usd-1.7000 eur-1.8205 rub-0.0184
Bakı 15°C 3.42 m/s
Son xəbərlər
25-04-2024
24-04-2024
23-04-2024
22-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Şanlı əbədiyyət yolçusu - Şahanə Müşfiq yazır

details

ŞƏHİDLƏR -Qazilər

26.02.2023, 10:59 Oxunub: 1687


                        ŞƏHİD MUXTAR QASIMLININ 30 YAŞINA


Yaşanılan ömür ona görə mənalı olur ki, həsr olunduğu amal məna tərəzisində ağır gəlsin. Bu səbəbdəndir şəhidlərin nakam ömürlərinin min uzun ömürdən mənalı olması. Onları yaşadan Vətən sevdası əbədiliyə açdıqları qapının dəstəyi kimi sığdı ovuclarına... Bir gün Vətən dağına bayraq sancdılar... Bir gün "Zəfər!" deyə hayqırdılar... Bir gün də Vətəni sevdiklərinə, mənsubu olduğu xalqa əmanət eyləyib çıxıb getdilər əbədiyyətə...

Sonra təqvimimiz dəyişdi; işğal tarixləri azadlıq tarixləriylə əvəz olunmağa başladı. Bu tarixləri isə əbədiyyət yolçusu oğullarımıza borclu olduğumuzu unutmadıq. Bu könül borcunun ruhumuzdakı hərarətiylə təqvimlərimizə yeni tarixlər də əlavə etdik: vətən mayası şəhidlərimizin doğulduğu günlər. Bəli, onların şəhadəti təqvimdəki 44-50 günü əhatə edir, doğulduğu günlər isə az qala bütün təqvimi qutsallaşdırır. Belə günlərdən biri də 23 fevraldır, çünki bu, Azərbaycan Ordusunun baş leytenantı, Vətən müharibəmizin qəhrəman şəhidi Muxtar Qasımlının dünyaya gəldiyi gündür.
 
lll
"Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim..."
 
Vətənin könül dolusu "oğul" dediklərindən oldu şəhid Muxtar Qasımlı. Yaşasaydı, bu gün 30 illik yubileyini qeyd edəcəkdi. Amma o, gəlişiylə sadəcə bir ailənin, bir nəslin sevinci olmuşdusa, böyüdükcə layiqli vətəndaş, tanınmış idman ustası kimi bütöv bir ölkənin, şəhadətiylə isə qosqocaman Türk Dünyasının fəxarətinə çevrildi.
Əli və Almaz Qasımovların ailəsində Kənan, Muxtar və Orxan adında üç oğul övladı böyüyürdü. Ailənin ortancıl uşağı olan Muxtar 23 fevral 1993-cü ildə Bakı şəhərində anadan olub. O, hələ altı yaşı tamam olmamışdan, qardaşı Kənanla birgə orta təhsilinə 287 nömrəli Zəkalar liseyində başlasa da, sonradan Bakı şəhəri 318 nömrəli tam orta məktəbə daxil olub. 2009-cu ildə məktəbi bitirib. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakültəsi üzrə bakalavr təhsili alıb. Erkən yaşlarından idmana maraq göstərən Muxtar dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb. 27 oktyabr 2019-cu ildə isə idmançı karyerasının ən böyük uğurunu - fitnes üzrə Azərbaycan çempionu adını qazanır.
Muxtar Qasımlı 2013-cü ildə Gədəbəy rayonunun Şınıx kəndində yerləşən N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçib. Xidmətini davam etdirərkən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə zabitlik kursuna yazılıb. 2014-cü ildə ordu sıralarından ehtiyata buraxılıb.
Bir illik əsgərlik dövründə manqa komandiri olan Muxtarın xidmət etdiyi post cəbhə xəttində düşmənin bir addımlığında yerləşirdi. Buna görə valideynləri çox nigaran və həyəcan içərisində idilər. Çünki onlar övladlarının vətən sevgisini, Qarabağ yanğısını da yaxşı bilirdilər. Əmin idilər ki, əgər bir hadisə baş verərsə, Muxtar ən öndə gedən oğullardan olacaq. Muxtarsa sağ-salamat evinə, ailəsinin yanına qayıdır. O tərxis olunandan sonra xidmət etdiyi posta erməni kəşfiyyatı hücum edib, əl qumbarası atır. Muxtarla eyni dövrdə xidmət edən, ancaq il yarımlıq əsgərlik müddəti olduğundan hələ də tərxis olunmayan üç dostu orada şəhid olur. Bu hadisəylə dərindən sarsılan Muxtar son gününə qədər tez-tez şəhid dostlarının məzarını ziyarət edir, onların qanının yerdə qalmayacağına and içir.
Mülki həyatında müxtəlif yerlərdə mühafizəçi kimi çalışan Muxtar Qasımlı sonradan fitnes müəllimi kimi fəaliyyət göstərir. O, həm də "AzərGold" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı idi.
2020-ci ilin yayında Tovuz döyüşləri zamanı Muxtar Qasımlı hər kəsdən xəbərsiz könüllü olaraq adını orduya yazdırır. 2020-ci ilin sentyabrında təlimlərə çağırılır. Çağırış gələndə işdə vəzifəsinin başında olan Muxtar heç kimə xəbər vermədən, ailəsiylə vidalaşmadan hərbi komissarlığa, oradan da təlimlərin olacağı yerə gedir.
Baş leytenant M.Qasımlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində ən qanlı istiqamətlərdən biri olan Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşır. O, təkcə düşmənlə döyüşməklə qalmır, həm də yaralı və şəhidlərimizi də qaynar nöqtələrdən çıxarır. Hətta bir döyüşdə hər kəsdən gec gələn Muxtarın üst-başı qan olduğundan döyüşçü yoldaşı yaralandığını zənn edir. O isə "yaralanmamışam, yaralı və şəhid qardaşlarımızı çıxarırdım" cavabını verir. Oktyabrın 2-də Füzulinin Qaraxanbəyli kəndi istiqamətindəki döyüşlərdə də igidliklə vuruşan Muxtar yenə də yaralıları çıxarmaq üçün əraziyə girəndə öncə ayağından yaralanır. Sonra isə yaxınlığına düşən mərminin qəlpəsi sinəsinə batır və cəsur idmançımız, vətənpərvər oğul şəhidlik zirvəsinə ucalır. O, Bakı şəhəri Qala qəbiristanlığında dəfn olunub.
Muxtar Əli oğlu Qasımlı şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Beləcə, böyük gələcək vəd edən, Azərbaycan idmanının adını hələ çox yüksəklərə qaldıra biləcək bir igidimiz vətənin çağırışını bütün istiqbalından üstün tutdu və adını ədəbiyyət tariximizə qızıl hərflərlə yazdırdı. Onu sevənlərin və Zəfərini üç min şəhidin canı, qanı bahasına qazanmış xalqımızın tək təsəllisi də məhz budur: bu xalq durduqca qəhrəmanları da yaşayacaq!
Əbədiyyətin mübarək, əziz şəhidimiz Muxtar Qasımlı!

Şahanə MÜŞFİQ

Digər xəbərlər