usd-1.7000 eur-1.7938 rub-1.6915
Bakı 14°C 7.53 m/s
Son xəbərlər
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

“Dünya ədəbiyyatı” dərgisinin “Çeçenistan” sayı nəşr olunub

details

ƏDƏBİYYAT

04.07.2024, 14:10 Oxunub: 1141

Azərbaycan Yazıçılar Birliyinin (AYB) nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin yeni sayı bütövlükdə Çeçenistana həsr edilib.

1001info.az  xəbər verir ki, bu barədə dərginin baş redaktoru Seyfəddin Hüseynli məlumat verib. Onun bildirdiyinə görə, nəşrin “Çeçenistan” sayında fərqli ədəbi nəsillərə mənsub sanballı imzaların seçmə proza və poeziya nümunələri toplanıb. Nəşrdə Çeçenistanın tarixinə və bugününə, çeçen dili və ədəbiyyatına dair məqalələr də öz əksini tapıb.

S.Hüseynli qeyd edib ki, AYB-nin beynəlxalq əlaqələr üzrə katibi, şair Səlim Babullaoğlunun rəhbərliyi və təşkilatçılığı ilə gerçəkləşən bu yaradıcılıq layihəsi Azərbaycan-Çeçenistan ədəbi əlaqələrinə böyük töhfədir: “Fikrimcə, dərgimizin “Çeçenistan” sayı çeçen ədəbiyyatının Azərbaycan dilinə sistemli tərcüməsi, bizim ədəbi mühitdə layiqincə tanıdılması yolunda ilk mühüm addım kimi də əlamətdardır!”

Xalq yazıçısı, akademik, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla nəşrdəki “Qafqaz dağlarıtək məğrur çeçen ədəbiyyatı” adlı təqdimat yazısında qeyd edir ki, “Dünya ədəbiyyatı” dərgisinin Çeçenistan ədəbi cameəsinə həsr olunmuş bu sayında təqdim olunan klassik və müasir nümunələrdə çeçen həyatı, xalqın quruculuq və mübarizə tarixi boy göstərir: “Bu yazılarda çeçen xarakteri, xalqın gələnəklərini ortaya qoyan qəhrəmanlıq motivləri, çeçenlərin bugünkü həyatı öz əksini tapıb”. Akademikin fikrincə, “çeçen ədəbiyyatı mənsub olduğu xalqla eyni taleyi yaşayıb, dəfələrlə repressiyalarla üz-üzə qalıb, lakin sınmayıb, tarix səhnəsini tərk etməyib, çətinliklərdən keçərək, sınaqlardan çıxaraq öz bədii mövcudluğunu qoruyub saxlamağı bacarıb, xalqın taleyini, özünəməxsus mədəniyyətini bugünümüzə daşıyıb”.

Şair və tərcüməçi, AYB-nin katibi Səlim Babullaoğlu “Ən vacib mövzularda çeçen ruhu ilə yazmaq...” essesində həm bu sayın ərsəyə gəlməsinə yol açan hadisələr, həm də çeçen xalqının tarixi, ədəbiyyatı və bugünü ilə bağlı düşüncələrini, təəssüratını qələmə alıb. Onun qənaətinə görə, Şimali Qafqaz xalqlarının yeni yazılı ədəbiyyatları sırasına aid edilən hazırkı çeçen ədəbiyyatının tarixi son iki yüz ili əhatə eləsə də, əlverişli olmayan sosial-tarixi şərait üzündən onun yaranması, pərvərişi, sistemli öyrənilməsi əsasən son yüz ildə baş verib: “Hərçənd elə həmin o son yüz il də əsla sadə dövr olmayıb; 3 dəfə “əlifba (ərəb-latın-kiril) islahatı”nın hər bir xalqın dili və ədəbiyyatı üçün yumşaq desək, nə qədər böyük çətinliklər yaratdığını biz azərbaycanlılar pis bilmirik; üstəgəl, bütün bu əlifba dəyişiklikləri məlum tarixi hadisələrin, təlatümlərin, qanlı savaşların, repressiya və təqiblərin, sürgün, terror və vətəndaş qarşıdurmalarının təzahürü olub...”

S.Babullaoğlu essesini Çeçenistanın paytaxtı Qroznıya səfərindən bir xatirə və çeçen xalqının gələcəyinə dair çox mühüm diləklə tamamlayır: “Axşamüstüdür. Mərkəzdə türk ustaların inşa etdiyi 4 minarəli “Çeçenistanın ürəyi” məscidinə tərəf addımlayıram. Görüşdüyüm universitet müəllimlərinin və gənc tələbələrin, gün ərzində üz-üzə gəldiyim insanların elə yol boyu da təkəmseyrək qarşılaşdığım adamlar kimi sarışın, ağbəniz, işıqlı simaları, ağıllı baxışları təkrar-təkrar gözümün önündən keçir və anlayıram ki, Çeçenistan yaralarını sağaldıb, sağaldır. Qoy Allah bu mərd xalqa bir də savaş, qırğın nəsib eləməsin!”

Dərginin bu sayı AYB ilə Çeçenistan Dövlət Pedaqoji Universitetinin əməkdaşlığı çərçivəsində ərsəyə gəlib. Nəşrin hazırlanmasında Çeçenistan DPU-nun rektoru İsmayıl Bayxanovun, əsərlərin tərcüməsi üçün hüquqların təmin olunmasında Çeçenistan Yazıçılar İttifaqının sədri Aləməhəd Yelsayevin xüsusi rolu var. Layihənin koordinator və məsləhətçiləri Tamara Avtayeva və Raisa Buralovadır.

Nəşrin “Proza” bölümündə Səidbəy Arsanov, Xalid Oşayev, Səid Budayev, Məhəmməd-Salah Qadayev, Umar Qaysultanov, İsa Zakriyev, Səid-Həmzət Nunuyev, Musa Əhmədov, Əminət Tapalayeva, Asya Umarova və başqa müəlliflərin yaradıcılığından nümunələr var.

“Poeziya” bölümündə Məryəm İsayeva, Məhəmməd Mamakayev, Nurdin Muzayev, Bilal Səidov, Əhməd Süleymanov, Raisa Əhmədova, Şeyxi Arsanukayev, Yamlixan Xaspoladov, Musbəy Kibiyev, Vahid İtayev, Şahid Rəşidov, Məhəmməd Dikayev, Ömər Yariçev və digər şairlərin əsərləri verilib.

Çeçen poeziyası nümunələri Azərbaycan oxucusuna Səlim Babullaoğlunun tərcüməsində təqdim olunub. Bədii nəsr və ədəbiyyatşünaslıq materiallarını isə Seyfəddin Hüseynli, Azad Yaşar, Dürdanə İbrahimova-Hüseynbəyli, Şəfiqə Şəfa, Səadət Sultan və Həmid Piriyev tərcümə ediblər. 

Mövsur İbrahimovun “Çeçen Respublikası: tarix və çağdaş dövr” məqaləsini S.Hüseynli, Aysa Xalidovun “Çeçenlərin yazı mədəniyyəti: tarixi keçmiş və müasir vəziyyət” yazısını A.Yaşar, Zarema Çukuyevanın “Çeçen ədəbiyyatı: inkişafının əsas mərhələləri və tendensiyaları” məqaləsini Ş.Şəfa çevirib.

Nəşrin bədii tərtibatında Çeçenistanın tanınmış rəssamlarından Məhəmməd Zakriyev və Rüstəm Yaxixanovun təsviri sənət nümunələrindən istifadə olunub.

Dərginin dizayneri Emil Camalov, korrektorları Gülzar Vaqifqızı və İbrahim Cəfərovdur.

Digər xəbərlər