usd-1.7000 eur-1.7938 rub-1.6915
Bakı 14°C 7.53 m/s
Son xəbərlər
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Qoy hər bir insanımız o ədalət prinsipini dərk etsin, hətta düşməninə də qarşı ədalətli olmağı bacarsın...- XƏZƏR İSAYEV

details

İDMAN

31.01.2024, 14:57 Oxunub: 8398

1001info.az-da  “Həmsöhbət” rubrikasının qonağı SSRİ-nin və Azərbaycanın Əməkdar İdman Ustası, əməkdar məşqçisi, Dünya və Avropa kubokunun sahibi, Fəxri bədən tərbiyəsi və idman xadimi, Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar komissiyasının sədri, 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli və "Şöhrət " ordenli Xəzər İsayevdir.

Kəmalə Mirzəyeva: - Xəzər müəllim, 2024-cü ildə Sizinlə ilk görüşümüzdür...Geriyə baxsaq, ötən il Sizin üçün nə ilə yadda qaldı?

Xəzər İsayev: - Bilirisiniz hər il ölkəmizdə böyük dəyişikliklər olur. Amma ötən ilin ən əsas dəyişikliklərindən biri Azərbaycan torpaqlarının bütövlüyünü bərpa etməyimiz oldu. Müzəffər Ali Baş Komandanımızın başçılığı ilə əsgərlərimiz, zabitlərimiz, generallarımız Vətən uğrunda öz qanlarından, canlarından keçməklə bu müqəddəs vəzifəni yerinə yetirə bildilər. Allaha şükürlər olsun ki, biz bütün torpaqlarımızı işğaldan azad edə bildik. Artıq azd olunan ərazilərdə böyük quruculuq işlərinə start verilib. İnsanlarımız illər sonra öz dədə-baba yurdlarına qayıdırlar. Və hər birimiz, Ulu Öndərimizin sözlərilə desək, fəxr edirik ki, azərbaycanlıyıq, bu dövlətin vətəndaşıyıq.

Kəmalə Mirzəyeva: -Yəqin ki, indiki xarici səfərləriniz əvvəlkilərdən çox fərqlənir. Əvvəllər torpaqlarının bir hissəsi işğalda olan bir ölkənin vətəndaşı, bir idman xadimi kimi daha fərqli suallara cavab verməli olurdunuz. İndi necə - bu sualların cavabı daha asan oldu deyilmi?

Xəzər İsayev: - Bilirsiz ki, mən həm də Avropa Ədalətli Oyunlar Komissiyasının üzvüyəm və bu yaxınlarda Ulu Öndərin 100 illiyi ilə əlaqədar ölkəmizdə böyük bir tədbirimiz oldu. Avropa Ədalətli Oyunlar Hərəkatının konqresi və mükafatlandırma mərasimini onların xahişi ilə Azərbaycanda keçirdik. Və bu, böyük bir rezonans yaratdı. Çünki Ulu Öndərin də, Prezident İlham Əliyevin də ən yüksək dəyər verdikləri məhz ədalət prinsipləridir. Yəni ədalətsizliyə qarşı mübarizə onların həyat amalı olub və bu, bütün sahələrdə də belə davam etməkdə, həyata keçirilməkdədir. Biz bunu İkinci Qarabağ savaşında da gördük. Bizim döyüşümüz ancaq işğalçılarla idi, qocalarla, qadın və uşaqlarla, mülki əhali ilə deyildi. Və bu da müharibənin öz ədalətidir. Müharibənin ədalətli olması da Ali Baş Komandanın özünün ədalətli olmağı ilə birbaşa bağlı idi. Və ona görə 2023-cü ildə bu tədbiri Bakıda keçirməklə biz bütün dünyaya, eləcə də Avropaya göstərdik ki, bəli, bizim qazandığımız qələbə ədalətli qələbədir, haqlı qələbədir. Bir faktı da deyim ki, bu qələbənin qazanılmasında İdmançılarımızın da böyük rolu oldu. Çünki əsgərlərimizin çoxu idmana bağlıdır, əksəriyyəti fiziki hazırlıqla məşğuldur. Ona görə 2023-cü il mənim üçün daha çox ədalətin təntənəsi ili kimi yadda qaldı. İnanıram ki, Azərbaycan öz ədalətli siyasəti ilə bundan sonra daha böyük uğurlara, nailiyyətlərə imza atacaq.

Kəmalə Mirzəyeva: - Xəzər müəllim, idman insanın həyatında nəyi dəyişir?

Xəzər İsayev: - Mən, ümumiyyətlə, dünyanın siyasətini idmanla müqayisə edirəm. Hər dövlət idman sahəsində öz gücünü görsətməyə qadirdir. Və idman elə bir sahədir ki, hətta ən zəif insana belə müəyyən xarakter aşılaya bilir. Və o xarakter də özlüyündə həyatda müəyyən prinsiplərin formalaşmasına gətirib çıxarır. Və mən xoşbəxtəm ki, doğurdan da, professional şəkildə idmanla məşğul olmuşam, əsl idmançı həyatı yaşamışam. İdman həm dünyagörüşümün, həm dünya siyasətindən az-çox baş çıxarmağıma yardımçı oldu. Son illərin hadisələri, qazandığımız qələbələr də onu göstərdi ki, biz gücümüzü bir yerə yığanda həmişə istədiyimizə nail ola bilirik. İdmandakı nailiyyətlərimiz də bu dediklərimi təsdiqləyir. Məncə Idman Azərbaycanda daha geniş vüsət almalıdır. Çünki idman da Azərbaycanın dövlət siyasətinin tərkib hissələrindən biridir. Həm də iqtisadiyyatdan zərrə qədər az əhəmiyyətli deyil. Çünki sağlam gəncliyi, nəsli olmayan millətin gələcəyi ola bilməz. Keçən ay Xankəndidə keçirilən möhtəşəm idman tədbiri də bunun dövlətimiz üçün nə qədər vacib, nə qədər əhəmiyyətli olduğunu bir daha bütün dünyaya bəyan etdi. Tezliklə belə tədbirləri Şuşada, Ağdamda, Füzulidə və digər işğaldan azad edilən torpaqlarımızda da təşkil edəcəyik.

Kəmalə Mirzəyeva: - Xəzər müəllim, biz bəzən gileylənirik ki, gənclər heç kimi tanımır, bilmir. Amma mən əksini deyərdim...

Xəzər İsayev: - Bilirsiniz, başqa dövlətlətdə idmançılar bizdəki qədər təbliğ olunmur, bir sözlə tanınmırlar. Onların tanınmağına müəyyən şərait yaradılmır. Elə ölkələr var ki, orda məndən də güclü, nailiyyətli idmançılar var . Amma onlara nədənsə bizim qədər dəyər verilmir. Bu da Azərbaycanın idman siyasətinin yüksək amillərindən biridir ki, ölkəmizdə həm yaşlı mütəxəssislərə, həm gənc idmançılara, həm də məşqçilərə böyük dövlət qayğısı var. Allah Ulu Öndərimizə rəhmət eləsin, onun əsasını qoyduğu ənənələr Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir- Idmançıların şan-şöhrətini qorumaq, onların əməyini, zəhmətini dəyərləndirmək üçün dövlət lazım olan hər şeyi edir - orden-medallar verilir, mükafatlar təqdim olunur. Demək olar ki, gələcəkdə məşhur idmançı kimi, idman xadimi kimi rahat yaşamaq üçün onlar mənzillərlə təmin olunurlar. Yəni heç bir dövlətdə belə bir şey yoxdur. Buna görə mən dövlətimizə, millətimizə, dövlət başçımıza təşəkkür edirəm.

Kəmalə Mirzəyeva: - Çox rahat, isti iş otağınız var.Amma otağınızda xüsusi diqqət cəlb edən illər ərzində qazandığınız nailiyyətlərə görə aldığınız diplomlardır, mükafatlardır. Hər dəfə onları əldə etdikdə, qazandıqda sevinc hissiniz azalmayıb, adiləşmiyib?

Xəzər İsayev: -Yox, adiləşmək mənim xarakterimə yaddır. Artıq 60 yaşım var, amma mən özümü gənc idmançılardan, mütəxəssislərdən geri saymıram. O potensialım, enerjim hələ də var. Və ən əsası Vətənə sevgim qəlbimdə ömrü boyu olub və bundan sonra da olacaq. Bu sevgi məni yaşadır və işləməyə vadar edir. Yəni istəyərəm ki, nə qədər sağam, sağlamam öz bacarığımı, biliyimi gələcək nəsillərə vermək üçün əlimdən gələni edim.


Kəmalə Mirzəyeva: -Sizin çox maraqlı həyat hekayəniz var... mən dəfələrlə bu barədə oxumuşam. Mən elə bilirəm ki, Siz o insanlardansınız ki, böyük mənada uşaqlıq yaşamamısınız. Elə uşaqkən böyük həyatı yaşamalı olmusunuz...

Xəzər İsayev: - Düzdür… Ümumiyyətlə, bilirisniz, balıq dəryada böyüyər. Dərya nə deməkdir? Dərya yeni bir mühitə, heç görmədiyin bir yerə düşmək deməkdir. Bilirsiniz, o dövrlərdə bizim xarici dövlətlərə birbaşa çıxışımız yox idi. Misal üçün rayondan Bakıya gəlməyimiz Amerikadan Bakıya gəlmək kimi bir şey idi. Və o dövrdə nədənsə ailəyə bağlılıq daha çox idi... O dövrdə mənim 12 yaşında tək Bakıya gəlməyim elə dəryaya düşmək kimi idi … Amma, yaxşı ki, gəldim, yaxşı ki, bizim idman təmayüllü orta ümumtəhsil internat məktəbində oxudum. Mən istərdim ki, bu məktəbin müəllimlərinə, bütün kollektivinə bir daha təşəkkür edim. Onların bizə verdiyi nəsihətlər, tövsiyyələr bizi biz etdi. Döğrudur. Bu da vardı: valideynlərsiz orda çox ağlamışıq, darıxmışıq... Günlərlə, həftələrlə, aylarla deyərdim... Düzdür, qürurumuz bunu büruzə verməyə imkan vermirdi... Ancaq öz-özlüyümüzdə çox ağlayıb, çox sızlamışıq. Və bu da bizi vadar etdi ki, biz bura gəlmişiksə, əgər valideyndən, ailədən kənddən uzaq düşmüşüksə, biz gərək tanınaq, layiqli bir övlad kimi püxtələşərək həyatda öz yerimizi tutaq. Bu prinsip uşaqlıqdan orda təhsil alan, demək olar ki, bütün yeniyetmələr üçün bir normaya çevrildi. Bu da məni sizin tanıdığınız Xəzər İsayev etdi.


Kəmalə Mirzəyeva: - O illərdə qazandığınız dostlar bu gün də yanınızdadır?

Xəzər İsayev: - Demək olar ki, bəli. Yəni o məktəb elə bir məktəbdir ki, onun məzunlarının əksəriyyəti hazırda da iş başındadır, əminəm ki, bundan sonra da işləyəcəklər. Aralarında müxtəlif sahələrdə öz sözünü deyə bilən məşhur insanlar çoxdur. Ümumiyyətlə, elə məktəblərin bölgələrdə də yaradılması çox əhəmiyyətli olardı.

Kəmalə Mirzəyeva: -Layiqli övlad, ləyaqətli insan dediniz... Yeri gəlmişkən, Xəzər İsayev üçün yaxşı insan kimdir ?

Xəzər İsayev: -Mənim bütün bölgələrdən dostlarım var. Mən özüm Ağdaşlı olsam da.... Əsas insani keyfiyyətlərdir. Əqidəli, təmiz insanları görən kimi mən özüm gedirəm onun qarşısına. İstəryirəm o insanla tanış olum, ünsiyyət qurum. Hiss edirəm ki, bu insanla ünsiyyət məni doğruya aparacaq. Bir insanla dostluq etmək üçün onu yaxından tanımalısan. Şükürlər olsun ki, belə tanıdığım, yaxınlıq etdiyim insanlar çoxdur.

Kəmalə Mirzəyeva: - Necə düşünürsünüz, adətən, deyirlər hər şeydə şansın olmalıdır... Şans və zəhmət... Hansı daha önəmlidir?

Xəzər İsayev: - İnanırsınız, bu ikisini də bir amil kimi görürəm. Amma əziyyəti, zəhməti daha üstün tuturam. Nəyə görə? Özüm əziyyətlə qalxmışam. Bəlkə də ona görədir. Ümumən, zəhmət çəkənin heç biri qıraqda qalmır. Hətta biz güləşdiyimiz dövrdə, Siz bilirsiniz ki, SSRİ yığma komandasında azərbaycanlı olaraq, müsəlman olaraq bizi o qədər də sevmirdilər. Çox çətin bir vəziyyətlə üzləşirdik. Yığma komandaların tərkibində bizi istəmirdilər. Və demək olar ki, tək mənim çəki dərəcəmdə - 62 kilo çəki dərəcəsində o vaxt SSRİ-də 2000 adam var idi. Mən o 2000 adamın içində birinci olmalıydım. Təsəvvür edirsiniz? Bütün çətin etapları keçdikdən sonra artıq 1-ci olma şansım olan anda mən müsəlman olduğuma görə məni əzirdilər, imkan vermirdilər ki, yığma komandada birinci olum.

İllər boyu bu belə davam etdikdən sonra nəhayət ki, hamısını mən birbaşa üstünlüklə məğlub etdim, onların ən böyük qəhrəmanı ikiqat Olimpiya çempionu, Yeddiqat Dünya, Doqquzqat Avropa çempionu Sergey Beloqlazovu SSRİ çempionatında uddum və belə deyək onları "mat" vəziyyətində qoydum. Onlar artıq məni qəbul etmək məcburiyyətində qaldılar.

Yəni bunu əldə etmək üçün mən nələrdən keçdim - həm psixoloji gərginlik, həm etimadsızlıq, həm etibarsızlıq... Amma bütün bunlara baxmayaraq, yenidən dünyaya gəlsəydim, yenə idmançı olardım. Məhz bu idman növünü seçərdim. Ona görə ki, bu idman növünün mənə öyrətdiklərini hər hansı bir Akademiya mənə öyrədə bilməzdi. Mən özümü bir ideal kimi göstərmək istəyirəm gənclərə. Mən 15 il SSRİ Yığma Komandasının üzvü olmuşam. Biz saat 11-ə qalmış yataqda olmalıydıq. Səhər saat 7:30-da artıq cizgidə dayanmalıydıq. Əgər biz bir dəqiqə, beş dəqiqə gecikib yerimizdə olmasaydıq, bizi həmən yığma komandanın tərkibindən uzaqlaşdırırdılar. Görün nə qədər çətin rejim, nizam-intizam olub... Ona görə mən gənc nəslimizə birinci növbədə nizam-intizamlı olmağı arzulayardım. Yəni nizam-intizam insanı həyatda hər şeyə çatmağa, nail olmağa kömək edir. Ona görə gərək həyat tərzlni nizam-intizam üzərində qursunlar. Təcrübəli, yaşda böyüklərin fikirlərini səmimi qəbul etsinlər - irad kimi, tənbeh kimi qəbul etməsinlər. Və hər bir gəncimizə, yeniyetməmizə özüm kimi inanıram, onlara uğurlar arzu edirəm.

Kəmalə Mirzəyeva: - Xəzər müəlim, uzaqda qalan illərdən ən çox nə xatirinizdədir ?

Xəzər İsayev: - Bizim evdə 6 uşaq və ata-ana, nənə...9 nəfərdik. Atam müəllim idi, anam da... Müəllimlərin də o vaxt maaşı, dolanışığı məlum idi. Biz 70-80 manatla yaşayırdıq. Ən azından bu 6 uşağın qarnını doyurmaq lazım idi. Belə bir çətin ailədə böyüyərək 1 qardaşım şəhid oldu Vətən yolunda, o bir qardaşım da döyüşdü-vuruşdu. O, həmin vaxtlar Moskvada bir türmədə işləyirdi, müharbə başladığını eşidən kimi hər şeyi atıb Vətənə gəldi.Orda şərt qoydular ki, ya evindən, ya vəzifəndən imtina etməlisən. Evdən imtina edib vəzifəsiylə gəldi ki, Vətənə xidmət eləsin. Bizi belə tərbiyə etmişdilər. Ata-anamızı o qədər çox istəmişik ki, onlardan bir dəqiqə aralı qala bilmirdik. Amma həyat elə gətirdi ki, gəlib düşdük bu dəryaya... İnsan bu anları unuda bilmir. Hər dəfə bir videolent kimi göz önündən gəlib keçir. Hərdən oturub düşünürəm - Ağdaşda, o həyətdə qaçmağımdan tutmuş, ana-atamla söhbətlərimə qədər hamısı xatirimdə canlanır... Belə ağır bir həyatdan sonra, şükürlər olsun ki, bugün xalq məni tanıyır, hörmət edir. Bu böyük fəxarət hissidir ki, insanlar sənə dəyər verir, qiymətləndirir. Sən Vətənə xidmət edirsən!

Kəmalə Mirzəyeva: - Xəzər müəllim, sizi dinlədikcə düşünürəm ki, bu qədər həssas insan ola bilməz ki, yaşadıqlarını, duyğularını kağıza köçürməyə... Nəsə yazırsınız?

Xəzər İsayev (gülür) : - İllər öncə hansısa hadisələrdən təsirlənib yazmışam... Biz əmiqızı-dayıqızını öz doğmamız kimi qəbul etmişik. Deməli, rəhmətlik böyük qardaşımın istədiyi bir qız var idi. Eyni sinifdə oxuyurdular, eyni ildə, eyni gündə anadan olmuşdular. Baxın görün taleh nə qədər bunları birləşdirməyə yaxındı, amma, sən demə, uşaqlıqda bibim atamdan söz alıb ki, qızımı sənin oğluna verəcəm. Elə bilin ki, beşikkəsdi kimi bir şey... Mən bilən kimi buna qarşı çıxdım, axı bu. necə ola bilər? Bu adamın istədyi, qəlbinə yatan var! Bunları necə ayırmaq olar? Mən buna görə evdəkilərdən küsdüm, ailədə böyük söz-söhbət oldu, bacı-qardaş arasında inciklik yarandı... Atam, yaşım az olsa da, mənim fikirlərimə həmişə diqqətlə yanaşırdı. Mənə dedi, oğul, sən, necə baxırsan buna? Dedim iki gənc bir-biri ilə oturub- durub, bir yerdə böyüyüblər, bir-birlərini tam şəkildə tanıyıblar, bir-birlərinə söz veriblər. Məncə, bunları ayırmaq olmaz! Bu, əti dırnaqdan ayırmaq kimi bir şeydi. Niyə bunlara yara vuraq ?

Dedi: -Oğul, düz deyirsən, böyük səhf etmişəm, gərək bacıma söz verməzdim.. Dedim, ay ata, bu elə- belə məsələ deyil. İllər əvvəl çox şey ola bilərdi, indi gərək bacın da səni başa düşsün. Biz çalışarıq ki , o qız da layiqli bir ailəyə qismət olsun. Ondan sonra elə oldu ki qardaşım sevdiyi qızla evləndi, toy oldu. İndi gözəl ailələri, İki övladları var. Övladlarından biri Vergilər Nazirliyində, o biri də Hərbi Sənaye Nazirliyində işləyir... Mən o vaxt bu hadisədən təsirlənib bir şeir də yazmışdım... Anam üçün, ilk sevgim üçün də şeir yazmışam uzaqdan -uzağa. Yadımdadır, o vaxt məni evləndirmək istəyirdilər. Mən dedim, ay ana, mən orda-burda, yarışlarda, xaricdə oluram, necə evlənim ... O dövrdə mən elə bilirdim ki, bir xanımla ünsiyyət qursam, söhbət etsəm, mən idmandan uzaqlaşacam, bu mənim idmanıma təsir edəcək, rejimim pozulacaq... Mən Dünya çempionu olana qədər bu, belə oldu. Hətta yadımdadır ki, o vaxt Gənclik metrosunun yanında Tofiq Bəhramov adına stadionda qalırdım, orda da məşq edirdim. Yadımdadır ki, məşqdən çıxanda gənc qızlar mənə söz atırdıar, mənimlə söhbət etmək istəyirdilər, mən isə qıpqırmızı qızarırdım, başımı aşağı salıb gedirdim... Evlənmək məsələmə gəlincə, o vaxt dedilər ki, belə bir ailə var, yaxşı qızı var. Şəklini göstərdilər. Görən kimi könlümə yatdı bu xanım. Baxdım ki, ailəmizə uyğun insandı. Anama dedim ki, mən sən alan qız bəyənəcəm, mütləq istəyəcəm. Anama razılıq verdim. Və elə o vaxt bu hisslərim də şeirə çevrilmişdi...

Sevgilim, sevirəm, sevirəm səni
Sən də gəl incitmə, ay nazlı pəri.
Gəl, sən də demə ürəyindən keçəni.
Səni görəndə əllərim əsir,
isti qucağına sanki tələsir.
Sənin al yanağından, qara telindən
Öpüb, oxşamağa hər an tələsir...

O şeirdən bu misraları xatırlayıram... İnsan gərək hissiylə, qəlbiylə yaşasın. Hər şeyə sevgiylə baxsın. İşə də gedəndə, işdən də gələndə, adi halda yol gedəndə də, insanlarla rastlaşanda da o hisslər içində olmalı, o münasibəti göstərməlisən. Onsuz insan, məncə, yaşaya bilməz! Əks halda insan yeriyə bilər, amma çox uzağa gedə bilməz. Ona görə də hər kəsə səmimi qəlbdən ailəsi, doğmaları ilə birgə xoşbəxt yaşamağı arzulayıram. Xüsusilə də, ədalətli yaşamağı... Qoy hər bir insanımız o ədalət prinsipini dərk etsin, başa düşsün, hətta düşməninə də qarşı ədalətli olmağı bacarsın.

Kəmalə Mirzəyeva: - Bütün gərginliklərdən, bütün o əziyyətdən sonra, maraqlıdır, Xəzər İsayev harda dincəlir?

Xəzər İsayev: - Ümumiyyətlə, bayaq danışdığım kimi, mən hər yerdə prinsipal insan olmuşam, amma bunu büruzə verməmişəm. Yəni ki hansısa prinsipi əldə tutmuşamsa, yavaş-yavaş, tədricən həyata keçirməyə çalışmışam. Qarşımdakı insanın qəlbini qırmadan, incitmədən. İndi bu nəvələr də belədi... İki qız nəvəm var, bir oğul nəvəm. Yəni oğlan daha fərqli xarakterlidir, qızların da özünəməxsusluqları var. Mən elə bilirəm bunun hər bir uşaqda olması onun gələcək potensialından xəbər verir. Çox şadam ki, mənim nəvələrim bu şəkildə böyüyürlər. Və çalışıram ki, necə övladlarımı böyütmüşəm, indi də nəvələrimi böyüdüm. İstəyirəm ki, onlar da birinci növbədə ailənin ədəb-ərkanına, ümumiyyətlə, nizam-intizama riayət etsinlər. Dediyim kimi, ən zəif yerim nəvələrimdir. Çalışıram onlar ğözəl böyüsünlər. İnanıram ki, belə də olacaq.

Kəmalə Mirzəyeva: - Bəs idmanla tanış etmisiniz onları?

Xəzər İsayev: - Oğul nəvəm, demək olar ki, dünyanın bütün futbol klublarını əzbər tanıyır. Televiziyada bir futbol oyunu gedəndə hansı komanda oynayıb deyir. Axşama qədər informasıyanı ya mənə telefonda yazır, ya mənə evə gedən kimi deyir ki, bu gün filankəslərin oyunu var. Deyirəm, hə, baba baxacaq, amma sən yatmalısan. Yəni dediyim odur ki, idman qanında çoxdur. Özünün də futbolçu kimi oynamaq üçün, demək olar ki, potensialı çox böyükdür. Amma mən daha çox dərsə yönəltmişəm. Birinci növbədə elm olsun ki, ondan sonra həyatda öz yerini tutmaq üçün yaxşı şərait yaranır. Və Landau məktəbinə qoymuşuq. Nə qədər çətin də olsa, əziyyətli də olsa, artıq sərbəst ingilis dili danışır. Yəni dördüncü sinif uşağı olsa da, şükürlər olsun ki, bunların hamısını yerinə yetirir, əksəriyyətini mənə izah edə bilir. İnanıram ki yaxın gələcəkdə mən onu futbola da qoyacam ki, o hissləri də onda qırmayım. Qızlardan böyük nəvəm elmə çox yönəlib. Balaca nəvəm hələ baxçaya gedir. Amma çox cəld, oğlan xüsusiyyətli bir qızdır. İndi onu bilmirəm bədii gimnastikaya qoyum, bilmirəm üzgüçülüyə qoyum. Çox böyük enerjisi var. Evdə saxlamaq mümkün deyil. Allah bütün nəvələri sağ eləsin.

Kəmalə Mirzəyeva: Siz gənclər üçün örnək, Azərbaycan idmanı üçün dəyərli bir şəxsiyyətsiniz. 1 fevral Sizin doğum gününüzdür.  1001info.az olaraq Sizi ən gözəl arzularla təbrik edirik.

Xəzər İsayev: Təşəkkür edirəm. Deyim ki, artıq  telefonum susmur...  Zənglərə, təbriklərə cavab verməklə məşğulam. Televiziyalar, jurnalistlər zəng edirlər.  Hər kəsə minnətdarlıq edirəm. Siz də sağ olun ki, daim məni diqqətdə saxlayır, ad günüm münasibətilə təbrik edirsiniz.

 

Digər xəbərlər