlə onları yerində oturtmağı bacarır. Güclü qələmi nəhayətdə 1959- cu ildən SSRİ Jİ- nın üzvü seçilməsinə səbəb olur. İnsanların haqq işini müdafiə etmək, həqiqətin yanında olmaq onu hər zaman düşündürür, erməni məkrindən camaatını müdafiə etmək başlıca qayəsinə çevrilir. Onun yazıları “Pravda”, “Uçitelskaya qazeta”, “Kommunist”, “İzvestiya” və s. kimi ittifaq qəzetlərində yer alır. Bəzi hallarda isə sadə insanlara kömək, haqlarını müdafiə etmək üçün yüksək səvyyədə rus dilində tərtib etdiyi teleqramlar Moskvaya- Kosıginə, Podqornıya, Suslova və s. dövlət başçılarına ünvanlanırdı. Öz həmvətənlərini  erməni şovinistlərindən qorumağın bir üsulu da bu idi. Baş redaktor işlədiyi dövrü xarakterizə etmək üçün qələm dostu, yaxın sirdaşı olmuş dayısı oğlu İbad İbrahimovun “Alınmaz Qala” kitabından sətirlər:” Onun (İ, Əliyevin) istedadı çoxlarını heyran qoydu, çoxlarının həsəd və qibtə hissinə səbəb oldu. Hələ institutu bitirməmiş onu “Bolluq uğrunda” rayon qəzetinə birbaşa redaktor apardılar. Böyük seçim idi, düzgün seçim idi. Rayon qəzetinin həyatında yeni mərhələ başlandı. Redaktorun şəxsində rayonun tarixini gözəl bilən, adamların mənəviyyatına nüfuz edən, insanların gücünü ümumi işə səfərbər edən bir qüvvə açıq- aydın görünürdü. O, hərtərəfli bir insan idi. Ədəbiyyatı ələyir, tarixi vərəqələyir, siyasəti duruldur, təbabətə baş vurur, riyaziyyata maraq göstərir, İslam dininin ilahi gücünə səcdə edirdi. Səlis danışığı, nüfuzedici nitqi, tarixin ibrət dərsləri onun mənəviyyat dünyası idi. O, elm adamı, siyasət adamı, kamal sahibi idi. Qeyrətdə qeyrət, namusda namus, təəssübdə təəssüb idi İsmayıl müəllim. Sözün qısası bir ensklopediya toplusu idi İsmayıl müəllim”. Təbii ona verilən belə bir dəyərdən sonra bu şəxsiyyətin, bəli məhz şəxsiyyətin kimliyi gözlər önündə canlanır. 
   1959-cu ilin sonlarından etibarən Göyçə mahalının bir sıra böyük təsərrüfatlarında rəhbər vəzifələrdə çalışan İsmayıl Əliyev Nərimanlı, Ağkilsə (Aşıq Ələsgərin kəndi), Babacan, Pəmbək, Güney və s. kəndlərdə uzun illər təsərrüfata başçılıq etmiş və hər zaman camaatının hörmətini qazanmışdır. Bu illərdə o, torpağın da dilini oyrənmiş, bir mütəxəssis kimi yetişmişdir.
    1962-64-cü illərdə Erm. KP Mk- nın  göndərişi ilə Bakı Ali Partiya məktəbinin ilk müdavimlərindən olub. Bakı APM-ni rus dilində fərqlənmə ilə bitirən İ. Əliyev İsmayıllı rayonuna təyinatla maarif şöbə müdiri vəzifəsinə göndərilsə də, bu yüksək postdan imtina edərək doğma Göyçəsinə qayıdır. Çünki, artıq erməni faşistləri kütləvi hücuma keçir, türk- azərbaycan əhalisini hər vasitə ilə sıxmağa, bir sözlə Azərbaycanın 1988-ci ildən aşkar məruz qaldığı soyqırımı Qərbi Azərbaycan camaatı artıq uzun illər idi ki, yaşayırdı. İsmayıl Əliyev kimilərinə ehtiyac çox idi.  Göyçəyə döndükdən sonra Erm. Mk-nin orqanı olan “Sovet Ermənistanı” qəzetində 7 bölgə üzrə-- Basarkeçər, Krasnoselsk, Sevan, Martuni, Kamo,Abovyan, İcevan kimi bolgələr üzrə xüsusi müxbir kimi fəaliyyətə başlayır. Oğuz yurdunun qeyrətli bir ovladı kimi İ. Əliyev heç bir zaman kimliyini unutmadı. Erməni- daşnak quldurlarının məkrli alçaq planlarını alt- üst etmək Göyçənin namuslu oğullarının şərəf işi idi. Onun çiyin- çiyinə dayandığı kişilər çox idi, T. Əmiraslanov, Q. Aslanov, Ə. Bayramov,  Ş. İbrahimov,Y. Əhmədov, Ə. Məhərrəmov, M. Əhmədov, Z. İbrahimov, M. Bayramov, və s. bu siyahını olduqca uzatmaq olar. Maraqlı burası idi ki, Bakı AP məktəbindən sonra ona təklif olunan bu vəzifə əslində onun yolunu kəsmək üçün, sıxışdırıb onu da bir çoxları kimi başını götürüb Azərbaycana- Bakıya “yola” salınması üçün qurulmuş qurğu idi. Lakin o, İsmayıl Əliyev idi. Qələm dostu, tənqidçi- jurnalist Qulam Məmmədli dəfələrlə Göyçədə olmuş, onu Bakıya vəzifələrə dəvət etsə də, o bundan imtina etmiş, camaatın başına erməni vandalları tərəfindən minbir oyunlar gətirildiyini, təhqir və işgəncələrə məruz qaldığını Qulam müəllimə ürək ağrısı ilə sübut və faktlarla danışırdı.”Mən camaatımı qoyub gedə bilmərəm”.
   Həmin dövrlərdə İ. Əliyev xüsusi müxbir işlədiyi zamanlarda Həbib Həsənov, S. Şərifov(Əziz Şərifin qardaşı), ictimai xadim, Erm. MK- də, AS yüksək vəzifə postlarında yer tutan Məhərrəm  Bayramov, tarixçi alim Səfiyar  Musayev, jurnalist, partiya fəalı Qəşəm Aslanov, Zərbalı  Qurbanov, Mayıs Əhmədov,  Əli Məhərrəmov, Nurəddin İsmayılov,  Tapdıq Əmiraslanov, Teymur Əhmədov , Mikayıl Bayramov, Məcnun İbrahimov kimi kişilərlə çiyin- çiyinə çalışır, yeri gəldikcə bu ziyalıların hansı birindənsə öyrənmək fikrindən heç bir zaman daşınmırdı. Bu zamanlar o zamanlar idi ki, Abbas Əhmədov kimi kişilər hələ həyatda idilər. Hələ Göyçənin ağırlığını, camaatın qeyrətini çiyinlərində daşıyacaq kişilər həyatda idilər. 
    İsmayıl Əliyevin jurnalistlik fəaliyyəti olduqca mükkəmməl və hərtərəflidir. Xüsisi müxbir işlədiyi dövrlərdə dərc olunan iki məqaləsi çox önəmlidir. Bunlardan biri 1965-ci ildə 9 yanvar “Sovet Ermənistanı” qəzetində dərc olunan “İtirilmiş şöhrət” adlı məqaləsi və digəri isə Basarkeçər rayonunun Böyük Məzrə kəndində kolxoz sədri işləyən qatı daşnak, sırf millətçi, Azərbaycan xalqının - türkün düşməni, xalqın malını talan edən Ardaş Hunanyan barəsində yazdığı məqaləsidir. Əslində isə kim idi  A. Hünanyan? Böyük Məzrə kəndində kolxoz sədri, Sevan hövzəsi üzrə daşnak komitəsinin sədri və sırf erməni millətçisi- türkün düşmanı! Həmin məqaləni İ. Əliyev xüsusi müxbir işlədiyi “Sovet Ermənistanı” qəzetinin baş redaktoru Həbib  Həsənova göndərdiyi məktubunda yazırdı; Məqalənin redaktəsi üçün etiraz etmirəm, ancaq yazdıqlarıma toxunulmamaq şərtilə nəşrinə icazə verirəm. Əks təqdirdə nəşrinə icazə vermirəm”. Tezliklə çap olunan məqalə bütün Ermənistanda əks- səda doğurdu və Basarkeçər rayon sovetinin bürosuna çıxarıldı. Erməni millətçilərini yaxşı tanıyan bu mavi gözlü türk oğlunu yenmək qeyri- mümkün idi. Büroda erməni millətçilərinin güclü müqaviməti ilə rastlaşsa da, nəhayətdə ona partiya biletinə yazılmaqla şiddətli töhmət verilməsinə nail oldu. Bu İsmayıl Əliyev idi, gözəl, zərif, eyni zamanda qorxu- ürkü nədir bilməyən bir Azərbaycan oğlu!. Həmin büroda olanlardan biri;” Onunla fəxr edin. O şəxsiyyətdir. Göyçə mahalının halal torpağının yetirdiyi şəxsiyyət”- Şükür Əhmədov, ziyalı, pedaqoq. Onun jurnalist qələminə heç bir zaman şübhə edilmədi. Təmənnasız, iddiasız xalqı üçün, camaatı üçün yaratdı, qurdu və hər zaman təkrar etməyi sevirdi ”İndən belə neçə ömrüm olsa Göyçə üçün, Göyçədə yaşayardım” Xeyirxahlıq və insanlıqla döyünürdü onun ürəyi.
   1988-ci ildən başlanan erməni iddiaları- Qarabağ hadisələri Göyçə mahalının da itirilməsi ilə nəticələndi. 1988-ci ilin dekabrın 5-də Göyçəni axırıncı tərk edənlərdən oldu İsmayıl müəllim və ömür- gün yoldaşı Süsənbər xanım. Bakıda məskunlaşan Əliyevlər ailəsi Vətəndə Vətən həsrəti çəkənlərdən oldular. Bütün bunlara baxmayaraq Azərbaycan torpaqlarının işğalı, erməni vəhşilikləri, torpaqlarımızın Qərbi Azərbaycan da daxil olmaqla 50%-nin itirilməsinə İ. Əliyev kimi bir şəxs biganə qala bilməzdi. Bu illərdə o, müstəqil qəzetlərdə, media orqanlarında hadisələrin nəbzini tutaraq bir sıra sanballı yazılarla çıxışlar etməyə başlayır. Yazı və publisist məqalələrin hamısında ermənilərin iç üzü açılır, məqsəd heç də torpaq iddiası olmadığı aşkar görünür. Erməni faşistləri türk- azərbaycan xalqına qarşı əsil genosid- soyqırım həyata keçirirlər. Bu yazıların hamısında məqsəd birdir, ayağa qalxmalı, erməninin burnunu ovmalı, düşməndən intiqam alınmalıdır. Buna isə ancaq və ancaq xalqın sarsılmaz birliyi ilə nail olmaq mümkündür. 1988-ci il hadisələrindən etibarən İ. Əliyev mətbuatda İsmayıl Hüseynoğlu imzası ilə tanınmağa başlayır. “Barışıq, yoxsa sülh”(Aydınlıq), “Oxucu sözü, oxucu iradı”(“Qarabağ”,silsilə məqalələri, “Kəndin səsi” dekabr 1992), “Məqamı cəngdə şir elə şirdir”(Aydınlıq”), “Göyçə nisgili, Göyçə dərdi” silsilə yazılar(25 iyul “Qarabağ”), “Təxribatçılığa qarşı nə etməli”(4 iyul 1991),  “Xilasımız nədədir” məqalələr silsiləsi(1992, fevral), “Mən kiməm”(16.09.92), “Mən kiməm, Türk yoxsa Azərbaycanlı”-rəylər, mülahizələr(4.02.93. “Şimali Azərbaycan), “Nədən narahatam”subyektiv fikir tribunası(24 iyun 1993,16 iyul 93 “Şimalı Azərbaycan”),”Zora qarşı zor, yaxud 4-ə qarşı 1”,”Böyük İnsan haqqında kiçik xatirə” və s. bu məqalə və publisistik yazıların, tarixi oçerklərin hamısında Vətən üçün ürəyi yanan, həyatın eniş- yoxuşlarını gözəl bilən, xalqın nicat yolunu arayan, birlik və yenə də birliyin vacib olduğunu önə çəkən müdrik bir Göyçə oğlunun doğulduğu torpaq üçün, yurdu- ocağı üçün mübarizəyə çağırış sədalı haraylarıdır. Torpağına sevgi, milli mənsubiyyətinə hörmət, qövmünə, uca dininə bağlılıq- bax bunlar idi onun böyüklüyü. “ Göyçəmizə qayıdış olacaqdır. Bu qayıdış Allahdan labüddür. İnşallah. Amin. Sağ- səlamət- İ. Hüseynoğlu. “Göyçə nisgili, Göyçə dərdi”. Bu məqalə və yazıların hamısı fakt və sənədlər əsasında yazılmışdır və onun kimi bir jurnalistin söz yığınına heç bir zaman ehtıyacı olmamışdır.
    Ulu Türk yurdunda adı hər zaman hörmətlə anılan, Göyçənin ruhunu daha dərindən anlamaq üçün onun mənəvi gücünü, intellekt səviyyəsini həm dostları, həm də düşmənləri etiraf edirdilər. Yalnız Göyçə mahalında deyil, bütün Qərbi Azərbaycanda bölgənin ən savadlı adamı kimdir sualına bircə cavab vardı; İsmayıl Əliyev. Onu tanıyanların – Göyçə camaatının xatirində o hər zaman mavi gözlü, böyük ürəkli, bilgi və savadı ümmanlara sığmayan, hələ sağlığında onun dəyərini və qiymətini verən bir mahalın- Azərbaycan oğlu olaraq yaşadı. Hörməti yerində, izzəti yerində.
   “Xoşbəxtlik zirvəyə çatmaqda deyil, ona doğru can atmaqdadır-İsmayıl Hüsynoğlu Əliyev” yaradıcılığından əldə etdiyim bu aforizm çox müdrikliklərdən xəbər verir. Əslində İ. Əliyev bütün həyatını yaşamaq və qurmaq eşqilə yaşadı. Layiq olduğu zirvəni O, artıq çoxdan fəth etmişdi. Lakin bir dəfə də olsun qürrələnmədi, yerində saymadı... zirvədə dayana- dayana yeni ucalıqlara səsləndi: “Kişilər ölür, kişilik ölmür. Kişilik ölümsüz gəlib dünyaya”. Unutmayaq, “ cəsarətin bitdiyi yerdə, əsarət bitər”.
    O jurnalist olduğu qədər də müəllim –pedaqoq idi. 15 yaşında ikən həyata müəllim kimi qədəm qoyan İsmayıl müəllim Göyçədə yaşadığı son 15 il, yəni 1973-cü ildən 1988-ci ilədək, 15 illik bir dövrdə gənc nəslin təlim- tərbiyəsində dayanmış, Göycə mahalının, o cümlədən Güney kəndinin müəllim kollektivindən ibarət ziyalılar ordusuna başçılıq etmişdir. Onun əməyi nəhayətdə 1980 –ci illərdə SSRİ  Maarif  Əlaçısı kimi fəxri adla, bir sira medal və tərifnamələrə layiq görülmüşdür. Dəfələrlə Ermənistan Müəllimlər qrultayında Göyçə mahalının azərbaycanlı müəllim- ziyalı ordusuna başçılıq etmiş və orada iştirak etmişdir. 38 il Basarkeçər rayon sovetinə ardıcıl deputat seçilmişdir. Pedoqoji fəaliyyəti illərində belə öz jurnalist qələmindən əl çəkməmiş, bir sıra mətbu orqanlarda gənc nəslin təlim- tərbiyəsi ilə bağlı məqalələrlə çıxışlar etmişdir. Belə məqalələrdən bir neçəsi, o cümlədən “Əzizim əzizdir...”, “Pedaqoji üçbucağın gücü” (“Sovet Ermənistanı”, 26 aprel), adlı məqalələrini əldə edə bildim.  Çox illər öncə yazılan bu məqalələr onun peşəkar qələmi ilə pedoqoji ustalığını bəzəyir. Bu günümüzlə səsləşir bu yazılar. 
  Müasir Azərbaycan dövlətinin yaradıcısı, ulu Öndər Heydər Əlirza oğlu Əliyevə həsr etdiyi “Məqamı cəngdə şir elə şirdir” adlı məqaləsı olduqca önəmlidir. Məqalə eyni zamanda “Aydınlıq” qəzetində, “Yada düşdü”, “Yurd” və s kimi jurnallarda dərc olunmuşdur. Məqalədən bir məqamı oxucularla bölüşmək istərəm”... amerikalı məşhur alim Maykl Hart özünün “Bəşər tarixinə təsir göstərən ən görkəmli şəxsiyyət”adlı kitabında böyük mütəfəkkir, filosof olan K. Marksa 11-ci yer ayırmış, ondan bir az aşağıda isə Amerika Konstitutsiyasının banisi Tomas Ceferson və ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun adları yazılmışdır. Təbiidir ki, müəllifin obyektivliyinə şübhə etmək son dərəcə əsassızdır. Çünki, bu kitabda sıralanan baş pillə, yəni birinci yer ulu Peyğəmbərimiz MƏHƏMMƏD Əleyhissəlama məxsusdur. 
  Mən şübhə etmirəm ki, dini etiqad baxımından xristian olan bu müəllif- Maykl Hart özünün bu kitabına yenidən əl gəzdirmiş olsaydı, təsnifatın ikinci sırasında dünənimizin, bu günümüzün və sabahımızın böyük və yetkin şəxsiyyəti olan Heydər Əlirza oğlunun adını yazardı”.
    Göründüyü kimi İsmayıl Əliyev Göyçə mahalında yetkin jurnalistikanın əsasını qoymuş, jurnalist sənətinə, etikasına, mədəniyyətinə öz möhürünü vurmuşdur. Ondan sonra gələnlər bunu dəfələrlə etiraf etmişlər; İbad İbrahimov, Yunis Abdullayev, Qədir Aslan, Rövşən Əliyev və s. Onun haqqı olan daha bir xidmətini də unutmayaq, o, Göyçə mahalında SSRİ Jİ –nın ilk üzvü olmuşdur. Təbii öz gücünə, öz zəhməti hesabına və bir də istedadlı qələmi syəsində! Layiq olduğu zirvəni artıq O, çoxdan fəth etmişdir. Özünün təbirincə desək,”Xoşbəxtlik zirvəyə çatmaqda deyil, ona doğru can atmaqdadır”. Həyat təsadüflərdən deyil zərurətdən doğur. Uzun zaman istər xüsusi müxbir işlədiyi dövrlər, istərsə də müstəqillik illərində   gərgin zəhmət hesabına, xalqının ağrı- acılarını düşünərək düşmənlərə nifrət, oz xalqına, xalqının dərd- sərinə ürək ağrısı, yanğı ilə yazılmış məqalələr, əldə etdiyim yazılar mənə sanki Uca Tanının bir möcüzəsi, bir lütfi kimi göründü. M. K. P. Atatürk, Fidel Kastro, Heydər Əliyev kimi kişilərin vurğunu olan bu şəxsin  ucalığı məni bir daha düşündürdü; “Zərrədən Şəmsə - hər şeyi yaradan ALLAHdır”. Mən öz Atamın mübariz ruhunu andıqca müqəddəsərimizdən Həzrəti Ömərə məxsus kəlamları  xatırlayır və bir daha Atamı düşünürəm; Əmin edirəm,” Sən ən yaxşı iki kişidən birisən”! 
    57 il birgə ömür sürmüş İsmayıl Əliyev və Süsənbər Xanım cütlüyü çoxlarına örnək, nümunə oldu. Allahu- təala onlara hər şeyi bol vermişdi, gözəlliyi, ağlı- kamalı, bəxt- tale, gözəl övladlar, qeyrətli, cəsur ömür- gün yoldaşı. Göyçə gölünə bənzər bu mavi gözlü cütlük çoxlarının həsəd və qibtəsinə səbəb oldu. Bizlərə isə belə insanlardan alicənablıq, səxavət, səmimiyyət, xeyirxahlıq kimi, eyni zamanda Vətən, Ata- Ana, ocaq, yurd sevgisi kimi dəyərlər qaldı.
     Həyat təsadüflərdən deyil, zərurətdən doğur. Sənin istedadın, zəhmətin, bir çoxlarına müyyəssər olmayan bilgin, savadın, kamilliyin bu uğurları Sənə yetirməli idi. Yatsa, çoxlarının yuxusuna belə girməyən bir hal- Sənin kimi bir ziyalının türk-oğuz torpağını qarış-qarış gəzərək zəhmətlə öz böyük ailəni dolandırmaq qayğısı və üstəlik də erməni və bir para sapı özümüzdən olan zatıqırıqlara qarşı mübarizəsi və özünü zəhmətlə təsdiq elətdirmiş şərəfli bir insan ömrü!  Əsl kişi ömrü! Və budur, uzun illər, uzun zaman axtardığım “Sovet Ermənistanı” qəzeti və Atamın xüsusi müxbir işlədiyi zamanlar və sevimli, əziz ad – İsmayıl Əliyev “Sovet Ermənistanı” qəzetinin xüsusi müxbiri! Bu məqamda dayanır, yenidən nəfəsimi dərməliyəm. Əldə etdiyim məqalələr mənə əsil mənada tanrının möcüzəsi kimi görünür. Bundan da xoş təsadüfmü yoxsa zərurətmi ola bilərmi!? Yox, mən artıq çoxdandır ki, təsadüflərə inanmıram! Təsadüflər nakəs və müxənnətlərə vəsilə hallarıdır, belə desək səhv etmərəm, təsadüf iblisə xidmətdir! Həyatda baş verənləri təsadüf zənn etsəm, yox, bu zərurətdir, təsadüfdən doğan zərurət! Atamın, Göyçənin, övliya əzizlərimin ruhundan doğan zərurət! Bu məqamda yenidən deməyə bilmirəm: --“Zərrədən Şəmsə-hər şeyi yaradan Allahdır”! Allah heç kəsin əməyini yerdə qoymur, sonda olsa belə haqq öz yerini bulur! Məhz Göyçənin və onların övliyalılığı idi məni bu işlərin-Onun yaradıcılığının,Onun kimi ər kişinin əməyinin sonda yerdə qalmaması naminə irəliyə doğru aparan məqamlar. Hərlənib-fırlanıb, nəhayətdə Onun yaradıcılığı sanki göydən yerə, düz əllərimin üstünə düşdü! Bəlkə də gecdir, lakin haqq yerini sonda da olsa bulur, tapır! İ. Əliyevin milləti- xalqı üçün, bir fədai olaraq sevdiyi Azərbaycan və Ulu Göyçə sevgisi nəhayətdə bu istedadlı, zəhmətkeş, kamil, əxlaqi dəyərlərə böyük önəm verən bir şəxsiyyətin yaradıcılığı nə gözəl ki, sonda onun adına layiq şəkildə Azərbaycansevərlərə təqdim olunur. 
      Dünyaya qədəm qoyduğu və çox erkən həyata atıldığı türk-oğuz yurdunun qeyrətli bir övladı kimi İsmayıl Əliyev heç bir zaman kimliyini unutmadı! Və erməni-daşnak quldurlarının xəyanətkar, alçaq, məkrli planlarını O, çox gözəl bilir və addımbaşı bu xəyanərlərlə üzləşirdi! “Bolşevik ləbbadəsinə”(İ. Hüseynoğlu) bürünmüş müxənnətlərin türk- azərbaycan xalqının başına nə fəlakətlər gətirdiyi ilə hər an rastlaşır və onlara qarşı mübarizədə olduqca yenilməz və qətiyyətli idi. Bunların bariz nümunələrini bu günlərdə uzun axtarışlardan sonra əldə etdiyim Ermənistan MK-nın orqanı olan “Sovet Ermənistanı” respublika qəzetində 7 bölgə üzrə xüsusi müxbir təyin edilərkən bu qəzetdə dərc olunan saysız-hesabsız məqalələrindən asanlıqla görmək olar. Yeri gəldikcə bu məqalələrdən söhbət açılacaq və nümunələr veriləcəkdir.Bu məqamda kiçik bir haşiyə: İsmayıl Əliyevin jurnalistlik fəaliyyətinə nəzər saldıqda onun yaradıcılıq yolunu 3 mərhələyə bölmək olar:
        Birinci dövr 1950-60-cı illəri əhatə edir. Bu illərdə o, ən əvvəl 1950-52-ci illərdə rayon maarif şöbəsinin inspektoru, 52-53-cü illərdə isə  Basarkeçər rayon Rartiya Komitəsinin birinci katibi Talıb Musayevin yanında təbliğatçı-təşkilatçı vəzifələrini icra edərkən cəmi 23 yaşında idi. 1953-cü ilin sonlarında o, Basarkeçər rayon qəzetinə baş redaktor təyin edilərkən isə 26 yaşına təzəcə qədəm qoymuşdu. “Yüksək məhsul uğrunda” adlanan bu qəzet çox keçmədən “Bolluq uğrunda” adlanmışdır. Baş redaktor olduğu zamanları mən atamın dayısı oğlu, amal dostu İbad İbrahimovun” Alınmaz qala” adlı kitabından İsmayıl Əliyev şəxsiyyətinə verdiyi dəyər və qiymətlə onun rayon qəzetində redaktor işlədyi dövru Vətən və Göyçə sevərlər üçün necə bir əhəmiyyət daşıdığını təqdim etməyə çalışacağam. Onun mükəmməl savadı, təşkilatçılığı, dil bacarıqları onu vəzifə postlarında irəli aparırdı. “İsmayıl müəllim 1944-cü ilin iyul ayında cəbhəyə sıravi əsgər kimi getdi, zabit kimi qayıtdı. Texnikumda da, institutda da, Ali Partiya Məktəbində də İsmayıl Əliyev kimi- İsmayıl müəllim kimi oxudu. Onun istedadı çoxlarını heyran qoydu, çoxlarının həsəd və qibtə hissinə səbəb oldu. Hələ institutu bitirməmiş onu “Bolluq uğrunda” rayon qəzetinə birbaşa redaktor apardılar. Böyük seçim idi, düzgün seçim idi. Rayon qəzetinin həyatında yeni mərhələ başlandı”.
        Yaradıcılığının ilkin mərhələsini tədqiq etmək üçün bu xarakteristika İsmayıl Əliyev şəxsiyyəti üçün kifayət qədər gözəl nümunə və ən gözəl vasitədir! 
         1962-64-cü illərdə Bakı Ali Partiya Məktəbini fərqlənmə ilə bitirən İsmayıl Əliyev ona təklif olunan yüksək postlardan imtina edərək doğma Göyçəsinə qayıdır.Və Onun yaradıcılığının ikimci mərhələsi də məhz bu zaman başlayır. (Onu da qeyd etməliyəm ki, Ali Partiya məktəbini bitirdikdən sonra o, İsmayıllı rayonuna Xalq Maarif şöbəsinə təyinatla müdir vəzifəsinə göndərilsə də, bu yüksək postdan imtina edərək sevgili Göyçəsinə dönür, önəmli olan erməni-daşnak əhatəsində qalan, hər an haqları tapdalanan elinə-gününə arxa-dayaq olmaq idi.) 1964-cü ilin avqust ayının əvvəllərindən 7 bölgə üzrə Basarkeçər, Krasnoselsk, Martuni, Kamo, Sevan, Abovyan, İcevan bölgələri üzrə müxbir təyin edildikdən sonra İsmayıl Əliyevin həyatında daha bir uğurlu dönüş başlandı. Onu da unutmayaq ki, bu dövrdə onun qələminin kəsəri özünü daha da qabarıq göstərirdi. Doğru olmayanı, dürüst olmayanı göstərmək, tənqid, xüsusən də sadə insanların haqqının tapdanmasına imkan verməmək- bir sözlə, kəsərli, ağıllı sözlə insanlığı və insanları müdafiə - bu idi İsmayıl Əliyevin amalı! Həmin dövrdə nəşr olunan saysız- hesabsız məqalə və yazılarından saatlarla söhbət açmaq mümkündür. Artıq o nəinki Göyçə, bütün ətraf mahal və bölgələrdə nüfuz və bacarıq sahibi olan bir ziyalı kimi tanınır, eyni zamanda  sevilirdi. “Sovet Ermənistanı” qəzetində işlədiyi dövr onun həyatının jurnalist kimi 2-ci dövr yaradıcılığını təşkil edir. Xüsusi müxbir kimi fəaliyyət göstərdiyi dövrə aid 40-dan çox məqaləsini əldə etmək mümkün oldu. (Bu nöqteyi-nəzərdən mənim sevincimi təsəvvür etmək belə çətindir). Bu məqalələrdən bir neçəsinin adlarını İsmayıl Əliyev şəxsiyyətini tanıyan və sevənlərə açıqlamaq istərdim;  “Mütəşəkkil başlanğıc” 25avqust, 1964, “Taxıl gəlir” 29 avqust, 1964, “Payız əkini mütəşəkkil keçirilir” 22sentyabr, 1964, “Gənclərin bədən tərbiyəsinə fikir verməli” 5oktyabr, 1964, “Məsələlərə birtərəfli yanaşmaq olmaz” 10 oktyabr, 1964, “Heyvandarların əməyi” 27oktyabr, 1964, “Xalq istedadlarını aşkara çıxarmalı” 28 oktyabr, 1964, “Komissiyaların fəaliyyətinə arxalandıqda” 2 noyabr, 1964, “Hazırlıq işini gücləndirmək lazımdır” 17 dekabr, 1964, “İtirilmiş şöhrət” 9 yanvar, 1965, “İmkanlardan tam istifadə edilsəydi” 21 yanvar, 1965, “Kənddə kino xidmətinə ciddi fikir verməli” 6 fevral, 1965, “Tələsmək lazımdır” 9 mart, 1965., “Kamo markası ilə” 18 mart, 1965, “Qəzetləri vərəqələyərkən” 19 aprel, 1965 və s. və ilaxır. Həmin dövrlərdə İsmayıl Əliyev xüsusi müxbir işlədiyi zamanlarda Həbib Həsənov, Suren Şərifov (Əziz Şərifin qardaşı), ictimai xadim, Ermənistan MK-də, Ali Sovetdə yüksək vəzifə postlarında çalışan Məhərrəm Bayramov, tarixçi alim Səfyar Musayev, jurnalist, partiya fəalı Qəşəm Aslanov, Mayıs Əhmədov, Zərbalı Qurbanov, Şövqü Əhmədov, Qasım Əhmədov, Teymur Əhmədov, Əli Məhərrəmov, Tapdıq Əmiraslanov, Məcnun İbrahimov, Mikayıl Bayramov və s. kimi kişilərlə çiyin-çiyinə çalışır, yeri gəldikcə bu ziyalıların hansı birindənsə öyrənmək fikrindən heç vaxt daşınmırdı. Bu zamanlar həmin zamanlar idi ki, Abbas Əhmədov kimi kişilər hələ həyatda idilər. Mən Atamın tez-tez Dərə kəndinə- şəxsən Abbas babama baş çəkdiyinin şahidiyəm. O, bu ocağı çox sevirdi, xüsusən də Abbas babama ayrı bir hörməti, izzəti vardı. Onun hər ikisi mərkəzi qəzetləri (Ən çox “Pravda”, “Kommunist”) rusca oxuyur və rus dilində də mükalimə aparırdılar. Mən isə hələ o zamanlardan demə iki dühanın arasında oturur və anlamadığıma baxmayaraq, çox həvəslə onlara tamaşa edirdim. Biri müdrik, ağıllı, dünyagörmüş bir şəxsiyyət, digəri isə həyat, mübarizə eşqilə alışıb yanan cavan bir ziyalı. Və onların hər ikisi erməni daşnaklarını çox gözəl tanıyır, onlara qarşı mübarizədə ayıq- sayıq idilər. Bundan daha gözəl bir panoram ola bilərmi?! Çox vaxt bu söhbətlərə dayılarım da qoşulardı, xüsusən Yusif dayım və Mayıs dayım. Bir sözlə, insanlar işdə, gücdə, həyat davam edirdi! Lakin mən bir dəfə də olsun Atamın nədənsə giley-güzar etdiyinin şahidi olmadım. Xüsusi müxbir işlədiyi zamanlarda onun jurnalistlik fəaliyyətində xüsusi önəm daşıyan iki məqaləsi üzərində dayanmaq istərəm. Bunlardan biri 1965-ci ilin yanvar ayının 9-da “Sovet Ermənistanı” qəzetində dərc edilmiş “İtirilmiş şöhrət” adlı məqaləsi, digəri isə Basarkeçər rayonunun Böyük Məzrə kolxoz təsərrüfatından, daha doğrusu, onun sədri işləyən qatı daşnak, sırf millətçi, türkün düşməni Ardaş Hunanyan barəsində yazdığı məqaləsidir.Öz kəskin mövqeyi ilə fərqlənən və erməni daşnaklarını- erməni millətçilərini çox gözəl tanıyan bu mavi gözlu türk oğlunu yenmək qeyri-mümkün idi. Büroda erməni millətçilərinin güclü müqaviməti ilə rastlaşsa da, nəhayətdə ona partiya biletinə yazılmaqla şiddətli töhmət verilməsinə nail oldu. Bu, İSMAYIL ƏLİYEV idi - gözəl, zərif, eyni zamanda qorxu-ürkü nədir bilməyən Türk oğlu! Həmin büroda iştirak edənlərdən biri də məninm dayım  Şükür Əhmədov da olmuşdur. Çox sonralar Şükür dayım bu hadisəni mənə olduğu kimi danışdı. Əlbəttə, mən fəxr etdim. Ancaq Şükür dayım mənə belə dedi: “Əslində sizlərin heç birisi onun necə bir şəxsiyyət olduğunu tamamilə dərk etmirsiniz. Onun təmiz erməni dilində erməni gədalarının payını- cavabını verməsi, onları yerində oturtması, daşnak millətçilərilə, qatı cinayətkarlarla baş-başa gəlməsi heç də asan məsələ deyildi. Ancaq İsmayıl müəllim üçün qorxu məfhumu yox idi. Onunla fəxr edin! O, şəxsiyyətdir, Göyçə mahalının, türk-oğuz yurdunun halal ocağının yetirdiyi şəxsiyyət”.
          1964-65-66-cı illərdə İsmayıl Əliyevə aid məqalələrin üzlərini çıxarıb əlimə alsam da, Onun gəncliyinin, gözəl illərinin şahidi olan o qəzetləri köhnə, toz basmış rəflərdə qoyub gəldim. Əlbəttə, əldə etdiyim o qiymətli- əvəzi olmayan məqalələr bir tapıntı, bir xəzinədir. Çünki onun kimi bir insanı azacıq da olsa tanıyan kəslər bu yaradıcılığın nə demək olduğunu çox gözəl dərk edirlər. Bakı AP məktəbini-ni bitirib doğma Göyçəsinə dönən və tezliklə xüsusi müxbir kimi fəaliyyətə başlayan İsmayıl Əliyevin bu dövr yaradıcılığı istedadlı bir jurnalist kimi onun yaradıcılığının ikinci mərhələsini təşkil edir. Deməli, əlimizdə olan Atama məxsus ikinci və üçüncü dövr yaradıcılıq mərhələləridir. Birinci dövr, yəni 1953-59-cu illər Basarkeçər rayon qəzetinin baş redaktoru işlədiyi dövrün materiallarını əldə etmək üçün axtarışlarım hələlik davam edir. Lakin bir məsələni də unutmaq olmaz, İsmayıl Əliyev Göyçə mahalında yetkin jurnalistikanın əsasını qoymuş, jurnalist sənətinə, jurnalist etikasına, mədəniyyətinə öz möhürünü vurmuşdur! O, Göyçə mahalında SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olunan ilk Göyçə oğludur, öz gücünə, öz zəhməti hesabına və bir də istedadlı qələmi sayəsində!
        Xüsusi insanlar var ki, onlar Tanrı tərəfindən nəinki seçilir, həm də sevilirlər. Belə bir xoşbəxtlik nəsib oldu İsmayıl Əliyev şəxsiyyətinə. Rəhbər vəzifələrdə işləmək bir çoxlarına nəsib ola bilər, ancaq jurnalist qələmi, xeyirxah ürək, fenomenal yaddaş, analitik düşüncə, Azərbaycan sevgisi, doğulduğu torpağa aşiqlik, qövmünə hörmət, xalqına, milli mənsubiyyətinə hörmət- izzət, öz uca dinini- İslami dəyərləri hər şeydən uca tutmaq və görmək, ailə dəyərləri- bax bunlar idi onun böyüklüyü, onun nəsibi və qazandıqları! Onun arzusu Qarabağ başda olmaqla torpaqlarımızın azad olunması, erməni qəsbkarlarının layiqli cəzalandırılması, Xocalının intiqamının alınması, xüsusilə, Xocalı hadisələri ona pis təsir edir, tezlıklə torpaqlarımızın azad olunacağına inanırdı...İsmayıl müəllim dünyaya uca dağlar qoynunda gəlmişdi. Məhz dünyaya da uca dağ zirvələrindən baxmışdı. Qan yaddaşı ilə axıb gələn Şah ucalığı (Ana tərəfdən Şah İsmayıl qoluna yönəlir onun Qızılbaş əqidəsi), Göyçənin halallığı, maddiyyətin deyil, mənəvi dəyərlərin dəyər aldığı bir zamanda yaşadı. İnsanlığı deyil, insanları da sevdi.Yazıları da, düşüncələri də, həyat sevgisi, həyata baxışı da gözəl idi İsmayıl müəllimin:”Gözəldən və alimdən heç ümidini üzmə”.
           Yolun sonu bilinmir,
                Kim düşəcək,
            Kim bu yolun...
               Sonuna qalacaq?..
    Çox təəssüflər ki, Qərbi Azərbaycan- Göyçə Mahalı da daxıl  olmaqla torpaqlarımız hələlik erməni nasistlərinin ayaqları altında tapdalanır.
 Mən həm də Atam olan bu uca şəxsiyyət haqqında nə qədər yazsam belə onun tükənmək bilməyən insanlığının, kəsərli qələminin, mənəviyyat dünyasının, uca ruhunun qarşısında qələmim acizdir. Bildiyim o ki, Tanrı özü bizləri belə şəxsiyyətlərlə mükafatlandırımışdır. O Göyçəni sevdiyi kimi, Göyçə də öz oğlunu sevmişdi.Tanrı yaşamın, həyatın ən gözəlini bəxş etdi ona, qeyrətli ömür- gün yoldaşı, vətənin- torpağın ən gözəlini qismət etdi. Sağlığında ikən O həm öz övladlarına, neçə- neçə Göyçə oğluna- qızına nümunə oldu, onu özləri üçün ideal seçənlər, ona oxşamağa çalışanlar, ona bənzəməyə can atanlar vardı. Əsl bir ziyalı görünüşünə malik, istər geyimlərində, səliqə-səhmanında, istər təmkin, danışıq maneralarında, hətta səs tempi belə gözəldi. Qeyd etdiyim kimi Atamın səsindən ağıl və müdriklik yağırdı. 50-ci illərdən başlayaraq Göyçə mahalı- Basarkeçər rayonunda məsul vəzifələrdə yer tutmuş, 1959- cu ildən SSRİ Jİ- nın üzvü, kəsərli qələm sahibi, istedadlı jurnalist, Göyçə mahalında yaranan intibah, maarifçilik kultunun yaranmasında xüsusi rolu olan, bacarıq və bilgiləri çoxlarının həsəd və qibtəsinə səbəb olan, bir çoxlarının isə idealına çevrilən bir şəxsiyyət - bəli, məhz şəxsiyyət İsmayıl Hüseyn oğlu Əliyev- Səni tərənnüm etməyə qələmim belə acizdir. Çünki, təkcə sadaladıqlarım deyil, bir Azərbaycan- Göyçə fədaisi olduğuna görə, insanlığına görə,Vətən sevginə görə Ucalardan Uca olan ATA!  Səninlə fəxr edirik. Səni və Xanım Anamız Süsənbər Xanımı hər zaman sevdik. Ruhlarınız şad, məkanınız cənnətdir! 
    Həyat bir fəlsəfə,
     açması yox...
    Müəmma,tapmacası çox...M. İsmayılqızı               
 Sonunu nikbinliklə qurtarmaq istədim, ancaq necə? Ah bu necələr, bu nədənlər...o qədər çoxdurlar ki, istər- istəməz sorursan, nədən, nədən?.. Mən Ata- Anamı itirdim, doğulduğum torpağı itirdim, bacımı itirdim, sonunu nikbinliklə qurtara bilmədim...

 

Məlahət İsmayılqızı,
                        AJB-nin və AYB-nin üzvü.
                      Tədqiqatçı- publisist, yazar
    
   

  P. S.  Əlavələr həddindən çoxdur, nisgil və həsrətlə, Göyçə adlı Ulu Yurdun dərdini çəkərək çox Kişilər torpağa baş qoydu... 2020- ci il 27 sentyabr tarixi- Azərbaycan Xalqı, Müzəffər Ordusu məhz Azərbaycanın qeyrətli Oğlu, Ali Baş Komandan, Sərkərdə, güclü diplomat, Prezidentimiz İlham Heydər oğlu Əliyevin uzaqgörən, mükəmməl siyasəti nəticəsində 44 Günə Qarabağ başdan- ayağa erməni yağılarından azad olundu. Sözsüz ki, bu böyük Qələbəni Dədə Qorqud məzarlığında həsrət- nisgillə, yurd nisgili ilə torpağa baş qoyan Əzizlərimizə çatdırdıq... 
 Və daha bir nisgilimiz, qanayan yaramız- Gün o Gün Olsun ki, Qərbi Azərbaycan başda olmaqla Ulu Göyçəmiz də  azadlığına qovuşsun. Min-min kişilərin- Nənə,  Babalarımızın, Miskin Abdal, Aşıq Alı, Dədə Ələsgər kimi minlərin Vətəni olan, “Azərbaycan Səcdəgahımız”dır deyən İsmayıl Əliyev kimi kişilərin, Abbas Əhmədov kimi qeyrət yiyələrinin Ruhları Şad olsun deyək öz Ulu Göyçəmizdə. 
 Azərbaycan və onun qeyrətli Oğlu, Prezidentimiz İlham Əliyev Cənabları tarix yazır, dastan yazır. 
 Uğurlar olsun Azərbaycan! Ulu Türk Yurdlarına yollar görünür .

                                        ***

Göyçə ədəbi mühitində - o cümlədən Qərbi və Şimali Azərbaycanda mətbuat tarixinin və Göyçə maarifçilik kultunun yaradılmasında əvəzsiz rolu olan bu şəxsin- şəxsiyyətin rolu və xidmətləri danılmazdır . 
Bir Azərbaycan- Göyçə uğruna həyatlarını fəda etmiş Kişilər- 
Tanrı Dağındakı Ruhlarınıza Selam Olsun !

Digər xəbərlər