ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Ən böyük dissident - Misir Mərdanov yazır
TARİX
20.04.2023, 17:58 Oxunub: 2508Ən böyük dissident
Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də odur ki, siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmuş, əvvəllər çar "oxranka"sının, daha sonralar isə 1920-1930-cu illər sovet FK və NKVD-sinin azərbaycanlıların yaddaşında həkk etdirdiyi antimilli cəza aparatı obrazını tədricən, praktiki addımlarla dağıdaraq təhlükəsizlik orqanlarını xalqı, milləti qoruyan və onun öz nümayəndələrindən təşəkkül tapan sistemə, uzun onilliklər bir azərbaycanlının da qəbul edilmədiyi həmin sistemi əsl milli təhlükəsizlik qurumuna çevirə bilmişdir.
Heydər Əliyevin əsrin dörddə biri qədər müddətdə çalışdığı dövlət təhlükəsizliyi sistemində öz enerjisi, həvəsi, məsuliyyəti, yeni ideyalarla dolu ürəyi, çevik təfəkkürü ilə o dövrdə ucqar hesab edilən Azərbaycanda işləməsinə baxmayaraq, Mərkəzdə bu sahəni idarə edənlər onu yaxşı tanıyırdılar və nələrə qadir olduğunu hiss edirdilər. Məhz onun şəxsi keyfiyyətləri Moskvada azərbaycanlılarla bağlı olan sterotipləri darmadağın edə bilmişdi, hələ 50-ci, 60-cı illərdə əvvəlki onilliklərdən fərqli olaraq bu sistemə Heydər Əliyevin təqdimatı ilə milli kadrlar qəbul edilməyə başlamışdı. Bu baxımdan Heydər Əliyev minillik dövlətçilik tariximizə milli məfkurəyə istinad edən ilk və yeni Azərbaycan dövlətinin qurucusu kimi daxil olmuşdur. O, hələ 60-cı illərdən əvvəl milli məfkurəni qurmağa başladı, sonra həmin bazanın üzərində müstəqil dövləti yaratdı. Heydər Əliyev Azərbaycanı azərbaycanlıların ixtiyarına verən və Azərbaycan xalqı "öz taleyinin sahibidir" - deyən ilk böyük dövlət xadimimizdir. Hamı bilir ki, ona qədər Azərbaycan tarixində belə bir siyasi kontekst olmamışdır.
Yeri gəlmişkən, Heydər Əliyevin bu xarakteri ilə bağlı hadisələrin şahidi olmuş insanlardan biri danışırdı ki, 70-ci illərin sonunda ali məktəblərə tələbə qəbulu ilə əlaqədar olaraq Mərkəzi Komitədə keçirilən ənənəvi müşavirədə Heydər Əliyev təhsil nazirini və bir-iki ali məktəb rektorunu dinlədikdən sonra, Ümumqoşun Komandirləri Məktəbinin rəisini çıxışa dəvət etdi və ona dərhal sual verdi - tələbələr içərisində yerli əhalinin nümayəndələri nə qədərdir? O zaman SSRİ-nin müxtəlif yerlərindən Bakıya gəlib həmin məktəbdə oxumaq istəyən, milliyyətcə rus və başqa xalqların nümayəndələri üstünlük təşkil edirdi. Heydər Əliyev "yerli əhali" deyərkən Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələrini nəzərdə tutsa da, (o vaxtlar başqa cür mümkün deyildi) aydın idi ki, əgər məktəbin rəisi "yerli əhali"nin daxil olmasına üstünlük verəcəkdisə, bunların əksəriyyəti azərbaycanlı olacaqdı. Aldığı cavabdan, yəni "yerli əhali"nin hərbi təhsilə zəif cəlb olunmasından çox narazı qalan Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin rəisini çox kəskin surətdə məzəmmət etdi və ona konkret tapşırıqlar verdi ki, bu məsələyə diqqəti artısrın. Sonrakı il ali məktəblərə qəbul ərəfəsində Mərkəzi Komitədə keçirilən müşavirədə Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin rəisini yenə xitabət kürsüsünə dəvət edir və bu mühüm işin gedişi, xüsusilə yerli əhalinin faizi ilə maraqlanır. Rəis bu dəfə nisbətən yaxşı rəqəmlər söyləsə də, müəyyən irəliləyiş olmasına baxmayaraq, Heydər Əliyev yenə narazı qaldığını, daha çox işləmək lazım gəldiyini bildirir. Beləliklə, ildən ilə həmin məktəbə daxil olan azərbaycanlı müdavimlərin faiz göstəricisi surətlə artmağa başlayır.
Ümummilli dəyərləri ideoloji baxımdan ilk dəfə o təsbit edərək iqtisadi coğrafiyanı böyük quruculuq işləriylə, mənəvi coğrafiyanı isə milli-mənəvi dəyərlərin Azərbaycana qaytarılmasıyla gerçəkləşdirdi. Azərbaycanın qapıları Dədə Qorqudun, Babəkin, Nizaminin, Nəsiminin, Hüseyn Cavidin, Şəhriyarın üzünə taybatay açıldı, Azərbaycançılıq məfkurəsi dirçəlməyə başladı. Qeyd etmək istərdim ki, 1993-cü ildə Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə təkcə Azərbaycanı hərbi-siyasi böhrandan qurtarmaq üçün deyil, həm də Ümummilli liderin 30 il əvvəl başladığı Azərbaycançılıq əsərinin ən ciddi səhifələrini davam etdirmək, yeni cildlərini yaratmaq üçün dəvət edirdi. Çünki bu mənəvi abidənin - siyasi Azərbaycan kitabının ilk səhifələri 1960-cı illərdən başlayaraq Heydər Əliyevin üslubunda yazılmışdı.
Bir çox mənbələrdə Heydər Əliyevin Sovet epoxası dövründə hakimiyyətdə olduğu illərdə, yəni 1969-cu ildən 1982-ci ilə qədər müstəqil Azərbaycanı addım-addım qurmağa, yaratmağa çalışması qeyd edilsə də, onun fəaliyyətinin 50-60-cı illərdəki dövrünü araşdırdıqdan sonra belə qənaətə gəlmək olur ki, bu mübarizənin tarixi xeyli əvvəllərdən başlayır.
Heydər Əliyev ədəbiyyatı, mədəniyyəti sevməklə bərabər, bütün sənət adamlarını qoruyurdu, himayə edirdi, həmişə azad sözün, azad düşüncənin yanında dayanırdı. Böyük alim Yaşar Qarayev yazır ki, "60-cı illərə qədər Azərbaycanda "dissident" olmaq mümkün idi. Yəni şair və yazıçıların buna "imkanları" var idi. 1960-cı illərdən sonra bu imkan aradan qaldırıldı. Bəziləri təəccüb edir ki, niyə Azərbaycanda "altmışıncıların" sandıqdan, yasaqdan çıxan əsərləri olmadı? Çünki sandığa ehtiyac yox idi. Hətta Moskvada, mərkəzi jurnallarda çap edə bilmədikləri əsərlərini yazıçılar gətirib Bakıda çap etdirirdilər... Yalnız Moskvanın deyil, hətta Pribaltika kimi sərbəst, müstəqil fikrə alışmış regionların belə ziyalıları bizim bəzi kitabları oxuyanda, tamaşa və filmlərimizi görəndə onların yasaqlanmamasına təəccüb edirdilər. Bütün bunlar Heydər Əliyevin azad sözə, azad dəyərlərə, milli varlığın ifadəsinə yaratdığı imkanın müstəsnalığı idi ki, buda 90-cı illərdə müstəqil Azərbaycanın yaranması ilə nəticələndi.
...1959-cu ildə Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması çap olundu. Bilirik ki, poema çap olunan kimi ciddi rezonans doğurdu, müəllifini həbs olunmaq təhlükəsi gözləyirdi. Niyə? Çünki ilk dəfə olaraq, orada azadlıq, milli dil, milli varlıq problemləri qoyulmuşdu və sovetin qılıncının at oynatdığı bir zamanda belə məqamlara toxunmaq bağışlanmırdı. Heydər Əliyev bu zaman dövlət təhlükəsizliyi orqanlarında çalışırdı. Vəzifəsindən irəli gələn səlahiyyəti isə millətin milli-mənəvi dərdlərinin tərcümanı olmağa, onun ehtiva olunduğu məqamları qorumağa imkan verirdi.
Çıxışlarının birində deyir ki, mən hələ Dövlət Təhlükəsizliyi Komitəsində işləyən zaman Bəxtiyar Vahabzadənin həbs olunması məsələsi meydana çıxmışdı. "Gülüstan" poemasını yazmışdı. Ondan ötrü o zaman həbs etmək məsələsini qoymuşdular. O vaxt mən onu xilas etdim, qoymadım həbs olunsun. Nəinki qoymadım, onunla dəfələrlə söhbətlər apardım, öz məsləhətlərimi verdim. Belə bir insan o vaxtlar böyük fəlakət qarşısında idi. Nəyə görə? Heç bir cinayət yox idi. Ona görə ki, millətini sevirdi, millətin qayğıları haqqında yazılar, şeirlər yazırdı.
Yaxud yazıçı Mövlud Süleymanlının "Dəyirman" povesti. "Qırx ilin yeddi görüşü" əsərində yazıçı Mövlud Süleymanlı qeyd edir ki, o zaman mənim "Dəyirman" povestim təzə çıxmışdı. Əsər böyük səs-küyə səbəb oldu, Yazıçılar Birliyində povest ətrafında geniş müzakirə aparıb amansız tənqidlərə məruz qoydular. Daha sonra yazıçılar əsəri götürüb Heydər Əliyevin yanına gediblər. Heydər Əliyev soruşub ki, nə var bu əsərdə. Deyiblər ki, sovet ideologiyasına zidd məqamlar var, hələ yoldaş Əliyev, altından xətt də çəkmişik, əsərdə 73 ədəd söyüş də yer alıb. Heydər Əliyev altından xətt çəkilmiş sözün birini oxuyub və gülərək deyib, baho, ona qalsa, gərək rus xalqı Şoloxovu məhkəməyə verə.
Yaxud həmin illərin cəsarətli mətbu orqanlarından və milli ideologiyanın qeyrətli carçılarından biri olan "Qobustan" jurnalının dövrün ideoloji təxribatlarından xilas edilməsində də Heydər Əliyevin mühüm rolunu qeyd etmək lazımdır. Ulu öndər 1997-ci ildə "Qobustan" jurnalı haqqında aşağıdakı mətləbləri ictimaiyyətə çatdırmışdır: "Mən "Qobustan" jurnalını xatırlayıram. O yarananda əleyhinə nə qədər cürbəcür hərəkətlər oldu. Mənim xatirimdədir, biri gəlirdi ki, nə bilim millətçilik ideyaları yayır, o biri gəlirdi ki, bizim quruluşun əleyhinə ideyalar yayır. ...Mən də görürdüm, baxırdım bu "Qobustan" jurnalına bunların dedikləri şey yoxdur, lakin bizim üçün lazım olan şeylər çoxdur. Ona görə də "Qobustan" jurnalı yaşadı. Bu gün məmnuniyyət hissi ilə deyirəm ki, "Qobustan" jurnalı o vaxt çox böyük işlər gördü".
Xalq yazıçısı Anar da maraqlı bir məqama toxunub: "Yazıçıların Qurultayında Heydər Əliyevin çıxış etdiyi iclası mən aparırdım və belə bir replika atdım: - Heydər müəllim, bir dəfə "Ən böyük dissident elə mən özüm olmuşam" dediniz. Tamamilə doğrudur, - dedi Heydər Əliyev və: - Düzdür, mən şeir yazmıram, roman və ya hekayələr yazmıram. Ancaq 1960-cı illərdən başlayaraq 1987-ci ilə qədər Kommunist Partiyasında ən böyük dissident mən özüm idim".
Hüseyn Cavid və Heydər Əliyev fenomenləri ilə bağlı bir məqama toxunmaq istəyirəm. Məlumdur ki, 1956-cı ildə Stalinin vəfatından üç il sonra repressiyaya məruz qalmış bir çox şəxslərdən biri kimi Hüseyn Cavidə də bəraət verilmişdi. Ancaq bu bəraət nəhəng Cavidi zorla sovet yazıçısı etməyə hesablanmışdı. Onun əsərlərinin öz üslubundan çıxarılaraq çap edilməsi, "Cavid və oktyabr inqilabı" tipli yazılarla onu kiçiltmək meylləri 1982-ci ilə qədər - məzarının Sibirdən vətənə gətirilməsi dövrünə qədər davam etdi. Minlərlə iqtisadi, siyasi, elmlə, təhsillə, dövlət quruculuğu, kənd təsərrüfatı ilə bağlı problemlərin arasında, Moskvaya yeni vəzifəyə getməsi ərəfəsində Heydər Əliyev Cavidin cənazəsinin Azərbaycana gətirilməsi kimi çoxşaxəli, mürəkkəb, eyni zamanda milli-mənəvi əxlaqi dəyərlərə dönüşün yeni mərhələsi hesab edilə bilən nəhəng, həm də şərəfli bir missiyanı yerinə yetirdi.
Böyük şairin qızı Turan Cavid xatirələrində yazır ki, "Heydər Əliyev 1983-cü ildə Moskvadan yayda istirahət üçün Bakıya gəlmişdi. 1983-cü il sentyabrın 24-də Dram teatrında "İblis"ə baxmağa gəldi. Tamaşadan sonra müzakirədə əsəri elə dəqiq təhlil etdi ki, məəttəl qaldıq... Zarafatından da qalmadı. Dedi ki, indi məndən soruşsalar ki, iblisi görmüsən, cavab verərdim ki, bəli, - Hamlet Xanızadəni göstərib - əsl iblis belə olar, - dedi. İkinci dəfə 1984-cü ildə sentyabrın 15-də Rus Dram Teatrında "Şeyx Sənan"a baxdı, rəhmətlik Zərifə xanımla birgə. Birinci hissədən sonra məni qonaq otağına çağırdı və içəri girən kimi, "tamaşada bir neçə obrazı ixtisar ediblər", - söylədi. Düz deyirdi. Sonra isə əsərin musiqisindən danışdı. Fikrət Əmirovun musiqisini təriflədi və sevdiyi kor ərəbin mahnısını ifa elədi, sözləri və melodiyanı çox dəqiq ifa edirdi. Təəccüb ediləcək bir hal idi ki, o, bütün ədəbiyyatı, dramaturgiyanı çox yaxşı bilirdi, tək bilmirdi, həm də duyurdu. O, Cavidi Şekspirlə deyil, Höte ilə müqayisə etməyi üstün tuturdu. "Faust"la "İblis"i müqayisə edirdi".
Heydər Əliyevin Cavidi doğma torpaqlara qovuşdurması həm də onun heykəlinin ucaldılması, tapdanmış hüquqlarının bərpa edilməsi, adının əbədiləşdirilməsi, əsərlərinin tamaşaya qoyulması, yazdığı üslubda çap edilməsi, türkçülüyə dönüş, turan əxlaqına dönüş, Cavidin sufi təfəkkürünə dönüş ilə müşayiət edildi. 1982-ci ildə Cavidin qayıdışı ilə milli mədəniyyətin yeni epoxası başladı. Yeri gəlmişkən, Xalq şairi Nəriman Həsənzadənin danışdığı bir xatirəni də yada salmaq istəyirəm. Şair deyirdi ki, "Cavidin nəşinin uzaq Sibirdən xüsusi təyyarə reysi ilə böyük çətinliklə vətənə gətirilməsindən sonra müxtəlif fikirlər səslənməyə başladı ki, onu harada dəfn edək? Fəxri xiyabandan Cavid parkına kimi ona yaxın variant təklif olunurdu. Heydər Əliyev kiçik bir müşavirə də keçirib ziyalılarla Cavidin məqbərəsinin harada qurulmasını müzakirə etdi. Son olaraq müdrik Ulu öndər dedi ki, onun Naxçıvanda basdırılmasının doğulduğu torpağa qovuşmasından başqa ayrı bir özəlliyi də var. Naxçıvan yaxşıdı ki, qoy Təbrizdən gələnlər onu ziyarət eləyib getsinlər". Deməli, bütövlük anlayışı Heydər Əliyev üçün ən müqəddəs dəyərlərdən biri idi, vahid Azərbaycan idealı da onun bütöv, bölünməz gördüyü amalların sırasında idi. Uzaqgörən Heydər Əliyev bu qədər dərin düşünürdü...
Yeri gəlmişkən, bu məsələ ilə bağlı bir məqamı da xatırlamaq istəyirəm. Xalq şairi Söhrab Tahir xatirələrində yazır ki, Ümummilli lider Heydər Əliyev 1981-ci ildə, Şüvəlanda yazıçıların yaradıcılıq evinin açılışında çox cəsarətli fikirlər söylədi: "O vaxt Heydər Əliyevlə aramızda çox maraqlı bir söhbət oldu. Mən qəribəm deyəndə, Ulu öndər dedi ki, niyə özünü qərib hiss edirsən? Dedim ki, bəs biz vətəndən aralı düşmüşük, ürəyimiz nisgillə doludur. Cavab verdi ki, onun günahı burada oturan şair və yazıçılardadır. Siz niyə o taydakı şair və yazıçıların əsərlərinin burada, bu taydakı şair və yazıçıların əsərlərinin o tayda çap olunmasına təşəbbüs göstərmirsiniz? Nə vaxt bu məsələ ilə bağlı mənə müraciət etdiniz, kömək etmədim? Əgər bu əsərlər həm o tayda, həm də bu tayda dediyim kimi çap olunarsa, hər iki Azərbaycan arasında mədəni körpü yaranar, əlaqələr daha da genişlənər və heç kəs özünü burada qərib hiss etməz. Şair, sən öz evindəsən. Biz bir ata-ananın övladlarıyıq. Ona görə də sən burada özünü qərib hiss etmə. Bu sözlər zalda gurultulu alqışlarla qarşılandı. Sonra Heydər Əliyev üzünü mənə tutub "Şair, davam elə" - dedi. Mən də bundan ruhlanıb dedim ki, bəs bildiyiniz kimi, Azərbaycan tarixin günahı üzündən iki yerə parçalanıb. Bu zaman Heydər Əliyev yenə sözümü kəsib dedi: "Şair, dayan! Niyə deyirsən ki, Azərbaycan tarixin günahı üzündən iki yerə parçalanıb?" Zala da dərin bir sükut çökdü. Belə bir vəziyyətdə qorxa-qorxa soruşdum: - bəs nə deyim, yoldaş Əliyev? Qayıtdı ki, denən Azərbaycan imperialist qüvvələrin günahı üzündən iki yerə parçalanıb. Bu sözdən sonra zalda bir anlıq çaşqınlıq yarandı. Çünki heç kəs gözləmirdi ki, Heydər Əliyev Azərbaycanı iki yerə bölənləri, yəni İran və Rusiyanı adı ilə deyəcək və birdən sanki nə baş verdiyini zaldakılar anladı. Zalda bir alqış qopdu ki, gəl görəsən. Heydər Əliyev düz 15 dəqiqə zaldakıları sakitləşdirə bilmədi. Sevincindən ağlayan kim, bir-birini qucaqlayan kim. Sovet dövründə ilk dəfə idi ki, yüksək tribunadan Cənubi Azərbaycan məsələsi qaldırılırdı. Həmin andaca bu baradə Moskvaya xəbər çatdırdılar və elə oradaca hiss etdim ki, onu telefona çağırdılar. Sonralar eşitdim ki, bu çıxış Heydər Əliyevə müəyyən qədər başağrısı yaradıb".
Doğrudur, bir qədər hadisələri qabaqlayaraq 70-ci, 80-ci illərə qədər gedib çıxıdıq, ancaq qeyd etmək istəyirəm ki, haqqında danışdığımız bu cəsarətli addımların, tariximizi dəyişən hadisələrin əsası Ulu öndərin 50-60-cı illərdəki fəaliyyəti ilə qoyulmuşdu. O illərdə Heydər Əliyevin gəlişi ilə təhlükəsizlik sistemi milliləşdi, savadlı, peşəkar milli kadrlar irəli çəkildi, təhlükəsizlik xidməti milləti təhlükələrdən qoruyan, xalqın yetişməkdə olan milli-mədəni elitasını himayə edən bir orqan oldu. Heydər Əliyevin təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi 1960-cı illərdə və respublikaya rəhbərlik etdiyi 1970-80-ci illərdə milli azadlıq mübarizəsinin müjdəçisi sayılan elmi və bədii əsərlər yazılmış, çap edilmiş, filmlər çəkilmişdir. Lakin bu əsərlərin müəllifləri digər sovet respublikalarındakı həmkarlarından fərqli olaraq dissident kimi təqib olunmamış və ya sürgün edilməmişlər. Əksinə, onların yaradıcılığı təbliğ edilmiş, respublikanın və Sovet İttifaqının ali mükafatlarına təqdim olunmuşdur.
Bu gün qəribə görünsə də, "samizdat" yolu ilə çap olunan ədiblərin, gizli səsyazma studiyalarında əsərlərini çoxaldan bəstəkarların, rəsmi sovet diktovkalarını aşan alimlərin sonradan ali mükafatlar alması, yaradıcı qurumlarda, tədqiqat, təhsil müəssisələrində və ya digər sahələrdə irəli çəkilməsi o zaman tez-tez rast gəlinən hal idi. Beləliklə, təhlükəsizlik orqanları müstəqilliyimizin qazanılıb qorunmasında töhfələri olan şəxslərin - milli mədəni-siyasi elitanın formalaşdırılıb qorunmasında, onların fəaliyyətinin məqsədəmüvafiq məcraya yönəlməsində müstəsna rol oynamışdır. Bu, ilk növbədə Heydər Əliyevin bir zamanlar cəza aparatı kimi tanınan sistemin milli maraqlara uyğun transformasiyası naminə titanik əməyinin nəticəsidir. Öz çıxışlarında həmin dövrü ürək ağrısı ilə xatırlayaraq deyirdi: "Təhlükəsizlik orqanlarında işlədiyim vaxtlar mən bir işçi kimi arxiv materialları ilə, xüsusən, 37-38-ci illərin, ondan sonrakı dövrün materiallrı ilə tanış olarkən daim öz-özümə sual vermişəm: bu antisovet qruplar, sovet hakimiyyətini devirmək istəyən qruplar, filanlar kimlərdir, hansılardır? Onların bir qismi həbs edilmiş, öldürülmüş, yaxud da uzaq Sibirdə həlak olmuşdur. Bir qismi isə həbs olunmamışdı... Bu faktlar nə qədər ədalətsizliklər, uydurmalar, quraşdırmalar, əsassız materiallar toplandığını sübut edir və bunlar tarixçilər tərəfindən dərindən öyrənilməlidir. 1920-30-cu illərdə nə qədər repressiyalar olunub, insanlar öz yer-yurdundan sürgün ediliblər... Heç yerdə Azərbaycanda olduğu qədər adam sürgün edilməyibdir".
Səmimiyyətlə etiraf etmək lazımdır ki, SSRİ kimi bir super dövlətin ali məqsədlərinə xidmət edən təhlükəsizlik şəbəkəsində işlədiyi illərdən Sovet İttifaqının rəhbərləri cərgəsində olana qədər kommunist ideologiyası hər bir rəhbər üçün zəruri ideoloji maraq olduğu kimi, Heydər Əliyev üçün də elə idi. Başqa cür mümkün ola bilməzdi. Ancaq bu ağır şərtlər çərçivəsində fəaliyyət göstərərək milləti, vətəni üçün böyük işlər görmək, milli təəssübkeşliyi bütün ideologiyalardan uca tutmaq, hamıdan gizli saxlayaraq öz yurdunun müstəqillik planlarını cızmaq və onu bu parlaq sabaha hazırlamaq heç də sadə məsələ deyildi. Bunu Heydər Əliyev bacardı.
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor