ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
BÖYÜK İNSAN HAQQINDA KİÇİK XATİRƏ...- İsmayıl Əliyev
TARİX
27.05.2024, 13:40 Oxunub: 2778BÖYÜK İNSAN HAQQINDA KİÇİK XATİRƏ...
1918-20-ci illər Azərbaycan Demokratik Cumhuriyyətinin yaradıcısı və qurucusu olan M. Ə. Rəsulzadə haqqında sənədli tarixi oçerk.
Məhəmməd Əmin Rəsuizadə Azərbaycanın bu Gününün, sabahının və gələcəyinin təcəssümüdür – İsmayıl Əliyev
Məqalə Qərbi Azərbaycanda- o cümlədən Göyçə mahalında yetkin jurnalistikanın əsasını qoymuş, jurnalist etikasına, jurnalist mədəniyyətinə, əxlaqına öz möhürünü vurmuş, mətbuat tarixinin yaradılmasında saysız və əvəzsiz xidmətləri olan ziyalı, maarifçi, istimai- siyası xadim, ünlü jurnalist Əliyev İsmayılın tərəfindən əmisi oğlu Mehdi oğlu İslamın dilindən qələmə alınmışdır.
Bir neçə söz özüm haqqında: Mən, Mehdi oğlu İslam 1912-ci ildə qədim türk-oğuz torpağının Göyçə mahalında, Hacı Qərib kəndində (sonralar Güney) dünyaya göz açmışam. 8-9 yaşından başlayaraq kənddəki Axund Əli Əşrəfin yeni tipli məktəbinə getmiş, həm də təsərrüfat işlərində atama köməklik etmişəm. Nəhayət, 1934-cü ildə kəndə ilk traktor gələndə onun sükanı arxasında mən oturmuşam. Elə həmin vaxtdan başlayaraq 1942-ci ilin yanvarına qədər, yəni Sovet Ordusu sıralarına çağırılanadək fasiləsiz qaydada kənd kolxozunda mexanizator işləmişəm.
Orduda da hamı kimi mən də iki aylıq “təlimdən” sonra Xarkov şəhəri yaxınlığında düşmənlə vuruşmada iştirak etmişəm. Ağır yaralandıqdan sonra əsir düşmüşəm. Nəhayət, müalicədən sonra Belarusiyanın Priluk şəhərindəki alman əsir düşərgəsinə gətirilmişəm. Burada sovet əsirləri ilə çox sərt rəftar edir, cüzi qida verməklə üzülənə qədər ağır və işgəncəli işlərdə işlədirdilər. Bir neçə min adamın yerləşdiyi bu lagerdə hifzi-səhhət deyilən şey yox idi. Hər gün işə çıxarılanlardan meyitləri toplayıb “dəfn etmək üçün” əsirlərin özlərindən ibarət xüsusi dəstə ayrılırdı. Xülasə, bu məşəqqətli düşərgədə hər bir əsirin günləri “sanılıydı”. Bu tövrlə 1943-cü ilin avqustuna kimi keçindik. Sonra nə baş verəcəyini bilməsək də, sezirdik ki, təxminən bir həftə ərzində çox sürətlə düşərgəni təmir etdilər, hamamlar işə düşdü, paltarlarımızı və yataq ləvazimatlarımızı dəyişdirib təzələdilər. Bunlarla yanaşı təəccüb doğuran hal orasıydı ki, düşərgədəki başqa millətlərdən olan əsirləri hara isə aparır, başqa düşərgələrdən müsəlmanları bura gətirirdilər. Bizə münasibət də dəyişmişdi, qabaqlar olan sərt rəftardan əsər-əlamət qalmamışdı, yeməyimiz isə düşərgə gözətçiləri olan alman əsgərlərinin normalarına tam uyğun qaydada verilirdi, iş saatı isə xeyli azaldılmışdı, bazar günlərindən əlavə həftənin cümə günləri də istirahət günləri elan edilmişdi.Tibbi xidmət də əsaslı qaydada yaxşılaşdırılmışdı. Demək olar ki, düşərgə sakinlərinin hamısı asta-asta da olsa, ətə-qana gəlirdi.
Bir cümə günü düşərgə rəisi Haputman yığıncaq keçirdi. Elan etdi ki, Azərbaycanın böyük rəhbəri Məhəmməd Əmin Rəsulzadə iki ay bundan qabaq fürerin yanında olub və fürerin göstərişi sayəsində Böyük Almaniyada olan bütün müsəlman əsirləri başqa əsirlərdən seçilib və xüsusi imtiyaz verilib. İndi Məhəmməd Əmin bütün düşərgələrdə olur və əsirlərlə görüşlər keçirir. Gələn cümə günü isə bizim düşərgəyə sizlə görüşməyə gələcəkdir.
Sevincimizin həddi-hüdudu yox idi. Xüsusilə Lənkərandan olan əsgər yoldaşımız –tarix müəllimi Yusifin (soyadını unutmuşam) izahatından sonra bu böyük insan haqqında çox şey öyrənmişdik. Nəhayət, intizarlı günlər bir-birini əvəz etdi, növbəti cümə günü saat 10 radələrində tezdən bir neçə yüksək rütbəli alman zabitlərinin müşayiətilə o böyük insan– Məhəmməd Əmin düşərgəyə gəldi. Heç vaxt unutmadığım bu görüş hamıya həm zahirən, həm də daxilən əsl bir bayram təsiri bağışladı.
Tünd xaki rəngli kostyum və ağ köynək geyinmiş dolu bədənli bu adam yaşından xeyli cavan və qıvraq görünsə də, gözəl və girdə olan əsmər bənizli simasına, xüsusilə gözlərinə çökmüş bir mükəddərliyi ani qaydada sezmək olurdu. O, sakit və aramla danışır, danışdıqca da söhbətinin şirinliyi hər birimizin qəlbinə hakim kəsilirdi. Elə bil ki, biz çoxdan bu adamı tanıyırdıq.
Xüsusilə, alman dövlət rəhbərliyi ilə olan danışıqlarını dönə-dönə vurğuladı ki, darıxmayın, qəribsəməyin, dözümlü olun, hər şey yaxşı olacaqdır. Yoldaşlarımızdan kövrələnlər çox idi. Onlara müraciətlə dedi ki, sizlərdən hər biriniz 2-3 ildir ki, Vətəndən, ev-eşiyinizdən ayrılıbsınız. Bəs mən necə edim ki, artıq 25 ilə yaxındır ki, qürbətdə yaşayıram. Sonra o, düşərgənin bir neçə yerində namaz qılmaq üçün ibadət otaqları hazırlanması haqqında göstəriş verdi, içərimizdə molla olub-olmadığını soruşdu. Yoldaşlarımız Qaryagindən (indiki Füzuli rayonu) Qasım adında birisini nişan verdilər. Qasımla kiçik bir söhbətdən sonra onun Berlində təşkil edilmiş iki aylıq “təkmilləşdirmə” kursuna göndərilməsini məsləhət etdi. Bundan sonra mədəni tədbirlərin keçirilməsi üçün “özfəaliyyəti” qaydaya saldı, çalıb –oxuyanları, oynayanları nəzərdən keçirdi: şeir həvəskarlarına xüsusi diqqət yetirdi. Mən də öz növbəmdə Vaqifin “Ey mələk xuylu , tuba boylu yar...” mətləsi ilə başlanan müxəmməsini dedim, sonra məndən soruşdu ki:
Kür qırağının əcəb seyrangahı var ,
Yaşılbaş sonası hayıf ki, yoxdur...- qoşmasını bilirsənmi? Mən məmnuniyyətlə qoşmanı ifa etdim, şeirin son bəndini oxuyanda onun gözlərini yüngülcə yaşarmış gördüm. Keçirdiyi xiffət və qəhər onu boğsa da, özünü tez ələ aldı. Bir çox əsir fəalların adını yazdığı kiçik bloknotunu çıxartdı və mənə “Adın, familyan necədir ?”- deyə müraciət etdi. “Mehdi oğlu İslam,” - deyə mən qısaca cavab verdim, o “bəs familyan ?”-deyə soruşdu. Mən çiynimi çəkdim, dedim ki, bizim bölgədə - Göyçədə hamını ad və ata adı ilə çağırırlar və belə də yazırlar. O, əlini yüngülcə çiynimə çəkdi: “Hə, Göyçə ! Qorqud Dədənin adlandırdığı “Göyçək” sözündəndir, doğrudan da, çox füsünkar yerlərdir,” - dedi. Sonra Murov dağ yaylağından atla Zoda (Göyçədə kənd adıdır –İ.H.) getdiyindən, şair Hacı Əliş ağanın qonağı olduğundan söhbət açdı. Dərin təəssüfünü bildirdi ki, Aşıq Ələsgər Tiflisə getdiyinə görə, onunla görüşə bilməyib və Hacı Əliş ağanın Cənabi Əlinin şəninə həsr elədiyi bir şeirini əzbərdən dedi. Təəssüf ki, şeirin ancaq iki misrası yadımda qalıbdır :
Yüz il ibadət eyləsə də, Hacı girməz cənnətə,
Olmasa, Səndən əlində bir ixtiyar Əli .
Düşərgənin bütün sakinləri bu qısa vaxtda Məhəmməd Əminlə sanki qaynayıb-qarışmışdı. Xüsusilə bu böyük insanın naharı və şam yeməyini də bizimlə birlikdə etməsi hamıda tükənməz bir heyranlıq əmələ gətirmişdi. Yeməkxanadakı alman dəqiqliyi də diqqəti cəlb edirdi. Bizdən soruşdu ki, avqust ayından bəri bu yemək norması həmişəmi belə verilir ? Biz bir ağızdan bunu təsdiq etdik. Sonralar başa düşdük ki, bizimlə birlikdə yeməkxanaya getməsi öz əsir həmvətənlərinə olan məhəbbəti, həm də alman rəhbərliyinin vədini yoxlamaq imiş.
Məhəmməd Əminin gördüyü tədbirlər, mən deyərdim ki, minlərlə, on minlərlə azərbaycanlı əsiri ölümün pəncəsindən və ömürlük şikəst olmaq təhlükəsindən birdəfəlik xilas etdi. Bəziləri belə səhv mülahizə yürüdürlər ki, guya bu güzəşt və imtiyaz müsəlman əsirlərdən ibarət xüsusi legionun təşkil edilməsilə əlaqədar imiş. Yox, bu, Məhəmməd Əminin bir şəxsiyyət, diplomat kimi hədsiz nüfuza malik olmasının nəticəsi idi. Heç də təsadüfi deyildir ki, beynəlxalq aləmdə və cəhbədə hadisələrin inkişafını düzgün başa düşən və gələcəyi görmək qüdrətinə malik olan bu böyük İNSAN öz millətinə xətər dəyməsin deyə, alman rəhbərliyinə azərbaycanlılardan ibarət təşkil edilmiş legionun döyüşlərdə iştirak etməyəcəyi haqqında öz qətiyyətli sözünü demişdi. Məhz buna görə də o, 1944-cü ilin sonlarına doğru Almaniyadan mühacirət etməyə məcbur edilmişdi.
İndi həmin illər də, o böyük insanla görüşlərim də arxada qalıb. Lakin on, bəlkə də yüz minlərlə azərbaycanlı əsirlərdən biri kimi mən də o böyük İNSANIN sayəsində sağ qalmağımı heç vaxt unutmuram və həmişə də onun ruhuna dua oxuyuram. Gün o gün olsun ki, onun qəbrini ziyarət edim.
İ. Hüseynoğlu, SSRİ Jİ-nın üzvü.
“Göyçənin rəmzi Göyçə gölüdür”-2017, Bakı,
P.S. Təbii ki, Mehdi oğlu İslam Tanrı rəhmətinə qovuşdu və günün birində gedib Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edə bilmədi. Ancaq Məhəmməd Əminin işləri və öz milləti, xalqı qarşısında etdikləri heç vaxt unudulmayacaq və adı comərdlik, kişilik simvolu kimi yaşayacaq. Və İsmayıl Əliyevin təbirincə desək: “ƏSL KİŞİLƏRƏ EŞQ OLSUN!”
Və Mehdi oğlu İslam kimi cəfakeş, fədakar insanlar sonda ömürlərinin ahıl çağlarında müqəddəs Vətən-Göyçə torpaqlarından didərgin düşdülər. O yerlərin həsrəti və acısı ilə yaşadılar. Nə idi bu insanların günahı!? Türk, müsəlman doğulmaqlarımı? Şərhə heç bir ehtiyac yoxdur. Yetər ki, verilən, bəxş olunan ömrünü şərəflə, namusla yaşayasan! Bir də fəaliyyət və mübarizlik yolunu əxz et! Səndən bunlar tələb olunur, Vətən oğul- qızları, vahid Vətənimiz Azərbaycanı qorumalı! Onun uğrunda lazım gələrsə canımızı- qanımızı- həyatımızı fəda etməyi bacarmalıyıq.
“Təki sən Yaşa, Yaşa, Azərbaycan- F. İbrahimi.”
İSMAYIL ƏLİYEV
SSRİ Jİ-nın üzvü