ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Mübariz İbrahimovun atası Ağakərim İbrahimovla MÜSAHİBƏ
ŞƏHİDLƏR -Qazilər
28.03.2024, 12:55 Oxunub: 2986“Biz ata-bala vətən üçün, torpağımızın azad olması üçün çalışdıq”
Biləsuvar həmişə ziyalıları, qəhrəmanları ilə tanınıb. Əbəs yerə “qəhrəmanlar diyarı” deməyiblər ki... Biləsuvar həm də xoşbəxt diyardır ki, qucağında Mübariz kimi cəsur oğul dünyaya göz açdı, qoynunda böyüdü, Vətəni qorumaq üçün öz canını fəda etdi...
Şeyx Məhəmməd Xiyabaninin bir kəlamı var:
İgid bir gün yaşadı, ölümü boğdu öldü,
Qorxaq yüz il yaşadı, ölümdən qorxdu öldü.
Bəli, Mübariz İbrahimovun da ömrü qısa oldu. Amma 22 illik ömür yolunda Vətən üçün çox böyük işlər gördü.
Bir jurnalist kimi çoxdan arzu edirdim ki, Mübariz İbrahimovun atası Ağakərim dayıdan müsahibə götürüm. Nəhayət, Novruz Bayramı günlərində Biləsuvarın Əliabad kəndində el ağsaqqalı ilə görüşüb, geniş söhbət etmək imkanı əldə etdim.
- Ağakərim dayı, sizinlə bayram günündə görüşürük. Öncə Novruz Bayramı münasibəti ilə sizi və ailənizi təbrik edirik...
- Çox sağ olun! Mən də sizi və ailənizi təbrik edirəm, sizə xoş arzularımı bildirirəm. Allahdan bayramlarınızın mübarək olmasını istəyirəm. Çox sağ olun ki, əziyyət çəkib müsahibə almağa gəlmisiniz.
- Siz sağ olun ki, müsahibə üçün təklifimizi geri çevirmədiniz. İlk olaraq bilmək istərdik ki, bayramla əlaqədar olaraq sizə baş çəkən, telefon vasitəsilə əlaqə saxlayan rəsmi və yaxud qeyri-rəsmi şəxslər oldu?
- Əlbəttə, bir çox rəsmi şəxslər tez-tez məni yoxlayır, mənə baş çəkirlər. Bu bayramda da məni təbrik edənlər oldu. Rəsmi şəxslərlə yanaşı, tanıdığım sadə insanlar, uşaqlıq dostlarım da məni təbrik etdilər. Əslində, heç kimdən ummuram, təbrik edən də sağ olsun, etməyən də. Amma onu da deyim ki, ötən illərə nisbətən bu il çox da təbrik gəlmədi. Əvvəllər daha çox təbrik alırdım. İllər keçdikcə yavaş-yavaş təbriklər də azaldı.
- Bəs bayram tədbirlərinə dəvət almısınız? Məsələn, Novruz Bayramı ərəfəsində hansısa tədbirdə iştirak etmisiniz?
- Çox maraqlı suallardır. Bilirsiniz necədir, cavan olsam istəyərdim ki, o tədbirlərə özüm gedəm, orda fikrimi çatdıram, vətənpərvərlikdən danışam. Amma yaş və ürək əməliyyatı məni bu işlərdən saxladı. Mənim fikrim var idi ki, Muzeydə oturam, gələn məktəbli uşaqlarla danışam. Amma ürək əməliyyatı keçirdim. Özümü qorumaq üçün bura - çölə gəldim. Gəldim ki, burda nəfəs alım. Sizə də müsahibəni bu açıq havada, çöldə verirəm.
Bizim kəndin icra nümayəndəsi Novruz şənliyinə dəvət etmişdi. Səhhətimlə əlaqədar gedə bilmədim. Dəvət edirlər ki, tribunalarda danış. Mən çox vaxt danışmıram. Mən sənə dediyimi tribunada necə deyim?! Mən də istəyirəm ki, biz - hər bir azərbaycanlı boş oturmayaq. Hökmən gedib silah götürüb döyüşməli deyilik. İndi mübarizə gedir, əməllərimizlə döyüşməliyik, vuruşmalıyıq. Bir-birimizə münasibətimiz dəyişməlidir. Yenə deyirəm, hər zaman da deyəcəm, xainlik, paxıllıq qəlbdən çıxmalıdır. Bir-birimizi bağışlamağı bacarmalıyıq. Bütün bunlar Vətən xatirinə olmalıdır. Ələlxüsus da gələcək üçün, nəvə-nəticəmizin gələcəyi üçün.
Düşmən silahı yerə qoymayıb, qoymayacaq da. Bu görünür, hamı da dərk edir. Onlar fürsət axtarır. Ola bilsin 10 ildən, 50 ildən sonra zərbə vurmağa çalışacaqlar. Və vuracaqlar da. Onun üçün biz iş görməliyik. Bu da yalnız Allahın göstərdiyi yoldur. Doğru yol odur. Yəni biz dünyada söz sahibi olmalıyıq. Bizi söz sahibi də edən də Allahdır. Sən bilirsən ki, böyük dövlətlər necə gəlib kiçik dövlətlərə girir?! Məsələn, Amerika İraqa necə gəlib girdi... Allah deyir axı, bizim iznimiz olmadan yarpaq da düşə bilməz. Bəs Amerika necə gəldi İraqa? Dedi sizdə haqsızlıq var. Həqiqətən də İraqda haqsızlıq baş alıb gedirdi. Ona görə də Allah izn verdi.
- Dediniz ki, əvvəlki illərə nisbətən Sizi axtaran rəsmi şəxslərin sayı azalıb. Bəs, televiziyalar, mətbuat necə, sizi arayıb-axtarır?
- Əvvəl çox olurdu. Televiziyalardan tez-tez gəlirdilər, ailəmizi çəkirdilər. Sonralar bunlar səngiməyə başladı. Onları da qınamıram. Çünki şəhidlər çoxdur. Şəhidin birini ön, digərini arxa sırada tutmaq olmaz. Şəhidlərin hamısı bizim balamızdır. Biləsuvarın bütün şəhidlərini balalarımdan ayırmıram. Onlar da mənim balalarımdır. Birini uca, digərini aşağıda tutmaq olmaz. Fərqləndirəndə təbii ki, onun qəlbinə dəyər. Ona görə də heç kəsi qınamıram. Gələn də sağ olsun, gəlməyən də...
- Əlbəttə, Milli qəhrəman atası olmaq, həm də Mübariz İbrahimov kimi dövlətimizin fəxri olan bir qəhrəmanın atası olmaq qüruruvericidir. İstərdik Mübariz İbrahimovun uşaqlığından, onu necə qəhrəman kimi böyütməyinizdən danışasınız...
- Bilirsiniz, bu haqda o qədər danışmışam, əlavə nəsə deməyin yeri yoxdur. Nə deyim?! Mən əvvəl də demişdim, yaxşı övlad yetişdirmək vətənpərvər övlad yetişdirmək deməkdir. Mübariz də elə bunun üçün yaranmışdı. Biz ata-bala vətən üçün, torpağımızın azad olması üçün çalışdıq. O, bilərək, düşünərək həyatından, canından keçdi. Mən də “Vətən sağ olsun” dedim! Və öncədən onu dedim ki, Allah 3 oğul verib, biri Vətənə fəda olsun! Bu, mənim sözüm deyil. Bu müqəddəs söz Allahın sözüdür. Çünki Allah onu mənə verdi.
- Allahdan, Qurandan danışdınız. Allahın yaratdığı bəndələrin müəyyən qismi dünya üçün yarandığının fərqinə varmırlar. Sizcə niyə?
- İnsanlara bunları necə başa salaq?! Heç inanmayacaqlar. Amma inanmasalar da, bu belədir. Siz düz deyirsiniz, bəndələr dünya üçün, tikib-qurmaq üçün yaranıb, vəhşilik etmək, terrorla məşğul olmaq üçün yox. Quranda Allahın biz müsəlmanlara buyurduqlarına riayət etməsək, heç şübhəsiz, düşmənlər yenə də silahlarını yerə qoymayacaq. Nə vaxtsa, əlli ildən, bəlkə də yüz ildən sonra həmin əməllərini təkrar edəcəklər. Onda da biz yaşadıqlarımızı nəvə-nəticələrimiz yaşayacaqlar.
Bilirsiniz, bizim millətin evini ən çox nə yıxır? Xainlik, paxıllıq. Bu bizi inkişafdan saxlayıb. Bir-birinin ayağının altını qazmaq, gözü götürməmək, işləyəni, iş bacaranı, uzaqgörəni qəbul etməmək, paxıllıq etmək və s. bizim milləti inkişafdan saxlayır. Onu yaradan səbəb də qeybətdir. Bir-birimizin arxasınca xoşagəlməz sözlər danışmaq, qeybət etmək bizi xainə, paxıla çevirib.
- Bəs, bu cür adamlarla necə mübarizə aparmalıyıq?
- Mübarizə aparmaq üçün əksini etməlisən. İnsanlar haqqında xoş sözlər, gözəl sözlər danış. Bununla da paxıllığı qəlbindən atacaqsan, çıxıb gedəcək. Onu başa salan, öyrədən lazımdır bizə. Çox təəssüf ki, yoxdur. Deyirlər, zəng etməyin, o kişini saymayın. Niyə? Ona görə ki, içimizdə düşmən qüvvələr var. Elə onun üçün də çoxları ailəsini də götürüb, Azərbaycandan qaçır.
İnanın mənə də çox şey təklif etdilər. Milyonlar təklif etdilər. Dedim ki, mənim heç nəyə ehtiyacım yoxdur. Dedilər ki, sənin dövlətdə haqqın var, gəl sənə Bakıdan 6 hektar torpaq verək. İstəyirsən sot-sot sat, istəyirsən ticarət mərkəzi tik, gəl gedək kupçanı, sənədi götür. Dedim ki, mənə lazım deyil, istəmirəm.
Müharibənin ilk 8 günündə verilən şəhid qalan 36 gündə verilməyib. Niyə? Düşmən tələsi var idi. Düşmənə xəbər verənlər var idi ki, ordan gəldi, burdan gəldi, vur. O da vururdu. İstəyirdilər ki, müharibə dayansın. Bilirdilər ki, bu yol qələbəyə gedir. Elə ki, Qərargahı türklər götürdü, ondan sonra qələbə qələbənin dalınca gəldi.
- Bəllidir ki, Mübariz xidmət zamanı hərbi hissə rəhbərliyinə məlumat vermədən təmas xəttini keçərək ən azı 45 ermənini məhv edib. Bu faktın özü sübut edir ki, onun içərisində erməniyə qarşı böyük nifrət olub. Deyə bilərsiniz, bu nifrət necə, kim tərəfindən aşılanıb?
- Təbii ki, uşaq ailəyə, valideynə, valideynin rəftarına baxır. Hər valideyn Vətənini sevirsə, düşmənə nifrəti varsa, övladda da həmin şey olacaq, valideyninə çəkəcək, düşmənə nifrət edəcək. Yəni valideynin düşmənə olan nifrəti keçəcək uşağa, övlada. Mən milliyətçi, millətimi çox sevən olmuşam. Dəfələrlə bunu sübut etmişəm. Özümdən asılı deyil. Mən özüm danlayaram, yeri gələndə mən özüm vuraram. Başqa millət onu vuranda özümü ölümə verərəm, qoymaram ona əl vura. Mən bunları yaşamışam. Əsgərlikdə camaata bunu göstərmişəm. Mən həmişə öz millətimi çox istəmişəm, qorumuşam. Başqa millətin mənim millətimi vurmasına göz yuma bilməmişəm. Özümü oda atmışam, ağlım başımdan çıxıb. Elə bilmişəm ki, ona deyilən söz mənə deyilir. Yenə deyirəm ki, bu mənim özümdən asılı deyil.
- Mübariz İbrahimovun qəhrəmanlıqla şəhid olduğu yer işğaldan azad olundu və hazırda o ərazidə Azərbaycan bayrağı dalğalanır. Həmin əraziyə bir şəhid atası kimi baş çəkdiniz?
- Onun nə mənası var ki, gedib baş çəkdim, ya baş çəkmədim?! Vətənin o başı, bu başı yoxdur. Vətən hər qarışıyla bizim vətənimizdir, torpağımızdır. Mübariz elin, xalqın övladıdır. Məndən çıxdı, sizindir. Bu ilk sözlərimdir. Mən də sizin kimi biri. Mən özümü insanlar kimi, başqaları kimi aparmışam. Mübarizi vermişəm elin, xalqın övladlığına.
Gedib o yerləri ziyarət edib-etməməyin fərqi yoxdur. Çünki Vətənin ucu-bucağı bizimdir. Vaxt gələr, Allah qismət edər, nə vaxtsa gedərəm, gəzərəm o yerləri, ziyarət edərəm. Çünki o yolda can qoymuşuq.
- Qeyd etdiyimiz kimi, Mübariz İbrahimov 2010-cu ildə Azərbaycanın Milli Qəhrəmanı və Azərbaycanda "ilin adamı" adlarına layiq görüldü. Biləsuvarda adına küçə və məktəb verildi, onu təsvir edən heykəllər ucaldıldı, şərəfinə xatirə lövhələri hazırlandı, filmlər çəkildi, haqqında kitablar, poemalar yazıldı və xarici teleseriallarda qəhrəmanlığından bəhs edildi. Bir ata kimi, Mübarizlə bağlı dövlətimizdən, xalqımızdan istədiyiniz başqa bir arzunuz varmı?
- Bir arzum var. Azərbaycanın hər bir vətəndaşı bilməlidir ki, biz bir ailəyik, o da Azərbaycandır! Necə deyirik, hər bir ailə bir dövlətdir, hər dövlət də bir ailədir, Allahın nəzərində. Heç özüm də bilmirəm ki, nə arzu edim. İstəyim odur ki, Allahın bizə öyrətdiklərini həyata keçirə bilək. Özümüzü yox, gələcək nəsillərimizi, nəvə-nəticələrimizi düşünək. Onlar üçün çalışaq. Elə etməliyik ki, biz yaşadığımızı onlar yaşamasın. Mənim istədiklərim budur. Bunun üçün bizim alimlərimiz, uzaqgörən insanlarımız çalışmalıdır. Yəni özümüzü yox, bu günümüzü yox, gələcəyimizi düşünməliyik. Mənim istəklərim budur.
- Sonda elimizin ağsaqqalı olaraq xalqımıza deyəcək hər hansı sözünüz varmı?
- Xalqa deyəcəyim yox, uşaqlara deyəcəyim var. Gələcək onlarındır. Onların içərisindən vəzifə sahibləri, milyonçular, varlılar çıxacaq. Hər bir vəzifəni yerinə yetirəndə dərk etsinlər, hiss etsinlər ki, onların təhsili dünyayadır.
Mən istəyirəm ki, millətimiz dünyada söz sahibi olsun. Bunun üçün isə Allahın öyrətdiklərini həyata keçirməyə çalışsınlar. Ən azından hiss etsinlər ki, onun dünyaya təsiri var. Atdığı addımlarla daşıdığı yükü çiyinlərində hiss etsinlər, onu nəzərə alsınlar.
Düşmən bəllidir. Hələ bəlli olmayan düşmənlərimiz də var. Elə onlara qol-qanad verənlər, dəstək duranlar da düşmənlərimizdir. Ona görə, onlara qalib gəlməyin yolu yalnız bizim səmimi birliyimizdədir. Vətən naminə bir-birimizə güzəştə getməyi bacarmalıyıq. Biri düşmənə əsir düşmüş, xilas olduqdan sonra mənim ziyarətimə gəlmişdi. Dedim sən qəlbən deyə bilərsən ki, “millətimin pisinə qurban olum”? Dedi ki, deyərəm, lap ucadan deyərəm, millətimin ayağına yıxılaram. İndi görün düşmən nədir ki, əsirlikdə qalmış insan millətinin pisini necə sevir, necə özününkü bilir, əziz tutur.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Qafqaz. Media