usd-1.7000 eur-1.9729 rub-2.1656
Bakı 22°C 4.59 m/s
Son xəbərlər
24-06-2025
21-06-2025
19-06-2025
18-06-2025
13-06-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

EŞQİN RƏNGLƏRİ - romandan hissə

details

ƏDƏBİYYAT

24.06.2025, 15:09 Oxunub: 3931

EŞQİN RƏNGLƏRİ

(romandan hissə)

 

Müəllif -

Gülçin - 32 yaşında, istedadlı rəssam

Böyükkişi - 35 yaşında, Gülçinin əri

Yalçın - 34 yaşında, Böyükkişinin müdiri

Nemət - 45 yaşında, tanınmış psixiatr

 

NEMƏT

Bəzən insan içindəki duyğuya ad qoymaqdan çəkinir, bilir ki, ondan sonra o hiss daha dərinə işləyə, nəzarətdən çıxa bilər, sərhədləri aşar.  Ona görə də özünü susqunluğa məhkum edir. Amma susduğun duyğu səssiz qalmır. Sən danışmadıqca o içində dilə gəlib fəryad qoparır. Ona görə də daxilimdəki  duyğuları Gülçinlə bölüşməyimdən, bu hisslərə ad qoymağımdan peşman deyiləm. Əlbəttə, əslində bu qadın mənim üçün sadəcə bir pasiyent olaraq qalmalı idi. Amma ürəyə hökm etmək hər igidin işi deyil; sevilən qadın, ən inadkar ürəklərin belə zəif nöqtəsidir.

Gülçin artıq xeyli dəyişib. İlk dəfə gələndə gözləri həyəcanla otağı süzürdü, səsi titrəyirdi, əlləri əsirdi. Artıq terapiya və dərman müalicəsi öz nəticəsini göstərir, getdikcə əhvalı sabitləşir. Baxışları durulub, qəribə bir işıq saçır sanki... Bir pasiyentin sağalma əlaməti kimi bu, sevindirici görünə bilərdi. Amma onun bu cür işıq saçması, indiki əhval sabitliyi  Yalçının sevgisinə görədir, əgər aralarında qəfil bir hadisə baş versə, Gülçinin ildırımın zərbəsindən devrilən əzəmətli çinar kimi yıxılacağı ehtimalı məni indidən qorxudur.

Bir kişi kimi qəlbimi ən çox incidən məqam da sanki məndən uzaqlaşmasıdır. Elə bil əvvəlki kimi ruhən yaxın deyil. Qəribə bir məsafə qoyub aramıza. Salamı nəzakətlidir, gülüşü ölçülüdür, sözləri seçilib. Sanki bu, mənə “getdikcə sənə ehtiyacım qalmır” deməyin başqa yoludur. Baxışlarda təşəkkür olsa da, bu, peşəkar bir həkimə olan yanaşmadan başqa bir şey deyil. Nə gizlədim, bu, mənim kişi kimi qürurumu incidir, ürəyimi yaralayır.

Bir zamanlar bu otaqda gözlərini mənə dikib çarə gözləyən o  qadın  artıq yoxdur. Yerində daha ağıllı, daha soyuq, daha sakit bir başqası əyləşib. Elə bir qadın ki, elə bil içindəki təlatümləri susdurub, onları sənətə, tabloya və Yalçına olan eşqə  çevirib. Kilid nöqtəsi isə Yalçındır. Bilirəm peşəkar həkim kimi bunu deməyim düzgün deyil, amma Gülçini dəhşətli dərəcədə Yalçına qısqanıram. Böyükkişiyə də nifrət edirəm ki, belə bir qadının qədrini bilməyib, onun başqasında sevgi axtarmasına da göz yumub. Yalçının haqqında isə ümumiyyətlə, eşitmək də istəmirəm, ondan zəndeyi-zəhləm gedir. Gülçinin mənim daxilimdə yaratdığı bu qarışıqlıq məni hər gün dərin düşüncələrə qərq edir. Sanki getdikcə çıxılmaz dalana dirənirəm, artıq neyləyəcəyimi bilmirəm...

Həkim kimi baxsam, müalicə proses irəliləyib. Amma kişi kimi baxanda – itirdiyim bir qadının kölgəsini izləyirəm. Düzdür, o heç vaxt mənim olmamışdı. Amma mən özümü onun hekayəsində həmişə xilaskar kimi görmək, onun yanında qalmaq istəyirdim. İndi isə onun səssizcə yola saldığı bir əsgərə bənzəyirəm, elə bil döyüş bitib və mən daha ona  lazım deyiləm.

Yalçın adı çəkiləndə içimdə bir burulğan baş qaldırır. Bu burulğanda qsqanclıq da var, özünü dəyərləndirmə də. Elə bil sınaqdan keçirəm. Mən onun əlindən tutan, sözlərini dinləyən, ağrılarına dərman olan idim. Yalçın isə sadəcə sevilən bir adam... Amma görünür, bəzən sevilən olmaq yetərlidir…

İçimdə bu suallar dolanır, cavabları isə demək olar ki, yoxdur. Bu gün o qədər rahat danışdı ki, gözümün önünə illər öncə tanıdığım başqa bir qadın gəldi. Oxşarlıq qorxuludur. Qəfildən keçmişlə üz-üzə qala bilirsən. Gülçin mənə gənclik vaxtı sevdiyim dəlisov bir qadını da xatırlatmağa başlamışdı. Bəlkə də Gülçin mənim üçün unutmaq istədiyim keçmişin aynadakı əksi idi, kim bilir?

Seansın ortasında nəbzini yoxlamaq bəhanəsilə əlini tutdum. Elə bil içimdə fırtına qopdu. Sinirlərim gərildi, nəfəsim dəyişdi. Onun baxışlarında bu halımı gördüm. Amma heç nə demədi. Sakitliyində elə bir güc vardı ki, mən o səssizlik içində əzildim... Onun baxışları içimdə hər şeyi alt-üst edirdi. Gözlərindəki ifadə sanki deyirdi: "Görürəm səni, mənə necə dəlicəsinə aşiq olduğunu görürəm, amma buna cavab verəcək hissim yoxdur…" Onunla da yaxın olmaq, onun dünyasına daxil olmaq istəyirəm. Ona görə də seansın sonunda sanki terapiyaya dəstək kimi yaradıcılıq emalatxanasına gəlmək üçün icazə istədim, ünvanı soruşdum. Ünvanı tərəddüdlə dedi, tələsik kağıza yazdım, dedim ki, bir gün icazənlə emalatxanaya kofe içməyə, doğulmaq ərəfəsində olan tablolara baxmağa gələrəm. Razılaşdı, qarşıdakı həftə içində məni emalatxanada gözləyəcəyini deyib sağollaşdı. Həddindən artıq sevindim, onun dünyasına girməyə icazə istəmişdim və o, buna etiraz etməmişdi. Bu, kənardan kiməsə əhəmiyyətsiz görünə bilər, ancaq sevən kişi üçün hətta belə cüzi addımlar da böyük görünür.

Gülçin sağaldıqca məndən uzaqlaşır, ona görə də emalatxana məsələsini qəsdən ortaya atdım ki, onunla həm də dostluğa doğru addım atım.  Mən onu sağaltmaqdan çox , yanımda saxlamaq, daim onunla bir yerdə olmaq istəyirəm.  Bilirəm, bu sevgi həkimlik peşəsinin çərçivəsinə sığmır. Mən artıq xəstəyə kömək edən adam yox, kömək bəhanəsi ilə yaxın qalmaq istəyən bir kişiyəm.

Ən acısı isə budur ki, bu duyğu artıq seçim deyil, məcburiyyətə çevrilib.  Deyəsən, onu sağaltmaq üçün meydana atılıb özüm eşq xəstəliyinə mübtəla oldum… Və mənim dərmanım indi sadəcə Gülçindir… Gülçinin dərmanı Yalçın olduğu kimi. Gülçinlə hər seans mənim üçün həm cəzadır, həm də böyük mükafat. Deyəsən, Gülçinin bu bəlası keçici imiş, onu sağaltmaq istədiyim mərəzə indi mən psixoloji olaraq “yoluxmuşam”. Bəs məni kim sağaldacaq?...

 

BÖYÜKKİŞİ

Həyatda bəzi münasibətlər var ki, insan onlara illərlə məruz qalır, amma heç vaxt daxilən qəbul etmir. Gülçinlə olan evliliyimiz məhz bu cür bir münasibət idi. Kağız üzərində vardı, amma ruhumuzun heç bir qatına toxunmurdu. Eyni evin içində nəfəs alırdıq, amma bir-birimizdən xəbərsiz ömür sürürdük. İllərlə adət etdiyim bu ölü həyat tərzi məni içəridən çürüdürdü. Amma indi, həyatımda İlkanə adlı yeni bir nəfəslik açılmışdı.

Onunla danışdıqca, yaxından tanış olduqca illərlə boğazımda düyünlənən sözlərin yavaş-yavaş açıldığını hiss edirdim. Sanki içimdə gizlənmiş, zamanla pas bağlamış hisslər bir-bir üzə çıxır, nəfəs almağa başlayırdı.

Bir neçə dəfə işdən sonra İlkanə ilə kafedə-restoranda oturmuşduq, şəhərin sakit küçələrində gəzmişdik. Dünən yenə isti yaz havasında Dədə Qorqud parkına getmiş, doyunca söhbət eləmişdik. Küçədəki axşam işıqları onun üzündəki yumşaq ifadəni daha da cazibədar edirdi. Danışdıqca başını bir az yana əyir, gözlərində qəribə bir işıq yanırdı. O axşam bir restoranda oturduq. Masa üstündəki şam işığı onun yanaqlarına solğun narıncı rəng çiləyirdi. Yeməkləri seçərkən, qırmızı şərab içmək istədiyini sakit səslə dedi. Onun danışığında qəribə bir nəzakət, eyni zamanda rahatlıq vardı. İnsan onunla danışanda özünü heç sıxılmış hiss etmirdi. Gülçinlə münasibətimizdə illərlə belə sadə, rahat bir ünsiyyət olmamışdı. Onun hər sualına ölçüb-biçib cavab verməyə məcbur qalırdım, çünki dediyim hər söz ya mühakimə olunur, ya da soyuq baxışlarla süzülürdü. İlkanə isə məni həqiqətən ürəkdən  dinləyirdi. Ona həyatımla, ailəmlə bağlı hər şeyi rahatca danışa bilirdim.

Restoranda yemək yeyərkən İlkanənin barmaqlarını süfrənin kənarında yüngülcə oynatdığını gördüm. Bu hərəkətində bir incəlik, bir qadın zərifliyi vardı. Restoranda caz musiqisi səslənirdi. Onunla baxışlarımız tez-tez toqquşurdu, amma bu toqquşmalar nə gərgin, nə də utancaq idi. Aramızda görünməyən bir bağ yaranmışdı, bunu hər ikimiz hiss edirdik. Söhbətimiz daha çox həyatdan, musiqidən, kitabdan gedirdi. Heç zamanın necə keçdiyini anlamadım. Saat gecə on ikini keçəndə İlkanəyə baxıb dedim: “Bəlkə bir az da gəzişək?” O isə gülümsəyərək başını tərpətdi. Həmin anın içində qəribə bir tamamlanmışlıq duyğusu hiss etdim. Restorandan çıxıb maşına gedəndə dodaqlarından öpdüm, etiraz etmədi, məsumluqla mənə sığındı, bu hərəkəti məni çox təsirləndirdi.

Dərindən baxanda, onunla münasibətimdə nə böyük ehtiras, nə də qəribə həyəcan sezilirdi.  Amma  sabitlik, sabaha inam hissi vardı. Onun yanında sakitləşirdim. Danışmasam da, onun varlığı kifayət idi ki, özümü kişi kimi hiss edim. Mənə artıq "niyə belə davrandın", "niyə danışmadın", "nə hiss edirsən" kimi suallar verilmirdi. Sadəcə olduğum kimi qəbul olunurdum. Bu, uzun illərdən sonra ilk dəfə idi. Gülçin nə vaxtdan bəridir məni heç kişi hesab etmirdi, indi İlkanə isə mənə son dərəcə əhəmiyyətli insan kimi yanaşırdı.

Gülçinlə evliliyimiz kağız üzərində hələ də davam edir. Amma artıq içimdə o əlaqə çoxdan qopub. Biz bir damın altında yaşayırıq, amma yollarımız bir nöqtədə kəsişmir.

Artıq özümə söz vermişəm, İlkanə ilə evlənəcəyəm, Gülçinlə olan formal nikahıma isə yenidən göz gəzdirəcəyəm, bəlkə də saxta evlilikdənsə onunla boşanmağımız yaxşı olar? Bu, artıq zamanın axarına buraxılmış bir qərar idi, amma mən artıq bu barədə düşünməyə başlamışdım… Çünki Gülçinlə olan münasibət sadəcə  vərdişdir, amma İlkanə ilə olan münasibət içimi isidən, ürəyimi açan doğma  ehtiyacdır. Onunla olmaq üçün heç bir rol oynamağa ehtiyac yoxdur. İlkanənin qarşısında maska taxmıram.

Həyatda hər şey öz axarı ilə gedir. Bəzən çox gec də olsa, həyatdan nə istədiyini başa düşürsən.  Mən indi nə istədiyimi, kimə bağlandığımı, kimlə sakit və dürüst bir ömür keçirə biləcəyimi daha aydın görürəm. İndi anlayıram ki, həyat həqiqi şəkildə, bir-birinə gerçəkdən dəstək olaraq yaşamağı bacardığın insanla daha dəyərlidir.  İlkanə ilə təkcə danışaraq yox, həm də susaraq bir –birimizi başa düşürdük. Bəzən bir qadının sənə heç nə demədən, qınamadan, ittiham etmədən səni dinləməsi - bütün suallara verilən ən dürüst cavabdır.

 

YALÇIN

Gülçinə qarşı hisslərimin sadəcə ehtiras olmadığını çoxdan bilirdim. Bu, artıq sevgiyə çevrilmişdi. Gülçinə qarşı işıqlı, ağır, bədənimi yox, ruhumu isidən bir duyğu yaranmışdı. Ona get-gedə bağlanırdım, ayrı qala bilmirdim. Hər axşam işdən sonra emalatxanaya getməsəm, elə bil o günü yaşamamışam. Gülçinin adını “Eşqin rəngləri” qoyduğu o yaradıcılıq emalatxanası mənim boz həyatımı rəngləndirir, yaşamaq həvəsi oyadır. Bir yandan da Nilufər məsələsi çıxıb. İndi bunu açıb Gülçinə danışmaq da var hələ...

İşdən çıxanda hələ hava isti idi, axşamın günəşi parlaq narıncı məcməyi kimi üfüqdə asılıb qalmışdı. Evə gedən kimi anam yenə başlayacaqdı-nişan buradan gəldi, toy oradan getdi, Nilufərlə görüşdünmü? Urəyim sıxılırdı bu sorğu-sualdan...

... Novxanıya getməyi qərara aldım, Gülçindən ötrü darıxırdım. Şəhərdən çıxmamış yolüstü bir cəvahirat dükanına sarı yönəldim, çoxdandır Gülçinə  gözəl bir hədiyyə almaq istəyirdim...

...Qapını yavaşca döyüb içəri keçdim. Səs-səmir yox idi. Qapı açıq idi, torşerin zəif işığı otağı xəfifcə işıqlandırmışdı. Gülçin divanı açıb  üstünə nazik odeyal atıb üzü divara yatmışdı.  Örtüyü də üstünə çəkib özünü elə bələmişdi ki, elə bil qışın oğlan çağında üşüyürdü. Mışıltıyla yatırdı, qapının açılmasına da oyanmadı. Ona aldığım hədiyyəni yavaşca divanın yanındakı kiçik jurnal stolunun üstünə qoydum. İçəri isti idi, yavaşca pəncərəni açdım. Divanın kənarına yavaşca oturdum ki, oyanmasın. Sakitcə izləməyə başladım. Göz qapaqları səyriyir, gözəl dodaqlarında xəfif bir təbəssüm donub qalmışdı.  Yavaşca odeyalı qaldırıb yanına uzandım, bütün gücümlə qucaqlayıb bağrıma basdım, dodaqlarına yapışıb buraxmadım. Dərindən ah çəkib incəliyinə yaraşmayan bir  qüvvətlə mənə sarıldı, gülümsəyib gözlərini açdı: “Gəlmisən, Yalçın?”

 Bu təbəssümün içində nə şıltaqlıq, nə də həyəcan vardı, bir qadının sevdiyi kişi gələndə gözlərində yaranan işıq parlayırdı. Qucaqlaşıb bir-birimizin nəfəsini dinlədik... Onu öpüb ayağa qalxdım, mətbəxə keçib çay qoydum. Qayıdanda aldığım qutunu açıb baxırdı.

Yaxa sancağı almışdım. Qiymətli daşlarla bəzənmiş bir broş idi. Miniatür kətan formasında düzəldilmişdi, ortasında qızıldan kiçicik fırça və bir damla boyanı xatırladan tünd qırmızı yaqut daşla süslənmişdi. Tam rəssam qadına yaraşan bir hədiyyə idi, nə qədər hədiyyənin içərisindən diqqətlə seçmişdim. Onun sənətini, qadınlığını, mənim ürəyimdəki   yerini göstərən bir hədiyyə idi. Gülçinin gözləri fərəhlə parıldayırdı, qalxıb üzümdən öpdü, heyrətlə dedi:

-         Şahanə bir hədiyyədir, bunu haradan tapmısan belə, Yalçın?

Əlində broşu saxlayıb uzun-uzadı baxdı. Sonra gözlərini sevgiylə, şəfqətlə mənə zillədi. Baxışlarında nələr vardı, bəlkə də sözə -kəlməyə sığmayacaq mətləblər idi…

Səssizcə yanında oturub əlindən tutdum, dodaqlarıma yaxınlaşdırdım… Bu əllər sadəcə rəsmlər yaratmırdı – məni taleyimi də dəyişdirirdi. Gülçin baxışlarını qaçırmadan üzümə baxırdı.  Əlimi belinə doladım, başını çiynimə söykədi. Nəfəsi boğazımda gəzirdi. Dərindən nəfəs alıb sözə başladım:

– Gülçin, sən mənim həyatıma rəng gətirdin. Mən səninlə bir insan olaraq nəfəs almağı, düşünməyi, hiss etməyi öyrəndim. Bu hiss... sadəcə bədən istəyi deyil. Sənə toxunanda ruhum dincəlir. Amma… Bir məsələ var. Sənə bir şey danışmalıyam… Anamın illərdir arzusu məni evləndirməkdir. Ailəvi dostumuz var, onun qızı Nilufərlə. Bu yaxında nişanımız olacaq, evdə- ailə arasında edəcəyik. Kağız üzərində, valideynlərimin xətrinə evlənəcəyəm.  Amma xahiş edirəm, inan mənə, onu qətiyyən sevmirəm, sırf anamın arzusu gözündə qalmasın deyə…

Gülçin sakit qulaq asırdı. Elə sakit idi ki, hətta bir ara bu sükut məni qorxutdu.  Başını qaldırıb üzümə baxdı. O gözlərdə nə qəzəb, nə də ittiham vardı, amma o baxışlardan sonsuz bir kədər boylanırdı.

Əlimi yanağında gəzdirdim, barmaqlarımla qulağını sığalladım. Onun gözlərinə baxa-baxa sözlərimi pıçıldadım:

– Həyatımdakı əsas qadın həmişə sən olacaqsan, Gülçin. Nilufər anamın gəlini olacaq. Amma sən... Sən mənim nəfəsim, həyatımsan, ömrümün rəngisən… Səni heç vaxt buraxmayacağam.

Bu sözləri dedikcə bədənində bir titrəyiş hiss etdim. Bir əli ilə ağzımı qapadı, o biri qoluyla boynuma sarıldı. Dodaqlarıma yaxınlaşdı, öpmək istədim, icazə vermədi… 

Ayağa qalxdı. Sakit addımlarla emalatxananın ortasındakı natura stoluna yaxınlaşdı. Arxasını mənə çevirərək əynindəki  nazik donu əynindən çıxardı…  Tamamilə çılpaq şəkildə güzgünün qarşısında oturdu.

Əvvəlcə qorxdum, yavaşca “Gülçin, Gülçin” – deyə səsləndim… Mənə fikir vermədi, güzgünün yanındakı çoxlu fırçalarından birini götürüb güzgünün qarşısında üzünə boya çəkməyə başladı… Nə elədiyini anlamadım, əvvəlcə gözlərindən qara damlalar çəkdi, sanki qara göz yaşları süzülürdü… Hər şeyi anladım, Gülçin rənglərlə hiss etdiyi kədəri atmağa başlamışdı. Sonra sinəsində, sol döşünün üzərində qara rənglə ürək şəkli çəkməyə başladı. Ona yaxınlaşıb, qucaqladım, boynundan öpdüm:

-         Belə eləmə, Gülçin, niyə belə elədiyini bilirəm, kədərdən belə eləyirsən, eləmə, and içirəm, sən mənim  həyatımın mənası olacaqsan həmişə…

Mənə tərəf çevrildi, ağlayırdı… Gözündən yaş süzülə-süzülə məni qucaqlayıb öpməyə başladı… Çılpaq bədəninə bulanmış rənglər həm kədərli, həm də son dərəcə gözəl görünürdü… İçimdə qəribə bir həyəcan qalxdı. Əllərimi güzgünün yanındakı rənglərə batırıb Gülçinin bütün bədəninə yaydım, o da güldü, əllərini boyalara çəkib bədənimə sürtdü. İkimizin də çılpaq bədəni rənglərə boyanmışdı, gah ağlayıb gah gülürdük, həyatın bütün rəngləri üstümüzdə idi, bütün dünyanı unutmuşduq…

 

GÜLÇİN

Seansdan çıxandan sonra özümü emalatxanaya çatdırdım. Həkim Nemətin duyğuları elə bil məni əzməyə başlamışdı. Onun qarşılıqsız sevgisi sanki get-gedə çiyinlərimdə yükə çevrilirdi. Emalatxanama gəlmək istədiyini dedi, ünvanı soruşdu, əvvəlcə razılıaşmaq istəmədim, amma sənətimə hörmət bəsləməsi çox xoşuma gəldi. Məni təkcə qadın kimi yox, insan və rəssam kimi qiymətləndirməsi heysiyyətimi oxşayırdı. Emalatxanaya çatan kimi divanı açıb uzandım. Yorğun idim, elə bil bütün dünyanın şələsi üstümə aşmışdı…

Yalçın gəlib gedəndən sonra emalatxanadan çıxmadım, Böyükkişiyə mesaj yazdım ki, gecəni emalatxanada keçirəcəyəm.

Yalçının Nilufər adlı ailə dostunun qızıyla nişanlanması xəbərinə dərindən sarsılmışdım. Onunla Yalçının adının eyni cümlədə çəkilməsi mənim üçün cəza kimiydi. İstəmədiyim halda onu düşünməyə məcbur idim.  Bütün qadınlıq qüruruma rəğmən qısqanırdım. Əvvəlcə ağlasam da, sonra yanında güldüm ki, çox qürursuz görünməyim. Amma elə bil ürəyimə bıçaq saplanmışdı. Yalçın gedəndən sonra durub hamama da girmədim, bütün bədənim rənglərə boyanmış halda elə çılpaq şəkildə də divanın üzərinə uzanıb ağladım… İlk dəfə idi ki, belə dərin kədər hiss edirdim. Sanki dağ uçmuşdu, altında qalmışdım. Ya da güclü zəlzələ olmuşdu, böyük bir çat yaranmışdı torpağın sinəsində… Ya da bəlkə elə münasibətimizə ilk böyük çat düşmüşdü…  Onun məni necə sevdiyini, dəyər verdiyini bilirəm, amma bəzən sevgi də hər şeyi xilas edə bilmir… Bəzən sevgidən daha güclü şeylər var – qorxu, ailə təzyiqi, sosial çərçivələr... Hər halda, o məni yox, Nilufəri seçmişdi. Bəlkə də Yalçın heç zaman mənə aid olmamışdı və olmayacaqdı.  Bəlkə də mən onu sadəcə öz ürəyimin içində böyütmüşdüm. O isə mənimlə bir səhnədə, amma başqa bir tamaşanın aktyoru olmuşdu. Bu düşüncəylə ağlayırdım, göz yaşım üzümə çəkdiyim qara boyaya qarışıb axırdı… İlk dəfə idi ki, sevişməkdən sonra içimi boşluq bürümüşdü. Sanki o anlarda mənə toxunan sehrli əlləri indi yaddan da yad olmuşdu. 

Bir az da uzanandan sonra yerimdən qalxıb kətana yaxınlaşdım, sürətlə çəkməyə başladım…Qaranlığı qalın, tünd fırça zərbələri ilə çəkdim — qəhvəyi, tünd boz, mürəkkəb qara tonlarında. Sanki torpaq çöküb, sinəsi parçalanmış bir ana kimi ağrıyırdı. Bu qaranlıq torpağın bağrında dərin bir çat yaranmışdı…  Bu çatın içindən isə işıq süzülürdü: sarı, açıq narıncı işıq…  O çatdan çıxan işıq, sanki ağrıdan qopan sevinc nişanəsi idi. Həmin işıq zolağını çəkərkən əlim titrəyirdi. İşığın ətrafında isə yarı şəffaf qadın  siluetləri çəkdim…  Bunlar  mənim içimdə yaşayan- sevilmiş, aldanmış, inanan və sınan qadınların kölgələri idi. Torpağın bağrından qalxan işıq isə o kölgələri qaranlıqdan aydınlığa çıxarmışdı…

MÜƏLLİF

Bəzən insanların  danışmadığı cümlələrdə, demədikləri etiraflarda, gizlədikləri baxışlarda nə qədər həqiqət və qorxu gizlənir. Hər dəfə anlayıram ki, heç kəs bir başqasının hekayəsini tam anlaya bilməz; amma anlayış göstərə bilər.

Nemət sevgini bir pasiyentin gözlərində görərək dərk etdi. O, peşəsinin sərt çərçivələri içində boğularkən, bir qadına aşiq oldu. O, sevdiyi qadının sağalmasını istəyir, amma həmin sağalma Gülçini ondan uzaqlaşdırdığı üçün həm də əzab çəkir. Bəlkə də onun üçün yolun sonu yoxdur, amma bütün yollar başa çatmalı deyil ki…

Böyükkişi uzun illər susaraq, sanki üzündə maska ilə yaşayıb. Amma İlkanə ilə tanışlıqdan sonra bu maskanı atmağa başladı.   İlkanənin sadə varlığı onun içində illərlə basdırılmış kişilik hissini yenidən oyatdı. İndi o, artıq həyatın mənasını birlikdə yaşaya biləcəyi bir qadının gözlərində tapır. Nəhayət, özü üçün yaşamağa, xoşbəxt olmağa qərar verir.

Yalçın Gülçində sevgini tapdı. Bu sevgi ona bədən istəyi ilə ruh ehtiyacının fərqini anlamağı öyrətdi. Yalçın əvvəlcə özünü bu münasibətin içində bir kişi kimi hiss etdi, amma zamanla anladı ki, Gülçin sadəcə sevilməli bir qadın deyil, həm də ruhu oxşanmağa ehtiyac duyan bir insandır. Nilufərlə quracağı ailə, anasının arzusu, cəmiyyətin diqtəsi  – hamısı Yalçını başqa bir yola sürükləyir. O, bu məcburiyyətin içində Gülçinə "Sən mənim nəfəsimsən" deyə pıçıldasa da, o, öz sevgisini cəmiyyətin sərt qaydaları ilə bölüşmək məcburiyyətində qalır. Bu bölünmə – onu da, Gülçini də incidir…

Gülçinin boyalara, kətanlara sığınması təsadüfi deyil. O, içindəki sarsıntıları tablolara çevirir. O ağlayır, gülür, sonra yenə çəkir. Rənglərlə danışır, çünki insanlar onu həmişə səhv başa düşür. Onun çəkdiyi qadın siluetləri – yalnız sənətdə var ola bilən qadınların kölgələridir. Bəlkə də Gülçin özü də onlardan biridir.

Bu hekayənin qəhrəmanları günahkar deyil. Onlar sadəcə insanlıq halının içində çırpınan, sevməyə çalışan, sevilmək ümidi ilə yaşayan adamlardır. Bir müəllif olaraq onların heç birini qınaya bilmirəm. Çünki insan sevəndə neylədiyini bilmir, sevgi bəzən doğru qərar verməyi bacarmamaqdır… Sevgi çox zaman planlara, ölçülərə, ağıla sığmır. Amma əsl insan bütün bunlara baxmayaraq yenə də sevməkdən vaz keçməyəndir.

Bu qəhrəmanlar – Nemət, Böyükkişi, Yalçın, Gülçin – hər biri bir duyğunun təmsilçisidir. Onlar insanın içində baş verənlərin – qırılmanın, bağlanmanın, qorxunun, inamın –  şahidləridirlər. Mən bu talelərə baxarkən bir daha anlayıram ki, sevmək asan deyil, lakin sevməyi bacaranlar  bu dünyanın ən cəsur insanlarıdır…

(ardı var)

 

Hüseynbala Mirələmov

Digər xəbərlər