usd-1.7000 eur-1.7938 rub-1.6915
Bakı 14°C 7.53 m/s
Son xəbərlər
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Bakıdan Füzuliyə, Şuşadan Zabuxa kimi...

details

CƏMİYYƏT

05.07.2024, 14:32 Oxunub: 1768

Bakıdan Füzuliyə, Şuşadan Zabuxa kimi... - Misir Mərdanov yazır


İki günlük asudə vaxtım var idi. Rəsmi tədbirlər, müsahibələr, görüşlər-filanların da olmadığı bu iki günü necə keçirmək haqqında çox düşünmədim. Çoxdan arzusunda olduğum yerlərə getmək qərarında idim. Ömrümün bu iki günü ən dəyərli məqamlar kimi yaddaşıma yazıldı. Təəssüratlardan ayrılmamış, yadımdan çıxmamış o günlərin xoş duyğularını hörmətli oxucularla bölüşmək istəyirəm.

Edəməm tərk, Füzuli...

Nə üçünsə maşınımız Füzuliyə yaxınlaşdıqca, böyük Füzulinin bu misraları ürəyimdə təkrarlanırdı:

Edəməm tərk, Füzuli, səri-kuyin yarın,

Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!..

Nə gizlədim, işğaldan əvvəl bu yerlərdə olmamışdım, bilsəydim ki, vətənimizin ən yaraşıqlı məkanlarından birinə bu qədər həsrət qalacağıq, başqaları kimi mən də onu dəfələrlə ziyarət edərdim. 2000-ci illərdə - Füzulinin bir qisminin düşmən tapdağında olduğu o acı tarixi dönəmdə təhsil naziri kimi bizim nəzarətimizdə olan hissələrdə tikilən məktəblərin açılışında iştirak etmişdim. Təbiət həmin təbiətdir - gözəl, təkrarsız, ancaq necə deyərlər, qüdrətli insan əllərinin sehri ilə dəyişmiş, yenidən qurulmuş Füzuli bu füsunkar təbiət mənzərəsinin fonunda möcüzələr dünyasına çevrilmiş başqa bir aləmdir. Bu möcüzələri seyr etdikcə nə üçün Məhəmməd Füzulinin misralarını xatırladığımı təhlil edirəm. Vətən onsuz da vətəndir, şairlər demişkən, öz daşıyla, kəsəyiylə, tozlu küləkləri ilə, sərt soyuğu, bürkülü havasıyla da gözəldir, doğmadır, ancaq bu doğmalıq təbiətin əli və insanın zəhməti ilə belə qeyri-adiliyə qovuşanda heyranlıq min qat artır.

Füzuli rayonu 30 ilə yaxın işğalda qalanda da vətənimiz idi, ondan əvvəlki illərdə də doğmamız, ən gözəl rayonlarımızdan biri idi. Ancaq bu gün uzun illərin həsrəti, onu görmək arzumuz və xalqımızın yaratdığı xariqələr onu bir az da şirinləşdirib, əzizləşdirib.

Yerli camaat zarafatla Füzuliyə "Nyu-Füzuli" deyir, geniş küçələr, planlı və zövqlü tikililər, bir-birindən aralı inşa edilmiş yeddimərtəbəli gözəl binalar, parklar, meydanlar, marketlər, otellər bu zarafatı gerçəkləşdirir. Bir gerçəklik də budur ki, ermənilər viran qoyduqları bu şəhərin adını da dəyişdirmişdilər - əməllərinə uyğun "Varanda" adlandırmışdılar.   "Varanda" elə viran sözünə bənzəyir, "Nyu-Füzuli" Nyu-Yorka, Nyu-Parisə, Nyu-Cersiyə bənzədiyi kimi. Bu gün bizim qapılarımız qonaqların üzünə açıqdır, xarici ölkələrin səfirləri, dövlət adamları, mədəniyyət xadimləri, jurnalistlər ürək açıqlığı ilə Füzuliyə dəvət olunur, aparılan islahatlar, görülən işlər onlara nümayiş etdirilir. Ancaq 30 il ərzində "konyak dostları" istisna olmaqla ermənilər bu yerlərə bir nəfər də qonaq dəvət etmirdilər. Cənab İlham Əliyev bu barədə dəqiq deyib: "Biz uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı, elələri də var idi ki, inanmaq istəmirdi. İşğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Çünki buraya gələn hər bir insan görəcəkdi, erməni vəhşiliyi nədən ibarətdir".

Burada bir həqiqət də belədir ki, Dədə Qorqud demişkən, gərək doğma hesab edəsən ki, əkəsən, qoruyasan ki, əkə biləsən, əkəsən ki, qorumağa nəyinsə olsun! Biz bu torpaqların sahibi olduğumuza görə onu abadlaşdırmağa belə həvəsliyik, erməni 30 ildə bir daşı da o biri daşın üstünə qoymadı, əksinə, daşı daş üstdə saxlamadı, olanları da vəhşicəsinə dağıtdı, viran qoydu. Çünki doğma yeri deyildi, özgə yurdu idi, təhtəlşüurla dərk edirdi ki, nə vaxtsa bu torpaqların əsl sahibləri qayıdacaqlar. Belə də oldu...

Bu barədə danışarkən onu da qeyd edim ki, Füzulinin girişində ermənilərin viran qoyduğu yerlərdən bir parçanı tarix üçün olduğu kimi saxlayıblar. Həmin yerləri görərkən özünü dünyaya "mədəni", "humanist" kimi təqdim edən bir xalqın bu vandallığına heyrət edirsən və şairlərimizdən birinin yazdığı "ermənini bağışlamaq olarmı?!" misrasını düşünürsən. İndi gücümüzü, qüdrətimizi görüb "vətəndaş münasibətləri", "Azərbaycanla qonşuluq", "iqtisadi əməkdaşlıq" kimi məsələlər haqda ağızdolusu danışan bəzi erməni politoloqların iddialarını nə dərəcədə səmimi hesab etmək olar? Kim zəmanət verə bilər ki, bunlar bir az dirçələn kimi Fransadan-zaddan birini tapıb onun arxasından bizə güllə atmayacaq, 1905, 1918, 1948, 1988-ci illərdə törətdiklərini təkrarlamayacaq, Xocalı, Malıbəyli, Ağdaban faciələrini arzulamayacaq?! Füzulinin girişindəki o canlı abidə düşünməyə sövq edir, bizdən sonrakı nəsillər də belə tarixi faktları gözləri ilə görüb keçmişi unutmamalı, doğru addımlar atmalı, dəqiq qərarlar qəbul etməlidirlər. Mən ABŞ ilə Meksika arasında hörülən beton hasarların təkrarlanmasının tərəfdarı deyiləm, ancaq çomağı əldən qoymağı da məsləhət bilmirəm.

Bu gözəllikləri yaradan insanların şövq ilə, böyük sevgi ilə tikdikləri Füzuli həm də bir inşaat meydançasına bənzəyir. Dünyanın ən müasir avadanlıqlarının, texnikalarının, müxtəlif növ maşınların cəlb edildiyi bu meydançanın başqa yerlərdən bir üstünlüyü var - burada insanlar tükənməz həvəslə, 30 illik həsrətdən sonra qovuşduqları doğma yurda məhəbbətlə çalışırlar. Deyirlər ki, əgər aşpaz bişirdiyi yeməyə öz məhəbbətini, sevgisini qatmasa, hazırladığı o qədər də dadlı olmaz. İnşaat işi də belədir, əgər usta daşı o biri daşın üstünə məhəbbətlə qoyarsa, tikdiyi bina yaraşıqlı alınar. Bir-birindən gözəl 7 mərtəbəli binaların cərgəsində maşını saxladım, tikinti gedən mərtəbəyə qalxdım, otağa pəncərə quraşdıran ustaya yaxınlaşıb cavabını bildiyim sualı verdim:

- Yorulmayasınız, usta. Bayaqdan kənardan dayanıb baxıram, pəncərəni bir neçə dəfə götürüb, ölçüb-biçib yenidən qoyursunuz,  bezmədiniz? Elə bil öz evinizin pəncərəsidir.

Usta deyəsən, məni tanıdı:

- Xoş gəlmisiniz, Misir müəllim. Bu tikilən ev mənim evimdən irəlidir. Biz 30 il həsrət qaldığımız Füzulini tikirik, belə də olmalıdır. Dost üçün tikilən ev ayrıdır, düşmən üçün tikilən ayrı. Bir də var, həm dost üçün, həm də düşmən üçün tikirsən. Doğmalar üçün tikirsən, çalışırsan ki, yaxşı alınsın, gəlib içində rahat yaşasınlar, bir yandan da düşmənlərin acığına tikirsən, düşmən də, onun zurna tutanları da gələndə görsünlər ki, onların xaraba qoyduqları yerlər necə gözəl bir məkana çevrilə bilərmiş.

Kişinin dedikləri məni əməlli-başlı fərəhləndirdi. Bu maraqlı və ürəkdən çalışan adamın əslən Füzulidən olduğunu düşündüm:

- Nə yaxşı, ay usta, özünüz Füzulidənsiz?

- Yox, ay Misir müəllim! Burada haralı olmaq məsələsi yadımızdan çıxıb. Şəhidlərimizin qanı ilə alınmış yerlərdə başqa cür ola bilməz. Biz qalib xalqıq! Burada biz  özümüzün doğulduğu yerə görə yox, qələbənin doğulduğu yerə görə həmvətənik. Əgər bizdən çox cavan olanlar bu torpaq uğrunda can qoyublarsa, biz də bu işimizə can qoymalıyıq. Ona görə Füzuli də, Ağdam da, Şuşa da, Zəngilan da belə gözəl alınacaq. Biz bir-birimizə söz vermişik, "işinə haram qatana şəhidlərin ruhu qənim olsun" demişik. Axıra qədər də belə  çalışacağıq.

- Halal olsun, ay usta! - deyib ayrıldım.

Bütün yolu da bu müdrik kişinin sözlərini fikirləşirdim. Vətən yolunda canını qurban verən Natiq Qasımov kimi əsgəri, Mübariz İbrahimov kimi giziri, Polad Həşimov kimi generalı olan qalib xalqın ustası da belə olar.  "Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!" Füzuli necə də gözəl deyib, yozumunda müxtəlif fərziyyələr olan dörd dəfə Vətən sözünün təkrarlanmasına mənim bir əlavəm var. Vətənə bütün təbəqələrdən olan insanlar eyni sevgi ilə bağlanmalıdırlar, bu təbəqələşmənin isə hamını əhatə etmək üçün müdriklər dörd səviyyəyə bölüblər: ali, yüksək, orta, aşağı təbəqələr.

Yaşımın elə vaxtıdır ki, bəzi müstəqil fikirlərimi ictimaiyyətə açıqlaya bilərəm. Böyük türk şairi Midhəd Camalın dillərdə əzbər olan "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir" fikrinə də əlavəm var. Budəfəki Qarabağ səfərimdə bu barədə çox düşündüm. Füzulidəki gözəllikləri görəndən sonra dəqiq qənaətim belə oldu ki, yalnız ölüm ilə vətəni vətən etmək olmaz, onun uğrunda yaşamaq, qurmaq, yaratmaq, mübarizə aparmaq da lazımdır.

Füzulidə məni ən çox heyrətləndirən və məftun edən  amillərdən biri də "Yaşıl" texnologiyaların və "ağıllı'' sistemlərin tətbiqi idi. Qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun aparılan bu işlər Füzulini (və bütün Şərqi Zəngəzuru) dünyanın cənnət guşələrindən birinə çevirən əsas səbəblərdəndir. Mən yaşda olan insanlar üçün son model mobil telefonlar kimi bir az qəribə, bir az da anlaşılmaz görünən "ağıllı" kəndlər bizi 80-ci illərin "sovet kolxozlarından" birbaşa XXI əsrin Yaponiyasına, İsveçrəsinə ekskursiyaya apardı. Haqqında çox oxumuşdum, televiziyada, sosial şəbəkələrdə görmüşdüm, ancaq əyani şahidi olmaq başqa aləm oldu. Müharibənin vəhşiliklərinin cəmi dörd il ərzində belə bir əfsanəyə çevriləcəyini adam öz gözləriylə görəndə inana bilmir, oxuyanda, eşidəndə necə inansın?!

"Qarabağın dünyaya açılan hava qapısı" adlandırılan Füzuli Hava Limanına baxmasaydım, olmazdı. İnanmaq olmur ki, 30 ilin xarabalıqları üzərində bir ildən də az müddətdə inşa edilib istifadəyə verilən bu "möcüzə"nin ərazisi bir az əvvəl Azərbaycan igidlərinin yağı düşmənin başını əzən döyüş meydanı idi. Buna da inanmaq olmur ki, ən müasir texnologiyalara uyğun baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr, uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı olan bu ərazidən 1200-dən artıq mina təmizlənib. Bircə Füzuli aeroportu ölkəmizin siyasi-hərbi və iqtisadi qüdrətinin nə qədər möhtəşəm olduğunun daha bir təsdiqidir. Bəlkə də dünyanın heç bir yerində belə qısa müddətdə hava limanı inşa edilməyib. Bu gözəllikləri, möhtəşəmliyi görmək üçün, necə deyərlər, adam iki göz istəyir, tamaşa eləsin.

Bərəkətli torpaqlar 3 il bundan əvvəl əkilmiş şitilləri, toxumları boylu-buxunlu ağaclara çevirib, Füzuli hava limanı da, Zəfər yoluna gedən magistral da yaşıllıqlar arasında cənnətin bir guşəsinə bənzəyir. Dünyanın çox aeroportlarını gördüyümə görə əminliklə deyə bilərəm ki, xüsusilə belə kiçik şəhərlərdə tikilən hava limanları, heç vaxt bu qədər incə zövqlə, yaraşıqla inşa edilmir. Avropanın bir çox yerlərində, xüsusilə keçmiş SSRİ məkanında paytaxtlardan kənar tikilmiş əyalət aeroportları bizim rayonlardakı əvvəlki avtobus vağzallarından çox da fərqlənmir. Ancaq burada...

Göz oxşayan dizaynla, gözəlliklə yanaşı, istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verən ən müasir enmə, qalxma və naviqasiya şəbəkəsi, işıqtexniki, ilkin və ikinci radiolakasiya sistemləri Beynəlxalq Mülki Aviasiya Təşkilatının bütün tələblərinə uyğun olaraq quraşdırılıb. İşğaldan azad olunmuş Şərqi Zəngəzurun yenidən qurulması və bərpası üçün lazım olan və əsasən xaricdən idxal edilən müasir texnologiyalar birbaşa reyslərlə Füzuliyə gətirilir, həm vaxt itkisinin, həm də əlavə xərclərin yaranmasının qarşısı alınır.

Qarabağa gəlib Zəfər yolu ilə Şuşaya getməmək, bu əfsanələr yurdunu görməmək qəbahət olardı deyə Azərbaycanın mədəniyyət paytaxtına yol aldım. Gözəlliklər məskənindən ayrılarkən yenə Məhəmməd Füzulinin bir beytini xatırladım. Onun Kərbəlaya ithafən yazdığı misraları mən adını daşıyan bu müqəddəs torpağa həsr etdiyini təsəvvür elədim:

 

Ey Füzuli, məskənim çün Qarabağdır, xalqımın,

Hörməti hər yerdə var,  dünya onun müştaqıdır.

Nə qızıldır, nə gümüş, nə ləlü, nə mirvaridir,

Sadə torpaqdırsa, lakin Qarabağ torpağıdır...

 

Axşamüstü qoy uzaqdan...

 

Şuşanın hər anı gözəldir - axşamüstüsü də, səhər çağı da. Şuşanın ab-havası, iqlimi də, dağlarının məğrurluğu, gül-çiçəyinin ətri də, quşlarının nəğməsi, bulaqlarının zümzüməsi də, şəlalələrinin şırıltısı, insanlarının saflığı da misilsizdir. 270 illik tarixində dünyaya sübut etdiyi bir keyfiyyəti də var ki, dəniz çirkabı ləpələriylə sahilə atdığı kimi, Şuşa da yadları heç vaxt qəbul edə bilməyib, ya aylarla mühasirəyə dözüm gətirib düşməni bu yurda buraxmayıb, ya da xəyanətlər hesabına qurban getsə də, ləyaqətini, mətanətini 28 illik məhbusluq həyatında qoruyub saxlaya bilib. Yadellilər Cıdır düzündə rəqs etsələr də, sarı bülbülləri səslərini, xarıbülbülləri duruşlarını dəyişdirsə də, Şuşa məramını dəyişdirməyib - sədaqətlə əsl sahiblərini gözləyib.  Üzeyirin, Natəvanın, Bülbülün heykəlləri güllələnib, oğulları qurban gedib, Şuşa əyilməyib, sınmayıb.

Mən bu şərəfli torpağı yeni qiyafədə görməkdən çox məmnun oldum. Qalanın üstündə yazılmış "Şuşa"  sözü erməni əlifbasına bənzədilmiş kiril hərfləri ilə deyildi, Cıdır düzündən beynəlxalq mədəniyyət tədbirlərinin ətri, Şuşa dağlarından isə bir əks-səda səsi gəlirdi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" Surətlə dirçəldilən Şuşada qaldığımız oteli öz xidmət mədəniyyətinə, səliqə-səhmanına, müasir dizaynına, rahatlığına görə dünyanın ən yaxşı otelləri ilə müqayisə edib birinciliyi vermək olardı. Yuxarı Gövhər ağa məscidi Qafqazın ən möhtəşəm ibadət yerlərindən biridir. Yenidən qurularaq qiyafəsini surətlə dəyişən Şuşanın tarixi abidələrinin bərpasını, Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin yeni məqbərəsini, Mamayı məscidinin, Şirinsu hamamının əsaslı təmirdən sonra açılışını görmək qismətimdə var imiş deyə taleyimə minnətdaram. Gördüm ki, Şuşada bir-birindən yaraşıqlı dörd mehmanxana fəaliyyət göstərir, Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Şahid oldum və qürur hissi keçirdim ki, Şuşa müasir şəhərsalma qaydalarına uyğun yenidən qurulur, dirçəlir. Ulu öndər demişdir ki, "Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir". Bu həqiqətə bir daha əmin oldum.

Mən bir həqiqəti də demək istəyirəm ki, tutduğum vəzifə ilə əlaqədar dünyanın 50-yə yaxın ölkəsində olmuşam, çox vaxt nümayəndə heyətinin rəhbəri kimi getdiyim bu səfərlərdə oranın rəsmi şəxsləri məni ölkələrinin ən görməli yerlərinə aparırdılar. Yunanıstanın Santorini adasından Yaponiyanın Hitaçi Milli Parkına, İtaliyanın Venesiya şəhərindən İsveçrənin Lucerne gölünə kimi dünyanın ən yaraşıqlı, bəşər övladının heç olmasa bir dəfə görməli olduğu gözəl məkanlar kimi beynəlxalq turizm kataloqlarına salınmış  yerləri görmüşəm, heç biri Şuşa kimi deyil. Məni qınamayın, elə təsəvvür yaranmasın ki, subyektiv mülahizə yürüdürəm, yaxud doğmalıq mənə bu yerləri belə füsunkar göstərir. Yox! Həqiqətən incə bir zövq ilə inşa edilən Şuşanın dizaynı ilə təbiətin ahəngi böyük bir möcüzə yaratmışdır. Gördüyüm yerlərdə təbiətin gözəlliyi insanların müdaxiləsi olmadan təqdim edilir, insanların yaratdığı şedevrlərdə isə belə təbii gözəllik yoxdur.

Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli üslubu və şərqlilərə məxsus memarlığı,  mədəniyyətimizə, ədəbiyyatımıza, incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan, Azərbaycan tarixinə Qasım bəy  Zakir, Xurşidbanu Natəvan, Mir  Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif  Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu, Üzeyir Hacıbəyov kimi şəxsiyyətlər bəxş edən Qarabağın dilbər guşəsi olan Şuşa, həqiqətən, özü boyda tarixi abidədir.

Orada danışdılar ki, keçmişdə dava-dərman təsir etməyən xəstələrə deyərmişlər: "Get, bir neçə gün Şuşada qal. Qoy oranın havası səni sağaltsın". Doğrudan havası məlhəm olan Şuşada bir gün olmaq dünyanın ən çox reklam edilən sanatoriyalarının səfasından daha  dəyərlidir. Dünyada uca dağlar da çoxdur, dilbər guşələr də, gözəl şəhərlər də. Amma bizim Şuşanın əvəzi yoxdur, mən əminəm ki, belə əmin-amanlıqla 10-15 il də keçsə, ölkəmiz bu temp ilə inkişafını davam etdirsə, Şuşa da, Laçın da, Kəlbəcər də, elə bütün Şərqi Zəngəzur dünya turizm həvəskarlarını ən çox cəlb edən məkanlardan biri, bəlkə də birincisi olacaq.

 

Yarı qönçə, yarı gül...

 

Mən bu gün Laçını belə görürəm, məşhur Xalq mahnısında deyildiyi kimi - yarı qönçə, yarı gül! Gül kimi açılıb, nə qədər gözəlləşib, ancaq hələ qönçə kimi açılmayan mərhələsi də var. Laçın hələ qurulmaqda, tikilməkdə, abadlaşmaqdadır! Andronikin qulağını kəsən Sultan bəyin yurdu qəsbkarlardan iki yolla alınan yeganə rayondur - həm hərbi yolla, həm də siyasət yolu ilə erməniləri tərksilah edib onları kapitulyasiyaya məcbur edən ərazidir.

Maraqlıdır ki, Laçın 1924-cü ilədək Abdallar adlanmışdır, sonralar Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru olan tanınmış yazıçımız Tağı Şahbazi Simurq yaxınlıqdakı dağın adını şəhərə vermişdir. "Laçın" sözü mənaca "məğrurluq" deməkdir. Məğrurluq da bu yerin şəninə, insanlarının taleyinə yazılıb. Bu gün torpaqları düşmən tapdağından azad edilmiş məğrur laçınlıların alınları daha açıq, üzləri daha ağ, daha fərəhlidir.

Yeri gəlmişkən, bununla bağlı bir fikrimi də hörmətli oxucularla bölüşmək istəyirəm. Qafqaz xalqlarında "qürur" kimi təqdim olunan (yaxud adlandırılan) bir xüsusiyyət var. Buna başqa sözlə özünəinam, özünəgüvən, məğrurluq da demək olar. Müdriklərin dediyinə görə, bəzi hallarda sərhədləri aşaraq lovğalığa qədər gedib çatan bu xüsusiyyət insanlara dağların vüqarından keçib. Aparılmış tədqiqatlar göstərir ki, dünyanın dağlıq hissələrində yaşayan insanlar daha qürurlu, daha məğrur olurlar. Bəzi hallarda isə ifratçılığa gedib çıxan bu müqəddəs hiss insanları gülünc vəziyyətə salır. Bu da onunla bağlı olur ki, dağların qüruruna öyrəşməyənləri birdən-birə dağ vüqarı ilə qovuşdurursan. Bu, təxminən ömrünü kasıbçılıqla keçirən birisinin birdən-birə var-dövlətə çatması hadisəsinə bənzəyir.

Məsələn, bizim bədnam qonşularımızda bu xüsusiyyət karikatura səviyyəsində məzhəkə obyektinə çevrilmişdir. İndi "İlk peyğəmbər Adəm erməni olmuşdur", "Dənizdən dənizə Böyük Ermənistan", "Dünya mədəniyyətini ermənilər icad etmişdir" kimi səfeh xülyalarla dünyanı özlərinə güldürən ermənilərin bu səviyyəyə düşməsi onların sonradan Qafqaz dağları ərazisinə köçürülməsi ilə bağlıdır. Dədə-babadan dağlarda yaşayan xalqlar özünəgüvənin gülməli səviyyəsinə enmirlər. Yeri gəlmişkən, erməni jurnalist Arşaluys Mqdesyan özü yazır ki, "erməni lovğalığı və illüziyalara qapanması ona gətirib çıxardı ki, Yerevandakı "Yerablur" hərbi məzarlığında 4 minə yaxın təzə qəbir yarandı. Biz lovğalanıb deyəndə ki, "Bakıda çay içəcəyik", azərbaycanlılar dronlarla döyüşməyi öyrənirdilər. Ermənistanda ordunun məğlubedilməzliyi haqda danışanda Azərbaycanda yeni müharibə metodlarını mənimsəyirdilər".

Yeri gəlmişkən, cənab İlham Əliyevin Xankəndidən xalqa müraciətində olan maraqlı bir məqamı xatırlatmaq istəyirəm: "Bu binada ən ali kürsüdə oturanların bəziləri indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, ancaq istintaq təcridxanasında".

1992-ci ildə məğrur Laçının işğal edilməsi bizim üçün bir neçə baxımdan ağır faciə idi, həm belə bir füsunkar təbiətin düşmən əlinə keçməsi, həm laçınlıların doğma yurdlarından didərgin düşməsi, həm Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqənin yaradılması, bununla da sonrakı itkilərimizin başlanğıcının qoyulması baxımından buradakı faciəni digər hadisələrlə müqayisə etmək çətindir. İndi günbəgün gözəlləşən, yeni sima alan Laçını da Azərbaycanın bir-birindən gözəl olan rayonları, şəhərləri ilə bir sıraya qoymaq olmur. Burada heyrətamiz dərəcədə qeyri-adi işlər görülür. Məsələn, burada inşa edilən çoxsaylı tunellərdən biri 12 kilometr uzunluğunda Murov dağının altından tikilir. Təxminən dörd kilometr hündürlüyü olan bu nəhəng dağın minillərlə formalaşmış süxurlarına ilk dəfədir ki, insan əli, insan nəfəsi dəyir. Belə tunellər dünyanın azsaylı ölkələrində vardır. Laçında tikilən evlər, su elektrik stansiyaları, yollar, körpülər elə bil 30 illik boşluğu doldurmağa hesablanmışdır - sürətlə, keyfiyyətlə və müasir!

Mən burada da insanlarla söhbət zamanı torpağa bağlılığa, vətənə sevgiyə heyrət etdim. İnsanlar sidq-ürəkdən çalışırlar, məskunlaşan sakinlərin hamısı işlə təmin edilib, hələ yüzlərlə peşə üzrə ustaları yeni gələnlərin arasından gözləyirlər. Heç kəs hansı şəhərinsə xiffətini çəkmir, doğma yurdun havasına, suyuna illərlə həsrət qalanlar doğmalıq şərbətini ciyərlərinə doldururlar.

Laçından Zabuxa gedən yol hələlik (dedilər ki, tunellər çəkilib qurtarandan sonra aşırımlar öz funksiyasını itirəcək) sərt aşırımlardan, dolaylardan keçir. Belə aşırımları heç yerdə görmək mümkün deyil. Uca-uca dağları aşdıqca sanki nağıllar aləminə düşürsən. Bəlkə də ilin ən gözəl vaxtıdır deyə düşünəndə yerli sakinlərdən biri dedi ki, Laçının hər fəsli, hər ayı gözəldir. Qışda qarlı dağlar, bəyaz ağaclar, payızda bərəkətli meşələr, yazda yaşıl talalar, düzlər. Qısa müddətdə Zabuxda evlər və digər obyektlər inşa olunub, yollar abadlaşdırılıb, əhalinin istirahəti üçün parklar salınıb. Kəndin mərkəzindən keçən çayın üzərində körpü inşa olunub. İndi gündüzləri mənzərəsi ilə seçilən kənd gecələri işıq saçan gözəlliyi ilə diqqət çəkir.

Zabuxu görəndə yenə yadıma İsveçrə, onun dünya şöhrətli kurort şəhəri İnterlaken düşdü. Mənim fikrimcə, Zabux çayının iki sahilində səliqə ilə inşa edilmiş qırmızı damlı evlər və təbiətin bu gözəlliklə harmoniyası İnterlakeni kölgədə qoyur. Şübhə etmirəm ki, iki-üç ilin ərzində bu möcüzəni yaradanlar yaxın illərdə bütün Qarabağda və Şərqi Zəngəzurda elə bir cənnət quracaqlar ki, təkcə Azərbaycandan uzaqlarda istirahət yeri axtaran həmvətənlərimiz deyil, gözəlliyə, təmiz havaya, qüsursuz təbiətə və saf insanlara dəyər verməyi bacaran dünyanın bütün turizm həvəskarları axışıb bura gələcəklər. O günlər uzaqda deyil...

Qarabağa, Şərqi Zəngəzura iki günlük səfərim başa çatır. İlkin adı Qarabulaq olan, sonralar böyük şairin 400 illik yubileyi ilə əlaqədar Füzuli adlandırılan gözəlliklər məskəni, Azərbaycan tarixinin yeni səhifəsini yazmış Pənahəli xanın, sonralar həmin tarixi daha da zənginləşdirməyi bacarmış  insanların ulu babaları Comərd və Alagöz Məhəmmədin 1752-ci ildə əsasını qoyduğu Şuşa, igidlər yurdu qəhrəman Laçına olan səfərim mənə bu vətəni, onun füsunkar gözəlliklərini, xariqələr yaradan övladlarını bir daha sevdirdi. Azərbaycan səmimi məhəbbətlə sevilməli Vətəndir!

Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

Digər xəbərlər