usd-1.7000 eur-1.7938 rub-1.6915
Bakı 14°C 7.53 m/s
Son xəbərlər
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

O  Bayrağı  o yüksəkliklərdən endirə biləcək bir qüvvə yoxdur !.. - Kəmalə Mirzəyeva yazır

details

TARİX

26.05.2022, 13:57 Oxunub: 6457

                               Həmişə yüksələn bayraq...

"Mən bu gün bildirmək istəyirəm ki, 1918-1920-ci illərdə Azərbaycanda hakimiyyətdə olmuş Xalq Cümhuriyyətinin bugünkü nəsillərə qoyub getdiyi ən dəyərli miraslardan  biri  Azərbaycanın... dövlət himnidir və bir də Azərbaycanın dövlət bayrağıdır". 
                                                                                                  Heydər Əliyev


Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Himn. Bayraq. Gerb... Hər bir müstəqil dövlətin rəmzləridir bunlar... Hər ölkədə olduğu kimi, bizdə də Himn həmişə Milli bayraqla - Dövlət bayrağı ilə yanaşı gəlir, bərabər tutulur. Məhz bu funksional yaxınlıq, dövlətçilik baxımından müqəddəslik və önəmliliyinə görə Milli himn - Dövlət himnini obrazlı şəkildə hər bir dövlətin, millətin, ölkənin musiqi bayrağı da adlandırırlar. Ona görə həmişə dövlət himni səslənərkən onunla yanaşı mütləq dövlət bayrağı da qaldırılmalıdır.
"Himn"  yunan sözü olub qədimdə allahların və qəhrəmanların şərəfinə oxunan nəğmə mənasında işlənərdi. Bu ənənə uzun illər qorunub saxlandı.  Hətta Avropa ölkələrində XIX əsrə qədər dini nəğmə və mahnıları da bu sözlə ifadə edərdilər.
Hazırda bu söz dünyada "dövlət tərəfindən qəbul edilən milli müstəqillik və milli birlik rəmzi olan təntənəli musiqi əsəri, nəğmə, marş" mənasında sabitləşərək dilimizdə də eyni məna və funksiyanı ifadə etməklə milli birliyimizin - azərbaycançılığımızın müqəddəs simvollarından birinə çevrilib. Milyonlarla azərbaycanlının dilinin əzbəri olaraq himnimiz neçə illərdir müstəqilliyimizin musiqi və sözlə ifadə edilən müqəddəs simvolu, rəmzi, atributu olaraq bütün bayramlarda, tarixi günlərdə, rəsmi mərasimlərdə, beynəlxalq tədbirlərdə, təhsil müəssisələrində... həmişə ayaqüstə, böyük coşqu ilə, milli qürurla oxunur və dinlənilir.
1918-ci ildə Milli hökumətin yaranması ilə həyatın bütün sahələrində güclü bir hərakat meydana gəldi. Ordu qurulur,  yollar çəkilir,  hər yerdə məktəblər açılır, quruculuq işləri vüsət alırdı. Belə bir vaxtda dövlətin müqəddəs rəmzlərindən olan himnin yaradılmasına olan böyük ehtiyacı məşhur opera və operettaların müəllifi Üzeyir bəydən yaxşı kim duyub həyata keçirə bilərdi ki? Himnin sözlərini ömrü 1-ci Cahan Savaşında kecən, Cümhuriyyətə gətirib çıxaran qanlı-qadalı yolların ilhamlı yolçusu, istiqlal carçısı  Əhməd Cavaddan başqa kim qələmə ala bilərdi?.. Nə yaxşı ki, həmin vaxt hər ikisi dövrün tələbini, çağırışını duyaraq, anlayaraq məmnuniyyətlə qəbul etdi. Bu həm də bir alın yazısı, tale məsələsiydi desək, yəqin ki, yanılmarıq. Çünki təkcə bu himnin yaranması ilə onlar öz adlarını Azərbaycan tarixinə və mənəviyyatına əbədi həkk etdilər. Üzeyir bəy o illərdə əbəs yerə yazmırdı: "...Bu gün biz bu cürə dövləti qorumağa və ictimai işlərə girişməyə məcburuq. Bu cürə işlərə kənardan baxmağa və biganə qalmağa haqqımız yoxdur, çünki biz daha özgə vətənin ögey oğlu deyilik. Öz vətənimizin doğma oğluyuq. Vətən də bizimdir, hökumət də bizimdir, camaat da bizimdir".
1919-cu ildə "Milli nəğmələr" kitabında Əhməd Cavadın "Vətən marşı" adı ilə nəşr olunan şeirinə  dahi bəstəkarımız  elə həmin il əzəmətli, qeyri-adi bir musiqi bəstələyir. Onu "Azərbaycan marşı" adı ilə illər sonra - 1989-cu ildə tanınan bəstəkar Aydın  Əzimov böyük  xor və simfonik orkestr üçün aranjiman edərək lentə yazdırır, elə həmin ilin payızında 70 illik fasilədən sonra ilk dəfə  xalqımıza təqdim olunur.
İllər keçəcək,   Dövlət Himni haqqında  Qanun qəbul edildikdən sonra Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzi olan Himnimiz hər bir vətəndaşın ehtiram və qürur mənbəyinə çevrilərək istər ideya-məzmun, istərsə də, musiqisinin zənginliyi baxımından milli ideologiyamızın aparıcı amili olan azərbaycançılığı, Vətən sevgisini və vətənpərərlik hisslərini gücləndirir, gənclərdə Vətənə, millətə, dövlətə, dövlətçiliyə sədaqət ideyasını parlaq şəkildə əks etdirir. Onu dinlədikcə hər birimizin qəlbində  milli ruh yüksəlir, vətənpərvərlik, iftixar və qürur hissi coşub-daşır....
Ümumən,  Azərbaycan marşlarının hamısında melodiya sadə, yaddaqalan olmaqla yanaşı, məzmun baxımından coşqun və mübariz ruhludur. Bu marşda - dövlət himnimizdə də əsərin şeiriyyəti musiqi əzminə tabe edildiyindən səslənən kimi himnin mətni sanki bulaq kimi çağlayır, bütün əzəməti, coşqunluğu, mübariz ruhu ilə qəlblərə axıb gedir, hamının qanını Vətən sevgisi, millət duyğusu ilə coşdurur, doğma Azərbaycanın birliyi, bütövlüyü, bölünməzliyi uğrunda mübarizəyə səsləməklə yanaşı keçib gəldiyimiz keşməkeşli, əzablı yollar da göz önündə canlanır.
Bu möhtəşəm Himni dinlədikcə xəyallar bizi yüz il əvvəllərə qaytarır. 1918-ci ildə qurulan  Azərbaycan Xalq Cümhuriyyəti  digər dövlətçilik atributları ilə yanaşı  Dövlət himninin yaradılması sahəsində də müəyyən addımlar ata bildi. Təəssüf ki,  Dövlət himninin layihəsi 1919-1920-ci illərdə hazırlansa da, o dövrün tarixi-siyasi hadisələri onun qanunvericilik səviyyəsində qəbuluna imkan vermədi. Cümhuriyyətin  rəsmi orqanı olan "Azərbaycan" qəzetinin  14 noyabr 1919-cu il tarixli sayında Xalq Maarif  Nazirliyi tərəfindən hökumətə milli himnin və dövlət gerbinin hazırlanmasının təşkili  haqqında rəsmi təkliflərin təqdim edildiyi xəbər verilir, həmçinin bildirilir ki, himnin yaradılması üçün müsabiqəyə layihələr 1920-ci il fevralın 1-nə  qədər təqdim olunmalıdır. Ən yaxşı himnə görə isə mükafat verilməsi də nəzərdə tutulurdu.
Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər  Şurası dərhal  həmin təkliflərə baxaraq 1920-ci il yanvarın 30-da "Azərbaycan Respublikasının milli himni, dövlət gerbi və möhürü, hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında" qərar qəbul etdi. Qərara görə, milli himnin, dövlət gerbi və  möhürünün hazırlanması üzrə müsabiqə elan edilməsi Xalq Maarif Nazirliyinə, hərbi ordenlər üzrə isə Hərbi Nazirliyə həvalə edildi. Həmçinin hökumət qərarı ilə milli himnin yaradılması məqsədilə müsabiqə qalibinə 50 min rubl vəsait ayrılması qeyd olunurdu. Layihələr  1920-ci il mayın 1-nə qədər təqdim edilməli idi. Dövlət atributlarının  Azərbaycan İstiqlalının ikinci ildönümünə - 1920-ci il 28 Mayadək qanunvericilik səviyyəsində qəbul edilməsi nəzərdə tutulurdu. Lakin 1920-ci ilin 27 aprel rus-bolşevik istilası  nəticəsində  Xalq Cümhuriyyətinin devrilməsi bu böyük milli ideyaların həyata keçirilməsinə imkan vermədi.  O gün Cümhuriyyətin qaldırdığı ay-ulduzlu bayrağı dövlət binaları üzərindən endirsələr də, ürəklərdən silmək mümkün olmadı.
O bayrağı əcdadlarımız ilk dəfə 1919-cu ilin 9 noyabrında  qaldıraraq azadlıq simvoluna çevirə bildilər. Onun rəngləri, üstündəki aypara çox mətləblərdən xəbər verirdi. Məhəmməd Əmin Rəsulzadənin sözlərilə desək:  "Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".
Dahi Üzeyir Hacıbəyli milli bayrağın rənglərinin ifadə etdiyi məna və funksiyadan danışaraq yazırdı: "Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu...Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağımızın üç rəngi bu ümdənin timsalıdır".
1918-ci il noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi qərar 1991-ci ildə müstəqilliyini yenicə elan edən Azərbaycan Respublikasının Ali Soveti tərəfindən bir daha  təsdiqləndi və hər il Azərbaycan Prezidentinin Sərəncamı ilə  9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd edilməkdədir.
Ümummilli lider Heydər Əliyev dövlət himnimizin məziyyətlərindən danışarkən onu daha çox azərbaycançılığın rəmzi kimi diqqətə çatdırırdı:
- Himnimizin sözləri də ... bu gün bizim üçün doğmadır və həqiqətən Azərbaycanın müstəqilliyini, müstəqil dövlət olmağını nümayiş etdirir. Onun musiqisi də Azərbaycan musiqisidir, eyni zamanda, çox əzəmətli musiqidir. Bizim ölkəmizin vətəndaşlarının bəlkə də hamısı bunu istənilən səviyyədə dərk edə bilməyibdir. Ancaq mən xarici ölkələrdə ziyarətlərdə olarkən, Azərbaycanın və həmin dövlətin himni çalınarkən çox böyük qürur hissi keçirirəm. Həmin ziyarətlərimdə məndə bəlkə də ən böyük əhval-ruhiyyə yaradan Azərbaycanın bayrağı altında Azərbaycanın himninin çalınmasıdır. Onu da deyə bilərəm ki, bəzi dövlət başçıları sonrakı söhbətlərdə etiraf ediblər ki, Sizin himninizin musiqisi çox gözəldir, bayrağımız da gözəldir. Bu, həqiqətən belədir... Ona görə də biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və    məhəbbətin rəmzidir.
İllər keçdikcə bu bayraq, himn sevgisinin nələrə qadir olduğunun bir daha şahidi olduq.  Bəlkə ona görə  Qarabağ savaşı, Vətən müharibəsi daha çox yüyürən ürəklərin, bükülməz biləklərin, inamların, arzuların, həsrətlərin, bir də bayraqların və bayrakdarların  müharibəsinə, davasına çevrilə bildi. Bunu Ağdamda, Cəbrayılda, Laçında, Şuşada, azad olan torrpaqlarımızın hər qarışı uğrunda döyüşlərdə görə bildik. Əmin olduq bir daha: O Himni durduracaq,  O  Bayrağı  o yüksəkliklərdən endirə biləcək bir qüvvə yoxdur və ola da bilməz!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan

   Kəmalə Mirzəyeva
 

Digər xəbərlər