ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Hüseyn Cavid və Mişkinaz Cavid - Sona Vəliyeva yazır
ƏDƏBİYYAT
24.10.2024, 14:07 Oxunub: 607Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair, yazıçı, dramaturq Hüseyn Cavidin anadan olmasından 142 il ötür.
1001info.az filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın “Hüseyn Cavid və və Mişkinaz Cavid” məqaləsini təqdim edir.
Hüseyn Cavid və və Mişkinaz Cavid
Mişkinaz xanım və Hüseyn Cavid münasibətləri Cavidşaünaslıq üçün çox əhəmiyyətlidir. Onun bir cümləsini isə həqiqətən unudulmazdır: “…Mən ən dəyərli bir evin sahibəsi, ən qiymətli bir alim ailəsi, oğul-qız anası, bəxtəvər bir qadın idim. Xoşbəxt ailəmizi, şöləli yanan çırağımızı görünməz, xain əllər dağıtdı, qaranəfəslilər üfürüb söndürdülər”.
Kim idi qaranəfəslilər? Allahı tanımayan, rəhimsiz, qəlbini, könlünü şeytana satmışlarmı? Bu şeytanları, iblis dostlarını Mişkinaz xanımın sevimli Cavidi hələ 1918-ci ildən qiyafədən qiyafəyə dəyişilən zamanda görüb, küllü aləmə tanıtmağa çalışırdı:
Bən heçlə doğan bir ulu küvvət, ulu küdrət,
Bir küdrəti-külliyə ki, aləm bana bedhah,
Dünyada rəqibim varsa, o da Allah.
Hər din ilə, məzhəblə, siyasətlə cihanda,
Hər fırtına kopmuşsa, evet, ben varım orda,
Hər yerdə ki, vardır azamet, kahr ilə dəhşət,
Hakimdir o yerlərdə şu karşıdakı hılkat.
Öyrədilmiş “ədiblər”i, hər kəsi, hər şeyi Cavid müdrikliklə qarşılayır, susqunluğu ilə ən tutarlı cavabı verməyə çalışırdı. “Hüsnü Xuda” şairini yer adamları qəbul etməkdə çətinlik çəkirdilər, Cavidə qarşı qısqanclıq durmadan artırdı. İstedadı ilə, əxlaqı, mənəvi ucalığı ilə Tanrı tərəfindən seçilən olmağı könlünü həsəd və kin bürümüş insanları hərəkətə gətirmişdi.
1930-cu illərdən başlayan İblisin hədəf aldığı sənətkarlar içərisindən ən dözümlüsü H.Cavid elə İblis ilə həmsiyasət olanların rəhbərinə, M.Bağırova 1936-cı il 3 oktyabrda şikayət yazırdı: “Möhtərəm Bağırov yoldaş. Son zamanlar mənə və yazılarıma qarşı istər mənəvi, istərsə də maddi cəhətdən qaba və soyuq bir keçimsizlik var. Bu da yalnız tək-tək şəxslərin qaprizindən irəli gəlməkdədir. Cəsarət olsa da, fikrinizi bu nöqtəyə cəlb etməklə, 30 ildən artıq əmək sərf edən, xəstə və yorğun bir yazıçının halını düşünmənizi rica edirəm”.
Cavidinin yolunu gözləyən Mişkinaz xanımın halına uyğun yazılan “Qaçqın” şeiri ona həsr olunmuşdu. Mişkinaz xanım təskinlik tapdığı xatirələrdə:
“Bir dəfə evdə oturmuşdum. Gəlib gördü ki, bikefəm. Dedi:
– Bax, əsl qaçqına bənzəyirsən. Boş ev, boş ocaq, boş bucaq. Buna bir şeir yazmaq lazımdır.
– Canın sağ olsun, həmişə belə olmayacaq ki…
“Qaçqın” şeirini o vaxt yazmışdı”.
H.Cavid Mişkinaz xanıma oxuyub-yazmağı öyrədəndə bilməzdi ki, zaman gələcək onun haqqında ilk xatirəsini bu məsum xanım göz yaşlarıyla qələmə alacaq.
Ən çətin anlarda “Həmişə belə olmayacaq ki, dar günün ömrü az olar” deyən sədaqətli xanım ömrünün sonuna qədər, göz yaşı quruduqdan sonra da Cavidsiz, Ərtoğrulsuz taleyini gizli-gizli ağlayacaq...
1920-ci illərin sonlarından başlayaraq H.Cavidin əsərləri tənqid olunmağa başlayır. O isə “Əsiri olduğum bir şey varsa, o da həqiqət və yenə həqiqətdir” idealına sadiq qalaraq yenə yazırdı. 30-cu illərdən başlayaraq onu yeni cəmiyyət quruculuğuna dəvət edənlərə, Lenindən, Stalin qüdrətindən, sosializmin beynəlmiləl ideologiyasından yazmağa çağıranlara Cavid yaradıcılığında əks etdirdiyi türkçülük, turan düşüncəsini, iki böyük tarixi türk fatehi – İldırım Bəyazid və Əmir Teymur qüdrətini, inancın İslam zirvəsinin müqəddəs qəhrəmanı Məhəmməd peyğəmbər (s.), eləcə də türkün sərkərdə qəhrəmanı Alp Ər Tonqa və Səyavuş obrazlarını tanıtmaqla tutarlı cavab verirdi. Bu illərin dərdkeş, sədaqətli xanımı Mişkinaz xanım xatirələrində yazır:
“İsmayıl Hidayətzadə “Səyavuş”u hazırlayan vaxtdı. Bir gün Cavid evdə oturub işləyirdi. Bu zaman Abbas Mirzənin səsi eşidildi. İsmayıl Hidayətzadə ilə gəlmişdilər. Qapıdan daxil olan kimi salamdan əvvəl İsmayıl dedi:
– Cavid əfəndi, sənin bu Səyavuşunu Kərşivəzdən əvvəl mən öldürəcəm.
Abbas Mirzə:
– Mən hazır. Qoy məni dost öldürsün.
Cavid:
– Unutma ki, dost yarası sağalmaz olur.
İsmayıl dedi:
– Hə, atalar düz deyib: “Allah, sən məni dostlardan qoru, düşmənlə özüm bacararam”.
Oturub xeyli söhbət etdilər” (3, s.492).
Cavidin qanı qara gəldiyi illərdə onun təskinlik yeri, Mişkinaz xanımın dualarından İblisin ayaq basmağa cəsarət edə bilmədiyi məkan onun ocağı idi.
Duaların, sevgilərin qüdrətinə sığınan bu evdə Mişkinaz xanım sonralar olanları yaddaşdan xatirəyə çevirərək əsl sevginin dastanını yazdı. Hətta dostları, tanışları bu insanlara qarşı qoydurmaq sosialist ideologiyasının bir mübarizə işinə çevrilmişdi.
Müəlliminə, ustadına qarşı çevrilən bu ittihamları təəssüflə qələmə alan M.Məmmədov yazırdı:
“Cavidin dramları, faciələri 30-cu illərin başlanğıcında səhnədən, demək olar ki, çıxmışdı, daha doğrusu, çıxarılmışdı. Nəzəriyyə aləmindəki hərc-mərclik, saxta sosioloji tənqid, o vaxt qılıncının dalı da, qabağı da kəsən “proletkultçuluq” və proletkultçular H.Cavidin əsərlərinin səhnədən sıxışdırılıb çıxarılmasında az iş görmürdü” (2, s.6-7).
Bir vaxtlar Cavidin mövzu və obraz seçiminə, eləcə də istedadına, əqidə və məslək yeniliyinə heyran qalanlar, onun, həqiqətən, göylər şairi olduğunu dərk edənlər indi Cavidi yenidənqurulmağa çağırırdılar, lüzumsuz tənqidi məqalələrlə onu sarsıtmağa çalışırdılar. Azərbaycan Yazıçılar İttifaqının İdarə heyətinin sədri Seyfulla Şamilovun “Ədəbiyyatda bolşevizm ideyaları uğrunda” adlı məqaləsi sifarişli yazılmış tənqidlərdən idi: “Yazıçılar içərisində Azərbaycan həyatı ilə daha az maraqlanan və Azərbaycan əməkçilərinin mübarizəsində yad olan əsərlər yazmaqdan əl çəkməyən H.Caviddir. Biz bilirik ki, Cavid burjua romantizminin məktəbində yetişmişdir. Bununla bərabər, o, Azərbaycan sovet və partiya təşkilatlarının onun üçün yaratdığı imkanlara və hətta əsərlərinə verdiyi mükafatlara baxmayaraq, yenə də Azərbaycan əməkçilərinin mübarizəsinə dair bir şey yazmamışdır” (4).
Hadisələri tarix öz sərt qələmi ilə xatirəyə, özü də acı xatirəyə çevirməkdə idi. 1937-ci il iyunun 3-dən 4-nə keçən gecə 509 saylı orderlə NKVD-nin 4-cü şöbəsinin 3 əməkdaşı – Pavlov, Federenko və Sərkisyan adlı şəxslər Cavid ocağına daxil olaraq bütün xoşbəxtliklərinin dağılmasına səbəb oldular:
“Yuxuda gördüm ki, böyük bir ilan mənə tərəf gəlir. Çığırıb yuxudan ayıldım. Yarıyuxulu, qorxmuş halda evdə qarışıq səslər eşitdim. Heç bir şey ayırd edə bilmədim. Elə bu vaxt Cavid qapını açıb ömrümdə eşitmədiyim narahat bir səslə:
– Qalx, geyin, – dedi.
Qapının arasından baxıb tanımadığım adamları gördüm. Aman Allah, bunlar kimlərdilər? İndi o vəziyyəti demək çox çətindi. Əllərim əsir, geyinə bilmirəm. saniyələr bir ilə qədər uzun. Birtəhər geyinib çıxdım.
Cavid qapının yanında ayaq üstə durmuşdu. Rəngi ağappaqdı. Onu elə görəndə başım hərləndi. Mən onun hər dəqiqəsinin rahat olmasına fikir verirdim. Bu qara bulud hardan gəldi. Qolumdan tutmasaydı, yıxılardım. Qolumu bərk sıxıb:
– Sakit ol, əyləş, – dedi.
Qolumu sıxmaqla demək istəyirdi ki, bu, başlanğıcdır.
Qapını açıb evə keçəndə birinci bufetin üstünə baxdım ki, görüm qəhvəqabı ordadırmı? Cavid qəhvə bişiribmi? Qəhvəqabı orda yoxdu. O mənə böyük bir nisgil oldu. Özüm-özümü danladım. Niyə mən onun sözünə baxdım, durmadım. O vaxtdan indiyəcən mən bir dəfə də olsa qəhvə içməmişəm. Özüm də qəhvə xoşlayanam.
Gələnlər üç nəfərdilər. Bir adam da qonşudan çağırdılar, şahd kimi. Gecə birin yarısından səhər saat yeddinin yarısınacan evi ələk-vələk etdilər. Baxılmayan yer qızımın yatacağı oldu. Kiçik olduğu üçünmü, ya nə isə onu oyatmadılar. Amma onlardan biri elə hey mırtlanırdı ki, niyə ora baxılmadı.
Cavid o gecə bir qutu yarım papiros çəkdi.
Kibriti yandıran vaxt onlardan da biri cibindən papiros çıxardı. Cavid öz papirosunu yandırıb ona sarı tutdu, o yandırmadı. Cavid çöpü söndürüb udqundu. Bu udqunmaqla o nələr dedi. Mümkün olsa idi, o adamı boğardım. Ləyaqətsiz adam.
Cavid hiss etdi ki, mən çox darıxdım. Qəmli-qəmli üzümə baxdı, qaşlarını yuxarı qaldırıb ah çəkdi, sanki demək istəyirdi ki, bu hələ harasıdı?
Bir-birinin papirosunu yandıranları görəndə Cavidin əsəbi üzü, dərdlərimin başlanğıcı yadıma düşür…
Mən elə bilirdim ki, o gecədən ağır dərd olmaz. Sən demə, daha ağır dərdlər hələ qabaqdaymış. İki böyük çamadan əlyazmalarını, kitablarını götürdülər. Əlyazmalarından elələri var idi ki, əl makinasında çap olunmuşdu, hərəsinin iki-üç üzü vardı. Cavid dedi:
– Bunların hərəsindən biri qalsın.
– Yox, – dedilər.
Cavid ötkəm səslə:
– Necə lazımdı, elə edin, – dedi.
Onların başçısı dedi:
– Dəyişəcək və yatacaq götür.
O kəlmə elə bil ürəyimə iynə kimi sancıldı. Bütün bədənim titrədi. Yavaş səslə: – “Aman Allah”, – dedim. Cavid dönüb mənə baxdı. Ağlayan uşağı mülayim səslə necə kiridirlərsə elə:
– Sakit ol, üzülmə, – dedi.
Qalxıb o biri evə keçdi ki, geyinsin. Yavaş səslə məni çağırdı.
İki dəst kostyumu vardı: biri təzə, digəri nimdaş.
– Bunların hansını geyim? Cib saatımı götürümmü? – soruşdu.
Yox, – dedim.
Ona görə yox dedim ki, saata baxıb günün ləng getməsi onu daha da darıxdıracaqdı. Kostyumun qarasını – köhnəsini geyinib:
– Qara günə qara paltar yaraşar, – dedi” (3, s.498-500).
Mişkinaz xanım İsmayıl Hidayətzadənin “Səyavuş” əsərini tamaşaya hazırlamasını xatırlayır. “Səyavuş”dakı Altayın – Cavidin bir vaxt dedikləri həqiqət kimi təsdiqlənirdi.
Yetər çıldırdınız “hökumət!” deyə,
Evləri yıxdınız “ədalət!” deyə.
Məzlumlar qanından badə sundunuz,
Qarğa-quzğun kimi leşə qondunuz.
“Qanun” deyə doğruluqdan caydınız,
Xalqın namusunu heçə saydınız.
– fikri dövrün eybəcərliklərini göstərməkdə idi.
1937-ci il 5 mart. ÜİL (b) PMK plenumunda Stalin xalqların və millətlərin taleyində fəlakətlərə səbəb olacaq çıxışını etdi: “…Aydındır ki, bu cənabları işçi sinfinin düşmənləri kimi, vətənimizin xainləri kimi amansızcasına darmadağın etmək və kökünü kəsmək lazım gələcəkdir: Bu aydındır, yeni izahata səbəb yoxdur”.
İblislər yuvasından “İblisin intiqamı” əsərinin personajları əsas, baş İblis qarşısında hesabatını hazırlamaqda idi. Bağırov Kreml qarşısında vəzifə sədaqətini yerinə yetirirdi. XIII qurultayda söylədiyi: “Bir baxın Yazıçılar İttifaqında kimlər əyləşmişdi. Hazırda ifşa edilmiş H.Cavid, Ə.Cavad, M.Müşfiq, Əli Nazim, B.Talıblı, Tağı Şahbazlı, Ə.Triniç və başqa əclaflar”.
Ortaya atılan bir fikir – Azərbaycan Yazıçılar İttifaqı qarşısında qaldırılan məsələ – Azərbaycanda erməni ədəbiyyatının inkişaf məsələsi sonralar erməni soyadı daşıyanların toxunulmazlığını təmin edirdi. Azərbaycan mütəfəkkir şair və yazarlarının həbsi, sürgünü, güllələnməsi, ailələrinin sürgünü, bəzən xanımlarının da həbs olunması siyasi rejimin diktəsi kimi davam etməkdə idi.
“Səhərisi gün soraqlaşa-soraqlaşa yerini öyrəndim. Birinci dəfə 1937-ci il iyunun 14-də bağlama verdim. Bir dəst dəyişik üz dəsmalı, mələfə, nazbalınc üzü. Nəyə icazə verilirdisə, siyahısını yazmışdılar… Cavabını üç saatdan sonra verəcəkdilər. Üç saat mənə üç il qədər uzun gəldi. İnana bilmirdim ki, o bu on günü dözüb, bu vaxta qədər sağ-salamatdı. Çünki o, əsəbi, narahatdı. İşləyən vaxt bir saatdan bir, yarım saatdan bir durub gəzər, çay içər, papiros çəkərdi.
Ağız dolusu “qardaşım, dostum” deyənlərin artıq heç biri yox idi. Görünməz olmuşdular. Elə bir dövrdü ki, heç kəsdən heç nə ummaq mümkün deyildi. Üstündə yeridiyin yer adamın ayağını yandırırdı. Bu gün azad gördüyün sabah zindandaydı.
Artıq iki ay keçmişdi, ona baxmayaraq, mən hər gün, hər saat onun yolunu gözləyirdim” (3, s. 503).
Mişkinaz xanımın zülümlü günləri bir-birini əvəz etməkdəydi. Hətta Cavidin müqavilə bağlayıb pul ala bilmədiyi adamlar da istifadə olunacaq fürsəti “dəyərləndirirdilər”.
“Cavidin külliyyatını nəşr etmək üçün “Azərnəşr” tərəfindən müqavilə bağlanmışdı, müqabilində iki min manat alınmışdı.
Aradan 10-15 gün keçmişdi. Bir gün çağırış gəldi. Məhkəməyə çağırırdılar. Bircə bu çatmırdı. Vərəqi anası ölmüşümə göstərdim. O da çox narahat oldu.
– Səninlə gedəcəyəm! – dedi.
– Yox, – dedim.
O gecəni yata bilmədim. Bu nə olan işdi?
Səhər saat 10-da getdim. Görmədiyim yerlər, görmədiyim adamlar. Üstü qırmızı örtüklü masalar. Üstündə yazılı dərdlər, ələmlər.
Ətiacı, qaban boyda bir kişi (kişi adını hər kişiyə demək günahdı) üzünü mənə tutub kobud bir səslə:
– Cavid indi yoxdur, onun “Azərnəşr”dən aldığı iki min manatı siz verməlisiniz, – dedi.
Başım hərləndi. Ürəyimdə dedim: Dünya durduqca Cavid yaşayacaq. Sənin kimi qabanlar olmayacaq.
– Gərək ki, sizə məlumdur, evin qiymətli və dəyərli əşyalarını aparıblar. Onu ödəyəcək imkanım yoxdu.
Bir-birinin üzünə baxıb, nə isə yazıb sonra da mənə:
– Siz gedin, sonra baxarıq, – dedilər” (3, s. 506).
Bu ərəfələrdə Azərbaycanın əvəzolunmaz şairi müstəntiq tərəfindən dindirilirdi. Onu Pavlov soyadlı şəxs dindirirdi.
C.Qasımov istintaq materialları əsasında yazdığı “Əsrin qiyamət çağı” kitabında bu sorğunu olduğu kimi qələmə almışdır.
“Sual:
– İstintaq müəyyən etmişdir ki, siz gizli əksinqilabi millətçi təşkilatın üzvüsünüz. Bunu boynunuza alırsınızmı?
Cavab:
– Qəti rədd edirəm.
Sual:
– Sizə əksinqilabçılardan və müsavatçılardan kimlər məlumdur?
Cavab:
– Keçmiş müsavatçılardan mənə Ə.Cavad, S.Hüseyn və Xəlil İbrahim məlumdur. Onların müsavatçı olmaları mənə məlum deyil və mənim onlarla heç bir əlaqəm yoxdur. Bunlardan başqa müsavatçılardan və millətçilərdən heç kəsi tanımıram” (1).
“Cavidin yerini tez-tez dəyişirdilər: gah Bayıla, gah da Keşləyə. Müəyyən günüm çatanda harda olduğunu deyirdilər. İki ay olardı ki, Bayıldaydı. Əgər Keşləyə qaytarılsaydı, deməli, sürgünə göndəriləcəkdi.
…Divara söykənib durmuşdum. Növbəmi gözləyirdim. Bir də gördüm anası ölmüş oğlum rəngi qaçmış gəldi:
– Ana, gedək, baba Keşlədədi, məktub göndərib bura, ayın birində görüş verəcəklər.
Mən ağladım. Demək ki, demək ki, sürgünə göndərəcəklər…
Dərdim bir idi, indi oldu üç. Onun qarlı-şaxtalı Sibirə getməsi, ona isti paltar, yol üçün yemək. Arada iki gün vaxt vardı. İki arşın göy sətin aldım. Döşəkdən yun çıxartdım. Bir canlıq tikdim.
Evə oğru gözü ilə baxırdım ki, görüm evdə dəyərli, satılası nə var” (3, s. 511-512).
Bu sözləri isə Mişkinaz xanımım ağrılarının zirvəsi hesab etmək olar: “O vaxtın bazarında altı, yeddi yüz manata olan bir miss qazanı verdim üç yüzə. İki yüzünü ayrı qoydum ki, verim özünə. Nə edim? Borc almaq olardı. Sonra necə qaytarım? Bir dənə yarıyun köynək aldım, bir cüzi yemək hazırladım. Ayın 1-i gedə bilmədik. Çox narahat oldum ki, o nə qədər nigaran qalıb, fikirləşib ki, yəqin, məni də aparıblar. Çünki gedən qadınlar çox idi” (3, s. 513).
Cavid həbsxana həyətində Mişkinaz xanımla görüş zamanı deyir:
“Mən səni ağlar görmək istəməzdim. Keçirdiyin ağır günlərini bilirəm. Dönüklük edənləri, əyri yola düşənləri eşitdim. Əsl sədaqət ağır gündə bilinir. Silinməz ləkə, çəkiləsi dərd elə dərdlərdi. Şükür o adlar ki, adımızda yoxdu. Mən şad gedirəm, bu hər şeydən üstündü. Qəmli qəlbimin sönməz yıldızı. Ağır qəmim yenilməz xalqımın yenilməsidi. Əllərdə qalxan olmasıdı. Nələr olur, nələr var, bunlar olduğu kimi bu bədbəxt xalqa çatacaqmı? Nə qədər rəzil insanlar varmış. İnsan nə qədər alçalarmış. Mərd ölmək namərd yaşamaqdan üstündü”, – deyir (3, s. 519).
Bu həqiqəti tarix qızıl möhürlə təsdiqlədi.
Növbəti dinləmələrdə – 21 dekabr 1937-ci il, 21 mart 1938-ci illərdə aparılmış sorğular atasının məşğuliyyətindən başlayaraq bütün həyatını, fəaliyyətini, az qala bu dünyaya niyə gəlməsinə aid olacaq, “daha çox günahlandırılması vacib” məsələlər ətrafında qurulan saxta məzmunlu suallarla dolu idi. Pantürkist, millətçi adı ilə günahlandırılan Cavid bir vaxtlar Lev Tolstoyu, Dostoyevskini, Puşkini sevərək oxuyub və təbliğ edirdi...
Cavid Şeyx Kəbirin dili ilə Şeyx Sənan haqqında “Səni anan doğdu Turanda” – deməklə ürək dolusu sevgi bəslədiyi türk dünyasının şair oğludur. “Qız məktəbində” şeirində məktəbli qızın “ – Başqa sevdiklərin yoxmu, qızım?” sualına “– Var, əfəndim – anam, babam, müəlliməm və bir də bütün insanlar” cavabı ilə dünyaya, bütün yer üzünə insan sevgisi öyrədən müəllimdir.
Mişkinaz xanım yazır: “Hər görüş istəyənə və hər sürgünə gedənə görüş verilmirdi. Bu gün də dustaq yola salırdılar. Ona görə uzaqdan, yaxından görmək ümidi ilə hamı axışıb gəlmişdi. İynə atsan, yerə düşməzdi. İndi də o mənzərə gözümün önündədi, o səslər qulağımdadı. Mənə elə gəlirdi ki, yer üzündə bu saat bir nəfər də olsa gülərüzlü, şad bir insan yoxdu. Hamı bu mənzərəni görür, hamı bu ağlaşma və yalvarış səslərini eşidir. Çoxuna rədd cavabı verirdilər.
…Pəncərə açıldı. Adlar çağırıldı. Mənim də adım çağırıldı. O bədbəxtlərin, o boynubüküklərin içində ən xoşbəxt mən oldum. O saat fikrimdən keçdi ki, Cavidə deyəndə ki, sənə görüş verirlər, nə qədər sevinib və təəccüb edib” (3, s. 517-518).
Mişkinaz xanımın görüşdən görüşə sevindiyi anların ömrü çox uzun olmur:
“Mənə dedilər, əsərlərindən heç nigaran qalma, özün gələndə hamısını özünə verəcəyik. Ancaq siz adlarını, sayını unutmayın. “Atilla”nın adını, bilirsən, dəyişdirib “Gözəl Eyida” qoydum. Ona görə ki, “Otello” ilə “Atilla”nı qarışdırmasınlar. Gözəl Eyida əsərdəki qəhrəman qızın adıdı. Əl makinasında yazılanlardan – hərəsindən birini ayrı qoydular, əvvəl “Çingiz”i, “Telli saz”ı, sonra o birilərini. Mən elə bildim ki, onlar evdə qalıblar. Demə, götürüblərmiş. Üzülmə, bu işləri gələcək həll edəcək. Harda olsa, bir gün aşkara çıxacaq… Turan onilliyi bitirib, bir il fasilə versin. Çox üzgündü. Sonra qoysalar, ali təhsil alsın.” (3, s. 517-520).
1937-ci ilin iyun ayının 4-də evindən çıxan Hüseyn Cavidi 1939-cu ilin iyulun 4-də elindən-obasından ayıran qatarın geri dönəcəyinə həm özünün, həm də Mişkinaz xanımın ümidi olmadı…
“Ayın 5-də getdim Keşləyə ki, bir xəbər bilim. Bir pəncərəyə yaxınlaşıb soruşdum. Dedilər:
– Dünən gecə yola saldılar.
Mənə elə gəldi ki, ayağımın altından bir quyu açıldı, məni çəkdi aşağı. Başım gicəllənndi. Yerə baxdım. Quyu-filan heç nə yoxdu. Soruşdum:
– Neçə il iş veriblər?
Dedilər:
– Səkkiz il. Nədi ki, beş ildən sonra gələcək” (3, s. 523-524).
İttihamlarda rus dilinə qarşı çıxdığı, millətçi, pantürkist, antisovet təbliğatçısı adları ilə günahlandırılan Cavid, həqiqətən, millətsevər, xalqsevər turançı, türkçü idi. Amma heç vaxt rus dilinə qarşı deyildi. Sadəcə, ana dilinin başqa dillər içində “işğalına”, əriyib yox olmasına qarşı idi:
“Zənn edərsəm, eyi çalışsam, iki sənədə müvəffəq olurum. Əlsineyi-səlasəyə gəlincə, onlardan birini ruscadan sonra, ehtiyac hiss edəcək olsam, qırq yaşımda belə oxuram. Şimdi Qafqaza döndükdən sonra Naxçıvan ilə hiç işim yox. Səbəbini anlatmağa qalqışsam, on yapraq daha yazmaq lazım. Bəlkə, siz yek nəzərdə o əsbabı mühakimə ilə anlarsınız.
Şimdi əsil məqsəd vətənə xidmət, həm də layiqiylə xidmət etməkdir. Bakıda kafi dərəcədə müəllim var. Gəncədə hakəza. Şimdi bəndəniz, əgər mümkün olsa, əvvəl Tiflis, sonra İrəvan. Bunlardan hər hankisini məsləhət görürsəniz, bəncə də məqbul olur. Bən dərs verəcəyim yerdə gecələri bir tərbiyəli rus ailəsi içində yaşamaq arzu edirəm ki, həm tədrisatımda istədiyim kibi ciddi çalışırım, həm də dörd sənəlik zəhmət və məsaiyi iki sənədə bitirərəm”.
İndi əhalisi rus dilində danışan əski türk torpaqlarına yol alan karvan Cavidi Vladivostoka götürməkdədir.
Bakıdan çıxdıqdan 22 gün sonra gələn ilk məktubu H.Cavidi həmin gün sanki evinə, ailəsinə qaytardı. “Yolunu gözlədiyimiz məktub gəlib çıxdı. Nə qədər sevindik”, – deyə Mişkinaz xanım yazır.
Ömür-gün yoldaşına göndərilən bağlamalar iki tərəfin rahatlıq tapması üçün sevgi mənbəyi idi. Böyük Cavid arxayın idi ki, Mişkinaz başqa tutulanların həyat yoldaşları kimi tutulmayıb, övladlarının başı üstə çinar kimi hər soyuq və bəladan qoruyucudur, Mişkinaz xanım isə həyat yoldaşının sağlığı üçün bağlamalarla birgə dualarını, sevgilərini göndərirdi.
Sonralar yazdığı məktubları daha çox ümidlə dolu idi. Hətta Moskvaya şikayət məktubu yazdığını söyləyir. Məktub Maqadan, yəni “Hamar daban” adlanın qədim türk torpaqlarından göndərilib.
Bu ağır illərdə H.Cavidin köhnə tanışı M.Şahsuvarov adlı bir doktorla birgə sürgün həyatında ona göstərdiyi qayğı kimi əlillər evinə yerləşdirilməsi də məlumdur. Elə bu zamanlarda – 1939-cu ildə yazılan məktubu Mişkinaz xanıma 1940-cı ildə alır.
Digər məktubunun məzmunu hələ ki dahi şairin sağ-salamat olduğundan xəbəb verir:
“Müfəssəl yazın görüm, necə yaşayırsınız. Yazın görüm, mənim barəmdə nəsə bir ərizə vermisinizmi? Yaxınlara, dostlara və qohumlara salam. Yenə öpürəm sizi, H.Cavid.
Xabarovsk vilayəti, Maqadan. Əlillər zonası, 20.06.1940”.
Cavidin son məktubu daha çox ümidlərlə yaşayan, əzizlərinə qovuşmaq üçün daha çox çaba göstərən bir insanın düşüncələridir.
Son məktubunu olduğu kimi oxuculara təqdim edirəm:
“Əzizim Mişkinaz.
Köhnə yerimdə yaşayıram. Sağlamam. Hər ay siz göndərən pulları alıram. Yazdığım kimi, hər ay teleqrafla 50 ya 60 manat göndərin. Bağlama lazım deyil. Ancaq hər yarım aydan bir səhhətiniz haqda məktub yazın. Burda hərdən yüzlərlə dustaq azad edilir, ya da müddətlərini qısaldırlar. Arxayın olun, mənə də növbə çatacaq. Səni, ağıllı, bacarıqlı oğlumu və xüsusən istəkli, mehriban Turancığımı öpürəm. İşlərinizdən yazın. Yenə öpürəm sizi. H.Cavid, 27.05.1941”.
Ziyalılığı, zadəganlığı, istedadı ilə seçilən olmağı onu həm də yaratdığı müqəddəs qəhrəmanı, sərkərdə qəhrəmanı, fateh qəhrəmanı, nəhayət, ən vacibi şair qəhrəmanı kimi, övliya Cavid kimi əbədiləşdirdi. Ölümə məhkumluğunu bilə-bilə can qurtarmaqdan ötrü heç kimə qara yaxmadı. 1939-cu il martın 8-də son olaraq “mən öz ifadələrimə heç nə əlavə etmirəm, bir onu əlavə edirəm ki, əksinqilabçı olmadığım kimi, casusluq işi ilə də məşğul olmamışam”.
Bu fikirlər o dövr eyni maddələrlə həbs olunanların deyə bilmədiklərinin əksəriyyətinin taleyinə aid idi.
Sadəcə, ölümün gözünə dik baxmağı hamı bacarmır, Cavid kimi.
İrkutsk-Ərqurd vilayətinin Tayşet rayonu Şevçenko kəndi yaxınlığında 59 yaşında 59 nömrəli qərib məzarda uyuyan Cavidin ölümünü təsdiq edən aktın nömrəsi də 59-dur.
5 dekabr 1941-ci ildə saat 22.30-da hər iki ayağı donduğundan sepsis olduğu üçün böyük şairimiz gözlərini həyata əbədi olaraq yummuşdu…
1956-cı ildə repressiya qurbanları kimi H.Cavidə də bəraət verildi.
Əsl bəraət, əsl qayıdış 1982-ci ildə Azərbaycan MK birinci katibi H.Əliyevin qərarı ilə H.Cavidin 100 illiyinin keçirilməsi, uzaq Sibirdən məzarının qalıqlarının Azərbaycana gətirilməsi oldu.
Min bir çətinlikdən keçən bu prosesin sonunda Cavidlə birgə o dövr qadağan olunmuş türkçülük, azərbaycançılıq, tərtəmiz ana dilinin dövlət dili olmaq haqqını ulu öndər Heydər Əliyev Azərbaycana qaytardı. Ən nəhayət, H.Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra 2002-ci ildə H.Cavidin 120 illiyi haqqında sərəncam imzalayaraq Naxçıvana köçürülən məzarı üzərində möhtəşəm məqbərə ucaltması onun tarix qarşısında millətinə olan sevgi və ehtiramını əbədiləşdirdi.
Eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin H.Cavidin anadan olmasının 125 illiyi, 130 illiyi və 135 illiyi haqqında sərəncamları H.Cavidə, onun zəngin yaradıcılığına dərin ehtiramın ifadəsidir.
Hünər gələcək nəsillərindir. Gələcək nəsillərin cavidşünasları Anadoludan, Ağrı dağından Altaylara, uzaq Sibirə qədər, eləcə də ruhunun obrazlaşan məkanı Böyük çöllərə, Səmərqənddən Buxaraya, Xarəzmə qədər pərvazlanan Cavid ruhunun xəzinə axtarışına çıxacaqlar. 2013-cü ildən H.Cavidin “Seçilmiş əsərlərini hörmətli Ə.Həsənovun təşəbbüsü ilə “Kaspi” nəşrləri seriyasından çap etdirəndə (tərtibçi Cavidşünas alimimiz A.Turandır) əsas məqsədimiz H.Cavidi bütün türk dünyasına tanıtmaq idi. Bundan əvvəl A.Turan H.Cavidə həsr olunmuş “Cavidnamə” kitabında yazır: “Sən hələ də İstanbuldasan. Bakıya gəlib çatmırsan. Hələ İstanbuldasan. Amma İstanbul səndən xəbərsizdir”.
Elə “Kaspi” Təhsil Şirkəti və “Kaspi” qəzetinin layihəsi əsasında bu nəşrlərlə Cavidi Türkiyə tanımağa başladı. 2013-cü ildən başlayaraq H.Cavid bütün türk dünyasının elm ocaqlarında akademik səviyyədə, universitetlərdə təqdim olundu, məhz bu kitabın qazax, özbək, qırğız, rumın, slovak, serb, fars dillərinə tərcümə olunaraq təqdim olunması, Caviddən xəbərsizlərə onun xəzinəsindən bəhrələnməyə imkan yaratdı. Daşkənddə, Alma-Atıda, Urgəncdə, Türkiyənin İstanbul və Ankara, Əskişəhir universitetlərində, Kıprısın Orta Doğu Universitetinde, Azərbaycan Elmlər Akademiyası Ədəbiyyat İnstitutunda və Xarici Dillər Universitetində mütəfəkkir şairə həsr olunmuş elmi konfranslar bu tanıtımın davamı kimi həyata keçirildi.
SONA VƏLİYEVA
ƏDƏBİYYAT
1. Qasımov Cəlal. Əsrin qiyamət çağı. Bakı, 1997.
2. Məmmədov M. Acı fəryadlar, şirin arzular. Bakı, “Gənclik” nəşriyyatı. 1983.
3. Müasirləri Hüseyn Cavid haqqında. Bakı, “Zərdabi LTD” MMC, 2018, s. 492.
4. Şamilov S. Ədəbiyyatda bolşevizm ideyaları uğrunda. – “Kommunist” qəzeti, 17 mart 1937