usd-1.7000 eur-1.9741 rub-2.1739
Bakı 24°C 12.81 m/s
Son xəbərlər
25-06-2025
24-06-2025
21-06-2025
19-06-2025
18-06-2025
13-06-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Ölüm sevinməsin qoy…

details

ŞƏHİDLƏR -Qazilər

08.04.2022, 18:50 Oxunub: 2731

“Məhz onların qanı bahasına biz torpaqları almışıq, geri qaytarmışıq. Hər birimiz deyirdik, ürəyimizdə deyirdik və sözdə də deyirdik ki, nəyin bahasına olursa-olsun, biz torpaqlarımızı geri almalıyıq. Əlbəttə, hər bir insanın həyatdan getməsi böyük faciədir - həm onun ailəsi üçün, yaxınları üçün, qohumları üçün, həm də cəmiyyət üçün. Ancaq bizim şəhidlərimiz haqq yolunda həlak olublar, Vətən uğrunda həlak olublar. Onların qəhrəmanlığı bu gün bütün dünyada artıq gerçək kimi qəbul olunur. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucaldılır. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaq”.
 

İlham Əliyev

 

Kəmalə MİRZƏYEVA

Sentyabrın 27-də əks-həmlə ilə başlanan və Vətən müharibəsi kimi xarakterizə edilən İkinci Qarabağ müharibəsi cəmi 44 gün çəkdi və  bizim böyük zəfərimizlə başa çatdı. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi bu müharibədə özünü daha bariz şəkildə göstərdi. Öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcıları kimi onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. 44 gün davam edən Vətən müharibəsi həm də neçə-neçə həyat hekayəsi, qəhrəmanlıq salnaməsi ilə yadda qaldı. Azərbaycan Ordusunun mayoru, “Tənha canavar” ləqəbli 36 yaşlı şəhid kəşfiyyatçı Elçin Elşən oğlu Mansurovun həyat hekayəsi də bir örnək, qəhrəmanlıq nümunəsidir. Müharibənin elə ilk günü şəhadətə qovuşan Elçin göstərdiyi sücaətə görə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı və “Vətən uğrunda” medalı ilə təltif edilib. Elçin Mansurov 1984-cü il noyabrın 25-də Bakının Xəzər rayonunun Binə qəsəbəsindəki "Aviaşəhərcik" adlanan, aeroport işçilərinin yaşadığı şəhərcikdə anadan olub. Əslən Yardımlı rayonunun Kürəkçi kəndindən idi.

Elçin Mansurov ilk təhsilini Binə qəsəbəsində yerləşən 149 saylı orta məktəbdə alıb.  2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Şəhid baş leytenant Fərid Əhmədov onun kursant yoldaşı olub. 2007-ci ildə ali hərbi məktəbi nümunəvi kursant olaraq bitirdikdən sonra təkmilləşdirmə kursu keçib. 2007-ci ilin iyul ayında Tovuzda yerləşən "N" saylı hərbi hissədə leytenant rütbəsi ilə xidmətə başlayıb. 2009-cu ildə Goranboyda yerləşən "N" saylı hərbi hissədə kəşfiyyatçı zabit olaraq xidmət edib. 13 illik hərbi qulluq müddətində Tovuz, Murovdağ və Füzulidə yerləşən "N" saylı hərbi hissələrdə çalışıb. Qorxmaz kəşfiyyatçı kimi ən çətin tapşırıqlara yollanıb, komandanlıq tərəfindən daim təqdir edilib. İctimai televiziyaya verdiyi müsahibədə çox danışmağı sevməyən mayor fikrini qısaca belə ifadə edib: “Kəşfiyyat ordunun görən gözüdür. Məqsədimiz hərbi qulluqçulardan peşəkar kəşfiyyatçılar yetişdirməkdir. Mən fəxr edirəm ki, kəşfiyyatçıyam”.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan bu əməliyyatlarda Elçin Mansurov böyük qəhrəmanlıq göstərdi. Gecə döyüşləri zamanı Cəbrayıl rayonu istiqamətində əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olundu. Həmin vaxt Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" adlandırdığı müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edildi. O döyüşlərdən 2 il sonra Elçin Mansurov II dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edildi.Elçin Mansurova 2020-ci ilin yay aylarında mayor rütbəsi verilib.

Elçin Mansurov 3 il idi ki, Füzuli rayonunda, təmas xəttində xidmət edir və işğal olunmuş əraziləri kəşfiyyat məqsədilə ziyarət edirdi. Döyüş yoldaşları danışırlar ki, Elçin tez-tez təkbaşına kəşfiyyata gedib əsir gətirdiyi üçün dostları arasında həm də “Tənha canavar” ləqəbi ilə tanınıb. Düşmən onun sağ ələ keçirilməsi üçün külli miqdarda mükafat təyin edib.

Elçin Mansurov leytenant Fərid Əhmədovla kursant yoldaşı olmaqdan başqa həm də  yaxın dost olub. Hər dəfə kəşfiyyata yollananda deyirmiş ki, Fəridin intiqamını almaq üçün ova çıxır. Elə ovu da həmişə, necə deyərlər, “qanlı” olurmuş. Yaxın qohumu Şəbnəm Əlizadə deyir ki, 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə Fərid Əhmədovun da  Mübariz İbrahimov kimi  şəhid olması Elçini dərindən sarsıdıb. Amma nə vaxtsa müharibə olacağına, Fəridin, Mübarizin qisasının alınacağına inamını itirməyib. Elçin son illərdə qaynar bölgədə-Füzulidə xidmət göstərib. Müharibənin başlaması ilə arzuladığı qisas planını həyata keçirə bilib, igidliyi ilə Mübariz, Fərid kimi adını tarixə yazdırıb.

Deyirlər, hər insan şəhid və qəhrəman ola bilmir. Şəhidlər cəsarətin, hünərin, qorxmazlığın, şərəfin, namusun, qeyrətin, fədakarlığın simvolları, millətin, dövlətin adıdır, iftixarıdır.

Vətənin qorunması, müdafiəsi uğrunda canından keçmək, özünü və gələcəyini bir an tərəddüd etmədən yurdun-torpağın üçün fəda eləmək, qəhrəmanlıq zirvəsinə ucalmaq isə hər birimiz üçün ən böyük şərəf və qürurdur.  Qarabağda son davamız da göstərdi ki,  bunlar hər bir azərbaycanlı gəncin can atdığı,  çatmaq istədyi ən müqəddəs, ən uca zirvələrdir.

Müharibənin ilk günü döyüşdən əvvəl hamı ilə söhbətləşib əsgərlərinə qələbə arzulayan, azad edilən ərazilərə də ilk bayrağı sancan məhz Elçin olub.  “Xidmət illəri ərzində 6 medalla təltif edilib. Onu sağ ələ keçirmək mümkün deyildi. Yəni sözün əsl mənasında canavar kimi oğul idi”,– deyə dostlarından biri yazıb.

Elçin son dəfə sentyabrın 26-da axşam saatlarında bacısı ilə danışıb, ona narahat olmamasını, hər şeyin yaxşı olacağını söyləyib.

2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulur, ölənlər və yaralananlar olur. Həmin gün saat 09:30 radələrində Elçin Mansurovun 25 nəfərlik  qrupu Füzuli istiqamətində təmas xəttini ilk yaranlardan olur. 45 dəqiqə ərzində Elçin Mansurovun qrupu tərəfindən iki dəfə hücum gerçəkləşir, Ermənistan Ordusunun iki taqımı darmadağın edilir və əvvəlcə, üç, sonra iki xüsusi əhəmiyyətli post və strateji yüksəklik ələ keçirilir. Elçin həmin yüksəkliklərdə yaralansa da 12 yaralını döyüş meydanından çıxara bilir.  Sonra qəhrəmanımız tabeliyində olan qrupdan ayrılıb düşmən bölmələrinin yerləşdiyi dərinliklərə təkbaşına həmlə edir, daha 22 düşmən əsgərini məhv edir. Təəssüf ki, geri qayıdarkən sentyabrın 27-də “Buğra dərəsi” adlanan yerdə arxadan snayper gülləsi ilə şəhid olur. Uzun müddət tapılmayan nəşi birinci atəşkəs günü, yəni 10 oktyabr 2020-ci ildə tapılır və ertəsi gün II Şəhidlər Xiyabanında,  general Polad Həşimovun məzarının yaxınlığında dəfn olunur. Elə gün olmur ki, gül-çiçəyə qərq olmuş məzarını dostları, tanışları ziyarət etməsinlər.

Mayor Elçin Mansurov “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə yanaşı "Vətən uğrunda", Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə də təltif edilib.

Kəşfiyyatçı mayorla bağlı xatirələr bitmir. Qardaşı Rövşən Mansurov: "Qardaşımın uşaqlıqdan hərbiyə marağı olub, uşaq vaxtı  həmişə avtomat, tank, tapança kimi oyuncaqlarla oynayardı. 8-ci sinifdən etibarən isə tam olaraq qarşısına hərbiçi olmağı məqsəd qoymuşdu. Nəhayət, 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur və oranı uğurla bitirdikdən sonra leytenant rütbəsində hərbçi kimi fəaliyyətə başlayır. İşinə çox bağlıydı, heç vaxt bayram, ad günlərini bizimlə qeyd eləmirdi. Məzuniyyətə gələndə belə bir həftədən artıq qalmazdı. “Mənim yerim dağ-təpədi, yumşaq, isti yerlərə öyrəşməmişəm”- deyərdi. Qardaşımla bağlı xatirələrim çoxdur, qardaş yox, atam rəhmətə getdikdən sonra əslində ata əvəzi olmuşdu bizə. Hər çətinlikdə qardaşımın varlığı o işin öhdəsindən gəlməyə kifayət edərdi. Hər kəs rahatlıqla dərdini bölüşərdi onunla, amma özü heç vaxt heç bir problemini, çətinliyini deməzdi, gizlədərdi. Əslində, hərbiçilərə bir o qədər də xas olmayan ürəyi yumşaqlıq, mehribançılıq var idi ətrafındakılara qarşı. Qardaşım şəhid olduqdan sonra onunla xidmət edən əsgərlər mənə zəng edib qardaşımın onlara əsgər yox, qardaş kimi rəftarından danışırdılar. Fiziki cəhətdən çox dözümlü, cəsur idi. Qorxu deyilən bir şey yox idi onda. Müharibə başlayanda da qardaşımı   tanıyan hər kəsdə sanki bir rahatlıq var idi ki, o cür insana heç bir şey olmaz. Müharibə vaxtı  əsgərlərinə bir şey olmasın deyə tabeliyində olan qrupdan ayrılıb düşmən postuna təkbaşına hücum edib. 20-dən artıq düşmən əsgərini məhv edib, qəhrəmancasına şəhid olub. Bu cür qardaşı itirmək nə qədər ağırda  olsa, torpaq yolunda, Vətən yolunda canını qurban verən oğulun qardaşı olmaq  bir o qədər qürurvericidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Şəbnəm Əlizadə: "Elçin Mansurov mənim dayım oğludur. Özüm onunla çox ünsiyyətdə ola bilməsəm də, Elçin dayı haqqında bir az məlumatım var idi. Şəhid olduqdan sonra onu daha da yaxşı tanımaq imkanım oldu. Məlumatları da əsgərləri sayəsində əldə etmişəm.

Elçin dayı zahirən nə qədər sərt görünsə də, əslində, bir o qədər də səmimi və zarafatcıl insan idi. İstər hərbi həyatında, istər məişət həyatında insanlara qarşı qayğıkeş, düzgün, mehriban davranmağı ilə hamının rəğbətini qazanmışdı. O, komandiri olduğu əsgərlərinə dost kimi diqqətli olub, bir valideyn nəvazişi göstərib. Bir əsgəri yazmışdı ki, Elçin Mansurov leytenant olanda bayramlarda digər komandirlər öz evinə getdiyi halda, o bizimlə qalır, zarafat edir, bizim darıxmamağımız üçün əlindən gələni edirdi.

Bir nəfər yazmışdı ki, mənim komandirim olub Mansurov Elçin. 2009-cu ildə kəşfiyyat taqım komandirim olub. O, bizə komandir yox, qardaş idi, qardaşdan da bəlkə üstun idi bizə. Heç inanmaq istəmirəm həyatda olmamasına. Allah yerini cənnət etsin, kaş bir yerdə şəhid olaydıq. Məni düşmən gülləsindən qurtarıb bu igid oğul, mənə güllə dəyməsin deyə məni qucaqlayıb sipər etmişdi özunü. Ona görə yanıram, ürəyimə dağ çəkilib sanki. O insan unudulmaz qəhrəman, eləcə də gözəl qardaş idi. Allah rəhmət etsin, yeri cənnət olsun".

Elçin Mansurov yaxınlarının, dostlarının təkidinə baxmayaraq heç vaxt ailə qurmayıb. Bəlkə… Bəlkə də bütün varlığını Vətənə fəda edən Elçin özündən sonra arxasınca ağlayan, göz yaşı tökənin olmasını istəməyib. Onun ömrü keşməkeşli olub. O, yaşadığı şərəfli ömürdə  həyatın hər çətinliyini, sevincini-kədərini görüb. Bu barədə saatlarla danışmaq, yazmaq olar. Yəqin ki, nə vaxtsa qələm əhli onun həyatını bir kitaba çevirəcək. Qəhrəmanın o qədər də uzun olmayan, amma şərəfli həyatına güzgü tutacaq. Bəli, bu bir həqiqətdir ki,  Elçin kimi igidlərin qəhrəmanlıq dastanı hər zaman dillərdə dolaşacaq.

Nə yaxşı ki, Elçin kimi döyüşlərdə yaralanan dostlarını çiyninə alıb yüksəklikləri fəth edən oğullarımızın mərdliyi,  igidliyi hələ də dillər əzbəridir. Vətənin, xalqın haqlı mübarizəsinin önündə gedən, ölüm-dirim savaşında əsl rəşadət göstərən əsgər və zabitlərin, savaşa könüllü qatılan Azərbaycan oğullarının qəhrəmanlığı, hərb sənətində sərgilədiyi cəngavərlik nümunələrini saymaqla qurtarmaz. Onlardı şəhid olaraq, qazi olaraq illərlə həsrətində olduğumuz ana yurdu qanı-canı bahasına işğaldan azad edənlər, Qarabağ səmasında üçrəngli bayrağımızı dalğalandırıb həsrətimizə birdəfəlik son qoyanlar...

Ölməz ruhunuz qarşısında baş əyirik, Vətən övladları! Siz ölmədiniz! Qoy, ölüm də sevinməsin buna...

Digər xəbərlər