usd-1.7000 eur-1.9359 rub-2.0852
Bakı 18°C 3.44 m/s
Son xəbərlər
23-04-2025
22-04-2025
21-04-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Səhnəmizin yaraşığı Məleykə...- Fuad Biləsuvarlı yazır
 

details

MƏDƏNİYYƏT

23.04.2025, 01:06 Oxunub: 465

Məleykə Əsədova, Azərbaycan teatr sənətinin parlaq ulduzlarından biridir. Onun sənət dünyasına olan töhfələri, yaratdığı unudulmaz obrazlar və tamaşaçıların qəlbində qazandığı xüsusi yer, onu milli mədəniyyətimizin əvəzolunmaz simalarından birinə çevirib. Bu yazıda Məleykə Əsədovanın sənət yoluna nəzər salaraq, onun yaradıcılığının dərinliklərinə enəcəyik.

Bu, əzəldən belədir. Sənət fədailəri sevir. Sənətinin vurğunu olmasan, bütün gücünü, ürəyinin odunu, qəlbinin atəşini ona verməsən, uğur qazana bilməzsən...
Başqa sözlə, sənət qurban tələb edir.

Sevimli aktrisamız Məleykə Əsədova haqqında qeydlər yazmağa başlayanda, onu ilk dəfə televiziya ekranlarında gördüyümü xatırlamağa çalışdım. Elə indiki kimi gözəl-göyçək, bir az da nərmənazik Məleykə xanımın səhnədə, mavi ekranlarda tamaşaçının bütün əhval-ruhiyyəsini müsbət mənada dəyişdirirdi. Tamaşaçı səhnəyə, ekrana yaraşan bu incə xanımın ifasından, çıxışından doymurdu.

Aktrisa Məleykə Əsədovanın şirin, məlahətli səsi, səhnə mədəniyyəti, xoş avazı ürəklərə məlhəmlə yayılırdı. Və uzun zaman yaddaşlardan silinmirdi.

Məleykə xanımın yaratdığı obrazların hər biri  onun sənət işidir.
Elə əsl sənət belə olmalıdır. Onun oynadığı rollar heç bir zaman yaddaşlardan silinmir.
Sənət adamı, xüsusilə aktyor peşəsini seçənlər təkcə özü üçün yaşamır. Tamaşaçı münasibəti, onların emosiyası, alqışları hər bir sənət adamının daimi yaddaşındadır. Və bu nəcib hisslər onları daim axtarışlara, gecə-gündüz hər şeyi unudaraq, yorulmadan çalışmağa, yaratmağa səsləyir.

Məleykə xanım da bu keşməkeşli, ağır zəhmət tələb edən sənət yollarında özünü artıq çoxdan təsdiq edən, sevilən və seçilən aktrisalarımızdan biridir.

Elə ilk gündən, ilk çıxışından qarşısına çıxdığı tamaşaçıların sevimlisinə çevrilib. Bu, əsl sənətkar xoşbəxtliyidir.
Doğulduğu Neftçala rayonundan arzularının ardınca mərkəz Bakımıza üz tutan Məleykə Əsədova görəsən bilirdimi, bu yol onu arzularına çatdıracaq, tamaşaçıların çıxışlarını intizarla gözlədiyi bir aktrisaya çevirəcək.

Onda Məleykənin cəmi-cümlətanı 17 yaşı var idi.  Nə geniş auditoriyalar görmüşdü, nə təmtəraqlı səhnələr, nə tamaşaçı alqışları.
Amma zərif qız ürəyində əzizlədiyi bir arzu vardı. Aktrisa olmaq istəyirdi.
Elə bu arzu da onu M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna gətirib çıxarmışdı. Məleykə əsl sənət məbədinə düşmüşdü, hər şeyə heyranlıqla baxırdı. Onlara dərs deyən, aktyor sənətinin sirlərini öyrədən tanınmış sənət xadimlərini, müəllimlərini görəndə isə Məleykə necə bir xoşbəxtliyə qovuşduğunu yaxşı anlayırdı.

Sənət yanğısı Məleykə Əsədovanın ali məktəb auditoriyalarında tez qaynayıb qarışmasında mühüm rol oynadı. Müəllimləri də, tələbə yoldaşları da hiss etdilər ki, dünən orta məktəb partası arxasından ayrılmış bu qızın ürəyində sonsuz sənət sevgisi var.

Ali təhsilini başa vuranda Məleykə Əsədova məktəbin müəllim - professor heyəti tərəfindən tanınırdı. Ali məktəbin tədris teatrının səhnəsində çıxışları olmuşdu.
İndi isə onu daha böyük səhnələr, daha geniş teatr meydanları gözləyirdi.

O, böyük səhnəyə Gənc  Teatrından qədəm qoydu.
Məleykə Əsədovanın bu teatr səhnəsində yaratdığı ilk rolu, böyük dramaturqumuz Cəfər Cabbarlının "Aydın" tamaşasındakı Gültəkin obrazı oldu. O tamaşaya Barat Şəkinskaya kimi böyük sənətkarlar və bütün teatrşünaslar gəlib baxmışdılar.

Tamaşaçı qarşısında ilk rəsmi çıxış. Məleykə xanım bir aktrisa kimi bu sınaqdan alnı açıq çıxdı və sübut etdi ki, təhsil illəri hədər getməyib. O, Gültəkin rolu ilə özünü tamaşaçılara sevdirə bildi. "Hətta "Aydın" tamaşasına baxandan sonra Barat Şəkinskaya dedi ki, səhnəyə düzgün və təbii bir aktrisa gəlib. O, demişdi ki, Cəfər Cabbarlının əsl Gültəkini Məleykə Əsədovadır."
Düz üç ilə yaxın bu teatrın səhnəsində müxtəlif rollar oynadı, adı afişaları bəzədi. Onu da qeyd edim ki, Məleykə xanım Cəfər Cabbarlının "Aydın" tamaşasındakı Gültəkin obrazını 10 ildən sonra Mikayıl Mirzənin quruluşunda canlandırdı.


1993-cü ildən Məleykə Əsədova, artıq müəyyən təcrübəsi olan bir aktrisa kimi, taleyini Akademik Milli Dram Teatrı ilə bağladı. O illərdə gənc bir aktrisa üçün belə mötəbər teatrın kollektivinə daxil olmaq son dərəcə böyük bir uğur idi. Lakin Məleykə xanım sübut etdi ki, bu etimada tamamilə layiqdir.

Şıxəli Qurbanovun 'Əcəb işə düşdük' tamaşasında Dilarə, Sabit Rəhmanın "Nişanlı qız" tamaşasında Zərifə, Vidadi Babanlının "Ana intiqamı"nda Şahanə, Səməd Vurğunun "Fərhad və Şirini"ndə Şirin, Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc"ında Selcan, "Dar ağacı"nda Çılğın, və "İkinci səs" əsərində Arzu obrazlarını məharətlə oynayıb. İlyas Əfəndiyevin "Mənim günahım" tamaşasında Nurcahan, "Xurşidbanu Natəvan" pyesi əsasında hazırlanmış tamaşada Natəvan, Viktor Hüqonun "Qadın məhəbbəti" tamaşasında Kraliça Mariya Tüdor, "Pompeyin Qafqaza yürüşü"ndə İlkcan, Şeksprin Kleopatrasını, və ilk dəfə Azərbaycan səhnəsində "Yusif və Züleyxa"da Züleyxanı canlandıran aktrisa olub.

Məleykə xanım digər tamaşalarda oynadığı rollarla  bir aktrisa kimi bu sənətə ürəyinin hökmü ilə gəldiyini təsdiq etdi. Ən başlıcası tamaşaçılar onu sevdilər, ifalarını alqışlarla qarşıladılar.

Məleykə Əsədovanın qarşısında geniş yaradıcılıq üfüqləri açılmışdı. Fəaliyyəti təkcə Akademik Milli Dram Teatrın səhnəsi ilə yekunlaşmırdı. Tez-tez dəvət aldığı televiziya tamaşalarında çıxışlar edir, yadda qalan obrazları canlandırırdı.

Bu teletamaşaların şəbəkəsi isə çox geniş idi. "Yad qız"ında Jalə, "İtgin gəlin"də Əfsanə, "Dodaqda qəlbə"də Cavidan, "Sarı gəlin" də Sarı gəlini, "Güllələnmiş heykəllər"də Xurşid Banu Natəvan...
Xatırlayıram ki, "İtgin gəlin" teletamaşasındakı Əfsanə rolu Məleykə xanıma daha böyük şöhrət gətirmişdi.
Tamaşaçılar Əfsanəni - Məleykə xanımı sevdilər.

Fitri istedadı Məleykə Əsədovaya bir aktrisa kimi çox böyük uğurlar qazandırıb.Məleykə xanım, istedadlı qiraət ustası kimi, geniş tamaşaçı məhəbbəti qazanmışdır.
İllərlə Azərbaycan səhnələrində Ulu Öndərimiz, Azərbaycanımız və əsgərlərimiz haqqında çox gözəl nitqi ilə şeirlər səsləndirib.
Onun aydın diksiya, şirin avaz və ürəyəyatan səs tembiri ilə səsləndirdiyi şeirləri tamaşaçılar həmişə maraqla izləyirlər.

1998-ci ildən "Əməkdar artist", bir il altı aydan sonra isə "Xalq artisti" kimi yüksək fəxri adları daşıyır. Ulu Öndərimizin təqdim etdiyi Prezident mükafatına layiq görülüb. 2019-cu ildə isə ölkə Prezidenti İlham Əliyevin fəxri diplomuna layiq görülüb.
Məleykə xanım elə bir aktrisadır ki, 36 ildir eyni şöhrətini qoruyub saxlayır.

Sənət yanğısı Məleykə Əsədovaya bir aktrisa kimi çox uğurlar qazandırıb.
O, bu gün də eyni həvəs, eyni coşqu ilə sənət yollarında uğurla addımlayır. Tamaşaçıları, saysız-hesabsız pərəstişkarları ilə onun hər çıxışını sonsuz intizarla gözləyirlər...

Məleykə Əsədovanın  müğənni kimi  oxuduğu  mahnıları könül oxşayan, ürəyəyatandır.
Biz tamaşaçıları, sevənləri  həm də onu müğənni kimi çox sevirik.

P.S. Məleykə Əsədovanın sənət dünyasında yaratdığı izlər, onun adını Azərbaycan mədəniyyətinin tarixində əbədi olaraq yaşadacaq. Onun rolları, yalnız bir aktrisanın bacarığını deyil, həm də insan ruhunun dərinliklərini əks etdirən sənət əsərləridir. Məleykə Əsədova, sənətə olan sevgisi və peşəkarlığı ilə gələcək nəsillərə ilham mənbəyi olaraq qalacaq.


** Ay Məleykə **

Bu dünyaya gəlişinlə, 
Yerişinlə, gülüşünlə, 
Mehriban görünüşünlə – 
Mübarəksən, ay Məleykə! 

Səhnəmizdə göz işığın, 
Qamaşdırır yaraşığın, 
Başqa aləm danışığın – 
Gül-çiçəksən, ay Məleykə! 

Tarix yazdı hər obrazın, 
İşıq saçır Gülər qızın. 
Hər vaxt gəlsin şux avazın – 
Bir mələksən, ay Məleykə! 

Azərbaycan iki gözün, 
Canda canın, sənin özün. 
Ömrün-günün olsun uzun – 
Sən ürəksən, ay Məleykə! 

Qüssə görmə yaşamında, 
Ol Tanrının amanında, 
Göydə nəğmə qanadında – 
Uçacaqsan, ay Məleykə! 

Çox səmimi, xoşbəxt qadın, 
Arzulara bir-bir çatın, 
Gülərinin toy-büsatın – 
Görəcəksən, ay Məleykə!
**İşinin Məcnunu** 

Səhnədə Əfsanə, Gültəkin, Nübar, 
Oynadın həmişə, şahanə rollar. 
Peşəkarlığınla özünə yollar 
Açaraq, sənətkar oldun, Məleykə! 

Çılğınla, Züleyxa, bir də Zərifə, 
Daim səbəb olub alqış, tərifə. 
Heydər baba səni yüksək təltifə 
Layiq bildi adı — aldın, Məleykə! 

Vətəndə sənintək görmədim hələ, 
O qədər xalqına, elə xoş gələ. 
Sən "İtgin gəlin"də Əfsanə ilə 
Onsuz da tarixdə qaldın, Məleykə! 

İşinin Məcnunu, işin çox sevib, 
Səhnədə nə edib, ürəkdən edib. 
Fuadam, məndən də bir şeir deyib: 
"Sağ ol, məni yada saldın, Məleykə!" 

Müəllif: Fuad Biləsuvarlı: AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı.

 1001info.az

 

 

 

 

 

 

Digər xəbərlər