ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Rəşad barədə düşünəndə könlümə bir ilıq nur damır...
ƏDƏBİYYAT
21.08.2024, 11:53 Oxunub: 845İnsaf adam - Şair, nasir, jurnalist Rəşad Məcidin 60 illiyinə
Rəşad Məcidi tanıdığım otuz beş ildir. Əsgərlikdən yeni gəlmişdim, onda mənim iyirmi bir, Rəşadın iyirmi beş yaşı olardı. Dostum Yusif Rzayevə qoşulub arabir Tərcümə Mərkəzinə gedirdim, orada maraqlı ədəbi mühit vardı. Yazılarını, tərcümələrini oxuduğumuz görkəmli qələm adamlarıyla yaxından tanış olur, onların söhbətlərini dinləyir, yeni adlar, imzalar eşidirdik. Rəşad Məcid bir müddət əvvəl Tərcümə Mərkəzi sədrinin – rəhmətlik Aydın Məmmədovun müavini vəzifəsinə təyin olunmuşdu. Aydın müəllim zahirən sadəlövh adam təsiri bağışlasa da, çox fəhmli, həm də dinc insan idi, Rəşadla bağlı zənnində də yanılmamışdı; çün Rəşad özü də qalmaqaldan uzaq, içinə düşdüyü mühitdə sülh şəraitində yaşamağı, yaxşılıq eləməyi bacaran adamdır.
O vaxtdan bəri Rəşad Məcidin kiməsə mənfi enerji ötürdüyünü, kiminsə qeybətini qıldığını, kiməsə yamanlıq eləməyə çalışdığını görməmişəm, eşitməmişəm. Məndə belə bir təəssürat var ki, onun neqativ enerjisi ümumiyyətlə yoxdur. Rəşadın haqqında pis düşünən, ona pislik arzulayan adamı da təsəvvürümə gətirə bilmirəm. Mənim düşüncəmdə ona münasibətin yalnız bir forması, bir üsulu var – onu qardaş məhəbbətiylə sevmək, ona etimad göstərmək, onun kövrək, yuxa, şəfqətli qəlbinə elə o sayaq şəfqətlə də yanaşmaq. Şəxsən mən Rəşad barədə düşünəndə könlümə bir ilıq nur damır, sinirlərim pozitiv enerjiylə yüklənir.
İş elə gətirdi ki, doxsanıncı illərin birinci yarısında Rəşad Məcidin rəhbərlik elədiyi “525-ci qəzet”də mən də bir müddət, təxminən iki ilə yaxın işləyəsi oldum. Adamların, o cümlədən dostların münasibəti ən çox bir yerdə çalışanda, ya da birgə səfərə çıxanda pozulur. Rəşadın başçılıq elədiyi kollektivlə davranış prinsipində işçini burunlamaq, qaralamaq, sancmaq, gözümçıxdıya salmaq, jurnalistləri zavod-fabriklərdə olduğu sayaq sərt iş rejiminə uyğunlaşdırmaq kimi bir xüsusiyyət yoxdur. Bir şair, jurnalist kimi münasibətlərdə rəsmiyyətə də meyilli deyil. Yaxşı yadımdadır ki, onun redaksiyaya gəlişi kollektivdə həmişə xoş ovqat yaradardı, hamı bilirdi ki, bu gəlişin sonu ən azı redaksiya şəraitində xudmani bir məclisin qurulmasıyla bitəcək.
Rəşad imkanlı, çörəkli kişinin evində böyüyüb, ancaq dolaşıq, dağınıq zəmanənin hökmüylə imkanlarının qəfil tükəndiyi, Həzrət Yusif kimi quyunun dibinə düşdüyü vaxtlar da olub (bu barədə, əlbəttə, özü şəxsən mənə bir söz deməyib, eləcə qıraq-bucaqdan, onu istəyən, ona canı yanan adamlardan eşitmişəm), fəqət belə ağır məqamda da onun ağlayıb-sıtqadığını, ətrafındakılarla aqressiv davrandığını, hirsini kiminsə üstünə tökdüyünü görməmişəm. Düşdüyü quyudan xarakterinə xas imanlı bir səbirlə çıxıb yoluna davam eləyəndə də, yeni uğurlar qazanıb yeni zirvələrə çatanda da təkəbbürə, xudbinliyə könül verməyib, yenə əvvəlki Rəşad olaraq qalıb.
Yaxşılığı zəifliklə qarışdırmaq düzgün deyil. Ehtiyacı olana, dilənənə yardım göstərən kəs bu işi üç mülahizəylə görə bilər: birincisi can vergisi verməkdir, yəni ey müqəddəs ruhlar, mən öz malıma qıyıb sizin tövsiyənizdən çıxmadım, canımdan can ayırıb kiminsə canına caladım, indi siz məni, mənim doğmalarımı qorumağa, bizim varlığımıza keşik çəkməyə borclusunuz – bu, yaxşılıq deyil, mazoxizm aktıdır; ikincisi eqonu bəsləməkdir, yəni baxın görün mən necə yaxşı adamam, yetimə-yesirə əl tuturam, yıxılanı yerdən qaldırıram – bu da əsl yaxşılıq yox, sadizm aktıdır, yoxsulun, acın hesabına bədnam şöhrət qazanmaqdır, yoxsulun yoxsulluğunu, acın aclığını istismar eləməkdir.
Bu iki “yaxşılıq” növü göylər səltənətinin dəftərxanasında qətiyyən keçməz, orada bunların bir qara qəpiklik dəyəri yoxdur. Yaxşılıq nə zəiflik, nə də bunun tərsidir, yaxşılıq – bu həyatda ən böyük mənəvi gücdür; əgər yaxşılıq o yaxşılığı eləyən adamın mənəvi ehtiyacından doğmursa, yardım göstərdiyi adamdan əvvəl onun özünün ehtiyacını ödəmirsə, demək, o yaxşılığın ilahi yaxşılıqlar sırasında yeri yoxdur. Rəşad Məcid məhz belə könüldən qopan yaxşılıqlar eləməyin ustasıdır, onun ayağına yazılmış təmənnasız yaxşılıqlar saya-hesaba gəlməz.
Rəşadı mənə ən çox sevdirən cəhəti insaflı olmasıdır. Şübhəsiz, insaf, ədalət kişiliyin ən başlıca atributlarındandır. İnsaf dinin yarısıdır, deyiblər, məncə, insaf dinin elə hamısıdır. Bir də görürsən ağıllı-başlı, istedadlı bir ədəbiyyat adamı, gerçək söz fədaisi özü kimi (qoy lap özündən xeyli zəif olsun) bir yazıçının (şairin) üstünə barmağını tuşlayıb deyir ki, bu, yazıçı (şair) deyil. Demir ha zəifdi, eləcə baltanı kökündən vurur, adamın əlli illik zəhmətini bir göz qırpımında zibilliyə tullayır. Qəribədir, ya bəlkə də mənəvi-ilahi qanundur – sanki bumeranqmış kimi bir başqası da bunun əməyini yerə vurur, bir hökmlə onun adını ədəbiyyatdan “silir”, heç uf da demir. Rəşad Məcid şeiri, nəsri çoxlarından yaxşı duysa da, ondan heç vaxt belə radikal bəyanatlar eşitməzsən.
Sənət meyarını əldə bayraq eləyib hamını biçə bilərik, bəs onda insafı-mürvəti hara qoyaq? Məgər ortabab şeir yazmaq cinayətdirmi? Füzuli ucalığına qalxmağı kim istəməz, zavallı ortabab şair o yüksəkliyə qalxa bildi də, qalxmadı? Rəşad Məcid heç zaman bu tipli bəyanatlar səsləndirməsə də, illərdir onun bir insaflı redaktor kimi, ən böyük günahı dahilik zirvəsini fəth eləməyə qüdrəti çatmamaq olan müəllifləri də himayəsinə aldığını bilənlər çoxdur. O, insaflıyam demir, özünün ən gözəl cəhətini reklam matahına çevirmir, o sadəcə insaflı davranır. Şəxsən mənim Rəşadın bu cəhəti çox, çox xoşuma gəlir – insana, onun çiyninə yüklənmiş taleyə qiymət, hörmət qoymaq ədəbiyyatı yaxşıya-pisə bölməkdən, sözə nırx qoymaqdan daha vacibdir.
İnsanın qəlbini qırmaq günahdırsa, yaradıcı adamı sındırmaq ikiqat günahdır. Deyən tapılar ki, heç bir qəzetçi, redaktor ortababları təbliğ eləməyə borclu deyil. Bununla bir qəzetçi, ya bir redaktor kimi razılaşmaq asandır, fəqət qəlbimizdəki vicdan, insaf duyğusu bizə pıçıldayır ki, əgər insan bu dünyaya gəlibsə, demək, onun həyatda öz yeri, təyinatı var. Ən böyük insanşünaslıq, adam sərraflığı, yaxud humanitar ustalıq da ondadır ki, bir insana təyinatına görə dəyər verəsən, onu layiq olduğu, özünü təsdiqləyə biləcəyi yerə-məqama-mərtəbəyə qoyasan. Gözünü yumub hamını inkar eləyən, hamını çapan adam axır bir gün özü də quru yurdda qalar. Heç kimin əməyini itirmək olmaz, ən böyük günah, bağışlanmaz suç da elə budur...
Rəşad Məcid Qarabağın aranıyla dağı arasında böyüyüb, özünün deməsinə görə, Laçındakı məşhur Ağoğlan məbədinin yaxınlığında dünyaya gəlib, orta məktəbi Ağdamda bitirib, bir vətəni də Ağcabədi torpağıdır. Bütün bunlar onun xarakterinə də iz salıb – çox vaxt aran yeli kimi həlim, yumşaq olsa da, yeri gələndə Laçın qayaları kimi sərt üz göstərməyi də var.
Deyirlər, insan yaşlandıqca doğulduğu torpağa, dədə-baba yurduna daha möhkəm bağlanır. Bu da səbəbsiz deyil – əvvəl torpaq insana əmanət verilir, sonra da insan torpağa. Bu qarşılıqlı mübadilə dolğun insan ömrünün başlıca məzmunudur, ömür zatən bu mübadilənin aparıldığı bazarda, bu karvanın yürüdüyü yolda keçir. Rəşad Məcid bu uzun, incə yolun altmışıncı kilometrliyindədir. Son illər onu tez-tez uşaqlığının, gəncliyinin keçdiyi torpaqlardan, ələlxüsus Şuşadan şəkil paylaşan görürük. Həmişə olduğu kimi yenə də sevincini dostlarıyla, oxucularıyla bölüşür. Üstəlik, azad olunmuş Qarabağın hüsnünə təzəlikcə bir silsilə şeir də qoşub. Vallah belə möhtəşəm, belə tükənməz sevinci qəlbinə zərrə-zərrə damızdırmaq üçün bir altmış il də yaşamağa dəyər.
Ta gəncliyimdən bəri insaf-mürvət timsalı saydığım əziz qardaşımın yubileyinə həm öz adımdan, həm də təmsil olunduğum kollektivin adından mübarəkdarlıq verirəm. O gözəl qəlbindən, peyğəmbərlərdən, imamlardan, seyid babalarından miras qalmış o mübarək insafından muğayat ol, qardaş. Cəddin dadımıza yetsin!
F.Uğurlu
yeniazerbaycan.com