ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Əsl dostluq istəyirəm... - Fuad Biləsuvarlı yazır

ƏDƏBİYYAT
25.04.2025, 20:34 Oxunub: 892
Bu dünyada hər kəsin könül dostu, qəlb sirdaşı, qayğısına qalan biri olmalıdır. Heç kim tam əminliklə “mənim dostum yoxdur” deyə bilməz. Lakin elə bir zamana gəlib çatmışıq ki, hər kəslə ürəkdən söhbət edib dərdləşmək mümkün deyil.
Həyat qəribədir. Dünən süfrə başında oturduğun bir insan sabah sənin qatı düşməninə çevrilə bilər. Elə bir dövrdəyik ki, yaxşılıq etmək, xoş söz demək belə ehtiyat tələb edir. Çünki bəzən yaxşılığın qarşılığı ziyan olur, xoş söz isə yanlış başa düşülür – sanki bu sözlərin arxasında gizli məqsəd dayanır.
Bəzən insanın qəlbindəki sirrləri paylaşmaq, çay süfrəsi arxasında arzularını bölüşmək istədiyi anlar olur. Amma bu gün bunu etmək asan deyil. Dostluqlar getdikcə daha çox təmənna üzərində qurulur. Şair demiş, “Dostun yoxsa, kasıblardan kasıbsan.” Həqiqətən də, dost olmayan evin nə ruzisi olar, nə də bərəkəti. İnsanı mənən zəngin edən dostlardır.
Atalar deyib: “Dost dar gündə tanınar.” Amma bu gün çətin günün dostunu tapmaq olduqca çətindir. Hanı o dost ki, onun kölgəsini üzərində hiss edəsən? Hanı o dost ki, səni çətinlikdən çıxarmağa can atsın? Ürəyi sənin ürəyinlə bir vura, qəlbi sənin qəlbinlə bir döyünə, sənə kömək əlini uzatsın?
Virtual aləmdə yalançı dostluqlar çoxdur. Feysbukda bir paylaşıma “yanındayam” smayliki qoymaqla dostluq yaranmır. Əlbəttə, istisnalar var, virtual aləmdə də vicdanlı insanlar tapılır. Amma mənə əsl dost lazımdır! Elə bir dost ki, mənim qanım ona qaynasın, əqidədaşım, məsləkdaşım olsun. Vəfa və etibar dostluğun təməlidir.
Dostluq haqqında saysız aforizmlər, atalar sözləri, esselər, şeirlər mövcuddur. Bunlardan biri də Jan de Labrüyerin fikridir:
"Ancaq o adamlar həqiqi dost ola bilərlər ki, kiçik çatışmazlıqları bağışlaya bilsinlər."
Şəxsi maraqlar üçün dostluq edənlər isə cəmiyyətimizdə yetərincə çoxdur. Gözlə görünəcək qədər açıqdır – hər gün rastlaşırıq. Kimisi vəzifəyə, kimisi kürsüyə yalmanır. Amma o bədbəxtlər unudurlar ki, sabah vəzifə, kürsü olmayacaq. Heç kim əbədi vəzifədə deyil, heç kim sığortalanmayıb ki, ölən günəcən kürsüsünü qoruyacaq. Həyat elədir ki, hər şey gözlənilməz ola bilər. Dərin dərrakəli insanlar vəzifəyə, pula görə dostluq etməzlər. Əsl dostlar isə sənin yanında nə varlı, nə kasıb olduğuna görə deyil, sadəcə sən olduğun üçün qalırlar.
Dostluğu uca dağa, meyvəli bağa, qurumaq bilməyən bulağa bənzədirəm. Dost son tikəsini bölməli, yediyini paylaşmalı, son nəfəsinəcən yanında olmalıdır. Əfsuslar olsun ki, bu gün dar günün dostunu tapmaq çətindir. Təklənəndə, yalqızlaşanda, yalnız göyə, Allahıma, etdiyim ibadətlərə, Qurana, Xalidə nənəmə sığınıram. Kitablarımı önümdə açır, mütaliəyə baş vururam. Çünki dostluğu kitablarla edirəm.
Bakıda hamıya dost deyə bilərəm. Amma Molla Cümə demişkən: "Dost ya bir olar, ya iki." Doğrudur. Bəlkə də qəlbimin saflığından irəli gəlir ki, hər kəsə dost kimi yanaşıram. Lakin elə real dostlarım var ki, bəzi sosial şəbəkə “dostlarından” qat-qat dəyərlidirlər – onların ürəyi xalqla, millətlə, Vətənlə çırpınır. Təəssübkeşdirlər, qeyrətlidirlər.
Amma hər insan kişi kimi, real dostluq etməyi bacarmır. Yenə də deyirəm – biz, sən, mən, o, hər kəs bu həyatda heç nədən sığortalanmayıb. Başımıza hər iş gələ bilər. Yadımızda saxlayaq ki, bu həyatdır – enişi, yoxuşu, ölümü, itimi, qalımı ilə yaşanır.
Allah eləməmiş, sabah başıma bir iş gəlsə, zənn edirəm ki, "dostlarım" mən yıxılanda əl uzatmayacaq, çətinliklərimi görməyəcək. Onsuz da illər ərzində çətinliklərimə göz yumanlar mənə dost ola bilmədilərsə, bundan sonra da onlardan nəsə gözləmirəm. Onlar laqeydlik xəstəliyinə tutulublar. Bu, elə bir bəladır ki, insanın ruhunu içdən içə çürüdür. Bir narkotik kimi... Hüceyrədən törəyən yeni bitki mayası kimi… Laqeydlik bədəndə xərçəng kimi yayılan rüşeymdir – nə əlacı var, nə çarəsi.
Çox ağrılı bir zəmanədə yaşamağa məhkumuq. Amma yaxşı ki, zamanın süzgəcindən keçirdiyim yalançı dostların maskasını çıxara bilmişəm. Xoşbəxt söz adamıyam ki, artıq insanları tanımağı bacarıram – xüsusilə də incəsənət aləmində olanları. Mənim dünyamda əsl dost belə olmalıdır: dərdin odunda mən yanıramsa, o da yanmalıdır. Mən ağlayıramsa, sızlayıramsa, kədərlənirəmsə, sevinirəmsə – o da mənim halıma yanmalıdır.
Dostluq elə-belə olmur. El arasında belə deyim var: "Dostluq on ili, on beş ili keçdisə, o artıq qohumluğa çevrilir." Budur dostluğun mahiyyəti! Yoxsa, dostunun üzünə qapı açmayanlar, çörəyindən, suyundan paylaşmayanlar... Mən onları dost adlandırmıram! Zamanın süzgəcindən keçirdikdə, dostluq xəlbirinə vuranda… iki əlimi başıma döymüşəm. İlahi! Mən bunlara dost demişəmmi? Mən bunlara qızıldan qiymətli vaxtımı qara pul kimi xərcləmişəmmi?
Peşiman da oluram, pərişan da. Çəkilib bir küncə, öz-özümlə danışıram. Özlüyümdə aranı dağa, dağı arana daşıyıram. Axırda isə bir qənaətə gəlirəm:
Daha ayıl, Fuad! Bəsdir yatdın.
Daha yatmaq vaxtı deyil!
Kimlə oturduğunu, kimlə durduğunu bil. Kimlər sənə sadiqdir, kimlər deyil? Kimlər sənin ayağının altını qazır, kimlər yoluna tuzaqlar qurur? Bunları bilməlisən, sezməlisən. Yalnız mən yox, bütün sadiq insanlar anlamalıdır ki, hər kəslə dostluq körpüsünü qurmaq olmaz.
Elə dostlarım olub ki, gözümün yağını belə yedirtmişəm. Bəs sonda nə oldu? Yollarımı bağladılar, işimdən etdilər, bir loxma çörəyimi qazanmağa qoymadılar.
Dostluq sevgi və məhəbbət kimidir. Necə ki insan ailə quranda "yüz ölçüb, bir biçir" – dost seçimi də belə olmalıdır. Yanılmamaq üçün diqqətli olmalıyıq. Əsl dost evin içində olacaq. Sirlərini onunla bölüşəcəksən, hara getdiyini, hardan gəldiyini ona söyləyəcəksən. Evinin içində ailənin bir üzvü kimi dostunla aranızda qara pişik keçəndə belə, mehriban düşmən olaraq qalmalısınız. Çünki siz bir evdə çörək kəsən insanlar olmusunuz!
Amma bəzi dostlar var ki, Allahdan, çörəkdən, duzdan qorxmalıdırlar.
Əbəs yerə **Məhəmməd Peyğəmbər (s) buyurmayıb:
“Dostlar müxtəlif bədənlərdə bir ruhdurlar.”
P.S. Bugünkü yazıma İmam Əlinin aforizmi ilə nöqtə qoyuram:
“İnsan öz dostunun dinindədir. Beləliklə, hər biriniz kiminlə dostluq etməyinizin fərqində olun.”
P.S.S. Dostluq haqqında şeirlərimlə də tanış ola bilərsiniz.
Yaşamalı dostluq məncə
Bədənlərdə bir ruh kimi,
Bir nəfəslik can, ah kimi,
İçimizdə Allah kimi
Yaşamalı dostluq, məncə.
Dönməlidir söz, dastana,
Səs salmalı hər bir yana,
Bağ-bağçaya, gülüstana
Qarışmalı dostluq, məncə.
Yolumuzda tək mayak tək
Durmalıdır şax bayraq tək,
Könlümüzdə od-ocaq tək
Alışmalı dostluq, məncə.
Mübarizlər meydanında,
Bəyzadələr cahanında,
Lap olsa da son anında
Vuruşmalı dostluq, məncə.
Haqsızlıqdan üşüyən an,
Keyiyəndə canında can,
Həyat onu yoran zaman
Danışmalı dostluq, məncə.
Dağ kimi qəlbimi paralamısan
Daha səbrim çatmır, tərpətmə simi,
İncitmə dərd dolu sınıq könlümü,
Asma ürəyimdən kədəri, qəmi,
Dağ kimi qəlbimi paralamısan.
Qarşıma çıxaraq o soyuq üzlə,
Qəlbimə toxundun sərt, acı sözlə,
Elə yanındakı bir zalım qızla
Lap məni içimdən yaralamısan.
Ona görə mənlə arana hasar
Çəkmisən, yəqin ki, pullu dostun var,
Uçurtdun dünyamı, yox səndə ilqar,
Dünyamı gözümdə qaralamısan.
Bilirdim, bu dünya axmaq dünyadır,
Bilinmir doğması, bilinmir yadı.
Dünən sənə bacım deyən Fuadı
Bu gün də özündən aralamısan.
Ürək məni yıxdı, dostum
Çox əlləşdim gündüz-gecə,
Əməyim də getdi heçə.
Çin çıxmayan neçə-neçə
Dilək məni yıxdı, dostum.
Kədər məndə bol bəhər ki,
Yediyim də qəm-qəhər ki.
Zəiflədim o qədər ki,
Külək məni yıxdı, dostum.
Şeytan cildli, içi iblis,
Paxıl qurdlu, xain, xəbis.
Südü xarab, nankor, naqis,
Kələk məni yıxdı, dostum.
Nə olsun ki, oldum adil,
Üzdü məni dili qafil.
Yaşayardım, bəlkə yüz il,
Ürək məni yıxdı, dostum.
Müəllif: Fuad BİLƏSUVARLI, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı

Digər xəbərlər
