ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Ağdam deyiləndə Qədir yada düşməzmi ?
GÜNDƏM
23.11.2024, 13:47 Oxunub: 508
2020 - ilin 20 noyabrı... Bu tarix xalqımız üçün nə qədər qürurverici bir gündürsə, düşmən üçün də bir o qədər rüsvayedici, çox güvəndikləri, keçilməz saydıqları Ohanyan səddinin bir heç olduğunu gördükləri gündür.. .
Nəhayət, xalqımız illərlə havadarlarına güvənib yurd yerlərimizdə özlərinə məskən salan separatçı ermənilərə işğalçı Ermənistana başa saldı ki, Azərbaycan Ordusu üçün keçilməz bir sədd yoxdur. Ordumuz da, Ali Baş Komandanımız da ölkəmizin suveren hüquqlarını, ərazi bütövlüyü pozan hər kəsin aqibətinin necə olacağını dünyaya sübut etdi...
Bu gün qürurumuz, iftixar hissimiz aşıb daşır. Bu Sevincli günləri bizə bəxş edən şəhidlərimizə Allahdan rəhmətlər , qazilərimizə şəfa diləyirik. Qətiyyətli Liderimiz cənab İlham Əliyevə isə Ağdam sakini kimi dərin minnətdarlığımı bildirirəm.
İllərlə çəkdiyimiz həsrətimiz, məşəqqətli günlərimiz, itirdiyimiz əzizlərimizin qisas günü başa çatdı. Xarabalıqlar içində boy verən bir şəhər görürük hər gün, o şəhər öz geniş qollarını açıb öz sakinlərini bağrına basmaq istəyir...
... Düz 28 il uzaqdan doğma Ağdamımıza baxdıqca o xarabalıqlardan qulağıma bir səs gəlib :"Dəryada gəmim qaldı,
Biçmədim zəmim qaldı ..."
Şükürlər olsun ki, bu gün gəmilərimizin də, zəmilərimizin də sahibi özümüzük...
Bütün Ağdamlıların azadlıq gününü ürəkdən təbrik edirəm.
Ağdamdan söz düşərsə, Qədir yada düşməzmi?!
Böyük sənətkarı ehtiramla yad edir, İllər öncə ondan götürdüyüm bir müsahibəni oxucularımızla bölüşmək istəyirəm.
Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, bu məqalə ən yaxşı yazılar sırasında Qədir Rüstəmova həsr olunmuş bir neçə kitaba salınmışdır.
Böyük sənətkarın ruhu şad olsun!
*
QƏDİRİN ÖZ KÖNÜL DÜNYASI VAR
Dəryada gəmim qaldı,
Biçmədim, zəmim qaldı.
Çox çəkdim yar cəfasın,
Mənə də qəmim qaldı...
Ay sona bülbüllər,
ay saçı sünbüllər!
Gəmilərimizin sakit sularda arın-arxayın üzdüyü, zəmilərimizi özümüz biçib-becərdiyimiz bir vaxtda, görəsən, bu ah-nalə, fəqan nə idi, ilahi! Niyə Qədir yeri-göyü yandıraraq bu şərqinin giley-güzarını Tanrının dərgahına qədər çatdırmaq istəyirdi. Bəlkə mügənni 40 il sonrakı dərdini - odlara qalanmış ağban otaqlı Ağdamın, yerlə-yeksan olunmuş Qarabağın çatır-çatır yanan alovunu ifadə edirdi. Bilmirəm, amma onu dəqiq bilirəm ki, dünyamızın xoşbəxt çağında əhval-ruhiyyədən asılı olmayaraq, hər kəs bu mahnını dinləyəndə bir anlıq fikrə gedir, nəyisə düşünməyə məcbur olurdu. Mən də öz uşaq ağlımla bu mahnının qanadları ilə ağ buludların üstünə gedib çatır və orda bu səsin harasa qeyb olduğunu görürdüm.
" Sona bülbüllər" xalq mahnısıdır. Zaman-zaman, nəsildən-nəslə ötürülən bu mahnıdakı sızıltı, ağrı görünür təsadüfi deyilmiş. Cənnət gözəlliyi başına bəla Qarabağ həmişə yağıların can atdığı bir məkan olub və bu sayaq mahnıların qəmgin notu da kökdən gəlir. Qədir Rüstəmov hələ toylu-düyünlü günlərimizdə oxuyurdu.
Gedin deyin Xançobana,
Gəlməsin bu il Muğana.
Muğan batıb nahaq qana,
Apardı sellər Saranı,
Bir ala gözlü balanı!
Haqsızlığa, nahaq tökülən qana qarşı bir üsyan vardı bu səsdə. Sanki bu təkcə iki gəncin nakam taleyindən yox, yurdumuzun otunun, çiçəyinin nahaq qana bulanmasından, minlərlə gəncimizin yarımçıq ömründən, düşmən əlinə keçməmək üçün ölümünü üstün tutub özünü sellərə-sulara qərq edən ala gözlü qız-gəlinlərin acı taleyindən bəhs edirmiş.
Qədir Rüstəmov istər muğamları, istərsə də xalq mahnılarını bütün varlığı ilə, ürəkdən qopub gələn məhəbbətlə oxuyur. Günümüzə gəlib söykənən qədim xalq ifaçılığının layiqli nümayəndələrindən olan Qədir Rüstəmov özünün qeyri-adi səsi ilə sənət meydanına 60-cı illərdən sonra gəlib. Bir çox xalq mahnı və təsniflərinə yeni nəfəs verən sənətkar, demək olar ki, Cabbar Qaryağdıoğlunun, Xan Şuşinskinin sənətində, getdikcə boş qalan yerində bir tufan qopartdı. "Uzun ömrün akkordları" filminə çəkilməyi onun bu sənətin doğma varisi olmasının təsdiqi idi. O, xalq musiqisi ruhunda improvizə ustası kimi öyrənilməyə layiq sənətkardır. Amma Qədirin özünəməxsus xarakteri olduğu üçün onunla "dil tapmaq" hər adama nəsib olmur. Çünki o, rəsmi tədbirlərdən həmişə qaçaqdır. El-oba məclislərinə, öz könül dünyasına üstünlük verir.Zamanın təkəri hansı səmtə fırlanır-fırlansın, Qədirin öz ləhcəsi, öz yerişi, öz baxışı var. Bu, çoxlarına qəribə gəlsə də, Qədir Rüstəmov təbiiliyindən kənara çıxmır. Sənətkarın qazandığı uğurlarında Ağdam musiqi mühitinin böyük rolu olub. 1952-ci ildə yaradılan "Şur" ansamblı Azərbaycan musiqisinə bəxş etdiyi ayrı-ayrı sənətkarlarla yanaşı, həm də yerli ifaçıları birləşdirirdi. Bu ansambl Ağdamın adına nəinki Azərbaycanda, keçmiş SSRİ-də, eyni zamanda dünyanın bir çox yerlərində şöhrət gətirdi. Kollektiv əsrlərin ənənəsinə söykənən, XX əsr professional Qarabağ Musiqi Məktəbinin nailiyyətlərini, imkanlarını geniş nümayiş etdirdi. Klassik musiqimizə, muğam və mahnılarımıza qayğı ilə yanaşan ansambl qondarma təsirlərdən qaçır, kamil repertuarlarla seçilirdi.
Doğrudan da, "Şur"un Qədir Rüstəmov kimi yetirmələri, həm də yenilik duyumu ilə seçilmiş, unudulmaqda olan mahnılara təzə həyat və təravət vermişdi. Qədir Rüstəmovun ifaçılığından söz düşəndə sənət biliciləri onun qardaşı Nadir Rüstəmovu da xatırlayırlar. N.Rüstəmov 40-cı illərdə Məşədi Nərimandan tar çalmağı öyrənib və musiqi dərsini Rəhim Bədəlovun yanında davam etdirib. 1942-46-cı illərdə keçirilən musiqi olimpiadalarında Nadir Rüstəmov, Əbülfət Əliyev və Elman Bədəlov birinci yeri tutublar. Nadir Rüstəmov "Zabul", sonra isə "Zəminxarə" muğamına görə də müsabiqənin qalibi olub. Ağdam Orta İxtisas Musiqi Məktəbində muğamat-tar müəllimi işləyib.
Maraqlıdır ki, Qədir Rüstəmovun 40-45 il bundan əvvəl oxuduğu mahnılarını, "Segah"ını, "Zəminxarə"sini bu gün də sevə-sevə dinləyirik və dinlədikcə düşünürük ki, görəsən bu səsdə nə sehr var ki, təkrar-təkrar qulaq asırıq, amma doymuruq. Yadıma bir əhvalat düşür. Ağdam faciəli günlərini (1992-93-cü illər) yaşayırdı. Toy-düyünlü şəhərdən heç bir əlamət qalmamışdı. Şəhəri ölü sükutdan yalnız üçmərtəbəli Çay evindən ətrafa yayılan "Sona bülbüllər" xilas edirdi. Qədir Rüstəmovun fərqli xüsusiyyəti olduğunu hamı bilirdi. Bütün küçələrdən öz səsini eşidən Qədir, bərk əsəbiləşərək gedib çıxıb çayxanaya və oradakıları o ki var danlayaraq deyir: "Ə, bəsdirin də, nə qədər bu lenti oxudacaqsınız, yazıq deyil bu millət, Qardaş, istəmirəm hər gün məni oxudub urvatdan salasınız".
Qədir təbliğ olunmağı və tərifi xoşlamasa da, amma əsl sənətə qiymət verən xalqımız onu layiqincə dəyərləndirib. Qədir Rüstəmov xalq sevgisi ilə, dövlət qayğısı ilə hərtərəfli təmin olunub. "Xalq artisti" adına layiq görülüb, "Şöhrət" ordeni ilə təltif olunub, ev-eşik, maşın sarıdan da problemi yoxdur. Amma Qədirin bir yanğısı var. Onun ən sevimli səhnəsi Qarqar çayının kənarı idi ki, öz səsini Qarqarın qıjıltılı nəğməsinə qatsın. Ən məşhur səhnəsi İsa bulağı idi ki, əlini qulağının dibinə verib, ucu-bucağı görünməyən meşədə haray çəksin. Qədirin öz könül dünyası var. Heyf ki, könül dünyası tar-mar olub. Qədir Rüstəmovun sözlə çatdıra bilmədiyi daxili "mənindəki" ecazı, hikməti oxuduğu muğam və xalq mahnıları açıq-aydın danışır. O oxuyanda xəyalımız dərinliklərə gedərək bizi tarixin səhifələrini vərəqləməyə məcbur edir. Eləcə də dahi Üzeyirin muğamın böyüklüyü barədə yazdığı qeydləri yada salır. "...Yaxın Şərq xalqlarının musiqi mədəniyyəti XIX əsrə doğru özünün yüksəliş səviyyəsinə çatmış və on iki sütunlu, altı bürclü "bina" (dəstgah) şəklində iftixarla ucalmış və onun zirvəsindən dünyanın bütün dörd tərəfi - Əndəlusdan Çinə və Orta Afrikadan Qafqaza qədər geniş bir mənzərə görünmüşdür..."
Qədir muğamının da böyüklüyü ondadır ki, o, oxuduqca külli Qarabağın mənzərəsi canlanır gözümüzdə.
Zəkurə Quliyeva