ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Həyatımın əsas hissəsi Heydər Əliyevin gözlərim önündə qurub yaratdığı Azərbaycanda keçib... - HÜSEYNBALA MİRƏLƏMOV
TARİX, ƏDƏBİYYAT
21.02.2023, 13:22 Oxunub: 3318
TARİXİN YÜZ ANI...
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunur
Böyük şəxsiyyətlər haqqında yazmağın məsuliyyəti yaradıcı çətinliyindən daha böyükdür. Hələ əgər o şəxsiyyət xalqın milli dövlətçilik tarixinin son yarım əsrdəki çox əhəmiyyətli bir dövrünün müəllifidirsə, ilk cümləni yazmadan əvvəl istər-istəməz düşünməli olursan: görəsən, düşüncələri hansı yöndən qələmə almağa başlasan yaxşı olar?! Onun həyat və fəaliyyətini, irsini lazımi qədər bilirikmi?!
Heydər Əliyev şəxsiyyəti bədii-publisistik yaradıcılığımın şah mövzusudur. Həyatımın əsas hissəsi Heydər Əliyevin gözlərim önündə qurub yaratdığı Azərbaycanda keçib. Ulu Öndərimizin müasirlərindən olmuşam. Xoşbəxtəm ki, bu gün də Onun ideyaları işığında inkişaf edən, tarixinin yeni dönəminə qədəm qoyan ölkənin sakiniyəm.
Təvazökarlıqdan uzaq olsa da, özümü bu yarıməsrlik dövrün əli qələmli canlı salnaməçilərindən biri hesab edirəm. Ona görə də Heydər Əliyev mövzusunda özümü, əslində çox rahat hiss etməliyəm. Bununla belə, yenə də hər dəfə tərəddüdlərim olur. Çünki haqqında yazdığım şəxsiyyətə aid nə varsa, Azərbaycan xalqı və dövləti üçün tarixdir. Ona görə ki, Heydər Əliyevin adı olan hər yerdə Azərbaycan var, “Heydər Əliyev” yazılır, Azərbaycan oxunur! Onun həyat və şəxsiyyətinin bütün məqamları milli dövlətçilik tariximizin ayrılmaz parçasıdır. Dolayısı ilə Azərbaycan tarixinin çox mühüm bir hissəsi məhz Heydər Əliyev şəxsiyyəti ətrafında mərkəzləşir. Özü də mən bura təkcə Ulu Öndərin ötən əsrin 60-cı illərinin sonlarında ölkəyə rəhbərliyindən, Azərbaycan üçün gördüyü işlərdən başlanan yarıməsrlik tarixi nəzərdə tutmuram. Milli dövlətçilik tariximizin daha qədim qatları da bu şəxsiyyətdə qovuşur. Zamanın müxtəlif çağlarında Azərbaycan üçün çalışıb-vuruşan, bu ölkənin keçmişində, bu günündə izi olan digər böyük şəxsiyyətlərimizin mənəvi idealları, dövlətçilik amalları da Heydər Əliyev irsində təcəlla tapır.
Yeri gəlmişkən, çoxdan bəri düşündüyüm bir maraqlı reallığı da dəyərli oxucularımla bölüşmək istərdim. Heydər Əliyevin xalqın təkidli tələbi ilə müstəqil Azərbaycan dövlətinin rəhbərliyinə qayıdışından danışarkən bir çox tarixçilər, publisistlər 1993-cü ilin iyununda baş verən hadisələri, ölkənin vətəndaş müharibəsi həddinə, çıxılmaz vəziyyətə gəlməsini xüsusi qeyd edirlər. Səbəb-nəticə əlaqəsi daha çox bu hadisələrdə axtarılmış kimi görünür. Amma bununla razılaşmaq çətindir. Çünki Heydər Əliyevin hakimiyyət rəhbərliyinə qayıdışı hələ Azərbaycanın dövlət müstəqilliyinin bərpasından xeyli əvvəl, 90-cı illərin ilk aylarından real və arzuedilən idi.
Xalq hərəkatının, müxtəlif xarakterli münaqişələrin təşkili ilə önə çıxan qaragüruh qüvvələrin dövlət idarəçiliyi işini yarıtmayacaqları ilk baxışdan görünəndə və başlı-başına, taleyin ümidinə qalmış ölkəyə kiminsə yiyə çıxması zərurəti çoxları üçün aktuallaşanda qurmaq istədiyimiz Azərbaycanı məhz Heydər Əliyevin qura biləcəyi bütün aydınlığı ilə ortaya çıxmışdı.
Hakimiyyət uğrunda mübarizənin mahiyyəti, iç üzü ortaya çıxdıqca, ən mühümü isə Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə qurub-yaratdıqları xalqın gözü önündə yağı malı kimi talan edildikcə nəzərlər Böyük Dövlət Qurucusuna yönəlirdi.
…Bu epizodu heç vaxt unutmaram. Olardı 1990-cı ilin payız ayları, Bakıda taksiyə minmişdim. Yolumuz Neftçilər prospekti tərəfdən, Dənizkənarı Bulvarın yanından keçirdi. Sürücü orta yaşlarında bir kişi idi, onda bulvarın çox bərbad, hüznlü, xüsusilə payız vaxtı adama qüssə gətirən bir görkəmi vardı, onillər əvvəl burada yaradılmış abadlıq, infrastruktur baxımsızlıqdan dağılıb gedirdi. Onda camaatın sözü-söhbəti siyasət idi, biz də yola nərdivan salmaq üçün sürücü ilə ordan-burdan söhbət edirdik. Birdən qayıtdı ki, deyirlər, Heydər Əliyev Moskvadan Bakıya qayıdandan sonra şəhəri gəzməyə çıxıb. Bulvara da gəlib, buraları belə halda görəndə kişi kövrəlib ki, mənim qurub-yaratdıqlarımı niyə belə dağıtmısınız?!
Orta yaşlı taksi sürücüsünün o zaman danışdığı bu epizodun nə dərəcədə real fakt, yaxud xalq yaradıcılığı nümunəsi olduğunu, əfsus ki, dəqiqləşdirmək imkanım yoxdur. Amma o dövrdə qədirbilən sadə insanlarımızın Heydər Əliyevə münasibətinin, onun Azərbaycan üçün qurub-yaratdıqlarına qiymətinin və ölkənin gələcəyi üçün bu böyük dövlət adamının üzərinə qoyduğu ağır məsuliyyətin ifadəsi kimi maraq doğurur.
Böyük liderlərin bir özəlliyi də bundan ibarətdir ki, onlar öz cəmiyyətlərini formalaşdırırlar, toplumun ümumi baxışlarında, ictimai təfəkküründə Liderdən əxz edilmiş bir çox keyfiyyətlər, düşüncə tərzi, yanaşmalar nəzərə çarpır. Azərbaycanda da Heydər Əliyevdən görüb-götürən, onun Lider kimi böyüklüyünü, əzəmətini birmənalı şəkildə qəbul edən bütöv bir nəsil var. Heydər Əliyev Azərbaycan insanı üçün bir dəyərdir, qürurdur. O, XX əsrdə yetişən ən böyük dövlət adamıdır. Vaxt olub ki, böyük bir coğrafiyada bizi Vətənimiz, xalqımız, milli özəlliklərimizlə yanaşı, həm də məhz onun adı ilə tanıyıblar. Ona görə də Heydər Əliyev öz böyüklüyü, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri, təkcə ölkə hüdudlarında deyil, ümumən dünya miqyasında insanların hər zaman yaddaşındadır.
Yeni nəsli təmsil edənlərin böyük qismi isə Heydər Əliyevin cismani yoxluğu dövründə dünyaya gəlmiş gənc vətəndaşlarımızdır. Gənc nəslə milli dövlətçilik tariximizin böyük bir dəyəri kimi Heydər Əliyevi tanıtmağa böyük ehtiyac var. Açığını deyim ki, mən bu ehtiyacın getdikcə necə artdığını görürəm. Məhz buna görə də ömrümün böyük hissəsini bu dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən kitablar yazmağa həsr etmişəm.
Sadiq bir Heydər Əliyevçi olaraq bu kitabları qələmə almağı özümün əqidə borcu hesab etmişəm. Ulu Öndərin əzəmətli fəaliyyəti müqabilində bu nəşrlər dəryada damla olsa da, mənən özümü rahat hiss edirəm ki, gənc nəslə həmmüasiri olduğum dahi siyasətçi haqqında nələrsə çatdıra bilirəm.
Ulu Öndər haqqında ilk kitabım – “Amalın işığında” ( Publisistik düşüncələr, portret cizgiləri, müsahibələr, “Azərbaycan” nəşriyyatı, 272 səh.) 2002-ci ildə, üç dildə ( Azərbaycan, ingilis və rus dillərində) işıq üzü görən “Zəfər yolu” adlı kitabım 2003-cü ildə ( “Gənclik” nəşriyyatı, 66 səh.) nəşr olunub. 2003-cü ildə “Həqiqət” (publisistik düşüncələr; “Azərbaycan” nəşriyyatı, 448 səh.), 2004-cü ildə isə “Millətin atası” (publisistik düşüncələr, tarixi esselər, məktublar; “Azərbaycan” nəşriyyatı, 288 səh.), “Bir Günəş var” (tarixi-publisistik düşüncələr; “Səda” nəşriyyatı, 240 səh.), “İşığın izi ilə” (tarixi-ədəbi esse; “Azərbaycan” nəşriyyatı”, 288 səh.) kitablarım oxuculara təqdim olunub.
2005-ci və 2006-cı illərdə Moskvanın “Molodaya qvardiya” nəşriyyatında JZL seriyasından “Qeydar Aliev” kitablarım işıq üzü görüb. 2008-ci və 2018-ci illərdə isə “Heydər Əliyev” kitabının yenidən işlənmiş və əlavələr edilmiş yeni variantları çap edilib. Xalqımızın böyük oğlu haqqında silsilə kitablar yazmağın fəxarətinə həm də məşhur JZL seriyasından olan nəşrlərin ilk azərbaycanlı müəllifi olmağın qüruru da əlavə olunub.
Heydər Əliyev haqqında hələlik son kitabım olan “Heydərnamə” epopeyası 2011-ci ildə “Təhsil” nəşriyyatı tərəfindən tərtib edilib.
Bu yazıda indiyədək Heydər Əliyev haqqında qələmə aldığım kitablardan, yazdığım məqalələrdən seçilən, oxucular tərəfindən yüksək rəğbət görən qızıl sətirlər yer alır...
Ulu Öndərimizi daim dərin hörmət və ehtiramla anırıq!..
***
“...Dərslərarası fasilələrdə tələbələr texnikumun həyətinə axışırdılar. Qızlar kənara çəkilib sakitcə pıçıldaşır, oğlanlar isə dərhal dəstələrə bölünüb oynayırdılar. «Mən kiminləyəm, mən kiminləyəm?», - səsləri eşidilirdi.
-Yalnız Heydər soruşurdu: «Kim mənimlədir?» - Bunu qocaman müəllimə Zərqələm Əliyeva xatırlayır. Maraqlı müşahidədir. Özü də o bu detalı hafizəsində qoruyub saxlayıb...”
Hüseynbala Mirələmov, Viktor Andriyanov “Heydər Əliyev”, “Molodaya qvardiya” JZL seriyası, Moskva, 2006-cı il
***
“Öz tələbə yoldaşlarının arasında Heydər Əliyev Lev Nikolayeviç Tolstoyun «Hərb və sülh» romanını orijinaldan oxuyan ilk tələbə olmuşdu. Bunu ona rus dili müəllimi Həsən bəy Qazıyev məsləhət görmüşdü. Sonra Heydər bu böyük yazıçının portretini də çəkmişdi...”
Hüseynbala Mirələmov, Viktor Andriyanov “Heydər Əliyev”, “Molodaya qvardiya” JZL seriyası, Moskva, 2006-cı il
***
“...Bir dəfə Heydər Əliyevin istəkli nəvəsi balaca Heydərdən böyüyəndə nəçi olacağını soruşdular. Uşaq dərhal cavab verdi:
- Təyyarəçi!
Yaşlılar təəccüblə:
- Bəs nə üçün prezident yox, təyyarəçi ?-dedilər.
Oğlanın cavabı yenə də kəsə oldu:
- Prezidentlərin işi çox ağırdı.
Babası heç zaman işinin ağırlığından şikayətlənməzdi. Hətta bu dünyadakı ən əziz adamlarına- həyat yoldaşına, qızına, oğluna belə bu barədə heç nə deməzdi. Onun atası da qayğılarını özü çəkər, yaxınlarından kimsəni qayğılarına şərik etməzdi. Amma görünür, balaca Heydər öz körpə ürəyi ilə nə isə hiss eləmişdi ki, dilinə məhz belə gözlənilməz cavab gəlmişdi...”
Hüseynbala Mirələmov “Heydərnamə” epopeyası, “Təhsil” nəşriyyatı, 2011-ci il
***
“...Bu hadisə 2003-cü ilin aprel ayında baş verdi. Azərbaycan Prezidenti hələ Sovet dönəmində öz şəxsi təşəbbüsü ilə yaradılmasına nail olduğu Cəmşid Naxçıvanski adına hərbi məktəbin yubileyinə həsr olunmuş təntənədə mütləq iştirak etmək qərarına gəlmişdi. Heydər Əliyev nitq söyləyirdi, birdən ürəyini tutub səndələdi... Birbaşa yayım zamanı bu anı bütün ölkə gördü. Bütün ölkə beş, on, on beş dəqiqə ekran qarşısından çəkilmədi, həyəcan içində gözlədi və gərginlik son həddə çatanda, adi pıçıltı qışqırıq kimi əks-səda verəndə, Prezident, Ali Baş Komandan həkimlərin israrına baxmayaraq, müstəqil Azərbaycanın ümidi olan gələcək zabitlərin onu gözlədiyi zala daxil oldu. O, başqa cür hərəkət edə bilməzdi. Sarsılmaz Əliyev iradəsi, Əliyev mətanəti onu ayağa qaldırmış və gələcək Azərbaycan zabitlərinin cəm olduğu bu zala qaytarmışdı...”
Hüseynbala Mirələmov “Heydərnamə” epopeyası, “Təhsil” nəşriyyatı, 2011-ci il
(ardı var)