usd-1.7000 eur-1.7938 rub-1.6915
Bakı 14°C 7.53 m/s
Son xəbərlər
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Ömrü söz uğrunda girov qoyan şair - Məmməd Aslan 
YAZARLAR
02 Aprel 2022 | 23:24

Ömrü söz uğrunda girov qoyan şair - Məmməd Aslan 

Məmməd Aslan 

Şeirin nə olduğunu anlayandan onun yaradıcılığının vurğunuyam. "Dağ ürəyi" adlı ilk kitabına əlim yetəndə cəmi 12 yaşım vardı. Pasport boyda bu kitab onun böyük ədəbiyyata gəlişi üçün, doğrudan, pasport rolu oynayıb.

 

İzzəddin Həsənoğlu ana dilimizdə yazdığı, bizə gəlib çatan üç və farsca qələmə aldığı bir qəzəli ilə ədəbiyyat tarixinə düşüb. Məmməd Aslan isə başqa heç nə yazmasaydı belə, ikicə misralıq "Vətən və biz" adlı şeiri ilə özünə tarixdə yer tutardı:

Vətən - gözdü, biz kirpik,

Gözümüzün keşiyini çəkirik!

...Universitetdə oxuyarkən "Müasir Azərbaycan dili" müəllimimiz, Mirzə Ələkbər Sabirin nəvəsi, mərhum Qasım Həsənov poetik nümunələr əsasında kurs işi yazmağı tapşırmışdı. Mən şipşirin bədii dili olan Məmməd Aslanı seçdim və onun o vaxta qədər dərc olunmuş "Dağ ürəyi", "Səsimə səs ver", eləcə də "Ürək möhlət verəydi" kitablarını götürüb sevə-sevə təhlil elədim. Kurs işim, sözsüz ki, bəyənildi. Heyif ki, surəti özümdə qalmayıb, amma təsəllini bir ondan tapıram ki, böyük şairin yaradıcılığına sevgim özünə ürəyimdə həmişəlik yurd salıb. Şairin ilk kitabındakı ilk şeirinin ilk bəndi isə belə idi:

 

Əlvan gül dənizi, çiçək dənizi,

Ətirli dalğalar dizimdən mənim.

Getməz bu dağların göyçək dənizi

Ürəyimdən mənim, gözümdən mənim.

Şəxsi kitabxanamda müasirlərimizdən ən çox əsəri olan müəllif məhz Məmməd Aslandır. Onun yuxarıda adlarını çəkdiyim kitablarından başqa, "Durnalar lələk salır", "Dəvə niyə gövşəyir", "Ərzurumun gədiyinə varanda", "Ömrün yarı yaşında", "Allahın rəsulu", "Bir sultan yaşardı Sultantəpədə" adlı kitabları, "Varlıqla yoxluq arasında" ikicildliyi, həmçinin türkcədən "Yunus İmrə, Aşıq Veysəl - iki zirvə" adlı uyğunlaşdırma toplusunu dönə-dönə və heyranlıqla oxumuşam. Əlli il olar ki, tək mən yox, bütün oxucuları onun yaradıcılıq örnəklərini təşnə-təşnə axtarıb tapır və sevə-sevə oxuyub, könüllərinə köçürürlər.

Türk dünyasının tanınmış ziyalısı, Əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli Məmməd Aslan ömrü boyu imzasının şərəfini layiqincə qoruyub, istər poeziyası, istərsə də publisistikası ilə örnək olub. "Böyük vətənpərvər şair", "təbiət şairi", "gözəllik aşiqi", "haqq-ədalət carçısı" - bu təyinlərin hər biri onun adına yaraşır. Hansı mövzuda şeirini oxusan, kamil bir qələmin məhsulu olduğunu görürsən. Dostlarından biri demişkən, Məmməd Aslanın sözləri gəlib-keçən deyil, dəlib keçən sözlərdir. O, dilimizin saflığını, şirinliyini qoruyub, dərin qatlarını açıb, sevdirib, ədəbiyyatımıza əvəzsiz incilər bəxş eləyib, bədii publisistikamıza yeni ruh gətirib, telejurnalistikada öz cığırını açıb və milyonların sevimlisinə çevrilib.

Səpib göyərdərəm sözü-kəlməni,

Ayrı sənətim yox, ayrı işim yox...

Tanıtsa, bir misram tanıdar məni,

Ayrı sənədim yox, arayışım yox!..

 

Sözlər közərdimi, qəlbim yanacaq,

İsidər ruhumu bu od, bu ocaq.

Mənim ov silahım dilimdir ancaq,

Ayrı sapandım yox, ayrı daşım yox!

 

...Ömrü söz uğrunda girov qoymuşam,

Ayrı ürəyim yox, ayrı başım yox!

 

Onun haqqında bir çox şair və alimlər ən yüksək sözlər deyiblər. Hələ 70-ci illərin ortalarında böyük şairimiz Məmməd Araz gənc adaşı və qələmdaşının şeirlərini rəğbətlə qarşılamış, onun yaradıcılığını yüksək dəyərləndirmişdi. Böyük mütəfəkkir Bəxtiyar Vahabzadə bir dəfə M.Aslana deyib ki, adətən, folkloru bilənlər Füzulini, Füzulini bilənlərsə folkloru bilmir. Sən xoşbəxtsən ki, ikisini də bilirsən.

Xalq şairi Sabir Rüstəmxanlı onu tələbəlik illərindən tanıdığını və uzun illər dostluq etdiklərini söyləyir. "Kəlbəcərin bütün təbiət gözəllikləri onun şeirlərində əks olunmuşdu. Kəlbəcərdə Aşıq Şəmşirin, Məmməd Aslanın şeirlərini dinləmişik, oradan Göyçəyə keçib getdiyimizi, Aşıq Ələsgərin yurdunu gəzdiyimizi xatırlayıram. Şeir bayramlarımız olmuşdu. Sonra Kəlbəcər düşmən işğalında qaldı. Biz ondan sonra Yardımlıya bərabər getdik. Məmməd Aslan Kəlbəcər dağlarında itirdiklərini Yardımlı dağlarında tapırdı. Son dərəcə zövqü gözəl söz adamı idi. Qələm dostum Azərbaycanın böyük şairlərindən biri, mükəmməl qələm sahibi idi. Onun publisistikası da, uşaq şeirləri də - qələmindən nə çıxırdısa, hamısı dəyərli idi. Azərbaycan türkcəsini onun qədər mükəmməl bilən ikinci adam tapmaq çətin idi. Onun televiziyada hazırladığı uşaq verilişləri bütün evlərdə sevilirdi". 

Ustadın mənimlə də Kəlbəcər-Yardımlı eyniliyi barədə söhbəti olmuşdu. Bir dəfə dedi ki, ay Əli, bilirsən ki, Kəlbəcəri itirəndən sonra meylimi onun təbiətini çox xatırladan bölgələrə, o cümlədən də sənin ata yurdun Yardımlıya salmışam. İlin hər fəslində oralara gedib yurd həsrətimi ovutmağa çalışıram. Bu barədə şeirlərim də var, amma "Yardımlı" sözünə qafiyə tapmaq çətindir.

Mən cavabında: -İstəsən, taparsan, -dedim. Bir neçə gündən sonra isə şairə yazdığım bir şeiri ona oxudum:

 

Məmməd Aslan, imtahana çəkmə gəl məni,

Yardımlıya həmqafiyə sözmü qəhətdi?

Sən ki, səpib göyərdənsən sözü-kəlməni,

Xeyir ola, odmu sönüb, közmü qəhətdi?..

 

...Dönə-dönə öpmək üçün çiçəkli yazı

Pərvazlanıb uçsan yenə Yardımlıya sən,

Bədahətən yüz qafiyə deyərsən azı

Gül içində addımlaya-addımlaya sən.

 

Buludu gah ağa çalar, gah da maviyə,

Zər qarışar sularının hər damlasına.

Olmasa da, yoxdan  yarat, üç-dörd qafiyə

Tapılmazmı könlümüzün Yardımlısına?

 

-Yəqin, od sönüb, köz qəhətə çıxıb, -dedi. -Amma çalışıb sənin cavabını verərəm.

Heyif ki, odusönməz, közüitməz şairin cavabını gözləyə-gözləyə qaldım. Olsun ki, söhbətimizi unutmuşdu. Ya da mənim "Yardımlı"ya tapdığım qafiyələrin köklü deyil, qulaq qafiyələri olması onu qane etməmişdi. Çünki belə qafiyələri şair zarafatla "cığallıq" adlandırardı.   

Məmməd Aslanla keçirilən görüşlərdə, bir qayda olaraq, oturmağa boş yer tapılmazdı. Ayaq üstdə duranlar da tədbiri sonadək yorulmadan izləyərdilər. Belə tədbirlərdən birini yaxşı xatırlayıram. Gəncliyə Yardım Fondunda 70 yaşlı şairin iştirakı ilə irfan məclisi düzənlənmişdi. Bu barədə "Xalq qəzeti"nə yazmışdım. Məncə, xatırlamağa dəyər: "Məclisə toplaşanlar onun sayəsində düz üç saat başabaş sözün sehrində qaldılar, şeirin oduna qızındılar, ana dilimizin şəhdinə-şəkərinə bir daha qaynayıb-qarışdılar.

Bəs niyə irfan məclisi? Çünki irfan idrakdır, mərifət elmidir, təsəvvüfdə Haqqa tapınıb nurlanmaq, varlanmaq, dolulaşmaqdır! Bütün bunları Məmməd Aslan kimi pir kişilərdən, pak söz-sənət azmanlarından da öyrənməyib, kimdən öyrənəcəyik?

Məclisin aparıcısı, mərhum Xalq şairi Zəlimxan Yaqub ön sözündə dedi ki, Məmməd Aslan şüurlu həyatını irfani ədəbiyyatın yaranmasına, türk-turan düşüncəsi, ədəb-ərkan örnəklərinin araya-ərsəyə gəlməsinə həsr edən qüdrətli qələm sahiblərindəndir. O, "sərt qayalı söz dağını misra-misra çapan", Kərəmdən sonra Ərzurumun gədiyinə varan və bizi oğuz-türk şeirinin izlərinə aparan ünlü şairimizdir. Zəlimxan Yaqub Məmməd Aslandan əzbər söylədiyi şeir parçaları ilə məclisə cazibəli bir ovqat gətirdi. Birgə gənclik illəri, Kəlbəcər və ağdabanlı Aşıq Şəmşirlə bağlı maraqlı xatirələr danışdı. Bir xatirə cığırında isə Məmməd Aslan ərklə onu saxlayıb: -Qoy, orasını mən söyləyim, - dedi və közü öz "maşa"sı ilə qarışdıraraq ortaya dadlı-duzlu bir əhvalat çıxartdı. Məmməd Aslanın haqqında çəkilmiş sənədli filmdən fraqmentlər böyük maraqla seyr edildi. Gəncliyə Yardım Fondunun təmsilçisi Ali Çinar çıxışında: -Mehmet Aslan xocamız dövrümüzün önəmli yazarlarından biri kimi Türkiyədə də çox sevilir, - dedi və onun şeirlərindən bəzi örnəkləri şirin Anadolu ləhcəsində təqdim elədi. Sonra şairin Türkiyədəki dostlarının təbrik teleqramları oxundu. Onlar şairə ən xoş arzularını bildirir, yaradıcılığını bundan sonra da eyni ilhamla, eyni iman vəcdi ilə davam etdirməsini diləyirdilər.

Şairin alim dostu və eloğlusu Şahlar Əsgərov dedi ki, Məmməd yeniyetmə vaxtı rəssam olmaq istəyib. Hətta bu məqsədlə Bakıya rəssamlıq texnikumuna oxumağa da gəlib. Amma orada yataqxana şəraiti olmadığı üçün Kəlbəcərə qayıdıb və orta təhsilini davam etdirib. Belə çıxır ki, biz onun timsalında bir rəssam itirmişik... və nə yaxşı ki, əvəzində qələmi ilə gözəl təbiət təsvirləri çəkən, insan duyğularının minbir rəngini ustalıqla vərəqlərə köçürən, ecazkar söz tabloları yaradan bir şair qazanmışıq! Özü bu barədə deyir ki, uşaq yaşlarından rəssamlığı da, şairliyi də bahardan, bənövşədən öyrənib".

Böyük şairin qəlbi türk ellərinə, illah da ki, qardaş Türkiyəyə hədsiz sevgiylə döyünürdü. Özündən eşitməmişəm, amma yaxınları söyləyirlər ki, 1983-cü ildə Türkiyədə olanda orada bir həftə də artıq qalmaq üçün (Moskva vardı, axı...) hətta kor bağırsağını əməliyyat elətdiribmiş. Necə deyərlər, canından can verərək İstanbulu, Ankaranı, Ərzurumu, Qarsı, Bolunu, Ədirnəni, Sivası, Adabazarını doyunca gəzə bilib və dillər əzbəri olan şeirlərini yaradıb. Həmin silsilədən "Adalarda bir gün", "Saz və qılınc", "Ağrı dağı ilə görüş", "Sultan Əhməd camesi", "Adalardan bir qız gəlir bizlərə", "Azər-Baycan", "Təbrizə çatmağa nə yol qaldı ki..." və sair şeirləri növbəti kitabında bir sapa düzülüb. Bu misraları isə 2011-ci ildə cənub səfərindən sonra qələmə alıb:

 

Türkün varlığında kökü var onun!

İrfan gülzarında ləki var onun!

Gedirəm: qəlbimdə nə ki var - onun!

Başqa nə xatirə qoyum Təbrizdə?!

 

Onun tərifində susmaz ozanam!

Ruhumun pərvazı, mənim öz anam!

Vəslindən doymayan Məmməd Aslanam,

Kəsilməz harayım-hayım Təbrizdə!

 

Məmməd Aslan bir ziyalı kimi cəsarətli addımları, haqqı nahaqqa verməməyi ilə də daim seçilib.   Azərbaycan mədəniyyəti və ədəbiyyatının böyük qayğıkeşi, təəssübkeşi olmuş Heydər Əliyev 1991-ci ildə hakimiyyətdə olmadığı zaman yazıçıların məlum qurultayında qonaq kimi salonun bir tərəfində əyləşmişdi. Hamıdan fərqli olaraq, dərhal bunun fərqinə varan Məmməd Aslan heç kimdən və heç nədən çəkinmədən səsini ucaldaraq: "Təklif edirik, Heydər Əliyev rəyasət heyətinə dəvət olunsun", - deyib. Salondakılar onun cəsarətinə heyrət edərək gur əl çalıblar. Ulu öndərsə razı olmayaraq: "Bilirsiniz, mən həmişə, o keçmiş vaxtlarda yuxarıda oturub aşağıya baxmışam, indi isə icazə verin, aşağıdan yuxarı baxım"- deyə cavab verib.

Sonrakı qurultayda artıq ölkə Prezidenti kimi iştirak edən ümummilli lider fasilə zamanı yazıçılarla söhbətində Məmməd Aslanın həmin çıxışını xatırlayıb və "tariximizin heç bir səhifəsini unutmaq olmaz", - deyib.

Fəxr edirəm ki, bəxtimə Məmməd Aslanla illərcə sıx ünsiyyətdə olmaq düşüb. Neçə-neçə kitabını avtoqrafla mənə təqdim eləyib. Hər birində də bir özəl cümlə yazırdı. Məsələn, "Bayatı rüzgarı" adlı bədii tədqiqat əsərinin avtoqrafını belə yazmışdı: "Əli Nəcibxanlıya dünyanın ən qiymətli xatirəsi. Hörmət və sayğılarımla, Məmməd Aslan. 11.04. 2010". Onun bu cür ad yaraşdırmaları o qədər olub ki... Birlikdə keçirdiyimiz unudulmaz anlarda söylədiklərinin böyük əksəriyyəti yaddaşıımda pozulmaz izlər buraxıb.

Müxtəlif təbəqələrdən çoxlu dostu vardı. Bəzən deyirlər ki, o, çətin adam idi. Çətin adam olsaydı, çevrəsində o qədər heyranı olardımı?..

Ustada kitab sırıyanlar da çox olurdu. Hamısını oxumağa vaxtımı çatardı? Bəs neyləsin? Bəzən o, çiyin çantasından çıxardığı bir kitabı mənə verib deyərdi: - Al, gözüyumulu bir səhifəsini aç və barmağını tuşla. Hansı bəndin üstünə düşsə, eləcə onu oxu, görək, necə şairdi? Oxuyardım, o da bəyənsəydi, kitabı qaytarıb çantasına qoyardı, bəyənməsəydi, təəssüflə əlini yelləyərdi.

Səhv etmirəmsə, 2012-ci ilin yanvar ayı idi. Şairin "Varlıqla yoxluq arasında" adlı ikicildliyi çap olunmuşdu. Bir gün ərklə mənə dedi ki, vaxtın varsa, sənin maşınınla gedib kitabları mətbəədən götürək. Sevincək "baş üstə!" dedim. Kitabları maşına yığıb Sumqayıta gətirdik. İlk oxucusu da mən oldum. Filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədlinin şair haqqında yazdığı məqaləni də həvəslə oxudum. Alim qardaşımız yazısında Azərbaycan ədəbiyyatı tarixinə "60-cılar" adı ilə daxil olmuş ədəbi nəslin öncül təmsilçilərindən olan, öz yolunu, poetik mənini uğurla təsdiq edən şairin həyat və yaradıcılığından ətraflı söhbət açırdı.

Sinninin yetmişi keçən bir çağında hərdən-hərdən qəhərlənib-kövrəlməyi də olurdu ustadın, şeirləri qəribə bir xiffətə köklənirdi:

 

Bir ulu görüşə bel bağlamışdım,

Bir də ayıldım ki, vaxt vaxtdan keçib.

Mənə olan oldu, yığıl, gözlərim,

Yollara həsrətlə baxmaqdan keçib!..

 

Verdisə yerini baharın qışa,

Bağrına daş bağla, dərdinlə yaşa.

Çaxma əbəs yerə çaxmağı daşa,

Artıq qovdan keçib, çaxmaqdan keçib!..

 

Bitənə oxşamır bu qan, bu qada,

Aldanıb, inanma baxta, nəbada.

Bir yarpaq üstündə qaldım dəryada,

Salamat sahilə çıxmaqdan keçib!..

 

Şair bilmirdimi ki, Tanrı seçkini olanların ömrü vaxta, məkana hesablanmır? Əlbəttə, bilirdi, elə buna görə də ondan nəyinsə hökmən yadigar qalacağına inanırdı:

 

Torpağa bilmirəm, daşa bilmirəm

Ömrümüz harasa yazılı qalar.

Mənim məzarımdan palıd göyərər,

Qolları havadan asılı qalar.

 

Bir qələmdaşı haqqında yazdığı uğurlamadan: "Zamandır bu, zaman. Füzulinin, Ruhi Bağdadinin söz pərvanələri yaxşı ki, birdən-birə yoxa çıxmır. Çağdan-çağa adlayır, yerlərini yeni pərvanələrə əmanət eləyib, bundan sonra o heyranlıq vadisindən çəkilib gedirlər… Misraların daraq dişindən seçilməz sığalı, bu sığala çökmüş klassik tərənnüm ətri, öz nizamından özgə heç nə ilə razılaşmayan şair ürəyinin minilliklərdən yönü bəri sahilləri döyəcləyən yorulub-usanmaz çırpınışları mərdanəliklə deyir ki: bu şair sevdalı könüllərin qayım-qədim şairlərindəndir…"Elə sözü şahlıq büsatına çıxaran Məmməd Aslanın da adı o sıradadır.

O, göyçəli Aşıq Ələsgər, kəlbəcərli Bimar Əli, ağdabanlı Şair Qurban, Aşıq Şəmşir, Bəhmən Vətənoğlu, Sücaət kimi unudulmaz sənətkarlarla bir bulaqdan su içib, bir havadan udub. Buna görə səsi daim gur gəlib, nəfəsi təngiməyib, ilhamı səngiməyib. Sələflərinin əziz-xələf yadigarı idi Məmməd Aslan.

 

Yaşamağa çəm tapmışam sözümdə,

Özüm sözümdəyəm, sözüm özümdə.

Sözdən özgə bir nəsnə yox gözümdə,

Gövhər nəymiş, dürdanə nə, inci nə?!..

 

İstanbulda yaşayan Səbinə xanım adlı bir həmvətənimiz Məmməd Aslanın ömrünün son zamanlarında kitabını nəşr elətdirib. "Şair səlahiyyəti" adlanan həmin kitabın nüsxəsi xəstəlik yatağında olan şairə təqdim olunanda nəvəsi Füruzəyə oradan şeir oxutdurub, kitabı bağrına basaraq bir xeyli fikrə gedib...

Ustad şair illər öncə mənə söz haqqında sanballı bir kitab yazmaq istədiyini söyləmiş və tapşırmışdı ki, mənim də bu mövzuda bir şeirim olsa, həmin kitaba salar. Mən o şeiri yazıb ona çatdırmışdım. Kitabı tamamlayıb nəşr etdirməyə vəfasız ömür aman verməmişdi. Şairin cismani ölümündən az sonra isə tanınmış publisist Əlövsət Ağalarovun zəhməti, Cavid Qurbanovun dəstəyi ilə onun həmin arzusu həyata keçib. "Sözün özü" adlanan bu kitabda Məmməd Aslanın eyniadlı telesilsilədə çıxışları, ana dilimizlə, "həzrəti-söz"ün təbiəti ilə bağlı düşüncələri, illərcə dahilərdən topladığı örnək kəlamların, yaddaşlarda yurd salmış ibrətamiz məsəllərin və şeirlərin də əlvan gül dəstəsi təqdim olunub. Mənim yazdığım "Nəbzim sözdə döyünür" şeirim də kitaba daxil edilib. Şair üzünü görə bilmədiyi son kitabı ilə əsl söz tədqiqatçısı kimi gözümüzdə bir daha ucalır.

Məmməd Aslan neçə ildir ki, haqq dünyasına qovuşub. Qoy, ölməz şairin ruhunu öz misraları şad eləsin: 

 

Sən yarı qoşmasan, yarı gəraylı,

Neysən misraların haylı-haraydı,

Hər beytin bir ev ki, bürcü-saraylı!

Bir özgə aləmsən şeiriyyətdə sən!

 

Əli NƏCƏFXANLI,

AYB-nin üzvü, Əməkdar jurnalist

 

 


Yazarın digər yazıları