usd-1.7000 eur-1.7609 rub-1.6425
Bakı 9°C 7.12 m/s
Son xəbərlər
20-12-2024
19-12-2024
18-12-2024
13-12-2024
06-12-2024
03-12-2024
02-12-2024
27-11-2024
26-11-2024
23-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Qarğalar danışanda adamlar susar- hekayə

details

ƏDƏBİYYAT

20.12.2024, 16:48 Oxunub: 181

 

100info.az Kəmalə Mirzəyevanın yeni hekayəsini təqdim edir.

 

 Qarğalar danışanda adamlar susar

Hardasa oxumuşdu - qarğa balaları doğulanda dimdiklərindən çox şirin bir qoxu gəlir.

Valideynləri onları doğulan kimi bir neçə günlüyə atıb gedirlər. Balalar isə dimdiklərindəki həmin qoxuya görə onlara yaxınlaşan cücüləri, həşəratları yeməklə böyüyürlər.

Sonradan valideynləri qayıdıb onlara ancaq uçmağın və yaşamağın sirlərini öyrədirlər.

Bunları düşünə-düşünə Ceyhun ətrafda “cövlan” edən qarğalara baxdı. Qarğalar bir az aralıda dövr eləyib şığıyır, ağacların altından nəyisə götürməyə çalışırdılar.

Yaxınlaşanda “dava”nın nə üstdə getdiyini başa düşdü - tülküydü balasıyla. Tülkü arxasını institutun həyətindəki qazanxanaya söykəyib ciddi-cəhdlə özünü və balasını onların hücumundan qorumağa çalışırdı.

Qəribəydi, şəhərin düz mərkəzində, günün günorta vaxtı tülkü burda neyləyirdi?

Xeyli vaxtdır qazanxananın isti divarlarına yaxın bir yerdə yuva qurub bala saxlayan Tülkünün vəziyyəti birdən-birə yaman ağırlaşmışdı.

Üç gün əvvəl burda gəzməyi sevən bir qadının onu görməsi və yemək verməsilə rahat yuvası alt-üst oldu.

Növbəti gün onu - Tülkünü həmin yerdə görməyən qadın yaxınlaşıb həyət-bağçaya, bir növ,“nəzarət” edən yaşlı kişidən:

- Tülkünü görməmisiniz? - deyə soruşmuşdu.

Qadın hətta yanındakı kişinin belə gözləmədiyi bir tərzdə sual etdi:

- Bilmirsiz, Tülkü qalır burda?

Elə dedi ki, sanki adını unutduğu, amma çoxdan tanıdığı bir insandan söhbət gedir.

Oturub uzun bir şlanqla ağaclara su verən Cavana baxan Qoca bu qəfil sualdan çaşdı. Dönüb gənc qadına və yanındakı kişiyə baxdı. Elə bildi yaxşı eşitmədi.

Bir anda burda işləyən, adları “t”-la başlayan bütün əməkdaşlar beynindən gəlib keçdi. Uyğun gələni olmadı. Fikirləşdi ki, bəlkə kiməsə söz atırlar - yəni “tülkü sifət”, “ tülkü sayaq...”.

Bir addım atdı qadına tərəf.

- Tül-ki? Bəlkə Turğutu deyirsən, qızım? Bizdə adam çoxdur.

- Tülkü, tülkü...

Qadının sifəti qəribə bir rəng aldı:

- O gün burda yedirib-içirdim, indi gözümə dəymir.

Qadın elə dedi ki, elə bil həyət-bacadakı itdən-pişikdən, toyuq-cücədən danışır.

Bundan sonra Qoca qəddini düzəltdi, əminliklə dilləndi:

- Altmış dörd ildir burda işləyirəm, amma burda tülkü görməmişəm...

Bu dəfə qadının çaşdığını görüb:

- Bir də bizdə belə şeylərə yaxşı baxmırlar, qızım, kənar heç kim gələ bilməz bura, - dedi.

Amma Qoca bilirdi ki, həmin vaxt Tülkü düz onun ayağının altındakı isti yuvasında oturub onun bu dediklərinə xısın-xısın gülür.

İndi də Qadın qorxan kimi oldu, fikirləşdi ki, birdən tapıb nəsə edərlər Tülküyə.

- Yox e, o mənada demirəm, Allahın yaratdığıdır da, qoy yaşasın. Neynir ki?..

- Əlbəttə, əlbəttə - dedi Qoca və dayanıb onların aralanmasını gözlədi. Sonra şlanqlı Cavanı səslədi:

- Şlanqı bura ver, ə, yenə peyda olub bu kökü kəsilmiş.

 

***

Su dolduqca Tülkünun ürəyi sıxılırdı.

Balası da su içində qalxmışdı anasının belinə.

- Sən yaxşı tanımırsan e, Kərim müəllimi, adı Kərimdir, özü kərimsizin biri.

Qoca elə bil Tülküylə danışırmış kimi şlanqı düz yuvanın ağzına qoydu:

- Tapacam səni, onsuz da qaçmağa yolun yoxdur.

Özü də bir az aşağı əyilib:

- Keçən dəfə dəymədim sənə balana görə, elə bildin daha burda istədiyini edə bilərsən? Dedim axı çıx get.

Qoca əlindəki şlanqı kənara atıb bir az da yuvaya tərəf əyildi:

- Yazıqsan, çıx get, - dedi. - Günün günorta çağı bağa gəlib-gedənlərlə nə işin var? Bəlkə çıxıb onlarla bir şəkil də çəkdirəsən, hə?

Cavan dözə bilmədi:

- Bu qarğalar azmış kimi indi də Tülkü peyda olub hə? - dedi...

Qarğalar Ceyhunu görüb aralandılar. Hündür ağaclara qalxıb onun ordan aralanmasını gözlədilər.

Tülkü dönüb ona baxdı-qorxu da vardı gözlərində, inam da, minnətdarlıq da.

Qocadan sonra onun adamlara inamı heç qalmamışdı.

Sonra asta-asta balasını götürüb yenidən qazanxanın yanındakı içi hələ də nəm olan yuvasına qayıtdı və bu dəfə getmədiyi üçün Qocaya nə cavab verəcəyini düşündü...

Qarğalarsa onun bu ovunu əllərindən alana - Ceyhuna narazılıqlarını uzun müddət başıüstə dövrə vurub hay-küy salmaqla bildirdilər.

Qarğalar onu beləcə yola salıb Tülkünü tapmaq ümidiylə yenidən həmin yerə qayıtdılar.

Bilmək olmurdu - Tülkü onların balasını yemişdimi deyə onlar da onun balasını əlindən almağa beləcə can atırdılar?..

 

***

Axır ki qarğalardan “xilas” olub dostlarla görüşdü. Həmişə vaxt tapan kimi burda gəzər, çay içib sohbətləşərdilər.

Bura onun - Ceyhunun daha çox xoşuna gəlir.

Parka xüsusi bir gözəllik verən bu yaşıl çinarlarla həmişə onun söhbəti tuturdu.

Bu gün də o biri yay günlərinə bənzəyirdi.

Amma bir fərqi vardı - quşların, xüsusən də qarğaların səsindən az qala qulaq tutulurdu.

Ona görə də çox gəzməyib birbaşa çayxanaya gəldilər. Amma burda da qarğaların səsi onlara rahat danışmağa imkan vermədi.

Nədənsə həmin gün bağın üstünü qarğa sürüsü zəbt eləmişdi sanki. Qara bulud kimi örtmüşdülər hər yanı. Bəlkə elə buna görə tez ayrıldılar.

- Qarğalar danışanda adamlar susar...

Bu sözlər ona məxsusdur və sanki baş tutmayan söhbətlərinə haqq qazandırmaq üçün dilindən çıxdı.

Bunu deyərkən də Ceyhunun fikri bayaqkı Tülküylə balasının yanındaydı.

- Qarğalar danışanda adamlar susar.

Dostlardan biri onun dediklərini eynən təkrarladı:

- Qəribə sözdür... Qarğalar dalaşanda, ya danışanda?

Beləcə ayrılıb hərəsi bir yana üz tutdu. Təkcə Samir:

- Mən hələ qarğalarla danışmaq niyyətindəyəm. Gəzəcəm bir az, - dedi.

Ceyhun sağollaşıb binanın arxasında, bayaq Tülkünü gördüyü yerin yaxınlığındakı maşına tərəf getdi.

Fikir verdi - Tülkünün yuvasının ətrafında tam sakitlik idi.

Əllərinə bir şey keçməyən qarğaların bəzisi hələ də ağaclardan boylanır, sanki növbəti məqamı gözləyirdi.

Fikrində bir şey vardı - burdan tez uzaqlaşmaq və uşağı hazırlıqdan götürmək.

Uzaqdan gördü ki, iki cavan qadın onun maşınının ətrafında dövrə vurub sanki nəsə axtarır.

Qadınlar onun yaxınlaşdığını görüb kənara çəkildilər.

Maşına oturmaq istəyəndə zəif bir səs eşitdi - pişik səsiydi.

- Gəzə də bilmirik e, bu qarğaların əlindən...

- Nə bizə dinclik var, nə bu itə-pişiyə.

Bunu o qadınlardan biri dedi.

Axırıncı qadının səsi elə pişik səsinə bənzəyirdi, elə özü də, gözləri də.

- Qorxurlar da, yazıqlar, neyləsinlər? Bayaq birini apardılar, o biri də canının qorxusundan qaçıb girdi bura.

Maşından düşdü, səs, həqiqətən, qabaqdan - kapotun altından gəlirdi.

O, qapını açan kimi qadınlar sanki birdən-birə hərəkətə gəldilər:

- Qardaş, maşını hələ sürmə, altında pişik balası var.

- Bayaqdan çalışırıq çıxara bilmirik.

Tələsirdi, amma neyləmək olar?!

Qadınlara qoşulub pişiyi maşından çıxarmağa çalışdı. Heç nə alınmırdı.

Onların bu axtarışına yaxından keçən Uzun bir kişiylə Sarısaçlı bir qadın da qoşuldu. Bayaq onları görmüşdü. İkinci dövrəni vururdular və Uzun dayanmadan qadına dil tökürdü: ”Kreditim var e, heç olmasa iyirmi manat verərsən, Kama?”.

Qadın bu dəfə də onun dediklərinə məhəl qoymadan pişiyi maşından çıxarmağa çalışanlara tərəf getdi.

Vəziyyəti “qiymətləndirən” Uzun təşəbbüsü ələ almağa çalışaraq hamıya səsləndi:

- Dayanın, sakit olun, qorxutmayın onu, mənim əlim uzundur, çıxardacam onu... Sonra da yarıciddi, yarızarafat gülə-gülə Sarısaçlıya döndü:

- Çıxarsam, verərsiz ha pulu.

Bunu deyib uzandı maşının altına.

Qadınlardan biri söhbətin nədən getdiyini bilməsə də, Uzuna ürək-dirək verdi:

- Mən verərəm, təki sən onu çıxar ordan...

Amma Uzunun cəhdləri də bir nəticə vermədi. Bu səs-küydən daha da qorxan pişik motorxanada sanki qeyb olmuşdu.

Ceyhun aralanıb həyat yoldaşını yığdı, - gecikəcəyini, uşağı gedib özünün götürməli olduğunu dedi.

- Niyə, noolub yenə? - deyə o tərəfdən narazılıq eşidildi.

Deyə bilmədi ki, pişiyə görə.

Həyat yoldaşı belə şeyləri qəbul etmirdi heç cürə.

Xeyli çalışsalar da, bir nəticə hasil olmadı. Sonra hamı yavaş-yavaş dağılışıb getdi. Tək qalan Ceyhun maşında oturub gözlədi ki, bəlkə bu sakitlikdən ürəklənib pişiyin balası gizləndiyi yerdən çıxar.

Elə oturduğu yerdəcə necə yuxuladığından xəbəri olmadı. Səhərin necə açıldığını da bilmədi...

Səsə ayıldı:

- Ora bax, ora, bu, Tülkü deyil?

Baxdı ki, dünənki Pişiyə oxşayan qadındı.

Elə bil heç evə getməyib, burda  gecələyib.

- Siz də rahat olun, axır ki, düşdü maşından deyib, - Qadın qucağındakı pişiyi göstərdi.

- Hələ Tülkü də tapmışam burda. Balası da var yanında...

Qadının əlləri çantasına uzandı.

Salafandan nəsə çıxarıb Tülküyə tərəf getdi.

Tülkü balasını götürüb yenə bir andaca yox oldu.

Ceyhun fikirləşdi ki, yəqin qarğalar gələnə kimi Tülkü buranı tərk etmək istəyir.

Əlbəttə, getsə yaxşıydı. Həm də Ceyhun bilmirdi ki, Tülkü söz verib özünə: bir də Qoca onu buralarda görməyəcək, Qoca nə qədər darıxsa da, qayıtmayacaq buralara...

Ceyhun belə yeməkləri xoşlamazdı.

Amma çörəkdən və arasındakı kolbasadan xoş bir qoxu gəldi. Yadına düşdü ki, acdır, dünəndən bəri dilinə bir şey dəyməyib.

Qadınla sağollaşdı.

- Siz necə də səbrlisiniz! - dedi Pişiyə oxşayan qadın.

- Sizin kimilərə son vaxtlar buralarda rast gəlmək olmur...

Maşını astaca işə salıb bir daha motorxanada səs olub-olmadığına diqqət elədi və bağdan aralandı. Qadın gözdən itənəcən onu izlədi.

Tində bağa tərəf gedən Uzunu gördü və dünənki sözlər qulağında yenidən səsləndi:

- Kama, iyirmi manat verərsən?..

Dayanıb Uzunu səslədi. Çıxarıb pulu ona uzatdı.

- Pişiyə görə, - dedi Ceyhun. - Dünənki pişiyə görə.

Uzunun üzü güldü:

- A-a-a, doğrudan? Tapıldı pişik?

- Hə, - dedi Ceyhun və ondan aralanmadan:

- Daha Kamadan pul istəmə, - dedi.

Uzun key-key ona, bir də əlindəki pula baxıb:

- Siz də tanıyırsız, Kamanı?

Gedən maşının dalınca səsləndi:

- Yox e, siz bilmirsiz, Kama bizim canımız-ciyərimizdir.

Ceyhun ordan aralananda gün təzəcə görünməkdə, tülkü yol getməkdə, qarğalar yenidən peyda olmaqda idi.

Elə bildi hələ də yuxudadır.

 

Kəmalə Mirzəyeva

Digər xəbərlər