usd-1.7000 eur-1.8896 rub-0.0193
Bakı 24°C 4.64 m/s
Son xəbərlər
04-09-2024
30-08-2024
29-08-2024
21-08-2024
16-08-2024
11-08-2024
14-07-2024
10-07-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Mərhəmət, xeyirxahlıq törələri ailə sisteminin məcmusudur

details

CƏMİYYƏT

04.06.2024, 13:29 Oxunub: 1041

Mərhəmət, xeyirxahlıq törələri ailə sisteminin məcmusudur

...Bu gün sizə bir xanım haqqında danışmaq istəyirəm. Elə bir xanım ki, çox adamda olmayan ən yaxşı xüsusiyyətləri özündə cəmləşdirib; mərhəmət və xeyirxahlıq! Bəli, o, sözün həqiqi mənasında gözəl insandır. Həm camalı gözəldir, həm də ürəyi. Adətən belə adamlar haqqında deyirlər ki, ürəyinin gözəlliyi üzünə çıxıb. Mənim qəhrəmanımın da gözəlliyi bundadır... Onu uzun illərdir tanıyıram.   Buna baxmayaraq, hər dəfə yeni bir xüsusiyyətini görür, haqqında daha yaxşı sözlər eşidirəm. Məsələn, bu Ramazan ayında bölmədə bir tədbirdə iştirak edirdim. Bölmənin həyətində böyük izdiham vardı, birazdan Ramazan bayramı münasibəti ilə imkansız ailələrə yardım paylanılacaqdı. Mən bir kənarda durub buradakı insanların bir-biri ilə danışıqlarına fikir verirdim. Bir qadın uca səslə deyirdi ki, Allah Rəna xanımdan razı olsun, o, bizi bütün bayramlarda yada salır, süfrələrimizi boş qoymur. O gün yolda gördü məni, maşını saxlayıb mənimlə hal-əhval oldu. Nəvəmi soruşdu. Dedim, yaxşıdır, indi məktəbə aparacam. Çıxartdı mənə pul verdi ki, bunu nəvənə verərsən, məktəbdə bir şeylər alar özünə. Allah onu saxlasın, bu qədər diqqətcil, qayğıkeş, mərhəmətli insan görməmişəm onun kimi... Qadın danışır, yanındakılar da onun dediyini təsdiqləyib hərəsi bir söz deyirdi. Hamı onun xeyirxahlığından, heç kimi tək qoymadığından danışırdı. Mən onların dediklərini dinləyə-dinləyə özümdə qeydlər aparırdım. Bu qeydlərdən istifadə edərək bu yazını yazıram. 
Haqqında söhbət açdığım insan Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bakı Regional Mərkəzin koordinatoru, “Tərəqqi” medallı Rəna xanım İbrahimovadır. Rəna xanım uzun illərdir Ayparada fəaliyyət göstərir, yəni 31 ildir. 1993-cü ildə ilk dəfə Qızıl Ayparaya üzv olanda Nərimanov rayon bölməsinə rəhbərlik edən Ofeliya xanım Sadıxovanın yanında çalışıb. İnsanlarla ünsiyyətinin xoş olduğunu nəzərə alaraq 1996-cı ildə onu bölmə sədrinin müavini vəzifəsinə götürüblər. Bu vəzifədə üç il çalışıb. 1999-cu il avqustun 6-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yeni prezidenti seçilmiş Novruz Aslanovun əmri ilə o, Nizami rayon bölməsinə sədr təyin edilib, 2016-cı ilə qədər AzQAC Nizami rayon bölməsinin sədri vəzifəsini ləyaqətlə və şərəflə yerinə yetirib. 2016-cı ildən isə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bakı Regional Mərkəzin koordinatorudur.
Rəna xanım gördüyü işləri heç vaxt qabartmır, “mən, mən” demir. Sakitcə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Onun ürəyində o qədər mərhəmət hissi var ki, imkansız, tənha, xəstə, əlil insanların daim yanındadır. Bu yaxınlarda görüşümüzdə aramızda bu mövzuda söhbət oldu. Dedi ki, həyata, ətrafımıza nəzər salsaq, hər şeyin qoşa yaradıldığının şahidi olarıq: isti-soyuq, hündür-alçaq, gecə-gündüz, güclü-zəif, zəngin-yoxsul. Görürük ki, Allah birisinə göz vermiş, başqasını kor yaratmışdır; biri sağlam, digəri xəstə, yaxud əlildir və s. Əgər insanlar hamısı bərabər yaradılsaydılar, onların bir-birinə yardımetmə ehtiyacı olmaz, o zaman da insanlar arasında heç bir əlaqə yaranmaz, insan toplum, cəmiyyət halında yaşaya bilməzdi. 
Doğrudan da əgər hər kəs ona verilən lütfün, iltifatın üstündə əsməsə, kimsə başqqasına yardım, kömək etməsə, həyatın dadı, mənası olarmı? Əgər güclü zəifə, gözü olan kora, tox olan aca yardım etməyəcəksə, o zaman bizə insan deməyin mənası vardırmı?
Xeyirxahlıq və yardım həm maddi, həm də mənəvi olur. Yardımlaşmanın ən qiymətlisi mənəvi yardımlaşma hesab olunur. Bu gün dünyada insanlar maddi vəziyyəti pis olanlara, həmçinin müharibədən, təbii fəlakətdən zərər çəkən insanlara yardım etmək üçün müxtəlif cəmiyyətlər, təşkilatlar qururlar. Bu, insanlığı göstərən başlıca amillərdən biridir. Nə yaxşı ki, bu gün bu ənənə yetərincə və layiqincə yerinə yetirilir. Məhz Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də əsas missiyası budur.
 Xeyirxahlıq nədir, odur ki, insan insanın dostu, yoldaşı və qardaşıdır. Xeyirxahlıq insanlar arasındakı münasibətlərdə təzahür edir, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi meydana çıxır.  
Mərhəmət, xeyitxahlıq törələri ailə sisteminin məcmusudur. Bunun üçün törələrə, ailəmizə, xeyirsevər dostlara minnətdar olmalıyam. Hər tədbirdə dediyim, çox sevdiyim bir kəlam var: hər bir kəsin öz tikəsini bölməyə ürəyi yoxdur. Gərək insanda o ürək olsun ki, öz tikəsini bölə bilsin. Kim olduğunu tanıtmaq üçün çox danışma, mərhəmətini, xeyirsevərliyini, insansevərliyini göstər. Mənim həyat devizimdir bu sözlər. 
Rəna xanımdan soruşdum ki, 31 ilin 25 ilini bölmə sədri kimi çalışmısınız. Bu illər ərzində ən yaddaqalan hadisələrdən hansını xatırlayırsınız? Dedi ki, o qədər yaddaqalan hadisələr, xatirələr var ki, bu 25 ildə. O qədər yaddaqalan insanlar var ki, onu bir yazıya sığışdırmaq mümkün deyil. Hansı birini deyim? Yəni heç birini seçib deyə bilmirəm. Çünki işlədiyim adamların hamısı kəmsəsiz, tənha, xəstə, əlil insanlardır. Hərəsinin gözündə eyni məzlum baxışları görmüşəm. Qapı dalında qalıb bütün günü doğmaların yolunu gözləyən qoca, tənha insanlarımı deyim, xəstə, əlil, çarpayıda yatalaq qalan birinimi deyim... axı hamısı məzlumdur, onların baxışlarını mən necə unuda bilərəm? 25 ilimin 23 ili təkcə bir iflic uşaqla keçib desəm yanılmaram. Atası-anası tərəfindən atılmış, anadan iflic doğulmuş bu uşaq nənəsinin himayəsində qalmışdı. Nənəsi mənə müraciət edib kömək istəyəndə onun 3 yaşı vardı, bu gün 27 yaşındadır. Xəstə çarpayısında yatıb evdə təhsil alan bu uşağa hər ay baş çəkirdim. Ona hər çür dəstək olurdum. Hər görüşümüzdə də içimdə bir inam hissi vardı ki, bu uşaq bir gün ayağa qalxacaq, yeriyəcək. Hər görüşümdə onun məzlum baxışlarla mənə çarpayıdan necə baxdığını heç unutmaram. İçimdəki hiss mənə deyirdi ki, bu uşaq ayağa qalxacaq. Allahın iltifatı böyükdür, bu gün həmin uşaq ayaq üstdədir... Yenə də ona baş çəkirəm, maddi və mənəvi köməklik edirəm.  
Uşaq evlərində qalan ata-anasız uşaqların bizi görəndə necə sevindiklərini unuda bilərəmmi? Şəhid ailələrində böyüyən uşaqlara baş çəkəndə onları nə qədər qucaqlasan da, öpsən də, sevsən də, bütün hədiyyələrə bürüsən də  bir atanın olmaması onların məzlum baxışlarından görünür. Bizim onlara elədiklərimiz onun yanında heç nədir. Və yaxud, qazi ailələrini ziyarət edəndə uşaqları atalarının çarpayısının qırağında məzlum-məzlum atalarına baxmalarını unuda bilmirəm. Bunların hamısı mənim üçün acı xatirədir. Demək olar ki, gördüyüm bu cür insanların hər birinin həyatını yaşayıram.
...44 günlük Vətən müharibəsi dövründə bir neçə rayon bölmə sədrləri ilə Tərtərə getmişdik. Bizi rayona buraxmırdılar ki, qızğın müharibə gedir və Tərtəri hər an atəşə tuturlar. Mən qarabağlı olduğum üçün bütün imkanlardan istifadə edib keçə bildik içəri. Heç yadımdan çıxmır, orda torpağı qazıb sığınacaqlarda yaşayan insanları gördük. Müharibənin acı həqiqətlərini gözlərimizlə görürdük. Elə biz də bu məqsədlə getmişdik ki, o sığınacaqlarda yaşayan insanlara az da olsa yardım edək, yanlarında olaq. Biz yeməkləri hazırlayırdıq ki, sığınacaqdakılara paylayaq. Birdən bomba atıldı, hardasa bizdən bir kilometr, ya bəlkə də aralı olardı. Yer-göy titrədi. Mənimlə gedən könüllülər və sədrlərin üzündəki qorxuya baxanda mənim  bilmirəm nədənsə ruhum da incimədi. Yəni heç bir qorxu hissi olmadı. Həm də o an mənə bir silah versəydilər əsgərlərlə birlikdə irəliyə gedərdim. O cəsarət yarandı  məndə bir an içində. Allaha çox şükürlər olsun ki, igid oğullarımızın canı-qanı bahasına torpaqlarımız işğaldan azad edildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də can sağlığı versin. Bizim hər birimizin vətəndaşlıq borcumuzdur ki, şəhid ailələrinə, onların övladlarına, qazilərimizə, onların ailələrinə daim diqqət və qayğı göstərək. Çünki onlar torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçiblər. 
Rəna xanım söhbət arasında dedi ki, işlədiyim illər ərzində rayonumuzun sosial vəziyyətləri aşağı olan əhalisinin rifahının yaxşılaşdırılması üçün əlimdən gələni əsirgəmirəm. O kimsəsiz, tənha, xəstə insanların xeyir-duasını eşitmək mənə daha da güc verir. Belə insanların alqışları Allah qatında keçərli olur. Bundan başqa əməyim rayon rəhbərliyi tərəfindən daim dəyərləndirilib. Diplomlarla, fəxri fərmanlarla, medallarla təltif olunmuşam. Hər birinin öz yeri var. Amma mənim üçün ən önəmlisi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanın təqdimatı ilə ölkə Prezidenti İlham Əliyev cənablarının Sərəncamı ilə təltif olunduğum “Tərəqqi” medalıdır. Bunu mən qazanmışamsa, etimad göstərilibsə, nə xoş mənə. Əlbəttə, hər insan öz işini gözəl bilir. İşimi ürəkdən sevirəm. Sosial qüsurlu insanlarla işləməkdən zərrə qədər bezmirəm. Əməyimi dəyərləndirdikləri üçün özümü xoşbəxt sayıram. Demək mən bu sahədə öz yerimi tapa bilmişəm. 
Rəna xanımla söhbətin məğzi ora gətirib çıxarır ki, gerçəkdən də insanı insan edən və  insanı ən layiqli edən fəzilətli davranışlar vardır. Köməkçi olmaq, vətəvpərvər olmaq, empatiya qurmaq, əməkdaşlıq etmək, gözəl əxlaqlı olmaq və s. kimi. Bunlardan ən mühümlərindən biri də xeyirxahlıq hissidir. Çünki mərhəmətli insan heç bir canlıya qarşı pis münasibəti olmayan, qəlbinin gözəlliklərini ətrafına yaymaq üçün hər cür fədakarlıq edən kəsdir. Hətta mərhəmətli bir insanın  gözlərindəki baxış belə valehedicidir. Çünki o insanın hərarətli və sevgi dolu baxışları, hər cür yaxşılığa hazır olduğuna eyham vurması insanları sevindirir.  Xeyirxah insan gecə-gündüz ehtiyacı olan insanlara, istər soyuq, istər isti, istərsə də çətin demədən kömək edir. Kasıblara, valideynlərini itirmiş uşaqlara, köməksiz qalanlara, xəstə və qocalara və bir çox ehtiyacı olan insanlara kömək edirlər. Çünki şəfqətlə yoğrulmuş insanlar özünə və ətrafına faydalı olmaq, xoşbəxt olmaq  üçün daim yaxşılıq axtarırlar. Eynən Rəna xanım kimi. 

Allah mərhəməti ürəyinizdən əskik etməsin, Rəna xanım! 

Şəmsiyyə Musaqızı,
Əməkdar jurnalist

 

Digər xəbərlər