ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
USTAD DƏRSİ- hekayə
ƏDƏBİYYAT
03.12.2024, 18:59 Oxunub: 6221001info.az yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Ustad Dərsi” hekayəsini təqdim edir.
USTAD DƏRSİ
(Hekayə)
Bəzən həqiqət yalan kimi görünür gözlərimizə. Bəzənsə yalanı həqiqət kimi qavrayırıq. Amma hər iki halda görüb-götürdüyümüz görüb-götürmək istədiyimizin diqtəsi altında qalır, onun zəhminə və hikkəsinə tam tabe olur.
ERKƏK TÜLKÜ
Nə elədisə, özü özünə elədi, öz başına oyun açdı. Yoxsa, “ac qulağım, dinc qulağım” deyə şellənirdi hər yanda. Mağıl dağı-daşı, çölü-biyabanı yaxşı tanıdığından eninə-uzununa dolaşır, pöhrəliklərdə, sıx kolluqlarda, yovşanlıqda həriflədiyi çöl quşlarından caynağına keçəni dərhal qamarlayıb nəfəsini kəsir, ovunu acgözlüklə, hərisliklə dişinə çəkirdi. Azlığına-çoxluğuna baxmadan gündəlik tapdığı azuqəsiylə kifayətlənməsi də varıydı. Özünü təhlükəyə atmaqla yaxınlıqdakı kənddəki toyuq-cucəyə dadanmaq o vaxtlar ağlına belə gəlməzdi. Axı, bu haram buyrulmuş oğurluq yolunun bir gedər-gəlməzliyi də mövcud idi, tülkü təbii surətdə bunu anlayırdı, ancaq çıxış yolu, deyəsən, son vaxtlar tamam görünməz olmuşdu. Çünki dərdi təkcə öz canını doyuzdurmaq olsaydı, nə varıydı ki. Məsələ qəlizləşmiş, sirkə tündləşmişdi. Sağlam erkək tülkü təzəcə “ata” olmuşdu. İndi durum başqaydı, bir çətən ac külfət ondan gündəlik azuqə gözləyirdi. Dişi tayı üç bala doğduğundan bir qədər zəifləmiş, daha canında ov etmək taqəti qalmamışdı. Körpələrin nə veclərinə, daraşırdılar gecə-gündüz analarının döşlərinə. Əgər dişi tülkü gündə heç olmasa, bircə dəfə yaxşı qidalanmasaydı, üzülüb əldən gedəcəkdi. Arıq, azca batıq əmcəklərindən süd tamam kəsiləcəkdi. Bu isə faciə demək idi. Körpə balaları ac-yalavac halda Allahın umuduna qala bilərdilər.
Üstəlik, nə iş idisə axır zamanlar çöl quşları da çıxmışdılar ceyran belinə. Bu ümidsiz vəziyyət erkək tülkünün lap kələyini kəsmişdi. Çoxbilmişliyi, bicliyi köməyinə çatmırdı, dağın-daşın kəkliyi hiyləgərlikdə şeytana papış tikirdi, onu ötmüşdü, nə illah eləyirdisə, girinə keçmirdi ki, keçmirdi. Allahın sığırçını, torağayı sanki bir-birinin ağzına tüpürüb sözü bir yerə qoymuşdular, tülküdən gen dolanmaq, ələ keçməmək idi onların amacı. Məhz bu mürəkkəb çıxılmazlıqdan baş çıxarmaq müşkül məsələyə döndüyündən, tək bir əlac qalırdı: ehmalca özünü bağlı-bağatlı Çayiçi kəndinə vurmaq...
Amma bu səfər qorxulu səfər idi. Kənd iki kiçik dağ yamacının arasında yerləşmişdi. Uzaqdan xana-xana evləri kibrit qutularına oxşayırdı. Əgər cins köpəklər, çoban itləri aman versəydilər, erkək tülkü rahatca gözaltı elədiyi həyətlərdən birinə soxular, ovunu xəlvətcə götürüb burdan uzaqlaşardı. Amma itlərin gözündən yayınmaq çətin idi. İki-üç gün əvvəl külfətinə toyuq aparmağı cəhənnəm, az qalmışdı özü Bozdar adlanan itə yem olsun. Yaxşı ki, onda Bozdar zəncirlənmişdi, ha dartınıb üstünə yürümək istəsə də istəyi içində qalmışdı. Amma çər dəymiş necə hürmüşdüsə bütün kəndi-kəsəyi duyuq salmışdı. Çayiçinin itləri xorla oxuyubmuş kimi səs-səsə verib ulaşmışdılar. Yaxşı ki, tülkü cəld tərpənmişdi, nə boğacağı anaş toyuğun cığırtısına, nə də it sürüsünün vahiməli hürüşməsinə məhəl qoymayıb “asta qaçan namərddi” deyərək dabanına tüpürmüş, dağ çayını adlayıb özünü sıx kolluğun arasına vurmuşdu. Bilirdi ki, bura heç Əzrail da təşrif buyursaydı onun canını almağa imkan tapammazdı. İz azdıra-azdıra özünü yuvasına çatdırmış, gözdən-qulaqdan ilim-ilim itmişdi.
Qara-qorxu isə hələ də canındaydı, bütün bədənində, əzalarında və sümüklərindəydi, iliyinə işləmişdi. Hərdən Bozdarın acıqlı, zəhmli gözlərini, vahimə doğuran hürməsini, zəncirin şaqqıltısını yadına salır, tükləri biz-biz dururdu. İtin ağappaq iri dişləri ağzına keçəni göz qırpımında, bir suiçim saatda didib-parçalamağa hazır idi. Hikkəli tülkü Bozdarın dəmir qazanda yal yediyini görəndə təcrübəsindən hiss eləmişdi ki, köpəyin başı ev yeməyinə qarışıbsa, yəqin ətrafa fikir verməz. Hülqumuqdan bərk-bərk tutduğu anaş çil toyuğun son vida çığırtısı eşidilməsəydi, addımlarını ehtiyatla atan tülküyə bağlı qızmış köpək bəlkə də heç hürməz, onun varlığından belə xəbər tutmazdı. Bozdar səsə başını qaldırmış, quyruğunu silkələmiş, kəsik qulaqlarını şəkləmişdi. Yerindən hövlanak hənir gələn tərəfə şığımışdı. Zəncirin dəmir həlqələri boğazını kəsmişdi. Hirsindən sürətlə götürülən tülkünün dalınca hürmüş, həmcinslərini ayıltmışdı. Sonda çar-naçar bir-iki ağız da ulamışdı. Yəni get, bu dəfə dişimdən qurtuldun, sabah bu həyasızlığına görə cavab verəcəksən.
Qayğılar bitib-tükənməz ki. Hər dəfəsində qılıncını sivirib bir az da inadla hücuma keçər. Erkək tülkü üçün yeni gün də eyni avazla başlamışdı: Ac balalarını, dişi tayını yemləmək.
Dişi tülkünün sığındığı nəm zirzəmi yuvada əsl həngaməydi. Burda üçəm körpələr savaşa başlamışdılar. Onlar südü kəsilmiş, qarnı belinə yapışmış anadan sallanır, acgözlüklə, hərisliklə yemək-içmək davasından əl çəkmirdilər. Boğaza yığılmış dişi heyvan him-cimlə onlara təpinir, növbəylə dişinə tutub kənara tullayır, tənbeh edirdi ki, süd kəsilib, daha yoxdur, gözləyin bir az. Ay başa düşdülər ha. Körpələrinki ver yeyimdir, hardan tapırsan tap.
Erkək tülkü özü də bərk ac idi. Zəhrimar aclıq varlığına sirayət etdikcə sancılanır, qıvrılıb-açılır, gərnəşirdi.
Kolluqda pusqu durub gözləməyə başladı, xeyli gözləmişdi ki, uzaqdan eşidilən xınalı kəkliyin qaqqıltısından ağzı sulandı. Nazlanırdı kəklik, sanki acıq verirdi tülküyə. Qaqqıltısı yağ kimi yayıldı tülkünün canına. Nə fayda, fərə kəklik elə də əfəl deyildi ki, asanca quyruq ələ versin. Tülkü oturan yerdən xeyli qabaqdaydı, günəş şüalarının sızdığı sərt qayalığın qənşərindəki daşlıqda. Dünyanın ən bəxtəvəriydi, oxumağı qulağı dəng edirdi. Bəlkə tay-tuşunu, yar-yoldaşı beçəni çağırırdı? İnsafsız beçədən də səs-soraq yox idi? Tülkü heysiz-heysiz tüklü quyruğunu qabağa çəkib şirin-şirin yaladı, ağzını marçıldatdı. Deyəsən, fərə kəklik iniltidən duyuq düşdü, dərhal susdu, yal-yamaca dərin səssizlik çökdü. Tülkü ona doğru şığıyanda isə sıçrayıb bircə anın içində pırıltı ilə uçdu. Lənət şeytana. Oxu daşa dəydi tülkünün yenə. Demək, əlac qalırdı Bozdar qorxusunu birtəhər ram edib yenidən kəndə güzar etməyə...
USTA SƏMƏD
Çayiçi kəndi növbəti qaynar payızını yaşayırdı. Qızıl fəsil bütün gözəlliyini ortaya qoymuşdu. Hər ağac, hər kol bir ilahi rəngə boyanmışdı. Elə bil Yaradanın qüdrəti fırçasıyla ətraf sehirləmişdi. Baxanın ağzı açıla qalırdı. Kənd sanki rəng bolluğunda boğulur, otların rayihəsi külli-aləmi məst eləyirdi. Kəndi iki kiçik sahilə ayıran Gümüşçayın həzin zümzüməsi isə bir ayrı aləm idi. Yayda az qala quraqlıqdan nəfəsi kəsilən bu əkin-biçinin, təsərrüfatların suvarma ehtiyacını ödəyən kiçik dağ çayı indi dil-boğaza qoymur, sakitləşmək istəmirdi. Qeyrətə gəlmişdi, suyu birəbeş artmış, köpüklənmiş, zərif zümzüməsi gur nəriltiyə çevrilmişdi. Gümüşçay olduqca ziyansız çaydı, yəni tıxsız balıqdı. Payız yağışları nə qədər onu coşdurub-daşdırsa da hədəqəsindən çıxmırdı. Çayiçidə indiyəcən bir kimsənin çöpünü də aparmamışdı ki, adı da bədnam olsun. Əksinə, xeyri isə göz qabağındaydı. Bağ-bostanıyla bütün ətraf bölgələrdə şöhrət tapmış Çayiçi kəndinə dirilik suyu bəxş edirdi o. Mənbəyini müxtəlif narzan bulaqlarından götürən, keçdiyi yurd yerlərinin bərəkətini artıran çay uzun, keşməkeşli məsafə qət etdiyindən sanki aşağılarda yorğunluğunu boynuna alır, nəfəs dərə-dərə axırdı.
Düşünməyin ki, yayın cırhacırında Gümüşçay kəndi tam susuz qoyurdu. Onun göz yaşını xatırladan suyu nə qədər azalsa da təsərrüfatyanı sahələrdə işlətməyə bəs edirdi. Ağaclar onun sayəsində qurumaqdan qurtarır, suvarılan bağ-bostan dirçəlir, bol-bəhərini artırırdı. Bu isə el-oba üçün göydəndüşmə töhfəydi, məhsul bolluğuydu. Çayiçi soğanı, Çayiçi turpu, Çayiçi şalğamı adla tanınırdı, şöhrəti Bakı bazarlarına da çatmışdı.
Usta Səməd dədə-babadan bu kənddən idi. Mərhum atasından ona üçotaqlı birmərtəbəli çiy kərpiclə köhnə yaşayış evi yadigar qalmışdı. Ailənin dolanışıq səviyyəsi ortaydı – beşindən pis idisə, onundan yaxşıydı. Çünki Səməd fiziki əməyə alışqanlığı balacalıqdan atasından öyrənmişdi. Kipriyiylə od götürərdi, arvad-uşağa korluq verməz, ac saxlamazdı. Doğrudur, elm-bilik öyrənməklə arası olmayan Səməd sonra bunun xeyrini başa düşəndə, iş-işdən keçmişdi, anlamışdı ki, ömrü-günü yelə verib. Amma keçənə də güzəşt deyərlər axı. Çayiçi məktəbində tarix müəllimi işləyən əmisi Əhməd olmasaydı, heç ona natamam orta təhsil haqqında şəhadətnaməni belə verməzdilər. Yenə sağ olsun, Əhməd müəllim saqqal tərpətmişdi, direktor da onun sözündən keçməmişdi. Və əslində bu şəhadətnaməni Səməd arvadının sandığında yadigar saxlamışdı, hayıf alırmış kimi dustaq eləmişdi – ona diplomum deyirdi. Bu məsələlərdən az-çox başı çıxan həyat yoldaşı isə xətrinə dəymir, təbəssümlə qımışırdı. Day, “keçməyəsən sənin bu diplomundan” sözünü dilinə gətirməklə ortadakı pərdəni yırtmaq istəmirdi.
Usta Səməd Çayiçinin beş-on papaqlı kişilərindən sayılırdı, əlbəttə, söhbət oxumaqda, savadda deyildi, işgüzarlıqda idi. Əlindən gəlmədiyi iş yox idi. O, xarratlıqdan, dülgərlikdən bənnalığacan bilirdi, üstəlik, bütün xırda-para elektrik işlərindən də baş çıxarırdı. Kənddə hər kəsin Səmədə işi düşürdü, di gəl, zalım oğlu heç kimdən nəsə ummur, özünü tox tutur, quru xətir-hörmət qazanırdı.
Son vaxtlar tülkünün onun həyət-bacasına daraşması, toyuqlarına divan tutması ustanı qayğılandırırdı. Arvadı Mülayim xanımın yana-yana söylədiyi “Səmi, başına dönərəm sənin, bu həyasız tülkünü görürsən, bu boyda Çayiçidə bizim həyət-bacanı hərifləyib? Onu yerində oturtmağın vaxtı deyilmi?” sözləri lap ustaya od qoymuş, kefinə soğan doğratdırmışdı.
Cod tüklü üzünü turşuda-turşuda “Ay Məşədi Şəmmədin nəvəsi, rəhmətlik qaynatanın əlindən Allahın müqəddəs kitabı heç vaxt yerə düşməzdi. Namazına, orucuna, halallığına şübhə yox idi. O kişidən eşitdiyimdi, çöl heyvanın da ruzusunu Allah hardansa tapıb verir: ya oğurluqnan, ya doğurluqnan. Çünki şüuru yoxdu, hardan tapdı, ordan da qapdı. İndi neynəyim, tülkü ilə müharibəyə qalxım? Yəqin evimiz çaya yaxındı, üzüyuxarı gizlənə-gizlənə gəlir, münasib girəvə tapan kimi gözaltı elədiyini qapazlayıb aparır. Yiyəsiz itlər daim buralarda sülənirlər, onların iti gözlərinin qabağında necə çəpərdən bu tərəfə keçir, bax bu mənim üçün təəccüblüdü” – deyə usta fikrini uzada-uzada, hər sözünü əsaslandıra-əsaslandıra arvadını toxdatmaq istəmişdi.
- Yox, yox, mən demirəm, uşaqların çörək pulunu kəsib bir dılğır tülküyə qurban verəsən, iş-gücünü atıb çəpər dibində oturub saatlarla onun gəlişini gözləyəsən. Sadəcə, ondan gileyliyəm ki, bizi qaralayan bu şələquyruq lap ağ edib, sabah gəlib hinimizə də soxular bu xain heyvan.
Mülayimin söylədikləri ərinin ağlına batmışdı. Bu tülkünü məgər öyrədiblər, həmişə eyni adamın ünvanına yollanır? Başqa həyət-baca tanımır? Bu lap adama sataşmaq idi axı. Bir də, axı, yüzlərlə toyuq-cücənin dəni-kəpəyi filan qədər pul-paradı. Məgər lənətə gəlmiş tülkü ilə şərik təsərrüfat saxlayırlar kənddə? Evin büdcəsindən yumurtaya pul getmir, toyuq ətinə pul getmir. Sağlam qidadı, ailəni korluq çəkməyə qoymur. Yediklərini yeyirlər, satdıqlarını satırlar. İndi bir tülkü dadanıb zəhərə döndərib hər şeyi. Əncam çəkməyin lap məqamıdı.
Tülkünü izləyib axırına çıxmaq, usta Səmədin düşündüyünə görə, elə də çətin iş deyildi, çünki qoşalülə tüfəngi vardı. Uzağı üç-dörd gün vaxt itirəcəkdi onu gözləməyə, rastına çıxanda da odlu silahıyla birdəfəlik cəhənnəmə vasil eləyəcəkdi. Bununla da hər şey bitəcəkdi. Bəlkə də. Ancaq tərəddüdləri də ara-sıra peyda olub düşüncəsini yayınndırmağa meyl edirdi. İş ondaydı ki, tülkü də həyasız heyvandı – o ərazini ki, öyrənmədi, dişinə vurmadı, ora ayaq basmaz. Deməli, bu hiyləgər, tədbirli məxluqu ovlamaq elə də asan başa gəlməyəcək. Digər tərəfdən, Allah bu tülkü adlı məxluqu yaratmışdısa da, bunun qidası da hardansa təmin olunmalıydı. Yazığı öldürmək günah işlətmək, Allaha asi olmaq demək deyildimi? Ac-yalavac, dilsiz-ağızsız çöl heyvanını qanına qəltan eləmək Tanrıya əsla xoş getməzdi. Həssas qəlbli Səməd sonra ömrü boyu bunun peşimançılığını çəkəcəkdi, vicdan əzabından ağır dərd yox idi. Və bunun xofu, fikri-zikri onu əridib çərlədəcəkdi.
Arvadı Mülayimə isə bu müşkül məsələyə tezliklə əncam çəkməyə söz vermişdi.
Nəhayət, usta Səməd tərəddüdlərinə son qoyub qəti qərar qəbul etdi, “Ya Allah” deyib Gümüşçayın evlərinə tərəf vurulan köndələn səmtində təxminən iki metr dərinlikdə quyu qazdı (fəhlə-zad tutmadı, yumşaq nəm torpağı qazmaq çətin deyildi), üstünü nazik çubuqlarla örtdü. Bu qatın da üzərinə xeyli sarı yarpaq və ot-ələf döşədi. O, fəhmlə öyrənmişdi ki, tülkü mütləq surətdə həyətlərinə burdan adlayır. Və günortaüstü yağan narın yağış quyunun ətrafını təbii görkəmə saldı. Daha hiyləgər tülkünün özündən fərasətli dədəsi də dirilsəydi, burada quyuya düşəcəyinə inanmazdı.
İndi qoy tülkü saydığını saysın, görək usta Səməd və həyat yoldaşı Mülayim xanım nə sayır.
Usta Səməd quyunu qazarkən əl-ayağına dolaşan uşaq-muşağa təpinməyi də unutmadı: “Uşaqlar, burda sabah bazar açmayın ha. Ev bizim, sirr bizim. Əgər eşitsəm, kimsə bu haqda başqa yerdə danışıb, gözümə görünməsin, tapıb cəzasını verəcəm”. Uşaq-muşaq da “əsgər salamı” ilə Səmədin dediklərinə haqq qazandırdı. Yəni, ev bizim, sirr bizim. Hər şey burda qalacaq.
Usta Səməd bu quyu əhvalatına bir az da özünəməxsus rəng qatıb arvadını agah elədi. Elə bildi, sadəlövh arvadı dərhal buna sevinəcək, tədbirinə əhsən, əliyyül-əla deyəcək. Amma arvadı dodaqaltı mızıldana-mızıldana ağlı kəsdiyini dilinə gətirdi: “Neyləyək, ay Səmi, bu kövşənin tülküsü toyuq-cücəmizə bir elə quyu qazdı, oğurlayıb apardı. İndi barı, bir dəfə də biz qazıyan quyuya düşüb heyfimizi alsaydıq “oxaay” söyləyərdik”.
Bir də usta Səməd Çayiçinin yeddi arxı dönəninə bələd idi. El qınağından ehtiyat edirdi. Vay o günə ki, kənd çayxanasında kimisə hoydu-hoyduya götürələr, axmaq bir hərəkətini qabardalar, yerinə düşməyən bir əməlini bəzəyib ona özgə don geydirələr. Onda gəl, ağızlardan düş görüm, necə düşürsən. Burda məsəl var, maddi ziyana düş, Çayiçidə dilə-ağıza düşmə. Kəndin ən əskik adamı da buynuz çıxarar, səni adam yerinə qoymaz, o ki qaldı ağsaqqalı-ağbirçəyi. Kənd camaatı sabah məsələdən agah olsaydı o ki var qarasınca deyinəcəkdilər, deyəcəkdilər ki, bu da tanınmış bir nəslin nümayəndəsi, böyük bir ailə başçısı, zəhməti sayəsində ad çıxarmış usta Səməd, düşük-düşük tülkü üçün tələ qurub, ərinməyib o boyda kişi tülküyə quyu qazıyıb. Deyəcəkdilər, bu tülküdürsə, buna dədə-babadan düzlük qalmayıb ki, tülkülük qalıb da. Köhnə xasiyyətini tərgidəcəksən, bəyəm? Ona insanlıq qanunlarını aşılayacaqsan? Bəs bu məxluq Tanrının bəxş etdiyi genetik vərdişindən necə əl çəksin?
ERKƏK TÜLKÜ
Erkək tülkü Çayiçini su yoluna döndərdiyindən bütün keçilməz sədlərə, gizi yollara, cığırlara bələd idi. O, uzunsov burnu ilə nəm torpağı iyləyə-iyləyə, ot-ələf, xəzəl qoxusunu ciyərlərinə çəkə-çəkə Gümüşçayın köndələn səmtinə yaxınlaşdı. Gün günorta yerinə çatmışdı. Bəxti gətirdiyindən kənd itləri qeybə çəkilmişdilər. Yenə toyuq-cücə çaykənarı ərazidə eşələnirdi, arxayın-arxayın azuqə axtarışında idilər. Təbiətin bütün rəngləri al-əlvan beçə və fərələrin sanki bellərinə köçmüşdü.
Tülkü nazik çəpəri ehmalca adladı. Elə yenicə qədd-qamətini düzəldib irəliləmək istədi ki, qəfildən ayaqları boşa getdi. Bir də qamətini düzəldib qalxması mümkün olmadı, caynaqları göydə qaldı, quyunun dibinə yumalandı. Dərhal tora düşdüyünü anladı. Bununla barışmaqmı olardı? Bəs dişi tayı, bəs balaları, bəs öz cavan canı? Ölmək zamanımı idi? Əlbəəl yuxarı tullandı, amma arxası üstə yerə düşdü. Təzədən sıçradı, yox, deyəsən, çox dərin quyuya düşmüşdü. Ürək-göbəyini yeyirmiş kimi xeyli bu qaranlıq yerdə çabaladı. Hər dəfə gözlərinin fənər parıltısıyla quyunun palçıq divarından yapışıb yuxarı dırmaşsa da, torpaq ovulub üstünə tökülür, guppultuyla aşağı yıxılırdı. İlk dəfəydi ki, aldanmışdı, ağlı köməyinə yetməmişdi.
Necə oldu axı, ehtiyatsızlıq etdi, bəniinsanın felinə aldandı?
İnnən belə aqibətinin necə olacağı düşdüyü quyunun dibi kimi ona qaranlıq ili. Hər halda həyat yaxşı heç nə vəd etmirdi...
Ham! Ham, ham! İt hürürdü. Canından vicvicə, soyuq gizilti keçdi. Deyəsən, Bozdar indicə olaydan xəbər tutmuşdu. Hənirtidən nəsə hiss eləmişdi. Xoşbəxtlikdən o, alça ağacına zəncirlə bərk-bərk bağlanmışdı, yoxsa gəlib quyunun başının üstünı alacaqdı. Kənddəki bütün həmcinslərini yığacaqdı bura.
Tülkü sanki şəraitə uyğun əks-reaksiya verdi. Əlacsız-əlacsız mırıldadı və yekə məxmər quyruğunu qatlayıb, qabaq ayaqları üstdə süst oturdu. Aclıq artıq bütün içini titrədirdi. Taqətdən düşən halsız canını qoymağa yer tapmırdı. Külfəti də yoluna göz dikmişdi, ana tülkü üçəm körpələrilə çörəkvay olmuşdular. Qəzəb vulkan kimi içində kükrəyir, coşub-daşır, qanı qaralır, imdad diləməyə bir məxluq tapmır, əli heç yana çatmırdı.
Quyuya tökülən quru ot-ələfin, xəzəlin üstündəcə məyuscasına uzandı, qurcalandı, qərnəşdi və qeyri-ixtiyari yuxuya getdi.
Qənşərində qıpqırmızı pipiyi olan və qızıl qan içində çabalayan xoruz gördü. Baxmayaraq ki, qanına qəltan olunmuşdu, xoruz qəribə tərzdə banlamaqdaydı. Bəlkə də qırmızı pipiyin son vida nəğməsiydi, damarlarındakı beş-on damcı qan qurtaran kimi nəfəsi tamam kəsiləcəkdi. Ancaq bu inadkar, tərsməzhəb səsini kəsmək bilmədən oxumaqdaydı. Və şövqlə oxuyurdu, elə bil torpağa qarışan onun bədəninin qanı deyildi, ayrı bir qırmızı mayeydi.
Bu mənzərə tülküyə ləzzət eləyirdi, məqam gözləyirdi ki, xoruz oxumağını kəssin, o da qan düşməni ilə məsələni çürütsün. Ölmüş yaman ətli-canlı idi, yağlı tikələri ləzzət verəcəkdi. Belədə, həm o binəvanın canı dincələcəkdi, həm də bunun ağzı dada-tama gələcəkdi, qarnı quruldamaqdan qurtulacaqdı.
Di gəl, xoruz şeytanın atından düşmürdü ki, düşmürdü, tülküyə acıq verə-verə banlamaqda davam edirdi...
Maddım-maddım tülkü bir xeyli tamaşa qıldı. Birdən yırtıcı xisləti özünü göstərdi, xoruza tərəf yüngülvari cırmaq atdı. Di gəl, pəncəsi boşa getdi. Xoruz isə nə banlamağını dayandırdı, nə də yerindən zərrəcə tərpəndi. Tülkü onsuz da şəraitin hökmranı olduğuna əminləndi, səbr etməyə üstünlük verdi, ağır oturub batman gəldi.
Yaxşı, o axı, qırmızıpipiyə əl qaldırmamışdı, Allah şahiddi. Bəs onu kim bu hala salmışdı? Bəlkə tülkünün gördüyü reallıq deyildi, dumanlı bir yuxuydu? Bir müddət gerçək həyatla yuxu arasındakı çarpışmada qaldı. Nə olursa-olsun, bu görüntünün qurtarmasını arzuladı. Çünki artıq aclıq başının üstündə necə cövlan edirdisə son taqətini belə aparmaqdaydı. “Ac qılınca çapar” – deyərlər, ilan vuran yatar, ac yatmaz. Bütün cəsarətini topladı, özünü xoruzun üstünə atdı.
Bu nədir? Heç xoruzun kölgəsi belə əlinə keçmədi. Nə xoruz? Burda - quyunun dibində xoruz nə gəzirdi? Alacalanmış gözləri bərəldi, ətrafı dörd gəzdi. Gərşəndi, hansı daxili əzasısa ağrı verdi, özünü düzəltdi. Yuxarı sıçradı, indi xatırladı ki, hardadır, bu gördükləri həqiqət deyil, adi yuxu sayıqlamalarıdır.
Xeyli vaxt keçmişdi, tülkünün mürgüsü onu bir müddət bu dəhşətli aqibətindən qoparmışdı. İndisə o, yenidən qaranlıq quyu reallığında həbsdəydi. Özündən xoflandı. Bir hissiyyat vardı, sanki anadan əmdiyi süd burnundan gəlməkdəydi. Allah aciz, əlacsız qalmağın evini yıxsın. Bundan betər dərdmi vardı?
USTA SƏMƏD
Axşamüstüydü, kəndin-kəsəyin yağışı-yağmuru iki gün öncə kəsilsə də göy üzü qaşqabaylıydı. Qara buludlar hönkürməyə bəhanə gəzirdilər. Bir göy gurultusu və ya ildırım çaxması bəs idi ki, payız yağışı başlasın. Qonşu kənddən evə dönən usta Səməd kiçik əl çantasını pilləkənin üstünə qoydu. Yolboyu ürəyinə daman şübhəni nərəvurd etmək üçün həyətyanı sahəyə düşdü. İlk gördüyü mənzərədən çaşdı, səndələyib yerə dəyəcəkdi ki, gilas ağacının budağından yapışdı. Təxmini fəhmi düz çıxmışdı. “Düşmən” ilişmişdi, quyunun dibində çabalayır, qan-tər içində çıxış yolu axtarırdı. Usta bir-iki addım da irəli atdı, tülkünün əhvalını bilmək üçün quyunun düz başında dayandı. Arıq, cılız çöl heyvanını görcək içində nəsə qırıldı. “Eh, bu ki, ölüvayın birisidi, toyuq-cücənin qənimi yəni budu? Özü heç bir fərə ağırlığında olmaz. Buna cəza vermək günahdı, vallah!” – pıçıldadı.
Arvadı gəlib mətləb üstə çıxdı. Dərhal əyilib həyət-bacasına yağı kəsilmiş erkək tülküyə baxdı. “Bədbəxtin elə təkcə gözləri parıldayırmış ki! Bədəni ət üzünə həsrətdi” – deyərək sual dolu baxışlarını ərinə zillədi. Yəni, hökm sənindi, hansı cəzanı istəyirsən, kəs...
- Mülayim, bu onsuz da ayaq üstə ölüb. Əgər onu buraxsam, itlər parçalayıb öldürər, günahı adımıza yazılar.
Usta Səməd təmkinlə sözünə-sovuna uzaqdan başlayaraq yaxına gəlmək vərdişinə əməl edərək bu girişi etdi. Sonra da xeyli susub arvadını ifadəli baxışlarla süzdü, onun reaksiyasını təxmin edəndən sonra isə sözünün mustafasını gətirdi:
-Gəl Əzrayılın adını bədnam etməyək. Get, evin dalından əlcəklərimi və uzunboğaz çəkmələrimi gətir, namərd qonağımızı çıxarım. Tövlədə hinlərin birini boşalt, bir-iki günlüyə onu saxlayaq orda. Sür-sümükdən, yaldan qoyaq qabağına. Əmələ gələn kimi də aparıb qaratikanlıqda buraxacam.
Mülayimin həqiqətən də təəccübündən gözləri bərəldi:
- Səmi, sən ciddisən? Vallah səndə ki bu ürək var, gedəndə də elə səxavətlə ağ xoruzu tutub verərsən bunun qoltuğuna. Bu xeyirxahlığına görə inanmıram hamam suyuna dost tutduğun bu məxluq bir də həyət-bacamıza hərlənə...
Usta Səmədin də əlacı qaldı həyat yoldaşının sözlərini azdırmağa:
- Deyirsən, heyvan yaxşılıq qanmaz? Vallah dilsiz-ağızsız heyvanlar bəzən canlıların alisi sayılan bəzi insanlardan daha qanacaqlı çıxır. Onun hərəkətini bir vaxtlar qonaq kimi süfrəmizin başına çıxardığımız, sonradan da “bura bizim torpaqdır” deyibən üzümüzə durmalarına şahidlik etdiyimiz dığa və axçılərlə müqayisə eləyib, inşəallah, qiymət verərik.
ERKƏK TÜLKÜ
Tülkünün nəm, soyuq quyunun dibindən çıxardılması prosesi ağrısız və itkisiz başa gəldi. Binəva taleyi ilə barışdığından ev yiyəsinin onu kəsdiyi ölüm hökmünü icra etməyə apardığını zənn etsə belə, o qədər taqətsiz, heysiz idi ki, müqavimət göstərə bilmədi. Amma öldürülüb leşinin də çöllərə atılması, yaxud qazılıb soyuq torpağa basdırılması əvəzində mal-qaranın, qoyun-quzunun yaşadığı isti tövlənin içinə köçürülməsi tülkünü matı-kutu quruyan qədər təəccübləndirdi. Yeni şəraitə uyğunlaşmağı özünü çox gözlətmədi. Tezliklə özünü burada sudakı balıq kimi hiss etməyə başladı.
İsti tövlədəki geniş hində şellənmək, gəzib-dolanmaq bir başqa büsat idi. Künclərin birində sarı saman döşənmiş, digərində quru ağacdan taxt qurulmuşdu. Bu təhlükəsiz istirahət məkanında istədiyi qədər dincələ bilirdi. Qarnı daha tox idi, onu incitmirdi. Usta Səmədin gecə hazırlatdırdığı sümüklü ət soyutması gözünün işığını artırmışdı. Suyuna doğranmış tikələri iştahla yeyən “qonaq” sümük gəmirməyə də vaxt ayırmışdı.
Tövlədəki qonşu hində isə həyat qaynamaqdaydı. Sarıdimdik balaların cik-ciki, fərə və beçələrin qaqqıltısı ehtirasını coşdururdu, bu səslər yağ kimi yayılırdı canına.
Ancaq o da var idi ki, bəzən xatırlatmalar onu aludə edəndə iynə üstə otururmuş kimi narahatçılığa düçar olurdu. Balalarından və həmtayından xəbəri yox idi. Görəsən, onlar indi neynirlər? Burada ona “gözün üstə qaşın var” deyən olmasa da, əziyyətsiz-filansız qarnını doydura bilsə də əsəbiydi, doğmaları yanında olmadığı üçün bu gözəlliklər ürəyinə yatmırdı. Üçəm körpələrini, həmtayını yada salıb cırnayır, özündən çıxır, yol arayıb-axtarırdı. Yol-yolağı itmişdi, düyün düşmüşdü, kələfi tapmaq, ələ keçirmək lazım idi. Onun ağlı isə bir şey kəsmirdi. Çoxbilmişliyi isə qan yaddaşıydı və quyuya düşəndən sonra dərhal anlamışdı ki, burda onun ağlı ilə rəftar eləsəydilər, gərək əzgil çubuğu ilə bədənini qançır eləyəydilər, yediklərini burnunun deşiklərindən gətirəydilər. Şükür, bura “nə yemisən, turşulu aş” cəza tədbirindən uzaq idi. Dava-mərəkə, hökm havasını sükut əvəzləmişdi, əmin-amanlıq açılacaq səhərin ilk müjdəçisiydi.
Özünü tox tutdu, yüngülsaqqal olmaq istəmədi. Heç bir səsə-küyə məhəl qoymadı. Başladı hində gərdiş edib meydan sulamağa. Qan-tərə batanacan o baş-bu başa getdi. Yoruldu. Qabaq ayaqları üstə şöngüdü və işığı hinə bəs edəcək gözlərini yumdu. Elə bil elektrik lampasını söndürdülər, balaca dairə qaranlığa qərq oldu. Və bir də xoruzun üçüncü banında ayıldı, mürgüsü isə o qədər şirin idi ki, ağır kirpiklərini qaldırıb-endirməyə tənbəllik elədi. Nəhayət, inəklərin böyürtüsü, qoyun-quzu mələrtisi yuxusuna tam haram qatdı. Ayağa qalxdı, bədənini tarıma çəkib gərnəşdi. Belinin məxmər tükləri biz-biz durdu.
Sövq-təbii hiss etdi ki, hələlik bu öyrəşmədiyi yad məkanda başına sığal çəkirlər, bəlkə sabah cəzası daha ağır olacaq. Bu fikir sübh erkən onu üşütdü...
USTA SƏMƏD VƏ ERKƏK TÜLKÜ
Usta Səməd sübh namazından sonra cığal qonağını yoxlamaq üçün tövləyə girdi. Tülkü hoppanıb-düşdü, qəmgin səs çıxartdı. Usta dəmir ləyənə doğranmış qoyun bağırsağını içəri ötürdü. “Ye, Allahın yazığı, görmədiyin günləri yaşayırsan. Keçəydin imansızın birinin girinə, sənə həyat dərsi keçərdi, oğurluğun nə olduğunu başa salardı. Görünür, qismətində hələ yaşamaq varmış”.
Tülkü məstedici xoş qoxunu ciyərlərinə çəkdi və acgözlüklə yeməyə girişdi. Usta Səməd su gətirib balaca mis qabda qoydu və bir daha hinin qapısını yoxladı, balaca pəncərəyə toxundu. Hər şeyin yerində olduğunu görüb arxayın surətdə işinin-gücünün dalınca getdi.
“Balığa yaxşılıq et, burax dəryaya, balıq bilməsə, xaliq bilər”.
…Nədənsə əlini hansı işə atırdısa tülkü yadından çıxmırdı. Düşünürdü ki, Allahın yazıq heyvanıdı, yaradan ona böyük cüssə, əzəmət verməyib ki, təbiətdə üstünlük qazansın, asan ov tapsın. Gücü yalnız oğurluğa yetərlidi: kol dibindən bir sığırçın qamarlasın, şum yerindən siçovul tutsun, həyət-bacadan toyuq-cücə caynağına keçirsin. Bununla da gün-güzəran qursun, acından köpük qusmasın.
Usta Səmədə görə hər bir yırtıcı çöl heyvanı təbiətən azaddır. Tülkünü tövlədə saxlamaqla qorusa da, onun sərbəstliyini də məhdudlaşdırmışdı, azadlığını əlindən almışdı. Axşam işdən qayıdanda ayaqları yenə onu tövləyə çəkdi, rəhmdilliklə qonağına əl sürtdü, başını tumarladı, nazıyla oynadı. Tülkü sanki bu nəvazişdən sıxılır, qulaqlarını qısır, parıltılı gözlərini qıyır, əsəbi şəkildə quyruğunu oynadırdı.
“Başa düşürəm səni, yoluna göz dikənin var. Ancaq Alabaşın, Bozdarın dişindən qurtulmaq gərəkdir. Darıxma, tam özünə gəlmisən, bir azdan səni aparıb qaratikanlıqda azdıracam. Gedib kef çəkəcəksən”- dedi Səməd, evə çıxıb çay-çörəyini yeyəndən, havanın tam qaranlıqlaşdığını gözləyəndən sonra tövləyə keçib tülkünü qucağına aldı, işəridən çıxdı. Yolda-rizdə “Kaş ki heç kəslə qarşılaşmayaydım” niyyəti ilə xeyli yol getdilər, çaya çatdılar.
Usta Səməd “Di salamat qal” deyib tülkünü Gümüşçayın sağ sahilindəki qaratikanlığa buraxdı.
Tülkü dərhal tullana-tullana otuz-qırx metr məsafə qət elədi. Bir an dayanaraq arxaya çevrildi və xilaskarına minnətdarlıqla baxdı. Nə baş vermişdi, bu arada nə olmuşdu, başına gələn qəziyyə nəydi? Könlü-gözü tox idi, gümrahlığı da yerində.
Səhər şəfəqləri Gümüşçayın sularında xumarlanırdı. Tülkü çay boyu asta-asta yuvasına doğru gedirdi. O, azadlığın dadını duyduqca içində bir yüngüllük, bir asudəlik hiss edirdi. Yol boyu onu da qətiləşdirirdi ki, bir də heç vaxt yolunu kənd hinlərinə salmayacaq. Bəniinsanın bu yaxşılığına yamanlıqla cavab verməsi insafdan olmaz. Allah versin dağı-daşı, çölü-biyabanı. Eninə-uzununa dolaşar, pöhrəliklərdə, sıx kolluqlarda, yovşanlıqda qıt olmuş çöl quşları yenə də cövlan edərlər, o da hərifləyib onları caynağına keçirər, dərhal qamarlayıb nəfəslərini kəsər, dişi tayına, üçəmlərinə aparar.
Hələ onu da görərsən, Mülayim bir daha tülkünün geri dönmədiyini, həyət-bacalarına hücum çəkmədiyini görüb köks ötürər, ərinə deyər ki, “ay Səmi, həqiqətən də deyəsən, dilsiz-ağızsız heyvanlar bəzən canlıların alisi insanların bəzilərindən, xüsusən də o mənfur qonşularından daha qanacaqlı çıxırmış...”
Hüseynbala Mirələmov, 2020- ci il