ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Yağışda dayanacaqdakı qadın - Novruz Nəcəfoğlunun hekayəsi
ƏDƏBİYYAT
02.12.2024, 17:30 Oxunub: 101Yağışda dayanacaqdakı qadın
"Dayanacağa və sənsiz dünyamın ümidsiz küçələrindəki künclərə axşam düşürdü. Bezdim sənə bənzəyən
insanları sevməkdən.
Halının necə olduğunu belə
soruşa bilmədiyim birisən
daha mənim üçün..."
***
Yenicə yola çıxmışdı ki, yenə yağış başladı. Son vaxtlar yağışı da sevmirdi. Eynəyi islanır, şüşənin üstündə puçurlanan damcılar görməyini çətinləşdirirdi. Ən çox da evdən çıxanda çətirini unutmağı onu lap karıxdırırdı.
Əlindəki kitabları özünə sipər edib yağışdan qorunmaq istəmirdi.
Kitab çox şeydən qoruyar, mühafizə edər, əlbəttə, içində daşıdıqlarına bələd olsan. Kitabdan çətir kimi istifadə etmək isə yaramaz, qıymazsan. Həm də, axı o kitabların sətirlərində elə yağış kimi ağlayan, yağdıqca da damla-damla puçurlanan, yaşaran cüt gözləri görməmək mümkün deyil.
Hər gün keçdiyi yoldan bu gün daha əvvəlki ahənglə keçmirdi. Addımları daha yeyin idi, yağış yağırdı axı, leysan, necə deyərlər, "ucundan tut, göyə çıx"!
Əvvəllər yağışın da vaxtı-zamanı, öz mövsümü olardı. İndi daha nə fəsil, nə də mövsum bilmir, nə zaman istəsə ərköyün, dəlisov atlı kimi, istədiyi vaxt, gözləmədiyin anda səyridir, ələyir, yağır, ha yağır...
Yağış öz yağmağında olsun, həyat da öz axarı ilə davam edir, əlbəttə. Yenə də çayxanalar ağzınacan çayxorlarla doludur. Payız girib. İndi buralarda havalar adamı üşüdür, belə yağışlar da çayxana azarına tutulanlar üçün yaxşıca bəhanədir. Rayon yerlərində yaşlılar bir yana, elə cavanlar da bütün günü çayxanalarda nərd atırlar, dominonun daşlarını stola elə çırpırlar ki, nəinki yoldan ötənlər, yaxınlıqdakı dükan-bazar əhli də diksinir. Hə, bir də, növbəti əldə oynamağa növbə gözləyənlər... Onlar da öz növbələrini gözləyə-gözləyə bekar durmayıb yoldan ötən əks cinsin nümayəndələrinə oğrun-oğrun baxıb sonra da arsız-arsız qımışırlar...
***
Havası soyumuş mənzilinin pəncərəsində öz nəfəsinin buxarında çəkdiyi, içinə də "X" hərfi yazdığı ürək rəsmi yadına düşür. "Yadına düşür" deyəndə ki, əslində o işarə eləcə yaddaşında ilişib qalıb. Damlardan sular süzülür, ağacların yekə-yekə saralmış yarpaqları qarışıq yağış tutmuş damcıları üstünə-başına səpələnir.
İndi bütün bunları nədən xatırladığını anlamır. Bədbinləşir. Yəqin yağışdandı, -mızıldanır...
Yağışla bağlı yazılan çoxlu sevgi macəraları oxumuşdu. Yağışda islanıb bir isti otaqda sevgilisinin qoynuna girib qurunduğunu çox xəyal etmişdi. İndi isə başqa cür düşünürdü. Ya da tam əksinə, qurama olan xəyallara aldanmırdı daha...
Yəqin həyatın necə naqolay olduğunu indi anlamışdı... İçindən elə gəlmirdi əslində. Bəlkə də macəra uydurmaq əvəzinə, daha çox toxtaqlıq tapmaq istəyirdi.
Darıxdı lap, suallar içində vurnuxdu, "sualların yeri küncdə olur", deyirlər. Baxır hansı sualların... Bu dəqiqə kimdən soruşsan ki, sevdiyin olubmu? Gözün döyəcək, gizlədəcək. Zəmanəyə uyğun "güləcək". Yağış onu özündən aralayıb çəkib apara bilmirdi. Məlum məsələ...
Gülür! İslanmağın qorxusu canına "hopanlar" taksilərə tərəf qaçırlar. Üstündə çətirdən savayı taksiyə verəcək parasının da olmadığına tam əmindi. Həmişə belədir, üstündə pul olmur ki... Ümumiyyətlə, aldığı heç nəyə çatmır. Piyada getməyə isə hələ gücü-qüvvəti var. Dərəsi yox, təpəsi yox, uzaq da olsa, hələ ki, bu yolu gedib-gələ bilir.
Şütüyüb gələn taksilər dayanacağa yaxınlaşanda müştəri ümidi ilə sürəti azaldırlar. Budur, biri də gəlir. Gözlərini elə bərəldib baxır ki, sanki zorla əlimi qaldırıb "saxla", - deyəcəm.
Yağış da onlar üçün yaxşı fürsətdir.
Dayanacağa çatana qədər yağış qucaqlayıb isladır onu. Saçlarından su damcılayır, başı elə bil girov qoyub. Bir də, həə, dizlərini döyür, açıq dizlərini. Qapalı geyinməyi xoşlamır. Bu da elə bərəlib baxan şorgöz gözlər üçün əsil fürsətdir. Allah vurmuşdu, - bərkdən deyir.
Dodaqlarının yağışdan islanması bir başqa aləmdir, deyəsən, bircə bu maraqlı gəlir ona. Qarşı tərəfdən bir kişi də elə onun kimi çətirsiz "şütüyür". Bu şəhərdə bir adət də var axı, kişilər əllərində çətir tutmazlar...
Görəsən, niyə bu qədər darıxdırıcıdır oktyabr ayı, anlaya bilmir...
Bir dostu da:
- Bu ayda adamın yenidən doğulub təkrar sevməyi gəlir, - deyirdi. Zövqsüz...
Kişi düz üstünə yeriyir, sanki ayaqlayıb keçəcək, zalım oğlu nə qaba adamdır. Elə bil "Gönçüdəndir". Kişi olanda nə olar ki?! Beləsinin...
Yolundan çəkilir, çəkmələrinin dabanlarından yan-yörəyə su səpələnir. Kişi isə ona mənalı-mənalı baxır, düşüncələrini oxuyur, ya da halına gülür sanki. Əslində eyni vəziyyətdədilər. Sadəcə bircə gözündəki eynəyi ondan artıqdır, bir də əlindəki yağışdan qorumaq istədiyi kitablar.
- Bu da çayxanaya tələsir, yəqin, əli də cibində, - düşük, heç olmasa, şlyapası olsaydı, polietilen torbanı başına taxıb. Bəlkə də o torbada elə soğan daşıyıblar. Soğanın qoxusundan zəhləsi gedir. Soğanbaş kişidən lap zəndeyi-zəhləsi getdi.
Üzbəüz çayxanada küllənənlərin yanından ötüb dayanacağa yetişir. Dayanacaqda bir "PAZ" markalı, köhnə avtobus bomboş dayanıb, qapıları da bağlı. Avtobusa minmək üçün gözləyən kimsə gözə dəymir, heç sürücü də yerində yoxdu. "Uzun çəkər bunun tərpənməyi", - deyə düşünür. Gözləyir, başqa çarə yoxdu, yol uzundur, bu yağışda evə piyada getsə, özünə sitəm edər, sətəlcəm olar.
Yanları kir basmış qalın, iri şüşələrilə boyaboy dövrələnmiş, indi də yağış gilələdikcə xəfif küləyin titrəyişindən çilənib lillənən dayanacaqda yerini rahatlayan kimi telefonuna zəng gəlir. Evdəndir, ya bəlkə də, bu yağışda yolda çətirsiz qaldığının qayğısını çəkən birisi var?.. Ona görə narahatlıq keçirdiyini onu inandırmağa çalışan birisi...
***
Son eşitdiyi onun şəkərli diabet xəstəliyinə tutulmasıdır. İndiki "şəkər" halıyla necə olduğunu bilmək keçir içindən: "Yəqin ki, çox zaman ürəyi su içmək istəyir, ciyəri yanır. Amma şirnini heç sevməzdi ki. Görürsən də, sevmədiklərin intiqam alır səndən, - demək istəyir. Sevgi nədir, bilmirəm daha, o səninlə bitdi. "Başqa kimsə olmadı ki həyatımda. Nə qəribədir, heç sən də olduğun kimi deyildin mənim üçün".
Üşüyür bu hissdən. Yağış onu belə titrədə bilməzdi. Çox dözülməz hissdir!
Ağlasa, kiprikləri bulaşar, sanki, bu gün də gözünün qarasını göz yaşlarıyla yusunmu? Bəlkə güzgüdə bir halına baxa?! Güzgüləri də bəyənmirdi, insan belədir də. Bəzən özünü aldatmaqdan başqa bir iş gəlmir əlindən. Dayanacağın qalın kirli şüşəsinin ortasından ətrafa boylanır... Gen-geniş park burdan ovuc içi kimi görünür. Bir kişi də ertəgözlü özünü yağışa salıb parkdakı işıqları yandırmağa gəlib. Qəribədir, elektrik işıq lampaları alışan kimi hava gözündə qaralır.
***
Kimsə gəlir, addım səsləri yaxınlaşdıqca güzgüyə baxmaq istəyi yox olur. Sürücüdür, yəqin. Yox, bu gələn həmin kişidir ki... Bayaqdan ötüb keçən o kişi elə bu maşının sürücüsüymüş...
Sürücü "PAZ"ının qapısını açıb hıqqanaraq kabinəyə qalxır, yerinə keçib bir-iki ağız quruca öskürərək qapını çırpır. O da maşının güzgüsündən baxır, deyəsən, onu tanıyıb. Bayaq yanından ötənlər kimi qaba təbəssüm dodağında donub qalıb. Üzünü yana çevirir, bəlkə başa düşə. Sürücü də guya özünü o yerə qoymayıb əlini siqaret qutusuna atır. Bir anlıq göydən ələnən yağış da, içini saran üşütmə də ara verir. Siqaret qoxusu avtobusa dolur.
***
...Çənəsini ovuclarına alanda burnuna dolan siqaret qoxusunu xatırlayır. Bir zamanlar çox sevirdi o qoxunu. Nəfəsi də siqaret qoxuyurdu, öpüşləri də. Sanki yuxudaydı, hətta əhvalının durulduğunu, rənginin acıldığını hiss etdi. Sürücü isə durmadan toz basmış maqnitofonunun düymələrini qurdalayırdı. Əvvəlcə səs xırıldasa da, sonradan açıldı. Avtobus da eyni havayla yola düzəldi...
Müğənni isə öz aləmindəydi, oxuyur, elə bil göydən sevgi yağışı töküləcək...
Sürücünün siqaret "dəmi" bitir. Siqaretin kötüyünü çırtma ilə vurub pəncərədən yolun ortasına vızıldadır. Sonra eləcə sükanın arxasında oturduğu yerdə başı yuxarıda, əlləri isə aşağıda nə isə axtarır. Axtardığını tapıb deyəsən, əlində bir şüşə var. Ətir şüşəsidir. Üstünə boşaltmağından bilinir, sankı qadın sərnişinin "xətrinə" siqaret iyini qovacaq salondan.
Musiqi, siqaret, ətir - hamısında bir oxşarlıq var, bütün bunları özlüyündə bir araya gətirmək istəyir. Alınmır ki, alınmır... Yenə telefonuna zəng gəlir. Bu dəfə də qızıdı. "Necə gələcəksən?" - deyə soruşur. Qayğılanıb, kövrəlir. "Gələcəm, əlbəttə, avtobusdayam, narahat olma, gəlirəm", - deyir.
Avtobus ara-sıra dayanacaqlarda dayanır, ləngiyir, tövşüyür, nə düşən var, nə minən, yenidən guruldayıb yoluna düzəlir... Əməlli-başlı üşüməyə başlayır.
- Görəsən, bugünkü belə havada, onun günündə olan bir başqa birisi olacaqmı bu avtobusa minsin? Yox, deyəsən, hələ kimsə nə görünür, nə də yaxınlaşır. Sürücü indi də radionu qoşur və axır ki, insafa gəlib, maşın yenə də ağır-ağır yerindən tərpənir. Yağış daha arxada qalıb. Onun yerini ümid tutub, siqaret qoxusu da arxa oturacaqlara keçir. Heç ətir iyi də ona təsir eləyə bilmir. Axı evdə onu gözləyəni var... Gözünün işığı, bircəcik qızı onu gözləyir...
Avtobus qəfil dayanır. Üst-başı ələnib tökülən sürücü qaçaraq yolun kənarındakı mağazaya girir və tez də qayıdır. Əli doludur, şəffaf sellofanda araq şüşəsi, iki çörək və bir düyüm kolbasa açıq-aydın görünür. Uzaqdan gözlərini zilləyib, üzünün cizgilərindən nə düşündüyünü anlamaq istəyir, yəqin. Hər halda onu düşünəcək qədər sadəlövh olmadığını bilir. Yenə o şübhəli, hiyləgərcəsinə quruca öskürəklə boğazını arıtlayıb avtobusun özü kimi xılxa motorunu işə salır. Arxa oturacaqdakı qoxular qarışır bir-birinə. Bu günüqara avtobusdan düşüb gedəndən sonra, araq qoxusu, kolbasa iyi, çörək ətri qarışacaq bir-birinə. Avtobusdan düşəndən sonra nə olacağını axı niyə düşünür ki? Canı cəhənnəmə!
Elə bu dəmdə avtobus yavaşıyır, sürücü əyləci basıb saxlayır. Kefinə soğan doğranıb, əhvalı da pozulub, sifətinin rəngi dəyişib. Öz-özünə mızıldanır, təkər partlayıbmış. Dərdə bax, hələ. Yolu az qalıb. Yağışa yoldaşlıq edə-edə, amma əslində bu qaranlıqları gəmirə-gəmirə axşamın çökməkdə olan toranlığında evlərin arasında evinin pəncərələrini gəzir. Könlündən bir ah qopur:
"Kaş, sənin də necə bir "şəkər" olduğunu qızımızın şirin təbəssümü unutdura biləydi mənə..."
14 avqust 2024-cü il