ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Şəhriyar Məmmədyarova niyə təşəkkür düşür? - Sevda Sultanova yazır
CƏMİYYƏT
03.06.2024, 15:17 Oxunub: 1401Ötən həftə şahmatçı Şəhriyar Məmmədyarovun yutub kanalında yayımlanan "Persona" verilişində qadınların çox sahədə kişilərdən zəif olması barədə səsləndirdiyi fikir sosial şəbəkələrdə sərt tənqid hədəfinə çevrildi və gender bərabərliyi konsepsiyasına zidd düşüncə kimi qiymətləndirildi.
Bəlkə də başqa vaxt, tutalım, 5-6 il öncə mən də Şəhriyar Məmmədyarovu tənqid kampaniyasına qoşulardım, hətta onu "linçləyənlərdən" biri olardım. Lakin yaş, həyat təcrübəsi baş verənləri, emosiyalardan arınaraq, küysüz, soyuqqanlı təhlil etmək imkanı verir. Bu mənada şahmatçının qadınlar haqda ümumiləşdirilmiş fikirləri məni bir qadın kimi nəinki narahat eləyir, hətta mühafizəkar baxışını publik şəkildə dilə gətirdiyinə görə ona minnətdarlığımı bildirmək istəyirəm.
Ona görə ki, fərqli fikirləşənləri sosial şəbəkələrdə linçləyən, psixoloji zorakılığa məruz qoyan "liberallar"ın cəmiyyətdə qol-qanad açmamasından ötrü, onların standartlarıyla uyğunlaşmayan əks fikirləri ucadan söyləmək mütləq şəkildə vacibdir. Ona görə ki, "liberallar" "hamı eyni qəlibdə, düşüncədə olmalıdır" kimi təhlükəli virus yayırlar. Ona görə ki, onların mövqeyini dəstəkləməyən fikirlərə dözümsüzdürlər, normal polemika aparmaq əvəzinə infantil isterika nümayiş etdirirlər, özlərini hamıdan mənəvi cəhətdən üstün sayırlar, müxtəlifliyi həzm edə bilmirlər. Nəticədə Qərbdə elə vəziyyət yaranıb ki, ən nüfuzlu intellektual belə "liberalların" mövqeyilə razılaşmayanda susmağa məcburdur, ona görə ki, kütləvi hücumdan, işini itirməkdən, cəmiyyətdən qovulmaqdan çəkinir. Dəfələrlə olub ki, istər xaricdə, istərsə də bizdə hansısa ictimai şəxs sosial şəbəkələrdə mühafizəkar fikir səsləndirəndə, feministlər, gender bərabərliyi tərəfdarları məntiqli, mədəni müzakirə aparmaq əvəzinə, həmin adama qarşı emosional, psixoloji basqı göstəriblər. Yaxud, mühacirət edən azərbaycanlılar şəxsi yazışmalarında Qarabağın işğaldan azad edilməsinə sevinsələr də, "liberalizmin" basqısı ilə sosial şəbəkə paylaşımlarında sığınacaq aldıqları ölkələrdən deportasiya olunmamaq üçün müharibəni lənətləyirlər. Belə davranış, nasizmin "liberal" libasda meydana çıxmış yeni formasıdır. Və bizim "liberallar"ın virtual dünyadan reallığa çıxmasına mane olan faktorlardan biri cəmiyyətdə mental düşüncənin, mühafizəkarlığın dominantlığıdır.
Jurnalist kimi mən aktiv fəaliyyətə "525-ci qəzet"də başlamışam. Fəaliyyətim dövründə mühafizəkar dəyərlərə, ağsaqqal-ağbirçək təsisatına qarşı xeyli tənqidi, üsyankar məqalələr yazmışam. Lakin müasir "liberalizmin" sırtıqlığı, fikir müxtəlifliyini axtalama cəhdləri ilə bağlı müşahidələrim, oxuduğum analitik yazılar zamanla məni bu üsyankarlıqdan çəkindirdi...
Şəhriyar Məmmədyarovu fikirlərinə görə seksist, ibtidai düşüncəli insan kimi dəyərləndirən adamların əsas qismi qəzəbli mətnlərində, onun gender bərabərliyinə hörmətsizliyini vurğulayırlar. Şəhriyar Məmmədyarovun müsahibəsindən həmin hissəsini dinlədim; o, təmkinlə, təhqiramiz tona yol vermədən fikirlərini bölüşür, qadınların təhsil almaq, arzuladıqları sahələrdə özünü realizə hüququna qarşı çıxmır, sadəcə, bir ümumiləşdirmə aparır. Şəhriyar Məmmədyarova opponentlik edənlərin başlıca arqumenti budur ki, əsrlər boyu kişilər qadınlara bərabər imkanlar yaratmadığından onlar öz istedadını, güclü tərəflərini göstərə bilməyiblər. Söhbət sənətdən gedirsə, kinotənqidçi kimi deyim: digər incəsənət növləri ilə müqayisədə kinematoqrafiya çox gəncdir. Kinodilinin təkamül tapdığı, ciddi sənət kimi qəbul edildiyi illərdə artıq qadınların çox hüquqları tanınmışdı və onlar bu sahədə fəaliyyət göstərirdilər. Dünyanın on, iyirmi, lap əlli ən yaxşı kinorejissoru siyahısını tərtib eləsəm, ora heç bir qadın rejissorun adını salmaram. Əlbəttə ki, filmoqrafiyasında əla filmlər yer alan qadın rejissorlar var: Kira Muratova, Larisa Şepitko, Şantal Akerman, Liliana Kavani, Marqareta fon Trotta, Anyes Varda, Aqneşka Holland və digərləri. Lakin adını çəkdiyim qadın rejissorların hamısının birlikdə yaradıcılığı sənət, kinodili, interpretasiya meyarları ilə baxsaq, elə təkcə Bunuelin və ya Antonioninin yaradıcılığına uduzur. Yaxud da aktyorluq sənətində onlarla parlaq aktrisanın adını çəkə bilərəm. Hətta maraqlı bir detalı deyim ki, Karl Dreyerin "Janna Darkın iztirabları" filmində baş rolu canlandıran Rene Falkonettinin oyunu bu gün də kinoda ən yaxşı ifa kimi qiymətləndirilir.
İndi kinoda gender bərabərliyini təmin etməkdən ötrü vacib festivallara istedadı oldu-olmadı qadın rejissorları dürtüşdürürlər. Nəticədə, "Titan", "Hadisə" kimi sözün əsl mənasında səviyyəsiz, sənətə dəxli olmayan filmlər mükafat alır...
Cinslər arasıda bərabər imkanların yaradılmasından söhbət gedirsə, qadınlar da hərbi xidmətdə olmağı, ağır işlərdə çalışmağı gözə almalıdırlar. Bu zaman onlar arasında bioloji, anatomik, fizioloji xüsusiyyətlər də nəzərə alınmayacaq. Necə ki yaxınlarda Niderlandda gender bərabərliyi əsas götürülərək qadınların da orduya cəlb edilməsi barədə qanun qüvvəyə mindi. Bu gedişlə vəziyyət o həddə çatacaq ki, qadınlar gender bərabərsizliyindən yox, gender bərabərliyindən əziyyət çəkəcəklər.
Hər şeydə seksizm əlamətləri axtarmaq artıq absurdluq həddində təzahür edir. Qərbdə bir qadın, ona ağır yükü daşımaqda kömək edən kişini acılayır, bunu şəxsiyyətinin alçaldılması, hüquqlarının pozulması kimi başa düşür. Bir qisim qadına isə elə gəlir ki, onlar kişi kimi davrananda, kişilərin maneralarını təkrarlayanda gender bərabərliyi yaranır.
Gender bərabərliyinə lazımsız aludəçilik nəticəsində qadınlar və kişilər təbiətlərinə xas təbii xüsusiyyətləri itirirlər, gender bərabərliyini cinssiz bərabərliyə çevirməyə çalışırlar, tibb elmi isə transgender qadının (qadına çevrilmiş kişi) doğa bilmək bacarığına yiyələnməsi üçün baş sındırır.
...Bu kimi situasiyalar ortaya çıxanda (Şəhriyar Məmmədyarovun müsahibəsini nəzərdə tuturam) rus teatr rejissoru Konstantin Boqomolovun bir neçə il öncə xeyli müzakirələrə yol açan "Avropanın oğurlanması 2.0. Bir rejissorun manifesti"nə təkrar qayıdıram. Müəllifə görə, Qərbin formalaşdırdığı "yeni etika" ideologiyası hər kəsi politkorrekt danışmağa məcbur edir, düşündüyünü deməkdən çəkindirir və insanın mürəkkəb mahiyyəti - təbiətindəki qaranlıq tərəfləri, qüsurları gözardı edilir, duyğu azadlığı məhdudlaşdırılır və nəticədə fərqliliyi, ziddiyyətləri olmayan ruhsuz insan yaradılır:
"Nasizmin nəticələrini əqli və mənəvi cəhətdən aşa bilməyən Avropa mürəkkəb insanı xədim etmək qərarına gəldi. Qərb özünü fərdi azadlıqların reallaşmasına istiqamətlənmiş cəmiyyət elan edib. Əslində, bu gün Qərb fərdə qarşı mürəkkəb və ağır bir enerji ilə mübarizə aparır. Bu mübarizədə məhkəmə, təqib və təcridetmə funksiyaları aradan qaldırılmayıb, sadəcə dövlətdən cəmiyyətə həvalə olunub. Polis və təhlükəsizlik xidməti əməkdaşları tərəfindən təmsil olunan dövlət "humanistləşdirilib" "insaniləşdirilsə" də, dövlət fərqli fikirliliyə qarşı effektiv mübarizəsini, hücum dəstələri rolunu öz üzərinə götürmüş, şərti mütərəqqi cəmiyyətin köməyi ilə aparır. Müasir Qərb dünyası "yeni etika" ideologiyası ilə Yeni etik reyx formalaşdırır. Keçmişdə nasional-sosializm idi, indi isə qarşımızda etik-sosializm, kvir-sosializmdir. "Siemens", "Boss" və "Volkswagen Google", "Apple" və "Facebook"a çevrilib, "nasistlər" isə eyni dərəcədə aqressiv və dünyanın tamamilə yenidən şəkillənməsinə susamış kvir-aktivistlər, fem-fanatiklər və eko-psixopatların qarışığı ilə əvəz olunub. Ənənəvi totalitar rejimlər düşüncə azadlığını boğurdu. Yeni qeyri-ənənəvi totalitarizm isə daha da irəli gedərək, duyğuları idarə etmək istəyir. Bir fərdin duyğu azadlığının məhdudlaşdırılması - Yeni etik reyxin inqilabi konsepsiyasıdır.
Nasist cəmiyyətində insan başqalarına nifrət etsin deyə, it kimi məşqlərə məruz qalır, əhliləşdirilirdi. Yeni etik reyxdə isə insan sərbəst nifrət etmək hüququndan məhrum edilərək, sevməyə öyrədilir. Sən artıq "bəyənmirəm...", "sevmirəm...", "qorxuram..." deyə bilmirsən. Duyğularını yalnız ictimai rəy və sosial dəyərlərlə uzlaşdırmalısan. Sosial media bu yeni repressiv maşın üçün ideal vasitə oldu. Onun şərti əməkdaşları - hamısı "hörmətli" və "şəbəkədə" aktiv vətəndaşlardır. Forma geyinmirlər, dubinkaları və şok dəyənəkləri yoxdur, ancaq qadjetləri, obıvatelsayağı iqtidar hərislikləri, zorakılığa gizli ehtirasları və sürü instinktləri var. Qanuni hüquqları yoxdur, ancaq mənəvi üstünlük hüquqları var.
Şəbəkələr bu yeni təcavüzkarlara anonimlik, təmassızlıq və nəticədə cəzasızlıq qazandırdı. Virtual izdiham, virtual linç, virtual qısnama, virtual zorakılıq və sırada addımlamayan hər kəsin sosial təcrid olunması"...
Yeni etika onu da deyir ki, sən daxilində istədiyini düşünə bilərsən, amma bunu ucadan səsləndirmək qadağandır, içindəki senzura daim ayıq-sayıq olmalıdır. Sən səhv etməməlisən, səhvə yol verdiyin anda hər şeyini itirəcəksən. İnsanın səhv etmək və ya inandığı dəyəri, fikri səsləndirmək hüququnu tanımaq istəməyən "liberalizm" Şəhriyar Məmmədyarova bu günlərdə azərbaycansayağı məsləhət verirdi: bir ziyalı, intellektual danışanda yüz ölçüb bir biçməlidir, sözünün çəkisini bilməlidir və s.
..."Ölçülü-biçili danışmadığına", fərqli düşündüyünə və əmin olduğu fikirləri heç nədən çəkinmədən səsləndirdiyinə görə isə Şəhriyar Məmmədyarova təşəkkür düşür.
Sevda Sultanova