usd-1.7000 eur-1.7938 rub-1.6915
Bakı 14°C 7.53 m/s
Son xəbərlər
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Nadir Şah Əfşar kimdir?..  Tarixin izi ilə... 

details

TARİX

19.05.2022, 20:10 Oxunub: 11238

1001info.az mərhum şair-publisist, istedadlı söz adamı Şöhlət Əfşarın araşdırma yazısını təqdim edir

     Nadir Şah Əfşar kimdir?
 
Nadir şah böyük döyüşçü idi və böyük qüdrət sahibi idi.  Vəhşət yaradan fitnəkarlara, pis niyyətli düşmən  qoşunlara dəhşət gətirərdi.
O, vətəninin düşmənlərinə qənim kəsildi və iftixarla  ölkəsinə padşahlıq etdi.
   Napoleon Bonapart

 
 Nadir Şah Əfşarın soykökü
Əfşarlar boyunun ulu əcdadı olan Əfşar haqqında tarixi ədəbiyyatda maraqlı fikirlər mövcuddur. Bəzi tədqiqatlar əfşarların ulu əcdadlarının tarixinin xeyli qədim olduğunu qeyd edir və onların Nuh peyğəmbərin, hətta İshaq əleyhüssəlamın nəsli ilə bağlı olduğunu söyləyirlər. Bir fikrə görə türklər öz  başlanğıcını İshaq əleyhüssalamın oğlu Əysin üçüncü oğlu Bəqali xandan götürürlər. Başqa bir fikrə görə isə əfşarların, ümumiyyətlə, türklərin başlanğıcı Nuh peyğəmbərin övladlarından götürülmədir.
Rəvayət edilir ki, Nuhun tufanından sonra onun üç oğlunun hər biri dünyanın müxtəlif istiqamətinə yollanaraq oranın abadlaşdırılması ilə məşğul olmuşlar. Nuh peyğəmbərin birinci oğlu olan Şam bugünkü İran ərazisində və onun ətrafında, ikinci oğlu Ham Hindistan ərazisində və nəhayət üçüncü oğlu Yafət isə Türküstan istiqamətində abadlaşma işlərini boyunlarına götürmüşdülər. Yafətin oğlu Türk adlandırılmış və Oğuz  xan da Türkün nəslindəndir. Oğuz xanın Türkün 6-cı oğlu olması güman olunur. Əfşar isə Oğuz xanın Yıldız xandan olan nəvəsi sayılır.
Bir sıra müəlliflər Əfşar boyunun sırf türk boyu olması, bu boyun Azərbaycan türkcəsində danışması, Səfəvi dövlətini təşkil edən türk boylarından biri olması və qədim dövrlərdən məhz Azərbaycan arealında formalaşması fikrini birmənalı qəbul edirlər.
S.Nəfisi yazır ki, Əfşarlar miladın V əsrindən Cənubi Qafqazda məskunlaşmışlar və VIII əsrdə əfşarlar Cənubi Qafqazdan mühacirət edərək Şama tərəf yollanmışlar. Əfşarlar qərb türklərinə  xas olan türk-Azərbaycan ləhcəsində  danışırdılar və onların dili Şərq türklərinin dilindən xeyli fərqlənirdi.
Müəllif daha sonra qeyd edir ki, Azərbaycan türkcəsi ilə Osmanlı türkcəsinin arasında çox ciddi yaxınlıq vardır.
Kəsravi də Əfşarların qədim türk boylarından olduğunu təsdiq edir və onun fikrincə Əfşarlar səlcuqlar dövründə İrana gəlmiş, lazımi şəkildə məskunlaşmış və ölkə həyatında öz mövqelərini tutmuşlar.
Fəzlullah Rəsiddədin isə yazırdı ki, Əfşarlar dünyanın hər yerinə səpələnmiş ən qədim türk boylarından biridir. Onun yazdığına görə əfşar boyunun yaradıcısı olan Əfşar bir türk başçısı və sərkərdəsi idi. O, babası Oğuz xanın ordusunun sol cinahında vuruşurdu və qəhrəmanlığı ilə türklər arasında ad çıxarmışdı.
Sonralar əşfarın nəsli artıb böyümüş, geniş ərazilərə yayğınlaşmış və bu nəsil özü də tayfalara, qollara və oymaqlara bölünmüşdür. Hazırda əfşar  boyunun - Qırxlı, Papalı, Cəlayir, Kosa Əhmədli, Gündüzlü, İnanlı, Ərəşli, Əmirli, Çapışlı, Babaxanlı, Qarabaşlı, Baçavənli, Vətənli, Zənqanlı, Qaççı və s. tayfaları, qolları və oymaqları məlumdur.
Nadir şahın anadan olduğu vaxt əfşar türk boyunun qolları və oymaqları Azərbaycan,  Xorasan, Tars, Xuzistan və s. ərazilərdə məskunlaşmışdı.
Həmin vaxtlarda  Əfşarlar yayıldığı ərazilərdə müxtəlif etniklərin təsirlərinə məruz qalmasına baxmayaraq, Azərbaycan türkcəsində danışmaqla yanaşı, milli-etnik xüsusiyyətlərini də qoruyub saxlaya bilmişdilər. Bunu tədqiqatçılar da təsdiq edirlər ki, Əfşarlar İran tarixinə və mədəniyyətinə maraq göstərsələr də, xüsusi milli-etnik ənənələrin və yaşayış tərzinin möhkəmliyi onların özünəməxsusluğunu qoruyub saxlamağa imkan vermişdir.
Əfşarlar öz  döyüşkənlikləri və mübarizlikləri ilə daima seçilirdi. Onların bu keyfiyyəti ətrafdakıların diqqətini cəlb edirdi.
Məhz Əfşarların bu keyfiyyətlərini nəzərə alaraq  Səfəvi xanədanı onları öz ətrafına yığmışdı.
Səfəvilər Ərdəbildə mübarizəyə başlayanda Əfşarlar da onlara qoşulmuş və Səfəvi dövlətinin əsasını təşkil edən yeddi türk boylarından biri  olmuşlar.
Səfəvilər sülaləsinin əsasını qoyan Şah İsmayıl dövlətin sərhədlərinin qorunmasında, dövlətə qarşı istiqamətlənmiş xarici təcavüzün qarşısının alınmasında əfşar boyunun imkanlarından daha səmərəli faydalanırdı. Əfşar döyüşçüləri Şah İsmayılın ordusunun tərkibində bütün aparılan müharibələrdə fəallıqla iştirak edirdilər və onların arasından çoxlu sayda sərkərdələr yetişmişdi. Əfşar qoşunları adətən ən təhlükəli mövqelərə göndərilirdi ki, orada düşmənlərin qarşısı alınsın.
Şah İsmayılın dövründə slavyanların cənuba doğru irəliləmələri qərb türklərinin sıxışdırılması ilə müşayiət olunurdu. Şah İsmayıl bu təhlükənin aradan qaldırılması üçün şərq-qərb yolu boyunca Əfşarları məskunlaşdırmağı qərara alır.
O dövrdə ölkənin şimal-şərq sərhədləri həm də özbəklərin və Türküstan dəstələrinin aramsız  hücumlarına  məruz qalırdı. Onların hücumları  yerli əhalinin  talanması, yaşayış məntəqələrinin viran edilməsi və kütləvi qırğınlarla  nəticələnirdi.
Xorasana ilk göndərilən  qoşun dəstələrinin arasında Əhməd Soltan Əfşarın və Şahrux bəy  Əfşarın rəhbərliyi altında  döyüşən  qoşunların göstərdikləri şücaət tarixi ədəbiyyatda özünə yer tapmışdır.
Nadir şahın  salnaməçisi M.M. Astrabadi də Əfşarların  Xorasan vilayətinə köçürülməsinin Şah İsmayılın vaxtında başladığını xəbər verir.
Ancaq Əfşar tayfalarının bu bölgə ilə bağlılığının hələ Şah İsmayıldan əvvəl də olması haqqında məlumatlar mövcuddur.
Nadir şah haqqında böyük tədqiqatın müəllifi olan M.H. Quddisi yazır ki, hələ Səlcuqlar dövründə Əfşarlar öz igidlikləri ilə hər yana səs salmışdılar.
 
Nadir şahın uşaqlığı və gəncliyi
Nadir şah Əfşar 1689-cu ilin noyabr ayında (bəzi mənbələrdə bu tarix 1688-ci il kimi verilmişdir) Xorasan vilayətinin Dərgəz mahalının Dəstgird kəndində köçəri, maldarlıqla məşğul olan bir ailədə dünyaya gəlmişdir.
Tarixçilər bu məşhur sərkərdənin hələ uşaq yaşlarından diribaş, hazırcavab, fərasətli, cəsarətli və olduqca bacarıqlı olmasını qeyd edirlər.
Nadir şahın qeyri-adi bacarığından və qoçaqlığından  bəhs edən M.M. Kazım yazır: "Elə ki bir yaşına çatdı, üç yaşlı kimi  görünürdü və həmçinin günbəgün o gözəl pöhrə  çəmənlikdə... iftixarla yaşamağa... başladı. Elə ki on yaşa çatdı ata süvar olub şir, pələng və qaban  şikarına getdi".
Uşaq yaşlarında atasını itirən Nadirqulunu Dəstgird kəndinə hücum edən özbəklər, qardaşı İbrahim və anası ilə birgə əsir aparırlar. Onlar bir müddət əsirlikdə qalırlar.
Anasının vəfatından sonra qardaşı ilə birlikdə əsirlikdən qaça bilən Nadir Əbivərdə qayıdıb Baba Əlibəyin dəstəsinə qoşulur. Tezliklə Baba Əlibəyin böyük qızı ilə evlənir. 1723-cü ildə Baba Əlibəyin ölümündən sonra onun bütün qoşunu Nadirin ixtiyarına keçir.
 
Nadirin hərbi fəaliyyətə başlaması
Səfəvilər dövlətinin uçuruma yuvarlandığı bir  vaxtda silahlı  dəstəyə başçılıq edən Nadir Əfşar, şiələrin müqəddəs  şəhəri olan Məşhədi Məlik Mahmud Sistanlının  əlindən almaq üçün onunla mübarizəyə başladı. Elə bu dövrdə Səfəvilər dövləti demək olar ki, süquta uğramış, onun ərazisi əfqanlar, osmanlılar və ruslar tərəfindən  qəsb edilmiş, Şah Sultan Hüseyn isə öz sarayı ilə birlikdə əfqan Mir Mahmuda təslim olub, taxt-tacı ona bağışlamışdı. Bununla belə, İsfahanın mühasirəsi zamanı şəhəri tərk etməyə müvəffəq olan Sultan Hüseynin oğlu Təhmasib Mirzə də, ölkənin Xəzər sahili bölgəsində məskunlaşıb, atasının təslim olmasından sonra özünü şah elan etmişdi.
Güclü ordunun və sərkərdəlik məharətinin olmaması  üzündən heç bir uğur əldə edə bilməyən II Şah Təhmasib tezliklə Astrabad hakimi Fətəli xan Qacarın timsalında güclü müttəfiq tapır və çox keçmədən onun nüfuzu altına düşür. Belə bir şəraitdə öz yaxasını Fətəli xan Qacarın əlindən qurtarmağa çalışan Təhmasib Nadir Əfşar tərəfindən təklif edilən köməklikdən böyük məmnuniyyətlə yararlanmağı qərara alır. Altı minlik dəstə ilə II Şah Təhmasibin qulluğuna girən Nadir Əfşar ondan  etimad əlaməti olaraq Təhmasibqulu xan adını alır.
1726-cı ilin sentyabrında baş verən bu hadisədən bir ay sonra, artıq şahın tam etimadını qazanan Təhmasibqulu xan II Şah Təhmasib tərəfindən Fətəli xan Qacarı öldürtməyə, 1728-ci ilin əvvəlindən isə II Şah Təhmasibi öz iradəsinə tabe etməyə nail olur.
1729-cu ilin dekabrınadək Nadir Əfşar əfqanlari ölkədən qovub çıxarıb, İsfahanı azad edir və II Şah Təhmasibi öz qanuni taxtına bərpa etdikdən sonra Osmanlıdan işğal etdikləri əraziləri boşaltmağı tələb edir. Osmanlı tərəfindən tələb rədd edildikdən sonra Nadir Əfşar osmanlılara qarşı fəal hərbi əməliyyatlara başlayır. Lakin bu arada əfqanların yenidən Xorasana hücumları ilə əlaqədar Nadir Əfşarın Xorasana getməsindən istifadə edən II Şah Təhmasib öz şəxsi nüfuzunu qaldırmaqdan ötrü osmanlılara qarşı müharibəni Nadir Əfşar olmadan davam etdirir və məğlub olaraq Araz çayından şimaldakı Azərbaycan torpaqlarının osmanlılara verilməsi barədə 1732-ci il yanvarın 16-da Kirmanşah sülh müqaviləsini imzalayır. Bu yanlışlıq II Şah Təhmasibə onsuz da onun ağılsız başında çox zəif qalan tac bahasına başa gəlir.
Əfqanıstanda və Xorasanda işləri nizama saldıqdan sonra geri qayıdan Nadir Əfşar II Şah  Təhmasibi əyyaşlıqda, şərəfsizlikdə və osmanlılarla  rüsvayçı sülh müqaviləsi bağlamaqda günahlandırıb, onu 1732-ci il avqustun 22-də hakimiyyətdən  kənarlaşdırdı və II Şah Təhmasibin 8 aylıq oğlu III Abbası  taxta çıxartdı. Özünü də onun qəyyumu-naibi elan etdi. Bununla da Nadir Əfşar hakimiyyəti tamlıqla əlinə almış oldu.
Hakimiyyəti əlində cəmləşdirdikdən sonra Nadir Əfşar, ilk növbədə, 1732-ci ildə bağlanmış Kirmanşah müqaviləsini ləğv etdi və 1723-cü ildən bəri osmanlılar tərəfindən işğal olunmuş torpaqların  geri qaytarılmasını tələb etdi.
Osmanlı sultanın rədd cavabı müharibəyə səbəb oldu. Nadir Əfşar tezliklə Bağdad yaxınlığında rəqibinin qoşunlarını darmadağın etməyə, son nəticədə isə 1733-cü il dekabrın 19-da Bağdad hakimi Əhməd paşa ilə sülh müqaviləsi imzalamağa müvəffəq oldu.
Lakin Bağdad müqaviləsi ətrafında yekdil razılığın əldə olunmaması müharibə ocağının yenidən alovlanmasına səbəb oldu. Beləliklə, Nadir Əfşar osmanlıların zəbt  etdiyi Şirvana hücum edib 1734-cü il avqustun 24-də müqavimətsiz Şamaxını azad etdi.
Nadir Əfşar az bir zaman ərzində rus qoşunlarını Şərqi Azərbaycandan geri otuzdurdu. Şirvanı, Gəncəni, Kaxetiyanı (Gürcüstanı), İrəvan xanlığını, Ərzurumu osmanlılardan geri aldı, Əfqanları darmadağın edib tutduqları torpaqlardan geri otuzdurdu. 1735-ci ildə Dağıstana hücum edib oranı rusların işğalından azad etdi və Azərbaycan ərazilərini tamamilə yadellilərdən xilas etdi.
Bundan sonra Nadir Əfşar Muğanda - Suqovuşanda  qurultay çağırıb, özünü şah elan etdi və orada Azərbaycan bəylərbəyliyini Dağıstan, Gürcüstan,  indiki Ermənistan, Şirvan, Qarabağ, Çuxursəd, Təbriz bəylərbəyliyini də Azərbaycan bəylərbəyliyi adı ilə birləşdirib, vahid  bir Azərbaycan dövləti yaratdı.
 
Muğan qurultayı və Nadir Əfşarın şah elan edilməsi
1735-ci ildə Dağıstan yürüşünü uğurla başa çatdırdıqdan və Azərbaycanı tamamilə nəzarət altına aldıqdan sonra, qazandığı uğurları ilə xalq arasında böyük hörmət və ehtirama yetişməsini nəzərə alaraq Nadir Əfşar hakimiyyəti rəsmən özünə tabe etməyi qərara aldı. Öz bacarığı ilə, xüsusən bütün ölkəni azad etməsi ilə böyük nüfuz qazandığı zaman dərk etdi ki, arzularını həyata keçirməyə yaxşı və münasib vaxt çatıb.
Buna görə də əmr etdi ki, xanlar,  sultanlar, ona tabe olan bütün əyalətlərdən və şəhərlərdən mötəbər adlı-sanlı adamlar Muğana yığışsınlar və onun gəlməsinə hazır olsunlar.
Digər tərəfdən Nadir Əfşar Səfəvilər dövlətinə məxsus olan bütün əraziləri öz qılıncının gücünə yadelli düşmənlərdən geri qaytarmışdı. Ölkə və dövlət onun şücaəti nəticəsində yenidən mövcudluq qazanmışdı. Qurultayın məhz Azərbaycanda keçirilməsi Nadir Əfşarın öz torpağına  bağlılığından irəli gəlməklə həmçinin təşkilatçılıq işinin daha asanlıqla və ətraf əhalinin də Azərbaycan türklərindən ibarət olmasından irəli gəlirdi. Bununla  belə, Nadir Əfşarın şahlıq tacına yiyələnməsi, Azərbaycan Nadir Əfşar dövlətinin əsasının qoyulması məhz Muğanda baş verdi.
Şahlıq taxt-tacının həll edildiyi mühüm tarixi bir qurultayın Məşhəddə, İsfahanda deyil, Muğanda, Azərbaycan ərazisində keçirilməsi, Cənubi Qafqazın birdəfəlik geri qaytarılması, Qərbi Azərbaycanın osmanlılardan təmizlənməsi, Rusiyanın şərqi Azərbaycandan qovulub çıxarılması, Dağıstanın itaət altına alınması və məhz Nadir Əfşarın özünün Azərbaycan türklərinə məxsusluğunu nümayiş etdirmək istəyi idi.
Muğan qurultayının keçirilməsi üçün çox böyük təşkilati işlər aparılmışdı. Həmin ərazidə Nadir Əfşarın tapşırığı ilə 12 min çadır qurulmuşdu. Nadir Əfşarın çadırı isə xüsusi olaraq Qəzvində hazırlanmışdı. Həmin çadırın 12 ədəd dirəyi var idi. Bu,  12 imamların simvolu idi.  Çadırın uzunluğu 50 metr, eni isə 15 metr idi. Çadırın içərisi qiymətli daş-qaşlarla, qızıl və gümüşlə bəzədilmişdi.
Həmçinin Nadir Əfşar 100 min dəst xələt, 12 min ədəd zərlərlə və qiymətli daşlarla bəzədilmiş kəmərbəndlər hazırlatmışdı, böyük miqdarda bahalı parçalar toplatdırıb, dəvət olunmuş qonaqlar üçün gətirilməsinə göstəriş vermişdi.  Həmin ərazidə hamamlar, bazarlar, məscidlər və s. saldırmışdı.
Bütün bunlar göstərirdi ki, Nadir Əfşar Azərbaycan dövlətinin nələrə qadir olduğunu qurultaya dəvət olunmuş qonaqlara göstərmək istəyirdi.
Nadir Əfşar vilayətlərin hakimlərini, xanları, bəyləri, ruhani aləmini, ölkədə olan xarici  diplomatik nümayəndəliklərin rəsmilərini 26 dekabr 1735-ci ildə Muğan çölünə dəvət etdi.
Nadir Əfşar Muğanda, Suqovuşanda Muğan qurultayını təşkil etməklə, rəsmi məlumata görə, qurultaya təxminən 100 min nəfər adam dəvət etmişdi. Əlbətdə, bunların içərisinə ordu da daxil idi. 100 min nəfərin 20 min nəfərindən çoxu məhz qonaq kimi dəvət olunmuşdu. Gələn qonaqların hər birinə məxsusi şərait yaradılmışdı. Ramazan bayramına bir gün qalırdı.
Nadir Əfşar 1736-cı il yanvar ayının 12-də Muğan düzünə gəlib çatdı. Qurultayda  Nadir Əfşarın oğlanları və qardaşı da iştirak edirdi.
Burada  əvvəlcə böyük və təntənəli şadyanalıqlar keçirildi. Fevral ayının 14-də Ramazan Bayramı qeyd olundu. Bayram məclisinə Rusiya, Osmanlı və  bir sıra başqa dövlətlərdən də qonaqlar dəvət olunmuşdu.
Məclisdə Nadir Əfşara ən yaxın 7 nəfər  şəxs qurultay iştirakçılarına bildirdilər ki, Nadir Əfşar Xorasana gedib Kelat qalasında yaşamaq, hərbi yürüşlərdən əl çəkib, ibadətlə məşğul olmaq fikrindədir.
Nadir Əfşar Azərbaycan torpaqlarını bütün yadelli  işğalçılardan təmizləyib və dövlətin ərazisini bərpa  etmişdir. Odur ki, Nadir Əfşar Təhmasib Mirzənin  hakimiyyətə gətirilməsini təklif edir, əgər  Təhmasib Mirzə hakimiyyətə gəlmək istəməsə, Səfəvi xanədanının bir nümayəndəsini şahlığa gətirməyi təklif edir.
Mənbələrdə  göstərilir ki, qurultay iştirakçılarına fikirləşmək üçün 3-4 gün möhlət verildi.
Bu təklifin nəticəsi kimi qurultay nümayəndələrinin mütləq əksəriyyəti ölkənin şahlığına Nadir Əfşarın layiq olduğu fikrini irəli sürdülər.
M.Kazımın "Aləm Ara-ye Nadiri" əsərində qeyd olunur ki, Nadir Əfşarın şahlığa namizədliyi 4 gün müzakirə olundu.
Bəzi fikir ayrılıqları olsa da, qurultayın əksər iştirakçıları Nadir Əfşarın şah seçilməsinin tərəfdarı olduqlarını bəyan etdilər.
Nadir Əfşar isə şah seçiləcəyi təqdirdə qurultay iştirakçıları qarşısında bəzi şərtlərini qoydu.
Onun şərtləri yenidən yaxın adamları tərəfindən qurultay iştirakçılarına çatdırıldı.
Onlar  Nadir Əfşarın qoyduğu şərtlərin qəbul ediləcəyi təqdirdə şah seçilməyə razı ola biləcəyini bəyan etdilər.
Həmin şərtlərə əsasən göstərilirdi ki, əyanlara, xanlara, tayfa başçılarına çatdırılsın ki, Nadir Əfşarın şah olmasını xahiş edirlərsə, Nadir Əfşarın sərt hakimiyyətini qəbul etməlidirlər.
Həmçinin Şah Təhmasibi və onun övladlarını taxt-tacın varisi kimi qəbul etməməlidirlər.
İkinci şərt ondan ibarətdir ki, şiə məzhəbinin əvəzinə  Cəfəri məzhəbinin qəbul edilməsi həyata keçirilsin, çünki bu məsələ Osmanlı ilə Səfəvilər arasında müharibələrə səbəb olurdu.
Nadir Əfşar birmənalı bildirirdi ki, məzhəb ayrılığı aradan qaldırılarsa, dünyada Turançılıq  ideyaları inkişaf edər, Osmanlı dövləti ilə olan müharibələrə birdəfəlik son qoyular.
Üçüncü şərt isə, bildirilir ki, Nadir Əfşardan sonra  ölkənin taxt-tacına onun övladlarından biri, ya da Nadir Əfşar xanədanının nümayəndələrindən biri çıxa bilərdi. Bu şərtləri qəbul edəcəklərinə onlar and içməli idilər.
Beləliklə, bu şərtlər qurultay iştirakçıları tərəfindən 3-4 gün müzakirə edildi və nəticədə qurultay iştirakçılarının çoxu Nadir Əfşarın şah seçilməsinə tərəfdar oldular.
Sadalanan bütün şərtlər qəbul olunduqdan  sonra Muğan qurultayı Nadir Əfşarın şah olmasına razılıq verdi. Nadir Əfşar bununla kifayətlənməyib, qurultay iştirakçıları arasında aparılan işlərin nəticəsi kimi bütün bu şərtlərin hamısının yazılı şəkildə ifadə olunması əmrini verdi. Bu sənəd "məhzərnamə" (iştirak sənədi) və ya vəsiqənamə kimi xatırlanır. Beləliklə, bütün iştirakçılar bu vəsiqənaməyə imza atdılar.
Vəsiqənamənin Mirzə Məhəmməd xan Astrabadi tərəfindən yazıldığı da mənbələrdə bildirilir.
Belə bir təmtəraqlı qurultay, dünya tarixində Nadir Əfşara qədər, Nadir şah Əfşardan  sonra da təkrar olmamışdır. Nadir şah Əfşar öz dövrünə uyğun olmayan "demokratik" bir  seçki ilə  şahlıq taxtına sahib oldu. Dünyada hakimiyyəti ələ keçirmiş  heç bir hökmdar belə təmtəraqlı seçki metodundan istifadə etməmişdir. Bu bir yenilik, bəşər tarixində misli görünməmiş (o dövrdə) bir hadisə idi.
Tacqoyma mərasiminin fevralın  26-da (yeni təqvimlə martın 9-10-u) keçirildiyini bildirən A.Kretatsi bunun səbəbini, möhürün və sikkə kəsmək üçün qəlibin  hazır olmamasında, eləcə də Nadir şah Əfşarın münəccimlərinin ay təqviminin 25-ci gününün (fevralın 26-sı) çox yaxşı gün olmasını bildirmələrində görürdü. Buradan  bir daha aydın olur ki, uzun illər tarixi ədəbiyyatda deyilənlərin əksi olaraq, Nadir Əfşar Novruz bayramında deyil, məhz Ramazan  bayramı günlərində şah seçilmişdir.
Qurultayın qərarını Təhmasib xan Cəlayir xalqa elan etdi. Bu bəyanatdan sonra Nadir Əfşar hakimiyyəti bir şah kimi qəbul etməyə razılıq verdi və  yazılı şəkildə vəsiqənamə hazırlandı. Yazılı vəsiqənamə bütün  qonaqlar tərəfindən, xanlar, şeyxülislamlar, qazilər və digər aidiyyəti şəxslər  tərəfindən imzalandı.
Nadir şah Əfşar Osmanlı dövləti ilə müqavilə bağlanmasını da Muğan qurultayındakı nümayəndələr ilə müzakirəyə çıxartdı. İki dövlət arasındakı ixtilafların həlli məqsədi ilə 5 şərtdən ibarət yazılı sənəd müzakirəyə təqdim olundu:
1. Səfəvilər özlərinin əvvəlki şiə məzhəbindən  əl çəkirlər, sünniliyin yeni qolu olan İmam Cəfər adı ilə cəfərilik qolunu seçirlər.
2. Kəbədə İslamın 4 məzhəbinin sütunu olduğu üçün təklif olunurdu ki, İmam Cəfər məzhəbi üçün də 5-ci sütun yaradılsın və Cəfəri davamçıları da Məscidi Haramda namaz qıla bilsinlər.
3. Hər il Məkkəyə gedən İran zəvvarları üçün Həcc karvanlarının əmiri təyin edilsin və iranlı zəvvar karvanlarının əmirinin səlahiyyəti də Misir və Şam karvanlarının əmirlərinin səlahiyyətinə bərabər tutulsun.
4. Hər iki tərəfdə saxlanılan əsirlər azad edilsinlər, həmin əsirlərin satılmasına və alınmasına imkan verilməsin.
5. Hər iki dövlətin digər dövlətin paytaxtında nümayəndə heyəti (vəkilliyi) təsis edilsin.
Bu faktlar bir daha sübut edir ki, Muğan qurultayında Nadir Əfşar şah seçilməyi ilə bahəm Osmanlı dövləti  ilə olan münasibətləri də həll etmək və dünyada Turançılığı, Türkçülüyü birləşdirmək niyyətində olmuşdur.
1736-cı ilin mart ayının 6-da Osmanlıya yeni təyin olunmuş Səfir Əbdülbaqi xan böyük nümayəndə heyəti ilə və baş  molla Əli Əkbər də daxil olmaqla İstanbula yola düşdülər. Onlar Nadir Əfşarın şah seçilməsini və Cəfəri məzhəbinin mahiyyəti haqqında sultana məlumat verdilər. Hətta Nadir Şah Əfşar  bu şərtlərin qəbul ediləcəyi təqdirdə öz imperiyasını Osmanlı imperiyası ilə birləşdirməyi vəd edirdi.
Təbii, bu hadisə həmin dövr üçün çox böyük bir addım idi. Uzun illər osmanlılarla arada olan ixtilaflar aradan qaldırılar, məzhəb ayrılığı götürülməklə iki böyük Türk imperiyasının birləşməyi baş verərdi.
Belə bir təklif Nadir Şah Əfşara qədər və Nadir Şah Əfşardan sonra da heç bir İran şahı və Türk sultanı tərəfindən irəli sürülməmişdir.
Təəssüf ki, bu təkliflər osmanlılar tərəfindən qəbul olunmadı. Nadir şah Əfşarın tacqoyma günü onun adına "Taqe Nüsrə" (Qələbə  Tağı) hazırlandı. Qələbə Tağının üzərində "Allahın kölgəsi İran Şahı Nadiri Dövran" yazıldı.
1736-ci il aprel ayının ortalarında Nadir şah Muğan düzünü tərk edərək Qəzvinə yola düşdü.
Beləliklə, Nadir şah Azərbaycanın Muğan düzündə, Kür və Araz çaylarının qovuşduğu Cavad qəzasında türklərin əcdadlarına məxsus böyük qurultay keçirməklə özünü şah elan edib, Azərbaycan Nadir Əfşar  İmperiyasını yaratdı. Bu imperiyanın tərkibinə Azərbaycan, Gürcüstan, indiki Ermənistan, Dağıstan, İran, Türkiyənin Şərq hissəsi, Əfqanıstan, İraqın cənubu, Fars körfəzi və İran körfəzi ətrafı ərazilər (Bəhreyn, Küveyt) və s. ərazilər daxil idi.
Nadir şahın qurultayı Azərbaycanda keçirməsi, həmin əraziləri məhz Azərbaycan naminə fəth etməsi Azərbaycan dövlətçiliyi üçün  böyük əhəmiyyət kəsb edirdi.
Nadir şah məhz Muğanda Azərbaycan  bəylərbəyliyini yaratdı. Paytaxtı Təbriz olmaqla Azərbaycan bəylərbəyliyinə əzəli Azərbaycan torpaqları olan Gürcüstan (Kartli, Kaxetiya), indiki Ermənistan, Dağıstan ərazilərini birləşdirib, özünün  qardaşı İbrahim xanı bəylərbəyliyin hakimi təyin etdi.

Nadir şah böyük döyüşçü idi və böyük qüdrət sahibi idi.  Vəhşət yaradan fitnəkarlara, pis niyyətli düşmən  qoşunlara dəhşət gətirərdi.
O, vətəninin düşmənlərinə qənim kəsildi və iftixarla  ölkəsinə padşahlıq etdi.
Napoleon Bonapart

    Nadir şah qurduğu imperiyanın paytaxtını isə şiə məzhəbinin banisi İmam Rzanın məqbərəsi yerləşən Məşhəd şəhərini seçdi. Bu isə nəhəng imperiyanın İslam dəyərləri ətrafında birliyinə işarə idi.
Ümumilikdə Nadir şah İmperiyası dörd iri vilayətdən ibarət idi: Azərbaycan, İraq, Xorasan və Fars bəylərbəylikləri.
Nadir şahın həyatı boyu daxili siyasətindəki əsas fəaliyyəti mərkəzi hakimiyyətin  güclənməsinə və feodalların separatizminin boğulmasına yönəlmiş aqrar siyasət idi. Bu əsasən dövlət torpaq fondunun artırılması və möhkəmləndirilməsi, xüsusi mülkiyyətin və ayrı-ayrı feodalların iqtisadi  və siyasi mövqelerini təmin etməli idi.
Mərkəzi hakimiyyəti gücləndirmək məqsədi ilə dövlət torpaq fondunu artırmağa yönəlik, eləcə də ordu əsgərlərinin maaşlarından əlavə, genişmiqyaslı hərbi yürüşlərin ağır xərclərini ödəmək üçün Nadir şah vəqf əmlakından istədiyi kimi istifadə  etməyi düşünürdü. Odur ki, tezliklə bütün ölkənin vəqf əmlakının dövlət tərəfindən alınması haqqında fərman verdi.
Bununla  yanaşı Nadir şah elatları rəiyyətə çevirməklə, maldarlıqla məşğul olan tayfaları digər yerlərə köçürməklə onların əlində olan torpaqlarını xəzinənin xeyrinə müsadirə etdirdi.
Nadir şahın iri feodalların nüfuzunun sarsıdılmasına istiqamətlənən digər mühüm tədbiri vilayətlərin mədaxilinə və məxaricinə müdaxilənin qarşısını almaqdan ibarət idi. Bunun üçün Nadir şah əmr verdi ki, bundan sonra əyalət hakimləri, əyalətlərin xəzinə məmurları öz maaşlarını torpaq bəxşişi formasında deyil, pul formasında alsınlar. Bu hal həmçinin bütün bəylərbəyliklərə də şamil olundu.
Nadir şah taxta çıxdıqdan sonra İranın şəhər və kəndlərinin vəziyyətini gözdən keçirdi. Şah xüsusilə torpaqların əkilib becərilməsi üçün dağıdılmış suvarma sistemlərinin qaydaya salınması, vilayətlərin abadlaşdırılması haqqında fərmanlar verdi.
Akademik V.V. Bartold bu haqda qeyd edərək yazır: "Nadir şah Qafqazda Muğan çölündəki suvarma işləri ilə tarixdə iz qoydu". 
Ümumiyyətlə, Nadir şahın müasirləri və ya tədqiqatçıları olan elə bir müəllif yoxdur ki, onun quruculuq və abadlıq işlərindən söz açmasın.
Nadir şahın soykökü türk olmaqla türk mühitində formalaşmışdı. Azərbaycan türkcəsi onun ana dili idi. Nadir şah daima ana dilində danışırdı. Onun hətta hərbi yürüşləri zamanı sərkərdələri ilə Azərbaycan türkcəsində  ünsiyyətdə olması, Nadir şaha Azərbaycan türkcəsində nəzm əsərlərinin həsr edilməsi haqqında mənbələrdə çoxlu sayda faktlar vardır. Hakimiyyətə gəldikdən sonra bölgədə türk mühitinin möhkəmləndirilməsi üçün əhəmiyyətli göstərişlər verdi.
5. Dünyanın sonuncu fatehi - Nadir şah Əfşar  
Nadir şah  ömrünün təqribən 37 ilini müxtəlif döyüşlərdə at belində keçirib, xarici işğalçılarla və daxili separatçılara qarşı irili-xırdalı 120-dən artıq müharibələr aparmışdır. Bu döyüşlərdə çox təsadüfi olan uğursuzluqların heç biri onu ruhdan salmamış, əksinə, o, baş verən uğursuzluğun səbəblərini dərindən öyrənib daha ciddi, daha möhkəm hazırlıqla əks-hücuma keçib düşmənlərin dərsini vermişdir. Nadir şahın tarixinin hər səhifəsi Azərbaycanın fəxri və şanlı qürurudur. O, vətəni xarici işğalçılardan və daxildən parçalamaq  istəyən xainlərdən qəhrəmanlıqla qorumuşdur.
Öz dövrünün hərtərəfli çətinliklərinə baxmayaraq, hərb tariximizin misilsiz sərkərdəsi kimi öz polad iradəsi, cəsarəti, mətanəti, möhkəm səbri, ağıllı tədbirləri, hədsiz rəşadəti və şücaəti ilə qarşıya çıxan çətinlikləri mərdliklə aradan qaldırıb, daxili və xarici düşmənlərin öhdəsindən layiqincə gəlirdi. Onun ordusunda polad intizam var idi. Nadir şahın  ordusunda yalan danışanın, özbaşınalıq, oğurluq edənin və əmri yerinə yetirməyənlərin cəzası ölüm idi. Onun bütün əmrləri qılıncdan kəskin idi. O, həmişə cəbhədə əsgərlərin yanında olurdu. Onlarla bir yeyib, bir yatırdı.
230 ildən artıq İranda hökmranlıq edən, XVIII əsrin əvvəllərində dağılmaqda olan Səfəvilər  dövlətini  Nadir şah  yenidən bərpa etdi. Bütün xarici işğalçıları (əfqanları, özbəkləri, çar Rusiyasını, Osmanlı İmperiyasını) ölkədən çıxartdı. Daxili qiyamçıları aradan götürüb qüdrətli bir imperiya yaratdı və Əfşar İmperiyasının ərazisini iki dəfədən artıq genişləndirdi.
Nadir şah böyük imperiyanı güclü ordu ilə yaratmışdı və imperiyanı ordu ilə idarə edirdi. İmperiyanın bütün ərazilərində ordu hissələrinin qüvvələri var idi. Yerlərdə kəndxudalar, qazilər və hakimlər vergilərin toplanmasına, ordu üçün təchizata (ərzaq, paltar, silah, at ilxıları və s.), ordu sıralarına yeni çağırışa köməklik göstərirdilər. İmperiya əslində o dövrə uyğun bəylərbəyliklərini federativ bir formada idarə edirdi.
Nadir şahın qoşunlarının bir növünü də hərbi-dəniz qüvvələri təşkil edirdi. O dövrün hərbi-dəniz qüvvələrinin tarixinə toxunan tədqiqatçıların demək olar ki, hamısı xüsusi vurğulayırlar ki, Nadir şah Ərəb işğalından sonra hərbi-dəniz qüvvələrinin təşkilinə nail olmuş ilk şah idi. Bu iş Nadir şahın dövlətçilik və sərkərdəlik təfəkkürünün daha bir əhəmiyyətli nümayişi idi. Çünki  həm şimaldan, həm də cənubdan dəniz sularına  çıxışı olan  bir dövlətin strateji maraqları dənizdən təhlükəsizliyinin təmin olunması zərurətini yaradırdı. Qurduğu böyük imperiyanın hüdudlarını etibarlı şəkildə qorumağa çalışan Nadir şah üçün bu məsələ olduqca xüsusi əhəmiyyət kəsb edirdi.
Şimalda  güclü hərbi-dəniz qüvvələrinə malik olmadan Nadir şah Cənubi Qafqazda və Türküstanda özünü arxayın hesab edə bilməzdi. Rusiyanın dəniz vasitəsi ilə Ənzəliyə və bütünlükdə Gilana qoşun çıxara bilmək ehtimalı və eləcə də Xəzər dənizindəki yük daşımalarının yalnız Rusiyanın əlində olması Nadir şahı heç cür  qane etmirdi.
Fars körfəzində isə bu məsələ daha kəskinliyi ilə təhlükə yaradırdı. Körfəzin o tayında vaxtilə Səfəvi dövlətinə mənsub olan ərazilərin itirilməsi Nadir şah hakimiyyətinə qarşı qiyamçı mövqe tutmuş qüvvəllərin Fars körfəzi  bölgəsində gizlənməyə çalışmaları və onların potensial təhlükə mənbəyi olması, bütünlükdə  körfəz ətrafındakı vəziyyətin nəzarət altında saxlanması da hərbi-dəniz qüvvələrinin yaradılmasına  təkan verdi.
Bir sözlə, Nadir şah öz dövlətini güclü hərbi-dəniz bazasına malik olan bir dövlətə çevirmək istəyirdi. Ancaq bu işlərin həyata keçməsi üçün bir sıra vacib məsələlərin həllinə nail olmaq lazım idi. İlk növbədə hərbi-dəniz donanmasının yaradılması üçün müəyyən bir təcrübə tələb olunurdu. Piyada və süvari qoşunlarının təşkili üçün istər Nadir şahın özündə, istərsə də ordu daxilində və cəmiyyətdə hər cür təcrübə mövcud olsa da, hərbi-dəniz qüvvələrinin təşkili sahəsində belə bir təcrübə yox idi. Konkret tarixi şəraitdə isə Nadir şah təcrübə əldə edilməsi ilə əməli fəaliyyəti birləşdirməli idi. Yəni təcrübə qazanılmasına vaxt itirmədən əməli fəaliyyətə başlamaq lazım idi.
Donanma yaratmaq üçün Nadir şahın ixtiyarında hərbi gəmilər də yox idi. Bu isə ən həlledici bir məsələ idi. Hərbi gəmilərin əldə edilməsi ilə yanaşı, donanma gəmilərinə texniki xidmət sahələri də yaradılmalıydı. Nəhayət hərbi gəmiləri hərəkətə gətirəcək şəxsi heyət yetişdirilməli idi.
Bütün bu və ya digər zəruri məsələlərin ağırlığına baxmayaraq, Nadir şah hərbi-dəniz donanmasının yaradılması istiqamətində gərəkli qətiyyət nümayiş etdirdi və onun səmərəli  nəticəsinə böyük müvəffəqiyyətə nail oldu.
6. Hindistanın fəthi.
Hindistan şahı Məhəmməd Teymuri Nadir şahın təklifinə əhəmiyyət vermədikdə  Nadir şah Hindistana doğru hərəkətə başladı və Hindistan sərhəddinin 74 km-də Mank adlı yerdə əfqan  döyüşçülərini darmadağın etdi. Nadir şahın göndərdiyi elçinin qayıtmasına Məhəmməd şah izin vermədi. Nadir şah Məhəmməd Teymurinin bu hərəkətindən çox qəzəbləndi və 1738-ci ilin yazında Qəznə və Kabula (həmin dövrdə bu ərazi Hindistanın tərkibində idi) yürüşə keçdi. Nadir şah Hind  imperatorluğunu tutmaqla əfqanlara birdəfəlik qulaqburması vermək və öz ordusunu İranın iqtisadiyatını gücləndirməklə, gələcəkdə özbəklərdən və əfqanlardan ibarət qoşun toplayıb Osmanlı dövlətinə hücum etmək niyyətində idi. 1738-ci ilin 14 iyununda Nadir şahın qoşunları Qəznəyə çatdı və oradan Kabula keçdi. Kabul xanı Nəsir xan Dehlidən kömək istədi. Lakin onlardan heç bir kömək gəlmədi. Tezliklə Kabul təslim oldu.
Nadir şahın qoşunu Hindistanın paytaxtı Dehliyə doğru hücuma başladı. Onu qeyd etmək lazımdır ki, Nadir şah Məhəmməd şaha bir neçə dəfə müraciət etsə də, Məhəmməd şah ona cavab verməmişdi. 
Tezliklə Pişəvər, Fahor əyalətləri təslim oldu. Nadir şahın ordusu çətin dağ aşırımlarından, fəlakətli çaylardan keçərək, Yəminabadını, Abadı, Kəşmiri, Xornalını və Hindistanın başqa şəhərlərini ələ keçirdi.
Nadir şahın qoşunları Hindistanın qərb hissəsini tutub Dehliyə yaxınlaşdı. Məhəmməd şahın qoşunları Nadir şahın qoşunları ilə Dehlinin yaxınlığında, Karnal deyilən ərazidə qarşılaşdı. Yazılı mənbələrə görə, Hind qoşunlarının sayı 350 min nəfər, Nadir şahın qoşunlarının sayı isə 160 min nəfər idi. Hind qoşunlarının əhatə etdiyi ərazi 500 hektarlıq bir sahə idi. Bu üstünlüklərə baxmayaraq, tezliklə Nadir şahın ordusu özündən qat-qat güclü olan hind ordusunu darmadağın etdi. 
Tarixçi Hanvey yazır: Nadir hindlilərin xortumuna qılınc bağlayıb, düşmən üzərinə göndərdikləri filləri qorxutmaq üçün dəvəçilərinə tapşırıq verdi ki, kuzələri qatran və yandırıcı maddələrlə doldurub hazırlasınlar. Döyüş başlayan kimi kuzələri yandırıb dəvələrlə birlikdə meydana tullasınlar. Hindlilərin filləri və qoşunları bundan  qorxub geri çəkildilər.
Nadir şahın apardığı böyük taktiki manevrlər nəticəsində hind  ordusunun başçısı Səadət xan əsir alındı. Özlərini məğlubedilməz hesab edən hind döyüşçüləri Nadir şahın yeni taktikası qarşısında heç bir iş görə bilmədilər. Sərkərdəsini itirmiş hind ordusu minlərlə yaralısını döyüş meydanında qoyub qaçmağa  başladı. Çox sayda top Nadir şahın qoşunları tərəfindən ələ keçirildi. Tarixçilərin yazdığına  görə hind qoşunlarından 30 min nəfər öldürülmüş və 20 min nəfər əsir alınmışdı.
Beləliklə, o dövrdə dünyada birinci hesab olunan Hind ordusu darmadağın edildi. Bundan sonra Məhəmməd şah atəşkəs haqqında müzakirəyə başladı. Tərəflər arasında saziş imzalandı.
Saziş müqabilində Hindistan Nadir şaha 5 milyon rupi cərimə ödəməli, hind ordusu bütün toplarını və hərbi sursatını İran ordusuna təhvil verməli oldu.
Hindistan şahı Məhəmməd Teymuri ordusu ilə birlikdə Nadir şaha təslim oldu.
Məhəmməd şah da türk soylu sülalədən olduğuna görə Nadir şah onun şahlığını əlindən almadı.
Karnal müqaviləsinə əsasən Məhəmməd şah sələflərindən qalan 350 illik xəzinəni də Nadir şaha bağışladı.
Şah  Cahanın sarayında Nadir şaha xüsusi yer ayrıldı. Nadir şahın şərəfinə məscidlərdə xütbələr oxundu və bütün şəhərlərdə Nadir şahın adına yeni pul sikkələri kəsildi. Həmin pul sikkələrinin üzərində "Dünya şahlarının şahı olan şahənşah Nadir şah" yazılmışdı. Nadir şaha "Tovus" adlı taxt  hədiyyə edildi. Bu taxtın bəzədilməsində bir milyon  ədəd cəvahirat işlədilmişdir. Nadir şaha bu günə qədər dünyada tayı-bərabəri olmayan "Kuhi-Nur" daşı, "Dəryayi Nur", "Almaz Arlof" kimi məşhur almaz və brilyant daş-qaşlar hədiyyə edilmişdir. Hal-hazırda həmin daşlar London, Tehran və Moskva muzeylərində saxlanılır. Həmçinin Hindistanın bütün xəzinəsi Nadir şaha təhvil verildi. Bunlardan  əlavə 60 min kitab əlyazması Hindistandan İrana gətirildi.
Nadir şah Hindistanı fəth etdikdən sonra əhalini 3 il vergilərdən azad etdi.
Yazılı mənbələrdən məlumdur ki, Nadir şah Məhəmməd şahla bağladığı müqavilə əsasında Hindistanın qərb hissəsini, yəni indiki Pakistan və digər müsəlmanlar yaşayan əraziləri həmçinin Pişəvəri, Kabulu, Qəzni, Əfqanıstanı və s. Əfşar İmperiyasının tərkibinə qatdı.
Ümumiyyətlə, Nadir şahın bütün döyüşlərini bir monoqrafiq yazıya sığdırmaq qeyri-mümkündür. Onun haqqında olan tarixi mənbələrdə bu yürüşlərin hamısı bütün detalları ilə əks olunmuşdur.
Nadir şahın keçirdiyi bütün döyüşlər (1722-1747), eyni zamanda onun bütün hərbi yürüşü tarixi bir salnamədir. Bu yürüşlər dünya hərb tarixinin şərəf səhifəsidir.
Beləliklə, artıq şərqin Kiaksarı, Napoleonu, Makedoniyalı İsgəndəri adını almış qüdrətli sərkərdə Nadir şahın mütləq hökmdarlığına heç bir maneə qalmadı.
Böyük türk oğlu Nadir şah Əfşar dünyanın son fatehi olaraq öz adını tarixə qızıl hərflərlə yazdı.
7.Nadir şaha edilən sui-qəsd
Nadir şah bütün şüurlu həyatını at belində döyüşlərdə və hərbi yürüşlərdə keçirmişdi. Bu müddət ərzində o, ən müxtəlif təhlükələrlə üzləşmiş və dəhşətli risklərlə qarşılaşmışdı. Məlumdur ki, Nadir şah iştirak etdiyi bütün döyüşlərin  bilavasitə hərəkətverici qüvvəsi idi və ən həlledici anlarda özünü döyüşün ən gərgin nöqtələrinə ataraq hadisələrin ağırlığını öz üzərinə götürür, qolunun gücü ilə döyüşçülərini qələbəyə  ruhlandırırdı. Nadir şah belə döyüşlərdə həyatını təhlükəyə atmaqdan qorxmurdu.
O, dəfələrlə ölüm təhlükəsi ilə qarşılaşmış və hər dəfə də cəsarəti, çevikliyi və bəxt ulduzu onu dəhşətli ölüm təhlükələrindən xilas etmişdi.
Mənbələrdən məlum olur ki, Nadir şaha dəfələrlə sui-qəsd hazırlanmışdır. Bu sui-qəsdlərin xronikası yazılı mənbələrdə öz əksini tapmışdır. Bu yazıda onları sadalamağa lüzum olmadığından, birbaşa Nadir şahın qətlə yetirildiyi sui-qəsd hadisəsini təqdim edirəm.
"Tarix -e cahanqoşa-ye Nadir-i" və "Aləm Ara-ye Naderi" yazılı mənbələrə görə, Nadir şahın qətli belə baş verdi. Hicri-qəməri tarixi ilə 1160-cı il Cəmadül-Sani ayının 11-i axşam (1747-ci ilin iyun ayının 20-də, bazar gecəsi) Xəbuşan yaxınlığındakı Fəthabadda qurulan düşərgədə Məhəmməd bəy Qacar İrəvani, Musa bəy Əmirli Əfşar, Qoca bəy Kəndirli Əfşar, Saleh xan Qırxlının, keşikçibaşı Məmmədqulu xan Əfşarın və bir sıra digər keşikçilərin dəstəyi ilə gecəyarısı Nadir şahın çadırına daxil oldular. Nadir şah həmin gecə arvadlarından ? Məhəmməd Həsən xanın qızı Sitarənin (Cukinin) çadırında yatmışdı.
Sui-qəsdçilər Nadir şahın hansı çadırda yatdığını öyrənib, gözətçini boğdular və Sitarənin çadırına daxil oldular. Nadir şahın üzünü gördükdə qorxu onları elə bürüdü ki, onlar qapıdan içəri girməyə cəsarət etmədilər. Amma Məmmədqulu xan və Saleh xan çadırı xəncərlə cırdılar və bir neçə nəfər içəri daxil oldu. Nadir şah yerindən atılıb Saleh xanı görən kimi onu söydü. Qılıncını çəkib onu qovdu və onlardan  ikisini qılıncı ilə vurdu. Bu vaxt ayağı çadırın ipinə ilişib yıxıldı. Ayağa qalxana qədər Saleh xan onun kürəyinə bir qılınc vurdu. Bu zaman Məhəmməd xan Qacar gəlib əzəməti göylər qədər olan, qüdrəti aləmə sığmayan Nadir şahı qətlə yetirdi.
Nadir şahın imperiyası güc üzərində qurulmuşdu və dövlətin siyasəti də başlıca olaraq bu gücün miqyasından asılı idi.
Amma, əslində, bu sui-qəsd Nadir şah dövrünün və mühitinin bir reallığı idi. Onun da taleyində belə bir faciəli sonluq istisna deyildi.
Mənbələr və tədqiqatçılar Nadir şahın qətlinə aparan səbəblər içərisində onun xəstəliyi məsələsi üzərində geniş dayanırlar. Məlumdur ki, Nadir şah fiziki cəhətdən çox güclü insan olmuşdur. O, malik olduğu gücü və enerjisi ilə ən ağır döyüşlərin hərəkətverici qüvvəsi idi. Nadir şahın toppozunun zərbəsinə kimsə dayana bilməzdi. At çapmaqda, qılınc oynatmaqda, toppuz vurmaqda ad çıxarmışdı. Tədqiqatçıların da qeyd etdiyi kimi, təxminən  50 yaşına qədər Nadir şah  səhhətindən bir dəfə də olsun şikayət etməmişdi. Amma Nadir şahın sürdüyü həyat tərzi son dərəcə yorucu və ağır bir həyat tərzi idi. Onun qarşılaşdığı fiziki gərginlik, oğlu Rzaqulunun kor  edilməsi sözsüz ki, sağlamlığına təsirsiz ötüşə bilməzdi. Nadir şah hətta taxt-taca sahib olandan sonra da bütün həyatını at belində və  çadırlarda keçirirdi. Dağlıq ərazilərin soyuq qışında Nadir şah aylarla  çadırlarda qalırdı. Bir tərəfdən də düşərgə həyatının normal olmayan qidalanması da onun səhhəti üçün problemlər yaratmışdı. Minlərlə kilometr  məsafə qət  etməsi, bu yürüşlərdə gözlənilməz risklərə sinə gərməsi və bütün bunlardan sonra fatehlik əzəmətini nümayiş etdirməsi vaxt ötdükcə onun səhhətinə öz təsirini göstərmişdi.
Lazımi müalicə almadığı üçün Nadir şahın səhhətində ağrıların çox şiddətləndiyi vaxtlar olurdu. Məsələn, mənbələrin yazılı məlumatına görə, Şəki yürüşündən Göyçaya geri qayıdarkən Nadir şahın səhhətində yenidən ciddi ağrılar özünü göstərir. Həkimlər çətinliklə onun səhhətini qaydaya sala bilirlər.
Yerli həkimlərin təsirli müalicə yolu tapmamaları istər-istəməz Nadir şahın narahatçılığını artırırdı. Nəhayət, Nadir şah müalicəsi üçün avropalı həkimlərin dəvət edilməsini məqsədəuyğun bildi. Bununla bağlı ingilis ticarət nümayəndəliyinin rəhbəri Pirsondan xahiş olundu ki, Nadir şaha təcrübəli bir Avropa həkimi tapsın. Pirson da o zamanlar İsfahanda olan fransız keşiş Bazeni həkim kimi Nadir şaha təqdim etdi. Bazen keşiş olsa da təbabəti bilirdi, hətta bir sıra xəstəliklərin müalicəsinə görə əhali arasında ad çıxarmışdı.
Nadir şah əvvəlcə keşiş Bazeni sorğu-suala tutdu və onun verdiyi cavablara diqqət yetirdi. Bazen  yerli həkimlərin yanında Nadir şahın müalicəsinə başladı.
Keşiş Bazenin üzərində dayanmağımın səbəbi odur ki, Nadir şaha sui-qəsdin təşkilində ingilis və rus kəşfiyyatının əməli rolu olduğu yazılı  mənbələrdə də ehtimal olunur.  
C. Hanveyin yazdığına görə sui-qəsdin təşkilində Nadir şahın bir nəfər gürcü xidmətçisi və keşiş Bazen də vasitəçilik etmişlər.
Nadir şahın qətlindən sonra Əfşar İmperiyasının Azərbaycan bəylərbəyliyi bir sıra xanlıqlara parçalandı. Belə ki, Qarabağ, Şəki, İrəvan, Dərbənd, Gəncə, Şamaxı, Quba, Cavad, Lənkəran, Qaradağ,  Təbriz, Marağa, Ərdəbil, Zəncan, Gülan, Xoy, Naxçıvan, Urmıya xanlıqlarına, Borçalı, Qazax, Şəmsəddil, Car-Balakən, İlisu sultanlıqlarına və digər inzibati ərazilərə bölündü.
Beləliklə, Nadir şah Əfşarın qurduğu Əfşar imperiyası süqut etmiş oldu.

     Şöhlət Əfşar,  şair- publisist
       2018-ci il. 

 

Digər xəbərlər