usd-1.7000 eur-1.8205 rub-0.0184
Bakı 21°C 5.19 m/s
Son xəbərlər
25-04-2024
24-04-2024
23-04-2024
22-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Mayın 27-si Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri Maşallah Abdullayevin doğum günüdür- Vüqar Əsgər yazır

details

ŞƏHİDLƏR -Qazilər

26.05.2023, 18:08 Oxunub: 3874

Mayın 27-si Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri, Goranboy batalyonunun qurucusu, Azərbaycanın Müstəqillik Aktına ilk imza atanlardan olan el ağsaqqalı Maşallah Abdullayevin doğum günüdür. Yaşasaydı73 yaşını qeyd edəcəkdi. Bir neçə il bundan öncə Maşallah müəllim haqda  yazdığım yazını sizinlə paylaşıram. Bu böyük şəxsiyyəti ehtiramla yad edirik

                        Yaddaşlarda qalan izlər

 Qəhrəmanlıq üçün bircə an belə kifayətdir, ləyaqətli insan   
 olmaq üçün isə bütöv bir ömür lazımdır.-  P.Bryula

Yaxşı yadımdadır. O vaxt mən orta məktəbi yenicə bitirmişdim. Azadlıq meydanı dolub daşırdı. Əhali hökumətin istefasını, Dağlıq Qarabağda və onun ətrafında baş verənlərə düzgün qiymət verilməsini tələb edirdi. Hökumət isə elə bil baş verənləri görmür, əksinə, öndə gedənləri millətlər arasında qarışıqlıq yaratmaqda suçlayaraq, qollarını qandallayıb dəmir barmaqlıqlara salırdı. Ancaq qarı düşmən getdikcə azğınlaşır, hər gün bir kəndi dağıdır, əhalini güllə-baran edir, daim səksəkə içində saxlayırdı. Artıq düşmənDağlıq Qarabağda olduğu kimi, Goranboy ərazilərinə də göz dikib, torpaq iddiasında idi. Hökumət sanki fil qulağında yatmışdı. Ermənilərdə müasir silahlar olduğu halda, bizdə tək-tük olan adi ov silahlarını belə əhalidən yığmışdılar. Düşmən bundan istifadə edərək, məskunlaşdıqları Xaraxaput, Qaraçinar, Mənəş, Erkəc, Ağcakənd istiqamətindən türklərin yaşadıqları kəndləri daim atəş altında saxlayır, dinc əhalini girov götürür, mal-qaranı yığıb aparırdılar. Əhalinin səsini heç yerdən eşidən yox idi.  Ümid yalnız özlərinə qalırdı. 
Az keçmədi ki, bu mitinqlər bölgələri də bürüdü. Ürəyi Vətən eşqiylə döyünən ziyalılarımız sinələrini qabağa verib,  torpaqları işğaldan azad etməyin yalnız bir yolu olduğunu deyirdilər: Birləşib düşmənlə sərt mübarizə aparmaq. Bu dildə asan deyilsə də, olduqca çətin bir iş olduğunu da yaxşı bilirdilər. Həmin vaxtlarda Xalq Hərəkatına ilk qoşulanlardan birincisi, Goranboyda sayılıb-seçilən, öz gücü-qüvvəsi ilə ad çıxaran, pəhləvan cüssəli Maşallah Abdullayev oldu. O, mitinqlərin birində mikrofona yaxınlaşıb dedi: -“Əziz goranboylular artıq hökumətdən bizə hayan olmayacaq. Öz torpaqlarımızı biz özümüz qorumalı, özümüzə inanmalıyıq. Kənardan heç kim bizə kömək etməyəcək”.
Mitinqdən sonra vətəni erməni işğalçılardan müdafiə etmək üçün yüzlərlə gənc Maşallah müəllimin başında cəm oldular. “ Biz torpaqlarımızı heç kimə vermərik” – deyib, kiçik bölüklər yaratdılar. Maşallah müəllimi isə özlərinə rəhbər seçdilər. Günü-gündən bu bölüklərə üzv olunan döyüşçülərin sayı artırdı. Artıq böyük bir tabora çevrilmişdi.Maşallah müəllim bölgənin komendantı, briqada komandirinin müavini təyin edildi. Taborun komandiri Məhəmməd Həsənov(Azərbaycanın Milli Qəhrəmanı) seçildi. Goranboy qartallarının səsi gah Goranboydan, gah Kəlbəcərdən, gah da Ağdərə ərazilərindən gəlirdi. Hara getsələr də alnıaçıq, üzüağ qayıdırdılar.  Goranboy ərazi özünümüdafiə taborunun səsi bütün Azərbaycanı dolaşmaqdaydı. Onun komandiri Məhəmməd Həsənov və digər komandirlər də Maşallah müəllimin başına cəm olub yeni-yeni planlar üzərində işləyir, döyüşçüləri qələbəyə səsləyirdilər. 
    O vaxtlar bu igid qəhrəmanı tanımasam da, adını tez-tez eşidirdim. Nəhayət gün gəldi, mən də vətənə borcumu vermək üçün orduya yollandım. Bizi Gəncədəki hərbi hissəyə apardılar. Bura Goranboya yaxın olduğuna görə goranboyluların  qəhrəmanlıqlarını daha yaxından izləmək şansı yaranmışdı. Hər dəfə eşidəndə ki, Goranboy birinci özünümüdafiə taboru bir yeri alıb, ürəyim fəxrlə dolurdu.
    1992-ci ilin oktyabr ayında bizi Gəncədən Ağdərəyə apardılar.  Hərbi hissəmiz Çıldıran kəndindən yuxarıdakı yüksəklikləri qoruyurdu.  Nəhayət müharibənin  ağrı-acısını biz də dadmalı olduq. Amma komandirlərin təcrübəsizliyi burda özünü göstərdi. Kor-koranə hücum əmri verən komandirlərin  ucbatından döyüş yoldaşlarımın böyük bir hissəsi şəhid oldu. Ondan sonra bizi başqa hərbi hissələrlə birləşdirdilər. 
   İllər ötdü, ölkədə atəşkəs rejimi hökm sürəndə biz də öz evimizə döndük. Ancaq Maşallah müəllimin sorağını yenə də eşidirdim. O vaxtı Ali Sovetin deputatı kimi, tibunalarda çıxış edir, ölkəmizin, millətimizin düşdüyü bəlaları dünya ictimaiyyətinə çatdırmağa səy göstərirdi. Onun uğurlu  addımlarından biri parlametdə müstəqilliyimizin konstitusiya aktının qəbul olunması oldu. 1993-cü il yanvarın 13-də  ölkə başçısının sərəncamı ilə Girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyası yaradıldı. Azərbaycanın Milli Qəhrəmanı, özünümüdafiə taborunun ilk yaradıcısı kimi Maşallah Abdullayevin də adı bu komissiya üzvlüyünə salındı.Onun gərgin zəhməti sayəsində neçə-neçə əsir və girovlarımız geri qaytarıldı.Maşallah müəllimin bir başçı kimi xidmətləri isə  bu gün də Goranboy rayonunda fəxrlə danışılır.

Maşallah müəllimlə ilk tanışlıq

Qatar taqqıldaya-taqqıldaya Yevlaxdan Goran stansiyasına doğru irəliləyirdi. Mənzil başına çatmağıma lap az qalırdı. Qatarın pəncərəsindən boylanıb, baş alıb gedən ucsuz-bucaqsız çöllərə tamaşa edirdim. Sanki buraları birinci dəfəydi görürdüm. Fikir məni lap uzaqlara aparmışdı. 1992-ci illəri – bura ilk dəfə gəldiyim günü xatırlayırdım. Onda da bax beləcə qatarın pəncərəsindən mənzil başına çatanacan bu ot bitməyən şoran torpaqları seyr etmişdim.
    Qatarda tək-tük adam oyaq idi. Bələdçinin mənə yaxınlaşdığını hiss etmədim.
- Cavan oğlan, mən biləni siz Goranda düşəcəksiniz,- sözləri məni xəyaldan ayırdı. – Bəli deyə ona tərəf döndüm. – Elə isə hazırlaşın, 1-2  dəqiqəyə qatar stansiyaya daxil olacaq. 
Nəyim var ki, nə də hazırlaşım. Bir pencəyim, bir də balaca əl çantam idi. Bir azdan qatarın fiti eşidildi. Artıq mənzil başına çatmışdım.
  Hələ günəş üfüqdən təzəcə boylanırdı. Sübh çağı olmasına baxmayaraq, stansiyada bir canlanma vardı. Hərə bir işin dalınca gəlmişdi. Kimi qonaq qarşılayır, kimisi isə qonaq yola salırdı.
   Əl çantamı götürüb, qatardan yerə endim. Hələ Goranboya getmək tez idi. Səhər hələ yenicə açılmışdı. Tələsməyə heç bir əsas yox idi. Sadəcə vaxt öldürməliydim. Kənara çəkilib yoldan ötənlərə tamaşa edə-edə beynimdə görüləcək işlərin sxemini cızırdım. Kənardan bir səs eşitdim. Kimsə məni çağırırdı: – Müəllim, Goranboya gedirəm, bir nəfərim çatmır, gedirsiz sizidə aparım. Əslində burada, balaca stansiyada gözləməkdənsə Goranboya gedib, parkın içində, ağacların altında bir stəkan çay içmək daha yaxşı olardı. Bunu düşünərək taksiyə əyləşdim. Goran stansiyası ilə Goranboy şəhəri arasındakı məsafə elə də uzaq olmadığından, taksiyə minməyimlə düşməyim bir oldu. Artıq taksi rayon İcra Hakimiyyətinin yaxınlığındakı parkın qarşısında dayanmışdı. Taksidən düşüb, çayxanada bir stəkan çay içəndən sonra parkı  dolaşdım. Saat 9 tamamı göstərirdi. Hələ qarşıdaməni çox işlər gözləyirdi. İcra Hakimiyyətinə, rayon Hərbi Komissarlığına gedib işlədiyim Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı Redaksiyasına məlumatlar toplamalı, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Orxan Əliyevlə görüşüb, Azərbaycanın ilk Milli Qəhrəmanı, Goranboy elinin ağsaqqalı Maşallah Abdullayevin qonağı olmalıydıq.  Həmin ərəfələrdə bölgələrəgedib, qəhrəmanların ünvanlarını min bir zəhmətlə tapıb, mənim ilk kitabım olan “Azərbaycanın Milli Qəhrəmanları” kitabının məlumatlarınıtoplayırdıq.
     Artıq vaxt tamamdır, tələsmək lazımdır. Elə parkın yaxınlığında, ikimərtəbəli binada Orxan bəyin idarəsi yerləşirdi. Payız fəsli olmasına baxmayaraq, hava o qədər təmiz, o qədər saf idi ki... Axşamdan yağan yağış havada olan bütün toz-torpağı yerə hopdurmuş, ağacların yarpaqlarını yuyub təmizləmişdi. Sanki təbiət dəmənim bura saf niyyətlə gəldiyimi əvvəlcədən duyurmuş.
    Maşallah müəllimlə ilk dəfəydi görüşəcəkdim. Adını çox eşitsəm də, bu gün onunla üz-üzə bir masanın arxasında əyləşib,doyunca söhbət edəcəkdik. Bəlkə bu səbəbdəndir ki,artıq dəqiqələri və hətta saniyələri saymağa başlamışdım.
     Beləcə öz düşüncələrimlə iri-iri addımlarla QMƏVŞA İctimai Birliyinin yerləşdiyi binaya yaxınlaşırdım. Başımı yuxarı qaldıranda  artıq Orxan bəyin otağı ilə üz-üzə qaldım. Qapını döyüb, içəri girdim.  Məni görüb ayağa qalxdı. Gəlib qapının ağzında qarşıladı. Səmimi görüşüb, bir-birimizlə hal-əhval tutduq.
    - Xoş gəlmisən bizim el-obaya, – deyə mənə müraciət etdi. - Planınız nədir? Hələ Maşallah müəllimgilə getmək tez olar. Yol gəlmisən, ac olarsan, gedək bir qismət çörək kəsək. 
   Bu, goranboyluların adətidir. Tanımadığı insan  belə olsa mütləq qonaq dəvət edirlər. 
    - Çox sağ ol, səhər sizin idarənin qarşısındakı parkda səhər yeməyimi yemişəm. Tezdirsə bəzi görüləsi işlərim var. İcra Hakimiyyətində, Hərbi Komissarlıqda olmalıyam.
   - Nə olar, onsuzda mən burdayam. Heç hara getməyib, səni gözləyəcəyəm. Rahat get işlərini gör. 
Əslində çalışırdım ki, işlərimi tez yekunlaşdırım ki, Maşallah müəllimlə görüşə çox vaxtım qalsın.
    Günortaya az qalırdı. Artıq işlərimi yekunlaşdırıb Orxan bəyin idarəsinə tələsirəm. Elə bu vaxt Orxanın maşını yanımda saxlayır.  – Əyləş müəllim,  uzaqdan gördüm gəlirsiz, fikirləşdim elə yoldan götürərəm.
   Orxan bəyin idarəsindən Maşallah müəllimin evinə cəmi beş dəqiqəlik yol olar. 
 Orxan bəy dilləndi:  – Çatmışıq, Qarşımızdakı göy darvaza onlarındı. Orxan qabaqda, mən isə onun arxasınca həyətə giririk. Bizi həyətdə bir nəfər qarşılayır:  – Xoş gəlmisiniz, keçin içəri. Maşallah müəllim evdədir. 
Biz içəri daxil olanda Maşallah müəllim yastığa dirsəklənib, televizora tamaşa edirdi. Bizi görcək tez ayağa qalxıb, oturmaq üçün yer göstərir. Elə ilk görüşdən onun necə səmimi, qonaqpərvər insan olduğunu hiss etmək olur.
   Hələ biz ora getməmişdən öncə Orxan bəy mənə söyləmişdi ki, Maşallah müəllim bu yaxınlarda dəhşətli avtomobil qəzası  keçirib. Yaxşı insanların sayəsində ölümün pəncəsindən xilas olub. Doğrudan da belə idi. Hələ yaraları tam sağalmamışdı. Hiss olunurdu ki, ağrılar əziyyət verir ona. Ancaq büruzə verməməyə çalışırdı.
 Maşallah müəllim sözün həqiqi mənasında əsl xalq adamıdar. Onun sadəliyi, müdrikliyi, Vətənpərvərliyi, bir sözlə bütün insani xüsusiyyətləri xalqdan gəlir. Elə təsadüfi deyildi ki, Qarabağa və ətraf rayonlarımıza düşmən basqın edəndə sinəsini ilk qabağa verənlərdən biri oldu. Bunu onunla ilk söhbətdən də hiss etmək olardı. O özündən danışmağı xoşlamaz, öz dərd-sərini kənara atıb, xalqın düşdüyü bəlaları ən ümdə məsələhesab edərdi.
     Maşallah Babakişi oğlu Abdullayev 1950-ci il may ayının 27- də dünyaya göz açıb. Ailədə yeddi övlad olublar: 3 qardaş, 4 bacı...  Maşallah müəllim özü Goranboyda doğulsa da valideynləri Qərbi Azərbaycanın Dərələyəz mahalından gəlib bu yerlərdə məskən salıblar. Elə qardaş - bacısından bir neçəsi orada dünyaya gəlib. Babaları Cabbar bəy, Nadir bəy Dərələyəzdə öz xeyir əməlləri ilə sayılıb-seçilib.  Babası Abdulla kişi böyük söz sahibi  olub. Ataların belə bir deyimi var. “Əl tutmaq Əlidən qalıb”. Elə Maşallah müəllimin babaları da zamanında insanlara əl yetirib, ac olanların qarnını doydurub, xeyirli işlər görüb. Lakin nankor qonşularımız indi olduğu kimi, o vaxtlar da öz çirkin niyyətlərindən əl çəkməyərək xalq arasında nüfuzlu insanları müxtəlif  hiylələrlə məhv etməyə çalışmışdı. Ələ keçənini öldürmüş, keçməyənlər isə öz doğma el-obasını tərk etməyə məcbur olmuşdu. Cabbar bəylə Nadir bəy də erməni hiyləsinin qurbanı olmuşdular. Vəziyyətin ağırlığını dərk edən Babakişi əmi də öz isti ocağını tərk etməyə məcbur qalıb, Goranboyu özünə ikinci vətən bildi.  Burada özünə yenidən ev tikib, yurd saldı. Düşünürdü ki, bütün çətinliklər arxada qalıb. Burada yaşayıb, olub-keçənləri unutmaq lazımdır. O, sakit təbiətli, kövrək olduğu qədər də, dözümlü, iradəli adam olub. Həyatın bütün ağırlıqlarını öz çiyinlərində daşısa da, bir dəfə də olsun heç kimin qarşısında əyilməyib,dözüb.
     1941-ci ilin qanlı-qadalı müharibəsi bütün eloğullarımız kimi Babakişi əmidən də yan ötmədi. Silaha sarılıb Kerçdə, Sevastopolda ağır döyüşlərə sinə gərdi. Hətta bir neçə dəfə yaralanmasına baxmayaraq tutduğu mövqedən geri çəkilməyib. Ailəsinə təşəkkür məktublarının ard-arası kəsilməyib. Müharibə bitəndə sinəsində orden, medallarlageri dönüb.
    Babakişi əmi daxilən  təmiz, saf adam olub. Bütün ömrüboyu çalışıb ki, qonum-qonşuya əl tutsun, onlara kömək etsin. Onun qollarında İlahidən elə bir güc-qüvvət vardı ki, heç kimin köməyi olmadan təkbaşına kəli belə yerə yıxmağı bacarırdı. Ancaq bununla belə çox mehriban, sakit bir insan olub. Dava-dalaşı sevməzdi. Adi bir mübahisəli məsələ olanda belə, öz təmkinini qoruyub saxlayar, sülh yolu ilə həll etməyə çalışardı. Bu güc-qüvvət onlara nəsildən-nəslə keçmişdi. Elə Maşallah müəllim də zamanında sayılıb-seçilən idmançılardan olub. Dəfələrlə respublika çempionatlarında, SSRİ-nin başqa-başqa şəhərlərində yarışlarda iştirak edib, idmanın klassik güləş növü üzrə yüksək yerləri qazanıb.
    İndi Maşallah müəllimlə qarşı-qarşıya əyləşmişdim. Bu illər ərzində o həyatın nə qədər sərt sınaqlarına sinə gərib, alnıaçıq, üzüağ çıxmışdı. Ailədə ard-arda baş verən faciələr və özünün dəhşətli avtomobil qəzası keçirməsi ona mənən təsir etsə də, yenə də özündə təpər tapıb, ayağa qalxmağı bacarmışdı. Nə etməli, bu da bir taledir, qismətdir.  Həmin günü söz-sözü çəkib bizi haralara aparmadı... Söhbətlərin ağır məqamında  Maşallah müəllim gülməli bir əhvalat danışır, bir az ab-havanı yüngülləşdirməyə çalışırdı.

İkinci görüş

Artıq neçə illərdən bəri üzərində işlədiyim “Azərbaycanın Milli Qəhrəmanları”  kitabı işıq üzü görmüşdü. Bu kitabın Bakıda – Sünbül Şadlıq Sarayında böyük bir təqdimatı keçirildi. İlk dəfəydi ki, Milli Qəhrəmanlarla bağlı toplum halında belə bir kitab işıq üzü görürdü. Prezident Aparatının nümayəndələri, DİN-nin, MN-nin, Milli Qəhrəmanlarının ailələri, jurnalistlər və İctimai Təşkilatlar bu təqdimatda iştirak edirdi. “Azərbaycanın Milli Qəhramanları” kitabı respublikada böyük rezonans dağurmuşdu. Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən nəşr edilən bu kitab Milli Qəhrəmanlara və ailələrə pulsuz paylanırdı.  Ancaq rayonlarda olan bəzi Milli Qəhrəmanlar bu tədbirdə iştirak etmədiyi üçün onlara verilməmişdi. Qərara aldıq ki, özümüz bölgələrə gedib, kitabları onların ailə üzvlərinə təqdim edək. 
   2005-ci ilin payızı idi. Mingəçevirdə yaşayan şəhid anası, cəmiyyət sədri Mələk anayla ( onu hamı belə çağırır) əlaqə saxlayıb, Goranboya yollandıq. Maşallah müəllim əvvəlcədən gəlişimizdən xəbərdar idi. Evində bizi gözləyirdi. Səhər tezdən Goranboya çatdıq. Qarşıda gedəsi çox yerlərimiz  vardı. Tapqaraqoyunlu, Sarov, Qızılhacılı, Səfikürd kəndləri... Ona görə də çox tələsirdim. Vaxt itirmək olmazdı. 
     Maşallah müəllim bizi hörmətlə qarşılayıb, süfrəyə dəvət edir.  Onun adətidir ki, gələn qonağa süfrə açsın.  Etiraz etdik. Dedim Maşallah müəllim, hələ səhərdi. Süfrə açmağa tələsmə. Gedəsi, görüləsi adamlarımız çoxdu. İşimizi bitirəndən sonra oturub rahat nahar edərik. Bir söz deməyib mənimlə razılaşır. Ayağa qalxıb, Mələk ananın həyat yoldaşının “jiquli”si ilə yola çıxırıq. Sürücümüz sanki heç hara tələsmir, maşını elə asta-asta sürür ki, adicə  Belarusun qoşqusu da gəlib bizi yolda ötüb keçir. Bu gedişlə heç iki günə də bu kəndləri gəzib başa çatdıra bilməzdik. Ürəyim sıxılırdı. Artıq dözə bilməyib dilləndim: - Dayı bir az tez sürə bilməzsən? Axı yubanırıq? O, sanki məni heç eşitmirdi. Asta-asta öz yoluyla gedirdi. Elə bildim məni eşitmir. Sözümü bir də təkrar edəndə, maşını yolun kənarına çəkib saxladı. Dedi –xoşun gəlmir düş taksiylə get. Mənim sürməyim budur. 
   Görünür bu gedişat Maşallah müəllimi də qane etmirdi. Onda yumor hissi çox güclüdür. Sözü məqamında elə çatdırır ki, ondan heç kəs incimir. Bu dəfədə belə oldu. Məzəli əhvalat danışır:  – Goranboyda bir kolxoz sədri vardı. Bir gün bunu raykomun katibi təcili yanına çağırtdırır. Kolxoz sədri sürücüsünə deyir: “rayon mərkəzinə getməliyik. Bir az tez sür.” Sürücü isə maşını asta-asta sürür, heç elə bil kolxoz sədrini eşitmir. Kolxoz sədri gecikdiyini görüb, sözünü birdə təkrar edir. Sürücü yenə özünü eşitməməzliyə vurur.  Üçüncü dəfə sürücüyə əsəbiləşir.  Sürücü sədrin əsəbiləşdiyini görüb deyir: “Yoldaş sədr, papağını möhkəm saxla, sürət artıq qırxa çatır”. Bu sözə hamı gülüşür.
   Birtəhər gəlib Qızılhacılıya çatırıq. Milli Qəhrəman Fikrət Hacıyevin evlərinin yanındayıq. Qapını üzümüzə Milli Qəhrəmanın bacısıaçır. Uşaqlıqdan valideynləri vəfat etdiyindən Fikrəti bacısı saxlayıb, boya-başa çatdırıb. Maşallah müəllimi görcək bir anlıq duruxdu. Sevincindən gözləri yaşardı. Məlum oldu ki, bu vaxta qədər kimsə onlarla maraqlanmayıb, qapısını açmayıb. Dövlətin verdiyi müavinətdən də yararlana bilməyib. Maşallah müəllim həmişə olduğu kimi, burada da öz xeyirxahlığını ailəyə göstərir. Onların problemləri ilə məşğul olacağını, lazımi instansiyalara çatdıracağını söyləyir.
   Onlarla sağollaşıb ayrılırıq. Bu dəfə gedəcəyimiz ünvan Səfikürd kəndidir. Cərgəylə salınmış üzüm bağlarını, əkin sahələrini keçdikcə, Maşallah müəllim oralar haqda bir xatirə danışır. Əlini uzadıb bir az aralıda olan təpələri göstərir:
    - Vüqar bəy, o təpələri görürsən? Yüz illərdən bəri gəlib bizə çatan kurqanlardı. Üzərində elə də tədqiqat işləri aparılmayıb. Goranboyda belə kurqanlara, tarixi yerlərə çox rast gəlmək olar. Əgər buralarda arxioloji qazıntılar aparılarsa, yeni-yeni faktlar əldə etmək mümkündür. Elə götürək Gülüstan kəndini, orada inşa edilən Gülüstan qalasını. Neçə əsr bundan öncə inşa edilsə də, bu vaxta qədər öz möhtəşəmliyini qoruyub saxlayıb. Azərbaycanı iki yerə parçalayan  Rusiya və İran arasında 1813-cü ildə bağlanan məşur “Gülüstan” müqaviləsi də məhz bu qalada baş tutmuşdu.  Təəssüflər olsun ki, ermənilərlə apardığımız mühribədə bir hissəsi uçulub dağıldı. Goranboy rayonunda belə qədim qalalar, yaşayış məskənləri, qəbirüstü abidələr yüzlərlədi. “Abbastəpə yaşayış yeri”, Borsunlu kəndindəki  yeraltı hamam, məscid, türbələr, Qaşaltı kurqanları, Qızılhacılıdakı məscid və.s. dediyimə sübutdur. Borsunludakı yeraltı hamam elə inşa edilmişdi ki, hələ o zamanlar onun suyu  birbaşa günəş şüası ilə qızdırılırdı. Əfsuslar olsun ki, baxımsızlıq ucbatından indi o hamamın xarabalıqları qalır.
    Yol uzandıqca söz-sözü çəkir, keçmiş günlər yada düşür, xatırlanır. Bu da Səfikürd kəndi...  Milli Qəhrəman Ocaqverdiyev Sərxanın eviylə üz-üzəyik. Hər yerdə olduğu kimi burada da bizi xoş üzlə qarşılayırlar. Evə qonaq edirlər. Ancaq vaxt məhdudiyyəti olduğundan elə ayaqüstü “Milli Qəhrəman” kitabını verib xudahafizləşirik. Maşallah müəllim yenə ötənlərdən, keçdiyi döyüş yollarından danışır. Əliylə yolun kənarını göstərir:
    - Vüqar bəy, bu yolun qırağındakı yarğanı görürsən? İlk dəfə ermənilərlə burada qarşılaşdıq. Bir döyüşçümüzü bu yarğanın üstündə vurdular. O vaxtlar taboru hələ yenicə yaradırdıq. Silah-sursat sarıdan korluq çəkirdik. Yerli əhalinin, xeyirxah, yaxşı insanların sayəsində işlərimizi qaydasına qoyduq. Sonradan düşməni qovub, bu qədimTürk elindən çıxarmağa nail ola bildik. Düşmən məğlubiyyətlə barışmaq istəmirdi. Onlar yeni bir əməliyyat planı hazırlamışdılar. Erməni silahlı qüvvələrinin planına əsasən 1992-ci il may ayının 1-də Göygöl rayonunun Çaykənd kəndini, 9-da isə Gəncə şəhərini işğal etməli idilər. Bununlada Qərb rayonları mühasirədə qalırdı. Düşmənin bu planlarının qarşısını almaq üçün ciddi hərbi hazırlıq işlərinə başladıq. Artıq bu vaxta qədər taborun döyüşçüləri bir neçə uğurlu əməliyyat keçirmişdilər. İlk dəfə olaraq hərbi hava qüvvələrindən istifadə edilərək Tərtər- Kəpəz istiqamətində ermənilərin artilleriyasına, zirehli maşınlarına güclü zərbə vuruldu. İdarə sistemləri məhv edildi.Bundan sonra orduda bir ruh yüksəkliyi yarandı. Ordu ilə əhali arasında birlik daha da möhkəmləndi. Artilleriyanın imkanlarından istifadə edilməsinə yiyələnildi. Silah-sursat ehtiyatını artırdıq. Bu tədbirlər nəticəsində ilk dəfə olaraq “ Goranboy əməliyyatı” üçün zəmin yarandı.
    Maşallah müəllim danışdıqca yadıma 1988-ci ildə Dərələyəz mahalında yaşayan soydaşlarımızın başına gətirilən faciələr düşür.Erməni millətçiləri eyni ssenarini onların başına gətirmək istəyirdilər. Azərbaycan kəndlərinə soxulub, əhalidə vahimə yaradaraq kütləvi şəkildə qırmaq... Erməni saqqallıları fevral ayından azərbaycanlıların kompakt yaşadıqları Ələyəz, Qovuşuq, Gülüdüzü, Qızılgül,Qalasər,Gadikvəngi, Qaraqaya, Qabaqlı kəndlərinə mütamadi hücumlar etməyə başladılar. İlk dəfə qatı şovinist kimi tanınan Şatin kəndindən ( Qeyd: Vaxtilə bu kənddə Azərbaycanlılar yaşayıb. O vaxtı adı Həsənkənd olub. Sonradan azərbaycanlıları kütləvi şəkildə yerlərindən didərgin salıb, İrandan gələn erməniləri məskunlaşdırıblar) bir qrup ermənilər “Niva” markalı maşına əyləşib Ələyəz kəndinin girişinə gəlirlər. Kəndi müxtəlif silahlardan atəşə tuturlar. Kənd camaatı bu hücumları əvvəlcədən gözləyirdilər. Ona görə də atəşə-atəşlə cavab verirlər. Bununla da əhalidə qorxu xofu yaratmaq cəhdi  baş tutmadı.
   Beləliklə söhbət edə-edə gəlib Tapqaraqoyunlu kəndinə çatırıq.  Bu kənd düşmənə ən yaxın təmas nöqtəsidir. Kəndin alt hissəsindən İncə çayı keçir. Burada elə yer var ki, düşmənlə bizim postların ara məsafəsi cəmi 50-100 metrdi. Elə ona görə də bu kənd daim atəşə məruz qalır. Kənd  camaatının qulaqları bu güllə səsinə çoxdan öyrəşib.  Ancaq əhali bütün çətinliklərə sinə gərərək həyata nikbin baxır, bir dəqiqə də olsun öz işlərindən ayrılmırlar. Kəndin girəcəyində şəhidlərin xatirəsinə abidə kompleksi qoyulub. Maşını saxlayıb, abidə kompleksini ziyarət edirik. Sonra yolumuza davam edirik. Mənzil başına çatanda artıq günortanı ötmüşdü. Kəndin dar küçələri ilə irəliləyirdik.  Qarşıda iri meyvə ağaclarının arasından bir ev görünürdü. Maşallah müəllim dilləndi: -  Qarşımızdakı ev onların evidi. 
Balaca bir daş parçası ilə darvazanı döyür. Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə müəllimənin səsi eşidilir:  – Xoş gəlmisiniz, keçin içəri. Elə həyətə təzəcə daxil olmuşduq ki, Niyazinin atası Şərəfxan kişi də gəlib çıxır. Maşallah müəllimi görüb sevinir: – Siz xoş gəlmisiniz, həmişə belə qonaqlar qapımı açsın, -deyib, bizi içəri dəvət edir. Rübabə müəllimə tez bir çay süfrəsi hazırlayır. Şərəfxan kişi üzünü Maşallah müəllimə tutaraq: - Niyaziyə Milli Qəhrəman adının verilməsində sizin böyük zəhmətiniz olub. O vaxtı icra başçısı işləyəndə qəbulunuza gəldim. Çox böyük hörmətlə qarşıladız. Övladıma Milli Qəhrəman adının verilməsi üçün təqdimat yazdınız. Ölənəcən bu hörməti unutmaram. Sizin sadə, xeyirxah insan olmağınız  bütün goranboylulara bəllidir. Sizinlə fəxr edirik. 
Maşallah müəllim əsla tərifi sevən insan deyil. Həmişə çalışıb ki, etdiyi köməkliyi kimsə bilməsin. Elə buna görə də çox tərifə imkan vermir. Araya zarafatla başqa söz salır. Niyazinin keçdiyi döyüş yolu xatırlanır.Niyazi Şərəfxan oğlu döyüşlərdə tankçı kimi iştirak edib. İlk dəfə Maşallah müəllimin, İrşad Əliyevin köməkliyi ilə Niyazi bir neçə döyüşçü ilə Gəncədən köhnə bir tank gətirirlər.Onu təmir edib yararlı vəziyyətə salırlar. Elə ilk tankı da Niyaziyə həvalə edirlər. Bu tankla Niyazi haralara gedib çıxmayıb?
    Vaxt getdikcə daralır. Yola düşmək istəyirik. Şərəfxan kişi bizi saxlamağa çalışır. Etiraz edirik. Milli Qəhrəman kitabını ona təqdim edib, Ağcakəndə yola düşürük. Bizi bir-birinə sarmaşan əzəmətli dağlar salamlayır.Şəfəqi ötüb, Xarxaput kəndinə çatırıq. Maşallah müəllim dillənir: - O ikimərtəbəli binanı görürsünüz? Düşməni buradan qovub çıxaranda üçrəngli bayrağımızı bu ikimərtəbəli binanın başına sancdıq. Qərargahımız oldu. Buradan Gülüstan istiqaməti yaxşı görünür. Elə ona görə də artilleriyanı burada yerləşdirdik. İlk hücuma başlayanda düşmən hədəflərinin biri də gözümüzdən yayınmadı. Eh, cavanlıqda bu yerləri o qədər gəzmişəm... Goranboyun hər dağına, dərəsinə, cığırına bələdəm. Bəlkə də düşmənə qalib gəlməyimizin bir səbəbi də, bu yerləri yaxşı tanımağımız oldu.

 Köhnə dostlar bir arada

Hər il mayın 27-si döyüşçülər, dostlar, yaxın qohumlar Maşallah müəllimin başına yığışır, bu böyük şəxsiyyətin doğum gününü qeyd edirlər. Artıq bu bir adət-ənənəyə çevrilib. Yenə də Ağcakənddə köhnə dostlar bir aradadır. İş yoldaşlarım Kamil İsmayılov, İsrafil Əhmədov vəDayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədr müavini, vətənpərvər insan, xatirini əziz tutduğum, sözün həqiqi mənasında əsl dost Məcid Məmmədovla sövdələşib Maşallah müəllimin doğum gününə gedirik.
 Məcid müəllim hər zaman  şəhid ailələrinə, əlillərə, veteranlara öz dəstəyini əsirgəməyib. Daim onların yanlarında olub, əindən gələn köməkliyi göstərib.Allah belə insanları bizə çox görməsin.
Goran stansiyasından bir taksiyə əyləşib, Ağcakəndə yola düşürük. Təbiət öz yaşıl donunu geyinib. Hər tərəfdən  bahar təravəti gəlir. Gül-çiçəyin ətri bütün ətrafa yayılıb. Şəfəq, Qaraçinar kəndləri arxada qalıb. Dağların qoynu ilə irəlilədikcə hiss olunur ki, burada iqlim dəyişir. Kənardan Gülüstan, Qaranlıq meşələri sanki bəzək vurur bu təbiətə.Biz bu gözəlliyi seyr edə-edə Ağcakəndə çatırıq. Gələn qonaqlar Kürəkçayın kənarında düzülmüş masaların ətrafına yığışmışdılar. Məclis  xoş əhval-ruhiyyədə davam edirdi. Sağlıqlar deyilir, ötən günlər xatırlanırdı. Bu məqamda aşıq sazı sinəsinə sıxıb bir ruhani havası ilə dilləndirir. Bu havadan bir anlıq təbiətdə canlanır. Hamı sanki sazın sehrinə düşmüşdü. Yoldan ötənlər belə ayaq saxlayıb, aşığı dinləyirdi. Aşıq isə öz aləmində idi...

Leysan salamat qal, Dağ salamat qal

2012-ci il... may ayı... Yenə də dostlar Maşallah müəlliminocağına yığışıb. Dəyərli ziyalı, sözünə bütöv, dosta sadiq bir insanla- Ötərxan Eltacla o gözəl yurda bir daha yollanırıq. Gəncədə bizi dostumuz, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin şəhər şöbəsinin sədri, dəyərli ziyalı, tarixçi alim Almaz Aşurov gözləyirdi.
 Almaz Aşurovla tanışlığım təxminən 10 il bundan əvvələ təsadüf edir. O, ötən illərin sınağından keçən, ürəyimdə yer tapan dostlardandı. Almaz müəllim mənim üçün torpağa bağlılıq, sadəlik, səmimilik, Vətənpərvərlik rəmzidir. Onunla hər görüşdən sonra ürəyimdə onun işığını, hərarətini duyuram.
    Almaz müəllim sözün həqiqi mənasında xalq adamıdı. Onun vətənpərvərliyi, işində, əməlində düzlüyü, bir sözlə bütün insani keyfiyyətləri içindən gəlir. Xocalı faciəsi bəlkə də hamıdan çox onu sarsıtdı. Onun həmişə bir amalı olub. Azərbaycanı bütöv görmək! Bəlkə də bu amal idi ki, Qarabağda müharibə başlayanda ilk silaha sarılanlardan oldu. Əlində silah Murovu, Kəlbəcəri və neçə-neçə döyüş bölgələrini gəzib dolandı.
    Səhər saat təxminən altı olardı. Elə qatardan düşüb,çayxanada yerimizi yenicə rahatlamışdıq ki, telefonuma zəng gəlir. Dəstəyin o başından Almaz müəllimin səsi eşidilir:
    - Sabahın xeyir, bəy! Haradasınız? Bayaqdan sizi vağzalın perronunda gözləyirəm. - Açığı onun bu tezliklə gəlməsini gözləmirdim. Ancaq sözünə bütöv, o qədər dəqiq insandır ki... Çox keçmir yanımıza gəlir. Birlikdə onun idarəsinə gedirik. Fürsətdən istifadə edib, bir neçə şəhid ailəsi ilə görüşürük. Ötərxan müəllim radioda  özünün müəllifi olduğu“Vətən yaşasın”a  yeni veriliş hazırlayırdı. Ona görə də, burada bir az ləngiməli olduq. Artıq günortaya az qalırdı. Almaz müəllimlə nahar edib, ayrılırıq. Buradan birbaş Goranboy rayonunun Xoylu kəndinə gəlirik. Kənd əhalisinin əksəriyyətini vaxtilə Dərələyəz mahalından gələnlər təşkil edir. Burda mənim qohumlarım yaşayır. Elə Maşallah müəllimin də qohumlarının çoxu bu kənddə yaşayır. Çox mehriban, qonaqpərvər insanlardı. Hansı evə getsən xoş üzlə qarşılanırsan. Goranboyda ilk dəfə özünümüdafiə taboru yaradılanda, bu kənddən də çoxlu sayda insan gəlib Maşallah müəllimin başına toplaşdılar. Əli silah tutanlar döyüşə, iştirak etməyənlər isə tabora müxtəlif  yardımlar etməklə öz vətəndaşlıq borcunu yerinə yetirməyə çalışırdılar. Təsadüfi deyil ki, bu kənddən onlarla gənc amansız döyüşlərdə iştirak etmiş, 7 şəhid vermişdi. Onları siz də tanıyın: Əsədov Fikrət Hüseyn oğlu, Əhmədov Yusif  Məhərrəm oğlu, Məmmədov Vaqif Məhərrəm oğlu, Mərdanov Nemət Mahmud oğlu, Nağıyev Xaqani Konsur oğlu, Süleymanov Əli Məcid oğlu və Fərmanov Mübariz İsrafil oğlu...
   Xoylu kəndində əvvəllər ermənilər yaşasa da, 1918-1948-ci illərdə erməni quldur dəstələri tərəfindən məcburi şəkildə öz el-obasından didərgin salınan Dərələyəz mahalından  gələn ailələr məskunlaşdı. Kürəkçayın bir qolu kəndin yaxınlığından keçir. Cərgəylə əkilən çinar ağacları kəndin girəcəyinə xüsusi gözəllik verir. Gecəni qohumum Etibarın evində qalıb, səhəri Rəşad Mirzəyevin maşını ilə Ağcakəndə yola düşürük. Təbiətin gözəl çağıdı.Yaşıl otların arasından qalxan çiçəklər, sanki burada xalıya bəzək vurub. Biz də bu gözəllikdən zövq ala-ala üzü dağlara sarı – Ağcakəndə qalxırıq. Qəsəbəni keçib istirahət mərkəzinin önündə dayanırıq.  Yenə şirin söhbətlər, xoş xatirələr... Maşallah müəllim həmişə olduğu kimi, bu dəfə də bizi səmimi qarşılayır. Əyləşmək üçün yanında yer eləyir.Məclisin xoş məqamına çatmışdıq. Aşıqlar yenə“Baş sarıteli”, “ruhani”si ilə ürəkləri yandırıb-yaxırdı.Təmiz hava, təmiz su. Havasından doyunca ciyərlərinə çəkmək istəyirsən. Burada bir anlıq insanın beyni dincəlir, ruhu təmizlənir. Maşallah müəllimin arada bir yumoristik zarafatları məclisi daha da şənləndirirdi. Elə bu məqamda göyün üzünü qara buludlar alır, göy guruldayır, şimşək çaxır. Leysan başlayır. Ancaq heç kim bu leysana fikir vermir, öz kefindən qalmır, şənlənirdi. Bir azdan leysan dayanır, günəş çıxır. Təbiət sanki yenidən canlanır. Məclis yenidən qızışır.


Vüqar Əsgər.
 Redaktor-ssenarist, 
müharibə veteranı

P.S.  Axırincı dəfə Maşallah müəllimlə kecən ilin yay ayında görüşdük.  Onkologiya xəstəxanasinda    əməliyyat olunmuşdu. Eşidəndə,  dostum, Qarabağ qazisi, baş leytenant Əbdülqədir Bədəlovla ona baş çəkməyə getdik. Palatada uzanmışdı.   O əzəmətindən,  dağları lərzəyə salan gur səsindən əsər-əlamət qalmamışdı. Bizi görcək çox sevindi. Sakit səslə "əziyyət çəkmisiniz,  Vüqar bəy, mən sizinlə burada yox, dağlar qoynunda görüşməliydim"- dedi. Maşallah müəllim danışdıqca hiss etdim ki,  ağır xəstəliyə baxmayaraq, onda  yaşamaq haqqı nə qədər yüksəkdir. Yenidən ayağa qalxıb, neçə-neçə igidin qanı axdığı torpaqları ziyarət etmək, ana yurdu Kəlbəcərdə qurban kəsmək istəyirdi. Əfsuslar olsun ki, qismət olmadı. Zalım fələk onu bizdən tez alıb apardı. Ruhun şad, məkanın cənnət olsun ey gözəl insan.  Sən həmişə qəlbimizdə yaşayacaqsan

Digər xəbərlər