ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Yarı taxtda, yarı qürbətdə...
TARİX
15.01.2026, 16:39 Oxunub: 55İran tarixində tac qoyan ilk azərbaycanlı qadın - O, Bakı səfəri haqqında nə yazmışdı?
1001info.az Kulis.az-a istinadən Nəriman Əbdülrəhmanlının "Fərəh Diba (Pəhləvi): Yarı taxtda, yarı qürbətdə" yazısını təqdim edir.
***
...Ona münasibət birmənalı deyil: yaşadığı ömrə, qalxdığı ucalığa görə pərəstiş eləyənlər də var, İran şah rejiminin təəssübkeşi sayıb nifrət bəsləyənlər də. Üstəlik, hər iki tərəf də özünü haqlı sayır...
Fransızca yazdığı, “aydınlığın düşmənləri tərəfindən qətlə yetirilənlərin, İranın bütövlüyü naminə həyatlarını itirənlərin xatirəsinə, İran xalqına, uşaqlarına, Şahına olan sevgisinə” həsr elədiyi, türkcəyə çevrilib 2004-cü ildə nəşr olunmuş “Xatirələr: yıxılan rejimin və bitməyən eşqin hekayəti” kitabını oxuyanda ibrətamiz həyatıyla yetərincə tanış oldum...
Kitabı dilimizə çevirməyi qərara alıb qəzetdə hissələr çap etdirdim, sonra Fərəh xanımla elektron poçt əlaqəsi yaratdıq, tam nəşrinə izin, həm də suallarıma cavab istədik. Heç bir ay keçmədi ki, izin də, cavab da gəldi, “Xatirələr” böyük oxucu diqqəti gördü, ayrı-ayrı nəşriyyatlarda dörd dəfə nəşr olundu, mənə müraciət eləyənlərin sayını-hesabını itirdim...
Onda bütün ziddiyyətlərə rəğmən Fərəh xanımın şəxsiyyətinə və keçdiyi ömür yoluna sonsuz marağın hələ də yaşadığının şahidi oldum...
1. Ata nisgili və ümidlə dolu illər
“1939-cu ildə (bioqrafiyasında 1938-ci il oktyabrın 14-də doğulduğu göstərilir) dünyaya gəldim. Tehranın quzeyində, əsrin əvvəllərindən qalmış bağçalı bir evdə yaşayırdıq. Mən o evdə böyümüşəm. Azərbaycanı tanımırdım. Atam bir gün birgə gedəcəyimizə söz verdi, amma ailəsinin yaşadığı yerləri mənə göstərmək ona qismət olmadı; sonrakı il atamı itirdik...”
Azərbaycan türkü olan atası Söhrab Diba İran Ordusunun zabitlərindən idi. Diba (farsca “ipək” mənasını verir) ailəsinin kökləri Azərbaycanda, Xəzər dənizi sahillərində yaşayan Qütbi xanədanına gedib çıxır.
Atasının vəfatından sonra dayısının himayəsində böyüyən Fərəh ibtidai təhsilini tamamlayıb, on yaşında anasının təhsil aldığı Tehrandakı fransız Janna d’Ark məktəbinə gedib. Yaxşı oxumaqla bərabər idmana böyük maraq göstərib, basketbol komandasının kapitanı seçilib, üstəlik, 1954-cü ildə İran Qızlar Atletika çempionatında hündürlüyə tullanma və qaçış növlərində birinci olub. Eyni zamanda da cismani tərbiyəsini mənəvi yetknliyilə tamamlayırdı, olduqca sadə və təbiiydi, nazlanmağı sevməz, dedi-qoduları dinləməzdi. Bir kəs ona yersiz acıqlansa, cavab qaytarmaz, özü gəlib onu danışdırmasa, yaxın qoymazdı.
_1634640982_1768460447.jpg)
Elə o vaxtlarda da 1941-ci ildə atası Rza Şahı taxtdan salıb Cənubi Afrikaya sürgün eləyən, yerinə oturan Məhəmməd Rza Şaha qarşı birləşmiş müxalifətçilər paytaxt Tehranda böyük qarışıqlıq yaratmışdılar. “Kommunistlər, müsəddiqçilər, hətta din adamları Şaha qarşı kinlə dolu şüarlarla küçələri doldurmuşdular. – Fərəh xanım sonralar yazırdı, - Şah da ölkənin xeyrinə olacaq bəzi tədbirlər görmək fikrində deyildi. Ölkədən getməzdən əvvəl Məhəmməd Müsəddiqin yerinə general Fəzlullah Zahidini baş nazir təyin eləmişdi. Ordu general Zahidinin tərəfinə keçdi və Müsəddiqin villasının tankla yerlə-yeksan edilməsi vəziyyətə hakim olmağa başlanmasının ilk əlaməti oldu...”
Məktəbi 1955-ci ildə bitirən Fərəh Diba ali təhsil almaq üçün Parisə üz tutub, Sorbonne universitetinin memarlıq fakültəsinə daxil olub, elə birinci kursda təhsili xərclərini ödəmək üçün burs (güzəşt verən sənəd) almaq qayğısıyla yaşayıb...
2. Qismətinə Şahla tanışlıq düşdü...
Onda artıq 40 yaşlı Şah iki dəfə uğursuz evlilik yaşamışdı...
Misir kralının bacısı Fövziyyə bint Fuadı övladı, Sürəyya İsfəndiyari-Bəxtiyarini isə oğlu (Şahnaz adında bir qızları vardı) olmadığına görə boşamışdı. Mətbuat İran hökmdarının taxt varisi olacaq oğlan uşağının doğulmasını hər şeydən çox istədiyinə və evlənmək üçün münasib qız axtarmağa başladığına işarə vururdu.
Elə o məqamda da Fərəh Diba subay Şahla üz-üzə gəldi: “1959-cu ilin baharında ilk dəfə Şahı yaxından görə bildim. – Kitabında yazır, - Şah general de Qolla rəsmi görüş keçirmək üçün gəlirdi; belə vəziyyətlərdə həmişə olduğu kimi, İran səfiri Fransadakı iranlılardan bəzilərini Şaha təqdim eləmək istəmişdi. Seçilənlərdən biri də məndim...”
Şah o vaxtdan bacısı Əşrəf xanımın tövsiyəsinə görə Fərəh Dibaya diqqət göstərməyə, əsil-nəcabəti, xasiyyətiylə maraqlanmağa başlamışdı. Fərəh təhsilini başa vurub Tehrana qayıdandan, Bastan Arxeoloji Muzeyində işə düzələndən sonra qəbullarda üz-üzə gəlib, dostlaşıb, hovuzda üzüb, maşınla Tehranın ətrafında gəziblər: “Bir dəfə də mənə ilk iki evliliyindən söz açdı. Sonra susdu, əllərimdən tutdu, gözlərimin içinə baxıb: “Mənim arvadım olmağı qəbul eləyərsənmi?” – dedi. “Hə!” Həmin o anda “hə” demişdim, düşünüləsi bir şey yoxdu...”
Beləcə, Fərəh Diba 1959-cu ildə dekabrın 21-də İran şahı Məhəmməd Rza Pəhləviylə ailə qurdu, Pəhləvi xanədanının varislik ümidini doğruldub iki oğul, iki qız - Rza, Fərəhnaz, Əli Rza və Leyla - dünyaya gətirdi, üstəlik də ölkənin idarəsində söz sahiblərindən biri oldu...

3. “Qırmızı və qaranın” ittifaqına qarşı
Ailə qurandan sonra Fərəh xanım Pəhləvi bütün diqqətini sosial fəaliyyətə yönəltdi...
O, qadınların azadlığına, idman və sənət sahələrinin inkişafına üstünlük verdi, təhsil, sağlamlıq, mədəniyyət və yardım yönümlü iyirmi dörd dərnəyə rəhbərlik elədi. Sənətə olan meylinin İrandakı mədəni mühitin canlanmasına böyük təsiri oldu. İranlı gənc sənətçiləri dəstəkləməsi qədim ənənəvi sənətlər və memarlıqla bağlı muzeylərin açılmasına təkan verdi.
Amma İranın yenilənmə cəhdləri dərhal şiddətli müqavimətlə üzləşdi. “...Ruhani sinfinin bəzi mənsublarının lap ilk aylardan etibarən, bir çox formada xalqı ayağa qaldırmaq üçün çağırışlar edirdilər. Ən çox müqavimət göstərən din adamları hələ şahlıq rejimini devirmək üçün fəaliyyət göstərən kommunistlərdən kömək gördülər. Şah bunu “Qırmızı və qaranın lənətə gəlmiş ittifaqı” adlandırırdı...”
1963-cü il yanvarın 27-də keçirilən referendumda iranlılar “Ağ İnqilab”ın təməl prinsiplərinin hamısına birgə səs verdilər. Bu məqamda da dinçi-kommunist ittifaqı özünün iç üzünü göstərdi, məktub yazıb Şahdan və hökumətdən “dindən uzaqlaşmamağı” tələb elədilər. 1963-cü il martın 21-də yeni il münasibətiylə polis Qum şəhərindəki qarışıqlıqları yatırtmaq üçün müdaxilə eləməyə məcbur oldu. Şah qan axmasından qorxurdu, amma qətiyyətliydi.
“...Onlar qəfil peyda oldular, xüsusilə, ən qızğını olan Ruhulla Xomeyni... ağzı köpüklənə-köpüklənə, “ölkənin qərbləşdirilməsi” adlandırdığı irəliləmə və dünyaya açılma cəhdlərinə qarşı çıxırdı. İyun ayının başlanğıcında qarışıqlıqlar artdı. Məşhəd şəhərində bir polis vuruldu. Xüsusilə, Tehranda və Şirazda asilər sənaye müəssisələrini yandırıb, çoxlu mağazaları taladılar. Bunun müqabilində hökumət Xomeynini həbs eləməyi qərara aldı...
Xalqı daha da qızışdırmaq üçün Ruhulla Xomeyninin edam cəzasına məhkum ediləcəyi barədə şayiələr yayılırdı. Baş nazir onun edam cəzası almasa da, qətiyyətlə məhkum olunmasına tərəfdarıydı. SAVAK (ölkənin Müdafiə və Təhlükəsizlik Qurumu) naziri general Həsən Pakravan şəxsən Şahdan Xomeyninin bağışlanmasını xahiş elədi.
Ruhulla Xomeyni Türkiyəyə sürgün olundu, sonralar Şahdan izin alıb İraqda məskunlaşdı, monarxiya rejimini təməlindən yıxmaq üçün cəhdlərini davam etdirdi...
4. İran tarixində tac qoyan ilk qadın
Məhəmməd Rza Şah ölkədə nisbi sakitlik yaradandan sonra tacqoyma mərasimi təşkil eləməyi, üstəlik də Fərəh xanımın tacqoymasını eləmişdi.
Perslərin tarixində heç bir qadına belə böyük etibar göstərilməmişdi. Şah qərarını xalqa belə açıqladı: “Şahbanu son illərdə xalqı uçun o qədər əhəmiyyətli rol oynadı, mənim üçün elə böyük dəstək oldu, vəzifəsini elə şövq və vurğunluqla yerinə yetirdi ki, bu etibara haqqı artıqlamasıyla çatır. Bəli, o yorulmaq bilmədən, qadın-kişi, hamımız üçün çox işlər gördü və görməyə davam eləyəcək, çünki hələ yerinə yetirməli olduğumuz çox şeylər var…”
Şahbanu Fərəh “Xatirələr”ində o məqamı işıqlı boyalarla xatırlayır: “Üçüncü uşağımız Əli Rzanın 1966-cı ilin yazında doğulması gözlənilirdi, ona görə də tacqoyma mərasiminin Şahın doğum günü olan 1967-ci il oktyabrın 26-da həyata keçirilməsi qət edildi. Beləliklə, Şah eyni gündə 48-ci doğum gününü də bayram eləyəcəkdi...”
Dəbdəbəli mərasimlə gerçəkləşdirilən o mərasimlə Fərəh xanıma həm də taxt-tacın qəyyumu səlahiyyəti verilmişdi: Şahın başına bir iş gəlsəydi, varis 20 yaşına çatanadək ölkəni o idarə eləyəcəkdi. Bu da İran tarixində görünməmiş hadisəydi.

Şahbanu olduğu müddətdə Fərəh xanımın qapısı taybatay açığıydı; o, ölkənin gündəmindəki başlıca sosial və mədəni problemləri müəyyənləşdirdi, səhiyyə, təhsil, gigiyena və mədəniyyət sahələrində dərnəklərin təşkil olunmasına təkan verdi, həm də ideoloji maneələri aradan qaldırmaq üçün müəyyən işlər gördü. Fərqli sol görüşlərə yaxın yazıçılar balaca quşların igidlik və cəsurluqla davam etdirdikləri mübarizə nəticəsində son dərəcə pis ürəkli aslandan xilas olduqları barədə eyhamlarla dolu əsərlər yazırdılar Nəşriyyat Komitəsi kommunistlərin öz fikirlərini aşılamaq barəsindəki maraqlarını bildiyimiz üçün o mətnləri çap eləməkdə tərəddüd keçirir, axırda Fərəh xanıma üz tuturdu. O, söz azadlığının tərəfdarıydı, üstəlik, belə bir kitabın çapının rədd edilməsinin alver mövzusu olacağını bilirdi.
“Çox açıq mesaj verən “Kiçik qara balıq” (mərhum yazıçı Səməd Behrənginin əsəri) adlı kitabla belə bir vəziyyət yarandı. Böyük inadla, dayanmadan axına qarşı üzməyə cəhd göstərən kiçik balığın hekayətiydi bu. Verilən mesajı dəstəkləmək kimi başa düşüləcəyi üçün çap eləməkdə tərəddüd keçirən komissiya axırda səs verdi və kitab çap olundu. Amma çapdan əvvəl baş verən mübahisələr, tərəddüdlər üzə çıxdı, həmin o kiçik qara balıq müqavimətin ən böyük qəhrəmanlıqlarını əks etdirən rəmz vəzifəsini yerinə yetirdi. O, Şaha və rejiminə qarşı olanlarla qaynayıb-qarışmışdı artıq. O qədər yaxınlaşmışdılar ki, kitabın müəllifi öləndə, gizli polis tərəfindən öldürüldüyü barədə şaiyələr yayıldı. Həmin balıq yarandığı gündən özbaşına buraxılsaydı, onun mübaliğəsiz zorla qazandırılan bu uğuru əldə eləməsi mümkün olmayacaqdı...”
Amma Fərəh Pəhləvi pers xanədanına mənsub olan Şahbanuydu, xanədanın və monarxiya rejiminin təməl prinsiplərindən kənara çıxmaq iqtidarında deyildi...
5. Azərbaycana məhrəm duyğular və...
Fərəh Pəhləvi Azərbaycan türkü, atasının əslən Azərbaycanın Naxçıvan bölgəsindən olduğunu heç vaxt danmayıb, bu barədə “Xatirələr”ində də xeyli məhrəm duyğular var.
“…Əvvəl Qacar xanədanı dövründə sarayda çalışmış, sonra Rza şaha xidmət eləmiş Azərbaycanlı ailəsinə mənsub olan atamın atası da fransızca və rusca danışan diplomatmış. Atam on iki yaşındaykən kiçik qardaşı Bəhramla Sankt-Peterburqdakı hərbi məktəbə göndərilib. On altı yaşında olanda, 1917-ci ildə bolşevik inqilabı baş verib, onlar da səfirimizin köməyilə qaça biliblər. Daha sonra atam Fransaya gedib litsey təhsilini tamamlayır, hüquq təhsili almağa başlayır və Sent-Ceyrdəki hərbi məktəbə qəbul edilir. Anama gəlincə, onun kökü Xəzər dənizinin sahilində yerləşən Gilan şəhərindəndi. Anam çox sayılan sufi Qütbəddin Məhəmməd Gilaninin soyundan gəlirdi...”
Bununla belə, o, kiçik yaşlarından dayısının himayəsində böyümüşdü, buna görə də pers xanədanına bəslədiyi sevgi və heyranlıq təbii idi.
1940-cı illərdə SSRİ-İran münasibətləri zəminində Güney Azərbaycanda baş verən hadisələrə münasibəti də məhz kommunistlərə nifrətindən qaynaqlanır: “Kiçik olmağıma baxmayaraq, hadisələrdən çox təsirlənməyimin səbəbi atamın azərbaycanlı olmasıydı. Orada yaşayan əmilərim və bibilərim dərhal ölkədən çıxarılmışdılar. Güneydə ingilis, quzeydə sovet qoşunlarının işğalı altında olan İran ancaq sülhdən sonra azadlığına qovuşa bildi... 1942-ci ildə qurulan Kommunist Tudə Partiyası sovetlərin mövcudluğundan istifadə eləyib, xüsusilə, Azərbaycanda çox böyümüşdü. Azərbaycan Demokratik Partiyasının lideri kommunist Cəfər Pişəvəri artıq Azərbaycanın müstəqilliyini tələbi irəli sürürdü. Sovet İttifaqı da bölgənin öz ağuşuna düşməsini gözləyirdi. Dahi diplomat olan baş nazirimiz Qəvam-üs-Səltənənin (Cənubi Azərbaycanın müstəqilliyinin boğulmasında başlıca şəxs olub) rəhbərlik elədiyi Tehran hökuməti xarici ölkələrin də dəstəyilə Stalini öz imzasına hörmət eləmək zorunda qoydu və nəhayət, 1946-cı il mayın 10-da sovet qoşunlarına İrandan çıxmaq əmri verildi. Amma müstəqilliyini elan eləmiş Azərbaycanda hələ Tudə Partiyasına mənsub olan üsyançıların işğalı sürürdü. Qayda-qanunu bərpa eləmək üçün İran Ordusu Azərbaycana girdi və axırda, 1946-cı il dekabrın 12-də paytaxt Təbriz azad olundu...”
O, uşaqlıqda həmişə Azərbaycanı, Təbrizi görmək istədiyini, orda əmisi Mənuçöhrün qonağı olduğunu, Şahbanu məqamında Azərbaycan əyalətini gəzən vaxt qarşılaşdığı sevgini də qələmə alıb, 1970-ci ildə Moskvaya səfəri zamanı respublika Ali Sovetinin dəvətilə yolüstü Bakıda dayandığını da kədərqarışıq duyğuyla xatırlayır: “Azərbaycanlılar... atamın kökünün bu bölgədən olduğunu bilirdilər, belə vəziyyətin aramızda yaxınlıq yaratdığını hiss eləyirdim. Küçədəki adamların bizə qarşı böyük maraq duyduqlarını... başa düşürdük. Sovet rəhbərlərininsə xalqla ünsiyyətdə olmağımızın, qeyri-rəsmi görüş keçirməyimizin qarşısını almaq istədikləri açıqca görünürdü. Təhlükəsizliyimizi bəhanə gətirib bir az şübhə oyandıran təlaşla bizi xalqdan ayırdılar...”

Həmin səfər zamanı Şahbanu anası Fəridə Diba ilə Ali Sovetin o vaxtkı sədri Qurban Xəlilovun qəbulunda olub, Tarix və İncəsənət muzeylərini gəzib. O məqamlarla bağlı çəkilmiş kinosüjet hələ də tarixin yaddaşında qalır...
6. Şahbanunun şahanə kədəri
1978-ci ildə başlayan hadisələr Pəhləvi xanədanının da, üstəlik, milyonlarla iranlının da taleyini dəyişdi...
Ayətullah Ruhulla Xomeneyi artıq İranda planlaşdırılan çevrilişə Fransadan (taleyin işinə bax ki, Şah və Şahbanunun ilk dəfə üz-üzə gəldikləri yerdən) rəhbərlik eləyirdi, Paris qərargahından xalqı mülki itaətsizliyə və başlıca tətillərə çağırmağa başlamışdı. O ilin payızında ölkəni tətillər, mitinqlər dalğası bürümüşdü.
Nəticədə əsgərlər və polislər hadisələri cilovlaya bilmədilər, asilər qabaqlarına çıxan hər şeyi - kino-teatrları, bankları, dövlət təşkilatlarını - taladılar, İnformasiya Nazirliyinə, İngiltərə səfirliyinə od vurdular, ABŞ səfirliyi eyni taleyi bölüşməkdən güclə qurtuldu.
İmam Hüseynin qətlə yetirilməsinin ildönümü olan 10 və 11 dekabrda isə Ayətullah Xomeyni Tasua və Aşura günləri münasibətilə hamını nümayişlər keçirməyə çağırdı. Şahbanunun məsləhətilə Şah hökumət qurmağı Millətçi Cəbhənin lideri, müxalifətin konstitusiyaya sadiq hissəsinin təmsilçisi olan Şahpur Bəxtiyara tapşırması da vəziyyəti sabitləşdirə bilmədi. Üstəlik, aralarında Amerika və İngiltərə səfirlərinin də olduğu bəzi adamlar aranın sakitləşməsinə köməyi dəyəcəyini irəli sürüb, Şahın bir müddətə İranı tərk eləməsi üçün təzyiq göstərirdilər. Ordu rəhbərliyi, hökumət başçısı Şapur Bəxtiyar da eyni fikirdəydi.
Artıq başqa çıxış yolunun qalmadığını görən Şah və Şahbanu təklifi qəbul elədilər.“...Yavaş-yavaş Saray əhlinə böyük mənəvi çöküntü hakim olmağa başladı. Adamlar gəlib-getməyə davam eləyirdilər, amma robot kimiydilər. Bəzən aralarından bir nəfərin səssizcə ağladığını görürdüm. Onlara geri qayıdacağımızı söyləyirdim, buna onlar kimi biz də inanmaq istəyirdik, ancaq əslində, eyni soyuq hava ürəyimizi dondururdu. Tarix bizi hansı aqibətə sürükləyirdi?..”

Həmin məqamda bəzi zabitlər onlar yenidən asayişi bərpa eləyənədək hökmdarın Kiş adasına getməsiylə bağlı təklif irəli sürsələr də, o, Misir prezidenti Ənvər Sədatın onları rəsmi səfər üçün dəvət göndərməsindən istifadə eləməyi qərara aldılar. Şahbanu ölkədə qalmaq, siyasətə qarışmamaq, Şahın dönüşünü gözləmək istədiyini bildirsə də, artıq xəstəliyi şiddətlənmiş, mənəvi cəhətdən sınmış əri razılıq vermədi.
“...Bomboş səmaya qalxdıq. Hər şeyi itirməyin qorxusu qəlbimi qorxunc şəkildə parçalayırdı. Uşaqlarım, dostlarım, ölkəm... ürəyim param-parçaydı! Bu sonu bilinməyən səfərə çıxmaqdansa, yurdumda ölməyi üstün tutardım. Sonu bilinməyən bu səfər bizi hara aparacaq? Qəlbim bu qədər parçalanmışdısa, bundan sonra necə yaşayacaq, təpərli olacaqdım?”
7. Sonu görünməyən mühacirət
Vətən, taxt-tac itkisindən sonra sərgərdan həyat sürən Pəhləvi ailəsinə ən isti münasibəti Misir prezidenti Ənvər Sədat və arvadı Cahan Sədat göstərdi...
Şah 1980-cı il iyulun 27-də vəfat eləyəndə 40 yaşını yenicə ötmüş Fərəh xanım da övladları da Qahirədəydilər: “İndi gecəni Qübbə Sarayında keçirən iki kiçik övladıma – Leyla və Əli Rzaya ölüm xəbərini vermək lazım idi. Dayəsinin dediyinə görə, Leyla sanki bir şey sezibmiş kimi, bir-birini yaxşı başa düşdüyü Əli Rzanın otağına gedib... O axşam gecəni tək keçirəcək qədər güclü olmadığımı sezib uşaqları yanıma çağırdım. Rza, Fərəhnaz, Leyla dərhal gəldilər, Əli Rzasa dərdiylə baş-başa qalmaq istədi. Yataqları yerə saldıq, bir-birimizə möhkəm sarılıb yuxuya getdik... Əl-Rifan məscidində Şahın nəşi zirzəmidəki xüsusi məzara endirildi...”
Bir neçə ay sonra böyük oğul Məhəmməd Rza iyirmi yaşına girib rəsmən (əslində, rəmzi olaraq) taxta çıxdı. Sonra Fərəhnaz, Əli Rza və Leyla ABŞ-ın Texas ştatındakı Lübak şəhərində hərbi təyyarəçilik məktəbində oxuyan Məhəmməd Rzanın yanına gedib yataqxanada yerləşdilər.
Onda Əli Rzanın cəmi 12 yaşı vardı, yeniyetmənin formalaşmaqda olan aləmi qəfildən dağılmışdı. Elə o vaxtdan da daim qüssəli, adamayovuşmaz, kədərli yeniyetməyə çevrilmişdi. Eyni duyğulara qapılan 9 yaşlı Leyla da belə ruhi vəziyyətə çox tab gətirə bilmədi.
ABŞ-a köçəndən sonra Şahbanu Fərəh xanım dərdinə üstün gəlməyə, gələcəyə ümidlə baxmağa çalışa-çalışa uşaqlarını məktəbə düzəltmişdi. 1986-cı ildə Məhəmməd Rza mühacir ailənin qızı Yasəmən Etimad-Aminiylə ailə qurmuş, iki qız atası olmuşdu. Əli Rza dövlət məktəbini bitirmiş, Prinston universitetində bakalavr, Kolumbiya universitetində magistr dərəcələri almışdı, Harvard universitetində qədim İran və fars ədəbiyyatını öyrənirdi. Qardaşından fərqli, siyasətə qarışmır, mətbuatdan qaçırdı. 44 yaşınacan subay qalması da təbiətindəki qapalılıqla bağlıydı. Kolumbiya universitetində psixologiyanı öyrənən Fərəhnaz Nyu-Yorkda məskunlaşmışdı. Xüsusi məktəbdə farscanı öyrənən Leylasa Qrinviç şəhərində anasıyla yaşayırdı.

Şahbanu Fərəh xanımsa dünyanın nüfuzlu siyasi xadimləriylə əlaqə saxlayar, xanədanın taleyinə aydınlıq gətirməyə çalışırdı. Amma bu ümidləri ildən-ilə zəifləyirdi. Ona görə də Nyu-Yorkda büro yaradıb ictimai fəaliyyətlə məşğul olmaq qərarına gəldi.
2001-ci il iyunun 10-da Leyla depressiyalardan qurtulmaq üçün getdiyi Londondakı mehmanxanaların birində qədərindən çox kokain qəbul eləyib həyatla vidalaşmışdı. Fərəh xanım həmin vaxt anasını yenicə itirib Parisdə dəfn eləmişdi. Ondan ötrü ən əzablı şey Leylanın ölüm xəbərini o biri övladlarına çatdırmaqdı: “Əli Rzanı tapanda yolda maşınla gedirdi. Ondan maşını saxlamasını istədim, keçirəcəyi şokdan qəfil yoldan çıxıb qəza törətməsindən qorxurdum...”
Şahbanunun qorxduğu artıq olmuşdu, Əli Rza “yoldan çıxmışdı”, qəzanısa bacısının intiharından təxminən 10 il sonra 2011-ci il yanvarın 4-də törətdi...
Şahbanu Fərəh Pəhləvisə, ola bilsin, bu kədərli məqamlarda Füruğ Fərruxzadın şeirindən “Xatirələr”inə epiqraf gətirdiyi misranı xatırlayır: “Son uçuşu xatırla... Quş ölümlüdü...”
***

Kim nə deyir-desin, Şahbanu Fərəh Pəhləvi XX yüzilin ən görkəmli qadın şəxsiyyətləri arasında ilk sıralarda durur....
Vaxtilə Jaklin Kennedi, Merilin Monro, Elizabet Teylor... kimi ünlülərin meydan suladığı dövrdə Fransa prezidenti Şarl de Qol onu “dünyanın ən gözəl və ağıllı qadını” adlandırmışdı...
Onun “yıxılan rejimin və bitməyən eşqin” ağrılarına mətanətlə tab gətirməyə də gücü çatdı...
2024, may
Digər xəbərlər