usd-1.7000 eur-1.7659 rub-1.7273
Bakı 5°C 1.42 m/s
Son xəbərlər
30-01-2025
28-01-2025
24-01-2025
23-01-2025
22-01-2025
20-01-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

"Ay sizi, pir olmuşlar..." - "Bugünün hekayətləri"ndən

details

ƏDƏBİYYAT

30.01.2025, 16:48 Oxunub: 109


"Ay sizi, pir olmuşlar..." 

 

Minayə ağır-ağır, bir az da həvəssiz, oturduğu yerdən qalxdı:

- Deyəsən, yenə gücə düşüblər, qoymazlar ki, azacıq rahat nəfəs alam, - söylənə-söylənə pəncərənin qabağına yaxınlaşıb, məhəccərin üstünə qoyduğu çantasını açdı, bayaqdan bəri aramsız zəng çalan telefonu çıxarıb ekrana gözucu baxdı. Belə qaranəfəs axtaranın "ev" adamlarından olduğunu, yəqindi ki, görmüşdü. Odur ki, elə telefonu açan kimi:

- Hə, yenə nədir, evdən çıxdığım heç bir saat olmayıb, ardımca nə haray-həşir salmısınız, nə oldu, gücə düşdünüz? Bir nəfəsinizi dərin də! - deyə giley-güzar etdi. Zəng vuran o başda nə dedisə, qadının bir anda rəngi-ruyu avazıdı və: - Necə yəni, yoldan ötən birisi sizdən ziyana görə pul istəyir, nə ziyan, nə pul!.. - deyə az qala çımxırdı. Telefonda deyilənlərə bir az da qulaq asdı. Necə hiddətləndisə, bu dəfə qışqıra da bilmədi, eləcə kəkələyə-kəkələyə:

- İndicə gəlirəm, sizin də, o sizə oxşarın da... - sözünün ardını ürəyində deyib, çantasını qoyduğu yerdən qaparaq, bayaqdan əlləri yır-yığışda, ağızları da söz-söhbətdə olan Səkinə ilə Gülayənin "ay qız, nə olub, nə xəbərdi", "bir de, biz də bilək də, hara gedirsən" suallarını eşitmirmiş kimi, onlara tərəf heç gözünün ucu ilə də baxmadan, az qala qaçaraq otaqdan çıxıb yola düzəldi.

İndi Səkinəni heç saxlamaq olardı? Ta bayaq əl atdı telefona, tələm-tələsik Minayəgilin ev nömrəsini yığdı. Telefona Minayənin oğlu cavab verdi: - A bala, Qismət, nə baş verib, evi yandırmısınız? Qaz partlayıb? Yo-ox! Bəlkə, damdan uçub düşən var? Yox! - deyə qaranəfəs, sualı sual dalınca yağdırır, o başdan "yox, əşi, heç nə olmayıb" sözlərini eşidincə növbəti sualını verirdi. Arvad istədiyi cavabı almadığından bir az da səsini qaldırdı:

- A bala, bəs nə dedin ki, ananı belə dəli elədin, bizim də ürəyimizi üzdün, yazıq qız payi-piyada yola düzəldi? Oğlan nə dedisə, Səkinə: - Həə, necə yəni tor həyətə düşüb? Tor yerə düşüb-düşüb də, gedib götürüb gətirə bilməzdin?

Bu dəfə oğlan daha nəsə dedi və Səkinə də elə Minayə kimi telefonda qıyya vurub: - A bala, sizi ələ salıb xamlamaq istəyiblər. Amanın bir günüdü, heç kəsə heç nə verməyin. Yoxsa qızı dəli edəcəksiniz, indi mən də özümü yetirərəm, - deyərək qulaqlarını az qala onun ağzına dirəmiş Gülayəyə eşitdiklərini əlüstü danışa-danışa: - Tez özümü çatdırım, - deyib əlavə də etdi ki, elə bayaq Minayədən sabah Safuranın qızının toyuna getmək üçün pulu olub-olmadığını soruşdum, yazıq qız gündəlik ev xərclərindən az-az, kəsə-kəsə yığıb yüz manat düzəltdiyini söylədi.

Bunu deyəndən sonra Səkinə vaysına-vaysına sözünün ardını gətirdi:

- İşdir, indi əgər tovlayıb ata ilə oğuldan pulu alıblarsa, həqiqətən qızın bağrı çatlayacaq. Pula görə yox ey, ay qız, evin kişilərinin bu... - Yenə də sözünü tamamlamadı. Sonra da özünü danlaya-danlaya: - Mən lal olmuş da gərək onu heç bura çağırmamaydım. Evində olsaydı... Axır ki, bir qədər toxtayan Səkinə nə fikirləşdisə Gülayəyə:

- Sən bunları yığışdırarsan, mən gecikməyim, özümü onlara çatdırım, - deyə ortaya tökülmüş tikmələri göstərib, özü də elə Minayə kimi qaçaraq, bir əlində telefon, evdən çıxdı.

Bir az aralıdakı qonşunu səsləyib: - Əşrəf qardaş, əziyyət olmasın, məni tez ana yola çatdıra bilərsənmi? Təcili işim çıxıb, - deyə "hə-yox"unu gözləmədən yaşlı, üzüyola qonşusunun qapının ağzında saxladığı maşına tərəf yeridi...

Uzanıb gedən dalandan ana yola, dayanacağa qədər xeyli məsafə vardı. Evdən çıxmaqlarının arasında cəmi beş-on dəqiqə fərq olsa da, Səkinə Minayəni hələ görmürdü. Duruxub qalan Səkinə öz-özünə:

- Aman tanrı, bu qız quş olub uçdu? Nə tez keçib gedib bu qədər yolu, - deyə mızıldandı. Gəlib dayanacağa yetişəndə Minayənin durub avtobus gözlədiyini gördü. Elə istəyirdi ki, maşını saxlatdırıb onu da götürtsün, beynindən ani bir fikir keçdi. "Əriylə oğlu əgər Minayənin toy üçün saxladığı yüz manatı artıq veriblərsə?.."

"Yox, dayanmaq olmaz!" Üzünü Minayə görməsin deyə yana çevirib sürücüyə:

- Sür, Əşrəf qardaş, yolumuz uzandı, sən tez şəhərə çatdır məni, - dedi.

lll

...Qismət yatağından qalxıb yaxşıca gərnəşdi. Məlum idi ki, hündür nahardan xeyli ötən bu vaxtlarda atası çöldə-bayırda olmalıydı. Anası da gözə dəymirdi. Həə, yadına düşdü...

Anası səhər evdən çıxanda hələ yataqda olan oğlunu dümsükləyib:

- Bibingilə, qəsəbəyə gedirəm, işi var, kömək edəcəyəm, - demişdi, - çörəyini stolun üstündə hazır qoymuşam, çayını da qızdırıb içərsən.

Qismət də tənbəl-tənbəl yanı üstə çevrilərək: - Hə, bildim, - deyə yuxulu-yuxulu cavab vermişdi.

Oğlan əlüzyuyanda üzünə bir ovuc su çırpıb mətbəxə keçdi. Stolun üstündəki doğranmış çörəkdən bir dilim götürüb əvvəlcə üstünə yağ çəkdi, sonra da mürəbbə qabından iki dənə iri ənciri üstünə qoyub dişlədi. Çayı qızdırıb içməyə həvəsi gəlmədi. Axşamdan qaynadılıb qoyulmuş qrafindəki sudan bir stəkan süzüb başına çəkdi. Ev xəlvət idi. Dəhlizə keçib gödəkcəsinin qoltuq cibindən hələ ki gizli saxladığı siqareti ilə alışqanını götürüb eyvana çıxdı. 14 yaşını yaxınları ilə ötən il təmtəraqla qeyd eləyəndən sonra guya "kişiləşmiş", çöldə-bayırda, xəlvətə düşcək, pilləkənlərdə, evin eyvanında bala-bala siqaret yandırıb, şirin-şirin qullab vurmağa başlamışdı.

Yaşadıqları doqquzuncu mərtəbədən ətrafa gözəl bir mənzərə açılırdı. Şüşəbənd eyvandan ətraf aləmi seyr elədi. Siqaretini yandırdı, bir qullab vurandan sonra pəncərəni açdı. Boya-boy tor çəkilmiş pəncərədən tüstünü çölə üfürməyə başladı. Siqaretinin külü barmaqlarının arasına dirənəndə toru azacıq aralayıb siqaretin kötüyünü çırtma ilə havaya vızıldatmaq istəyirdi ki, bu dəmdə çərçivəli tor yerindən qopub səmada süzə-süzə, əsən xəfif küləyin səmti ilə, binanın başına fırlanaraq yola tərəf uçub getdi...

Qismət öz-özünə:

- Əcəb işə düşdüm. Bu kişi ilə arvad evə dönəndə toru yerində görməyib min bir sual verəcəklər ki, hanı bu çərçivə, haraya düşüb? Kim düşürüb? Niyə düşüb? Daha nələr, nələr...

Gecə səhərəcən ağcaqanadlar da evə soxulub onları aval-aval elədikcə sorğu-sual yenidən təzələnəcək, çox uzanacaqdı. Pəncərəni örtüb tələsik evə keçdi. Səndəllərini ayağına keçirdi, qapını arxasınca bərk çəkib çıxdı. Liftin düyməsini basdı. Səs-səmir gəlmirdi. Deməli, yenə lift işləmirdi. Fikrindən keçdi ki, görünür, ya işıq yoxdu, ya da kim bilir, nə olub...

İti addımlar atıb pillələri iki-iki, üç-üç arxada qoyaraq həyətə endi.

Ətrafa göz gəzdirdi. Tor çəkilmiş çərçivə gözünə dəymədi. Binanın küçə tərəfinə keçmək istəyirdi ki, gövdəli bir kişinin əlində çərçivə ona tərəf gəldiyini gördü. Kişi elə uzaqdan:

 - Oğul bala, bilmirsən bu çərçivə kimindi, bu binadan düşdü, sahibini axtarıram, - deyə xəbər aldı.

Qismət də, de bayaq, sevinə-sevinə:

- Bizimdi, əmi, bizim, balkonun pəncərəsini açmışdım, əlim dəydi, çərçivə yerindən qopub düşdü, - deyərək əlini uzadıb toru kişidən almaq istədi.

Gövdəli kişi əlində tutduğu çərçivəni döşünə sıxıb:

- Deməli, sizindi! Həə, sizin bu çərçivə bir gör mənim maşınımı nə kökə saldı? Düşüb zərblə maşınımın qabaq şüşəsinə dəyərək çilik-çilik elədi.

Yekəzol kişi ağzı köpüklənə-köpüklənə: - Ya təcili maşınımın şüşəsini dəyişməlisiniz, ya da vurduğunuz ziyana görə iki yüz manat ödəməlisiniz. Yoxsa şikayətə gedəcəyəm, - deyə əsib-sovurmağa başladı.

Çaşıb qalmış Qismət çərçivəli toru almaq üçün uzanılı qalan əlini yanına saldı. Udquna-udquna kişinin üzünə matıxıb durdu.

Uşağın özünü itirməsindən, günahkar kimi məlul-müşkül qalmasından ruhlanan yekəzol kişi səsini bir qədər də qaldırdı:

- Nə lal-dinməz durub baxırsan. De görüm neçənci mərtəbədə oturursunuz, hansı blokda olursunuz, mənzilinizin nömrəsi neçədir? Tez atanı, ananı çağır, tez, - deyə uşağın üstünə hayqırmağa başladı.

Özünü itirən uşaq dili topuq vura-vura:

- Ata-anam evdə yoxdu, - dedi.

Kişi qızışmışdı, uşaq özünü itirib şaşırdıqca gövdəli sarışın kişi, irəli çıxmış yekə qarnı kimi, ovurdlarını da şişirdir, ağzına gələni "üfürürdü".

Qəribəydi, həyətdə-bacada hər gün evə çıxıb-düşəndə neçə dəfə Qismətlə salamlaşıb, "bala, necəsən, hardan gəlirsən" deyən yaşlı qonşulardan, arabir binaya girib-çıxan, ayaq sürüyüb uzaqdan mübahisəyə qulaq verənlər olsa da, ancaq yaxınlaşıb bu əhvalata müdaxilə edən, oğlana qahmar çıxan yox idi.

Axır ki əlindəki çörəklə göyərti torbasını yanaşı tutub ağır addımlarla həyətə girən yaşlı qadın ayaq saxladı. Ağzı köpüklənən kişiyə azacıq qulaq verib uşağa səsləndi:

- Qismət, a bala, bu kişi kimdi, niyə sənin üstünə belə kükrəyir? Nə eləmisən?

Uşağın cavabını gözləmədən də, gövdəli kişiyə:

- Ay qardaş, bu oğlan həyətimizin uşağıdı. Ağıllı oğlandı, əlindən şər-xəta gələn deyil, indi nə istəyirsən bu uşaqdan? Çıxıb getsənə yolunla, - dedi.

Kişi yaşlı qadını acıqlı-acıqlı süzüb:

- Ay arvad, sən özün çıxıb get öz yolunla! - deyə hikkə ilə səsini qaldırdı. - Birincisi, sənə nə dəxli var, ikincisi, bu oğlanı belə çox istəyirsənsə, valideynlərini tapmağa kömək elə, gəlsinlər, mənə vurduqları zərəri ödəsinlər. Yoxsa indi şəhərin bütün paqonlularını tökəcəm buraya... Arvad üzünü uşağa tutub bir də soruşdu:

- A bala, Qismət, neynəmisən?

Qismət:

- Gülgəz xala, mən heç nə eləməmişəm, - əli ilə kişinin döşünə sıxdığı toru göstərib içini çəkə-çəkə dedi. - Balkonumuzun şüşəbəndini açmışdım ki, bu tor qopub yerindən düşdü. İndi kişi deyir ki, yerə düşməyib, küçədə onun maşınının şüşəsinə dəyib sındırıb. İndi də ziyanın ödənilməsini istəyir.

Qismətin "Gülgəz xala" dediyi yaşlı qadın ağır-ağır yerindən tərpəndi, bir-iki addım atıb yenə dayandı.

- Quru şər-böhtan bax buna deyərlər ha... A kişi, əl çək bu uşaqdan. Ata-anası da evdə yoxdu, çıx get işinə-gücünə.

Arvadın uşağın müdafiəsinə qalxması kişini bir az da coşdurdu. Bayaq bir deyirdisə, indi beş yağdırdı. Az qala üstünə hücum edəcəkdi ki, qadın gücü çatan qədər addımlarını yeyinlədib binanın giriş qapısından içəri keçdi və tez də qapını arxasınca çəkib örtdü...

Bir də, şəhər qonşusunun nə işinə qalıb ki, kim-kimi asır, kim-kimi kəsir... Kənd qonşusu deyil ki, ayrı vaxtlarda lap düşmən də olsalar, belə hallarda belgə sıyırıb qonşuya qahmar çıxsın... Bu yazıq qadının da, görünür, nə cürsə kənd həyatına bağlılığı vardı. Yoxsa özünü bu işə qatmaz, köntöy bir kişiylə ağızlaşıb abrına sədəmə vurdurmazdı.

lll

İndiki zamanda nə var adamı axtarıb tapmağa. Peşəsindən, məşğuliyyətindən asılı olmayaraq, qadınlı-kişili, elə birisi varmı ki, telefon gəzdirməsin? Yeniyetmələr, gənclər isə dəbə uyğun, az qala hər ay telefonlarını dəyişib təzələyirlər. Hələ onu demirəm ki, nəvələr nənələrini, babalarını onları şirin dindirdiklərinə görə yox, telefonlarını alıb oyuncaq əvəzi oynatdıqları üçün sevirlər.

Hamıda olsun, Qismətdə, atasında telefon olmasın? Uşaq, əşi, nə uşaq ey, on beş yaşında uşaq olar?

Oğlan telefonunu açıb atası Heybətin nömrəsini yığdı. Tez-tələsik hal-qəziyyəni qısaca danışdı, atasını vəziyyətdən xəbərdar elədi. Ata da, demə, yaxındaymış. Tezcənə həyətdə peyda oldu, oğlunu geri itələyib özünü gövdəli kişinin qabağına verdi.

- Əmioğlu, nə olub, neynəmişik sənə? Uşaqdan nə istəyirsən? - deyə sakit-sakit xəbər aldı.

"Maşın yiyəsi" olan kişi bayaqdan bəri döşünə sıxıb saxladığı tor çəkilmiş nazik çərçivəni göstərib uşağa dediklərini əvvəl yumşaq, yəni pəsdən, getdikcə isə qızışaraq ucadan, tədricən isə guruldaya-guruldaya ataya, Heybətə də söylədi, sonra da hiddətlə:

- Tez eləyin, zərərimi ödəyin, çıxım gedim. Neçə saatdı girinc-giriftar eləmisiz məni, - deyə bir az da bozardı.

Ata da "neynim", "necə eləyimin" çarəsini yoldaşına, Minayəyə zəng edib vəziyyətdən agah etməkdə gördü.

Minayə yolda, ata ilə uşaq isə sifətini bozardıb məhəllə dolusu bağıran, gurultusu ilə ətrafı çalxalandıran gövdəli kişiylə üz-üzə qalmışdılar.

"Fərasətli" Heybət ona "bir dəqiqə bağışla", - deyərək oğlunu bir az qırağa çəkib:

- Anan toy üçün pul yığmışdı, yerini bilmirsən? - soruşdu.

Qismət, axır ki, kişidən yaxalarını qurtarmaq yolunun tapıldığına sevinərək:

- Həə, - dedi, - bilirəm, anam ehtiyat pullarını həmişə paltar dolabında, yükün altında saxlayır.

Heybət səsini bir az da qısıb:

- Haydı, qaç get evə, o pulu gətir, mən də bu kişini dilə tutub "olanımız elə budu" deyib yalvar-yaxar edim, yola salaq, çıxıb getsin, əl çəksin bizdən.

Gövdəlinin baxtı varmış. Uşaq qaçaraq dəhlizə girib liftin düyməsini basdı, bu dəfə qapılar taybatay açıldı. Oğlan qımışıb düşündü: "Nə yaxşı lift işlədi, yoxsa indi doqquzuncu mərtəbəyə qalxanacan nəfəsim kəsilərdi..."

Beləcə Qismətin pul ardınca getməyi ilə gəlməyi bir oldu. Tez gətirdiyi pulu cibindən çıxarıb atasının ovcuna basdı.

Ata gövdəli kişiyə yaxınlaşıb az qala yalvara-yalvara:

- Qardaş, bir işdi də olub! - dedi. - Demirsən sənə iki yüz manatlıq ziyan dəyib? Gəl yarı-yarıya bölüşək. Al bu yüz manatı, o başabəla çərçivəni, torumuzu ver, bu iş də bitsin getsin.

Yüzcə manatın artıq nağd olduğunu görən gövdəli kişi bir az çəm-xəm elədi, sonra da minnət qoyaraq:

- Əşi, daha neynim... İndiyəcən maşınla iki dəfə dövrə vurub filan qədər qazanmışdım. Ver də, ver bəri yüz manatı görüm, - deyərək, Qismətin atasının uzatdığı pulu alıb saydı və yenə də minnət qoydu: - Səndən əl çəkməzdim ha, canın üçün, bax, bu uşağa görə keçirəm, yaxşı oğlana oxşayır, Allah saxlasın, - deyib pulu cibinə qoydu, çərçivəli toru kişiyə tərəf itələyib geri döndü və tez də uzaqlaşıb yox oldu.

Heybət oğlunu da, özünü də xatadan qurtardığından məmnun halda rahat bir nəfəs aldı, sonra da cibindən bir siqaret çıxarıb odladı. Arxayın-arxayın bir qullab vurmuşdu ki, amerikan kinolarındakı kovboyların tapança asdıqları yerindən sallanan telefonu zəng çaldı. Telefonu qaldırıb qulağına tutdu. Şəstlə bir "bəli" dedi. Səkinə idi, təntiyə-təntiyə, birnəfəsə, vəziyyəti, baş vermiş qəziyyəni xəbər alırdı.

Heybət, böyük bir iş görübmüş kimi, özündən razı halda izahat verməyə başladı:

- Əşi, yoluna qoydum, çıxıb getdi. Hə, ziyanı yarı-yarıya paylaşdıq, yüz manat verib yola saldım, - deyib siqaretindən bir qullab da vurdu.

Səkinə o başdan: - Necə yəni yüz manat verdin? Nə ziyan, nə yarı-yarı...

Heybət telefonu qulağından araladı. Sonra yenidən yaxınlaşdırdı və bu dəfə sifətinin rəngi yavaş-yavaş dəyişib, səsinin ahəngi pozulmağa başladı. Səkinənin "sizi aldadıblar, pulu niyə verdiniz" sözü Heybəti bərk hirsləndirdi. Ona irad tutan, ağıl vermək istəyən qadınla üz-üzə dayanıbmış kimi, əlini qeyzlə yellədib:

- A bacı, mənim işimə niyə qarışırsan? - dedi. - Qarışma da mənim işimə, qarışma, vermişəm, belə əcəb də eləmişəm. Yoxsa o yüz manata görə oğlumla polisə ayaq döyüb onların sorğu-sualına cavab verəcəkdim? O boyda Səmid müəllimdən ağır, hörmətli kişiyəm? Qardaşı oğlunun bir yaşıdına ilişdirdiyi yüngülvari şapalağın get-gəlindən, dörd aydır ki, qurtara bilmir. Mənim ağlım özümə bəsdi, sən işinlə məşğul ol, - deyib, bacısının o başda daha nə deyəcəyini gözləmədən telefonu qapatdı.

Ata ilə oğul hələ həyətdən uzaqlaşmamış Səkinə gəlib özünü yetirdi. Onu gətirib çatdıran qonşuya "sağ ol, qardaş", - deyib yola saldı. Qabağına gələn Qismətə:

- Qismət, oğlum, doğrudanmı pulu verdiniz o dələduz adama? - deyə xəbəri lap dəqiqləşdirmək istədi.

Qismət: - Hə, Səkinə bibi, atam belə məsləhət bildi, mən də gedib gətirdim, verib yola saldı maşınının şüşəsi sınan kişini.

Dərindən bir köks ötürüb vaysınan Səkinə, gəlib onlara yaxınlaşan Heybətə üzünü tutub tənə-danlağa keçdi:

- Əşi, Qismət uşaqdı, şəkki yetməyib, sən ki saç-saqqal ağartmısan, heç olmasa, özün gedib o kişinin maşınına baxaydın, gedib sınan yerini gördünmü? Gedib baxaydın da bir! Heç nədən niyə pul verirsən?!

Heybətin həmişə qırmızıya çalan sifəti bir qədər də pörtdü:

- Yoox! - deyib, pis iş üstündə yaxalanmış adam kimi udqundu. - O boyda kişi yalan deyəcəkdi?! - Əməlinə haqq qazandırırmış kimi əlindəki torlu çərçivəni göstərib: - Bax, bu da bizim setka, əlində idi, aldım, - deyib susaraq gözlərini döydü.

Səkinə:

- Ay-hay, "işimə qarışma" deyirsən, qarışmıram, amma iş bacaraydın da! Dələduzun biri sizi avam yerinə qoyub, gör necə tovlayıb əlinizdəki beş quruşu alıb apardı! Yazıq Minayə də, mən də dönə-dönə tapşırıb demədikmi o dələduza pul-filan verməyin, qoyun gedib hara şikayət edirsə etsin? Gərək onu polisə siz aparaydınız, onda bir dələduzu ifşa etmiş olardınız. O gün elə sizin yanınızda danışmırdılar ki, bəs Xuramanın oğlu Qasidi magistral yolda bir xarabalıq bayquşu elə bayquş yuvası kimi bir Nuh əyyamından qalmış "Jiquli"si ilə necə şərləyib pul qoparmaq istəyirmiş? Sınıq-sökük maşını bilərəkdən itələyib uşağın təzə maşınının qabağına ki, maşınımı əzdin, ziyanını ödə. Qasid də, eləmə tənbəllik, heç yerindən tərpənməyib, deyib, noolar gözləyək, qoy yol müfəttişi gəlib baxsın, günahkarı ayırd eləsin, əgər taqsırım varsa, ziyanını ödəməyə hazıram. Fırıldaqçı planının alınmadığını, kələyinin üstü açılacağını görəndə aradan çıxmaq istəyib. Allahıma qurban olum, ha əlləşibsə, köhnə maşını işə sala bilməyib. Müfəttişlər gəlib çıxıb, o fırıldaqçını dərhal tanıyıblar. Demə, o köhnə maşın sahibinin işi-gücü bu yolla adamları şərləyib pul qoparmaq imiş... "Yaxşı əlimizə düşdün", - deyib o fırıldaqçını götürüb aparıblar polisə.

Səkinə Heybətə məzəmmətlə baxıb:

- İndi biz hardan bilək ki, yekəzol dediyiniz bu kişi də belə dələduzlardan biri deyilmiş!

Torlu çərçivəni Qismətin əlindən alıb: - Əşi, bu heç maşın sındırar? Ala, Heybət, ala bunu, çırp mənim başıma, görüm yarıb qan çıxarır!? Yarsa, qanım halaldı sənə! Bunlara bax da, kişi qırıqları!, - deyərək üzünü yana çevirdi.

Sonra da məzəmmətin onsuz da faydasız olduğunu düşünüb üzünü Qismətə tutdu:

- A bala, ananı maşına götürmədim, yolda qoyub gəldim ki, onu qabaqlayıb işi yoluna qoyum. - Sözünün ardını yana-yaxıla gətirdi.  - Ay sizi, pir olmuşlar, yamanca qulaq asdınız mənə, atan yaxşıca yoluna qoydu bu işi!

Nə fikirləşdisə, Səkinə bu dəfə onlara qəribə gələn başqa bir sual verdi:

- Ananın saxladığı o yüz manat bütöv idimi?

Qismət:

- Yox, beş dənə iyirmilikdi.

Səkinə əl çantasını açıb bir yüz manatlıq çıxararaq oğlana uzatdı:

- Haydı, qaç, tez özünü çatdır yaxındakı dükana, bu pulu iyirmiliklərə xırdalat, anan gələnəcən apar qoy yerinə...

Başını aşağı salıb kənarda durmuş Heybət tərəfə üzünü tutub:

- Ancaq bu iş aramızda qalsın ha, Minayə bilməsin. Yoxsa yazıq qızın bağrı çatlayar, - dedi. Sonra burasını da əlavə elədi ki, pula görə yox e, Minayə işin əslini bilsə, atalı-balalı sizin bu "fərasətinizə" dözməz...

4-8 noyabr, 2012.

 

Novruz NƏCƏFOĞLU

Digər xəbərlər