usd-1.7000 eur-1.7708 rub-1.7061
Bakı 8°C 8.53 m/s
Son xəbərlər
22-01-2025
20-01-2025
16-01-2025
15-01-2025
14-01-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Milli Konservatoriyanın rektoru:  "Deməzdim ki, çox cəsarətliyəm..."

details

MƏDƏNİYYƏT

22.01.2025, 16:58 Oxunub: 46


PROFESSOR KAMİLƏ DADAŞZADƏ: "GƏNCLƏRİMİZ TƏLƏSİRLƏR Kİ, TEZ TANINSINLAR"

Qarşılayıb yola salmaq kimi fürsətimiz olan hər bir il Tanrının bizə lütfüdür. Gələn hər yeni ildən gözləntilər həm çox, həm də müxtəlif olur. Yeni ilə yeni başlanğıclar, nailiyyətlər, saysız istəklər, xəyal kimi gördüyümüz arzuların gerçəkləşəcəyi, qazanmaq istədiyimiz uğurlar kimi baxırıq. Təki hamının istəyi gerçək olsun.

Lakin o da var ki, bu gün dünya məhvərindən çox çıxıb. Hamımız bunun fərqində olsaq da, ümid sonda ölür düşüncəsilə inamımızı itirməməyə çalışırıq. Və bu gün hamının ən ümdə istəyi dünyanın əmin-amanlıq, sülh, barış içində var olmasıdır.

Əziz oxucu, yeni ilin ilk ayında sizlərlə elə ilk görüşümüzə gəlib çatdıq. Bugünkü şənbə qonağımızın vədəsini hələ ötən ildən alsaq da, gerçəkləşdirə bilmədik. Səbəb isə həmişə olduğu kimi vaxt darlığına söykəndi. Lakin o, bizə yeni ildə ilk qonağımız olacağına söz verdi və vədinə əməl etdi. Hər telefon əlaqəsində qiyabi də olsa, onun kübarlığını hiss etmək olurdu. Kökdən gələn ziyalılıq daha sonra parlaq bir nəslin nuruna qarışa bilmişdi. Amma istədik ki, bu haqda özü danışsın.

Yeni ildə ilk qonağımız Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaşzadədir.

 

- "Dərdi dünya olanın, dünya qədər dərdi olar". Yunis Əmrənin  deyimidir. Həqiqətən də bu gün narahat dünyanın elə özü boyda dərdi var...

- Suala birmənalı cavab vermək qeyri-mümkündür. Təbii ki, dünyada baş verən proseslərdən kənarda qalmaq olmaz və bunlar bizə öz təsirini mütləq şəkildə göstərir. Odur ki, yaşadığımız dövrdə cərəyan edən son dərəcə mürəkkəb proseslərə, müşahidə etdiyimiz kataklizm və sarsıntılara bir insan, bir vətəndaş kimi laqeyd qalmaq kimi hüququmuz yoxdur. Eyni zamanda bu gün məni rəhbərlik etdiyim ali təhsil ocağının gündəlik problemləri və strateji  vəzifələri də narahat edir. Yəni əksər insanlar kimi, məni də "dünya qədər dərdi olan dünyanın" problemlərilə paralel sırf fəaliyyətim, həyatım, daxili dünyamla olan məsələlər narahat edir. Burada yenə də Yunis Əmrəyə istinad edək: "Bir mən vardır məndə, məndən içəri"...

- Böyüdüyünüz mühitlə başlayaq söhbətimizə...

- Valideyn haqqında danışmaq həmişə çətindir. Onları itirəndən sonra bu mövzu xüsusilə həssas müstəviyə keçir. Qayğıkeş, eyni zamanda çox tələbkar valideynləri olan ziyalı bir ailədə böyümüşəm. Atam Kamal (Hüseyn) Axundov uzun illər Sumqayıtda məsul vəzifədə çalışıb və bu şəhərin salınmasında, abadlaşdırılmasında onun müstəsna xidmətləri olub. Ailəmizdə dörd uşaq böyüyürdü. Buna baxmayaraq, anam elmi fəaliyyətindən heç zaman geri qalmadı, elmlər namizədi adını almaq üçün dissertasiyanı da müdafiə etdi. Evimizdə ciddi nizam-intizam qaydaları vardı. İşinin ağırlığına və məsuliyyətinə baxmayaraq, həm tərbiyəmizdə, həm də təhsilimizdə atamın rolu böyük olub. Bizim bir fərd olaraq yetişməyimiz onun həyatının deyərdim ki, əsas qayəsi idi.  Yadımdadır ki, musiqi təhsilim üçün lazımi notları, bir qədər çətin tapılan dərsliklərin əldə oluması məsələsini o, öz üzərinə götürmüşdü. Ümumiyyətlə, valideynlərim bizim yaxşı təhsil almağımız üçün hər cür şərait yaratmışdılar.

- Deməli, Sumqayıtın yetirməsisiniz...

- Sumqayıtda anadan olub, dördüncü sinfə qədər həm orta, həm musiqi məktəbində orada oxumuşam. Lakin atamın iş yeri dəyişdirildiyindən biz Bakıya köçdük və mən təhsilimi Bülbül adına Orta İxtisas Musiqi Məktəbində davam etdirdim. Bu məktəbin qeyri-adi mühitini o dövrün heç bir təhsil ocağındakı şəraitlə müqayisə etmək olmazdı. Sonrakı peşə fəaliyyətimdə Bülbül adına məktəbin yaratdığı təməl çox əhəmiyyətli olub.

- Yəqin ki, sənət seçimində sərbəst olmusunuz...

- Əslində ədəbiyyata böyük marağım vardı. Kiçik hekayələr, şeirlər yazmaqla qələmi də sınamışdım. Bu günə qədər ədəbiyyata olan marağım sönməyib. Mənə elə gəlir ki, bu maraq və istək atamın ixtisasca filoloq olmağından qaynaqlanır. Məhz o, bizim ədəbi düşüncələrimizin formalaşmasına təsir göstərə bilib. Etiraf edirəm ki, məni musiqi sahəsinə yönləndirən  anam olub və bundan əsla  heyifsilənmirəm. Bilirsiniz niyə? Ona görə ki, tədqiqat obyekti kimi seçdiyim aşıq sənətində yalnız ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən araşdırmaq kifayət deyil,  onun sinkretik təbiətini dərk etmək üçün musiqi ünsürünü də təhlilə cəlb etmək vacibdir. Bu məqsədlə mən öz araşdırmalarımda müasir fənlərarası istiqamətlərdən -  semiotika, koqnitivistika, sinergetika və s. metodoloji prinsiplərdən yararlanmağa çalışmışam.

- Sizi cəlb edən, marağınıza səbəb olan aşıq sənəti...

- Bunun əsası tələbəlik illərindən qoyuldu. Diplom işimi bəstəkar Aqşin Əlizadənin yaradıcılığı istiqamətində nəzərdə tutmuşdum, hətta bununla əlaqədar müəyyən işlər də görmüşdüm. Lakin elmi rəhbərim Firəngiz Əlizadənin tövsiyəsilə diqqətimi etnomusiqişünaslıq sahəsinə yönəltdim və aşıq sənətilə məşğul olmağa başladım. Bu zaman kifayət qədər mürəkkəb bir mövzuya müraciət etdim. O dövrdə aşıq sənəti az işlənmiş bir sahə idi. Həqiqətən həmin illərdə sənətin bu növü elə bil ki, diqqətdən kənarda qalmışdı. Eyni zamanda aşıq musiqisi mənə tamamilə yad bir sahə idi, əslində onu heç vaxt dinləməmişdim. Ailəmizdə həmişə  muğam səslənib, çünki atam onu çox sevirdi. Lakin aşıq sənətinin çox qədim kökləri məni çox maraqlandırdı. Beləliklə, bir neçə səbəb mənim aşıq sənətinə köklənməyimlə nəticələndi. Tədqiqatları, araşdırmaları apardıqca belə qənaətə gəldim ki, seçimimi düzgün etmişəm.

- Aşıq sənətinin Azərbaycan musiqi tarixinin əsası olduğu fikri hələ də var...

- Bunu birmənalı şəkildə söyləmək mümkün deyil, çünki konkret qaynaqlarımız yoxdur. Azərbaycan hər zaman mürəkkəb geosiyasi, etno-tarixi proseslərin kəsişməsində yerləşən bir ərazi olub. Əlbəttə, bu amil onun musiqi mədəniyyətinin təşəkkülü və inkişafına da təsir göstərib. Məlumdur ki, türk bədii təfəkkürünün ən parlaq təzahür formalarından olan ozan-aşıq sənəti Azərbaycanda qədim ənənələrə malikdir. Eyni zamanda Azərbaycan ənənəvi musiqisinin ikinci mühüm qolu olan muğam sənətinin də qaynaqları çoxəsrlik tarixə söykənir. Bu baxımdan konkret fikir söyləmək, nəyəsə istinad etmək çətinlik yaradır.

- Yəqin ki, Milli Konservatoriyada bu sənətin həm tədqiqatçısı, həm də rəhbəri kimi yeniliklərə imza atmaq kimi bir fikriniz var...

- Milli Konservatoriyada Azərbaycan ənənəvi musiqisinin mühüm qolunu təşkil edən aşıq sənəti bütün regional zənginliyi və musiqi-üslub rəngarəngliyilə tədris və tədqiq olunacaq. Bu məqsədlə hazırda tədbirlər planı üzərində iş gedir.

- Haqqınızda araşdırma apararkən məlum oldu ki, bir neçə xarici layihələrdə iştirak edib məruzələrlə çıxış etmisiniz. Dünya və aşıq sənəti...

- Təəssüflə qeyd etməliyəm ki, aşıq sənəti muğam qədər dünyada tanınmır. Lakin o da məlumdur ki, aşıq sənəti 2009-cu ildə YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilib və bu sənətlə məşğul olan xarici mütəxəssislər var. Məsələn, bir nəfərin adını çəkə bilərəm - amerikalı tədqiqatçı Anna Olldfield. Bu xanımla sıx əlaqələrimiz var, mütəmadi olaraq Bakıya gəlir və xüsusilə Azərbaycan qadın aşıqlarının fəaliyyətilə maraqlanır. Aprel-may aylarında onun gəlişini gözləyirik. Onunla birlikdə ilk aşıqşünas alimimiz Əminə Eldarovanın arxivi üzərində müştərək iş aparacağıq, yəni bir layihə ilə əlaqədar ortaq fikrimiz var. Bu dəyərli arxivi rəqəmsallaşdırmaq niyyətindəyik,  çünki o özündə çox dəyərli və lazımlı məlumatları, faktları ehtiva edir. Bu səpkili tədbirlər aşıq sənətinin dünya miqyasında tanınması istiqamətində mühüm rol oynaya bilər.       

- 2000-ci ilə qədər bizim dahi Üzeyir bəyin adını daşıyan, Azərbaycan mədəniyyətinə görkəmləri nümayəndələr bəxş edən bir konservatoriyamız vardı. Lakin deyəsən, kifayət etmədi...  

- Gəlin tarixə nəzər salaq. Artıq bir əsrdən çox yaşı olan Azərbaycan Dövlər Konservatoriyasında (İndiki Bakı Musiqi Akademiyası) Üzeyir Hacıbəylinin təşəbbüsü ilə digər şöbələrlə yanaşı, "Şərq" şöbəsi də açıldı. XXI əsrin əvvəlində qloballaşma proseeslərinin sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycan milli musiqisinin qorunması və dünya miqyasında təbliği məsələləri aktuallaşdı. 2000-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Konservatoriyanın yaranması tarixi bir zərurət idi. Bu gün Azərbaycan muğamının, ənənəvi musiqimizin müxtəlif növlərinin beynəlxalq arenada yayılması digər amillərlə yanaşı, həm də bizim ali təhsil ocağının missiyasının bir təzahürüdür.     

- Beynəlxalq miqyasda tanınmaq, hər hansısa layihələrə imza atmaq, ölkəyə mükafatlar gətirmək yüksək alqışlara layiqdir, bu, öz yerində. Amma sərhəddən kənara çıxmayan mədəniyyət və incəsənətimiz həmişə ürəkaçan deyil axı...

- Bunu heç kəs inkar etmir. Təbii ki, belə hallar mövcuddur. Bu, təkcə bəstəkarlıq və ifaçılıq sahəsində deyil, musiqişünaslıqda da öz izlərini qoyub.

- Günümüzün təbliğat məkanı bizim efirlərimizdir və tamaşaçıya təqdim olunan biabırçılığın da adını qoyublar şou. Amma səmimi cavab almaq istəyərdim...

- Əslində şou anlayışının ilkin mənasında mənfi deyə heç nə yoxdur. Lakin bu gün tamaşaçının böyük marağına səbəb olan bir çox əyləncəli verilişlər birmənalı şəkildə dağıdıcı rol oynayır. Mədəniyyətin ekologiyası adlı bir anlayış var. Bax, bu gün tamaşaçını ekrandan ayrılmağa qoymayan bu eybəcərlik məhz mədəniyyətimizin ekologiyasına böyük zərbədir.

- Bu gün bayağı musiqilər xitə çevriləcək qədər sevilir...

- Bu, yalnız tərbiyə və təlqin etmək üsulunun nəticəsidir. Belə bir təcrübə var: əgər mütəmadi olaraq insana hansısa bir musiqimi deyək, əxlaqi "normativ"mi deyək, təlqin edilərsə, bu, onun beyninə həmişəlik həkk olacaq. Yenə də məsələ gəlib düzgün təbliğata söykənir. Bu gün kütlənin mədəni səviyyəsini qaldırmaq vacibdir. Mən o bayağılığa musiqi sözünü belə, yaraşdırmıram. Düzü, bilmirəm bunu necə adlandırmaq olar. Bu acınacaqlı vəziyyətin bircə yolu var - o da düzgün təbliğatdır, yəni hansı səmtə üz tutsaq da, yenə də bu nöqtəyə gəlib çıxırıq.

- Söhbətimizin məcrasını bir qədər dəyişmək istərdim. Milli Konservatoriyaya rəhbər təyin edilənə qədər Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri olmusunuz, yəni həm orada, həm yeni ünvanda əsas əhatə dairəniz gənclər olub. Yeni nəsil gəncliyimizdən danışaq bir az...

- İstedadlı, savadlı gənclərimiz çoxdur. İncəsənətə, musiqiyə böyük maraqları var, yeni elmi biliklər əldə etməyə çox həvəslidirlər. Bir şeyə heyifsilənirəm ki, onların sayı kifayət qədər deyil. Çox istərdim ki, tələbələrimiz öz ifaçılıq sənətinə, elmi istiqamətə daha çox köklənsinlər. Bununla belə, müasir düşüncəli gənclər bizi sevindirə bilir. Bir də gənclərimizdə onu müşahidə etmişəm, tələsirlər ki, tez tanınsınlar. Özünü tanıtmaq, sübut etmək əslində yaxşı xüsusiyyətdir, lakin onlara anlatmağa çalışıram ki, bunun üçün müəyyən bir dövr tələb olunur və daha səylə çalışmaq, özünə tələbkarlıqla yanaşmaq, yeniliklərə açıq olmaq, sənətə gedən yolları təkmilləşdirmək lazımdır. Ümumilikdə isə gözəl gənclərimiz var.

- Adətən məsul vəzifə daşıyanlar mətbuata o qədər də açıq olmur. Ya vaxt darlığı, ya hələ müsahibəyə hazır olmadıqları kimi bəhanələrlə söhbətdən yayınırlar. Milli Konservatoriyaya təyinatınızdan təqribən iki həftə sonra sizinlə əlaqə saxladıq və müsbət cavab aldıq. Düşünmək olar ki, cəsarətli xanımsınız...

- Deməzdim ki, çox cəsarətliyəm... Sadəcə olaraq dərk edirəm ki, mənə böyük etimad göstərilib və çox məsul bir yük var üzərimdə. Müəyyən planlarım var və onlar haqqında qəzetiniz vasitəsilə oxucularla bölüşmək istərdim. Hazırda Milli Konservatoriyanın inkişaf strategiyası üzərində işləyirik və vurğulamaq istəyirəm ki, bu, bizim üçün formal deyil, gələcək fəaliyyətimizi istiqamətləndirən bir sənəd olacaq. Ənənəvi musiqilə məşğul olan bir şəxs kimi burada müəyyən problemləri də, inkişaf perspektivlərini də görürəm. Əslində özüm üçün də yeni bir sahədir və çox maraqlıyam ki, öz planlarımı reallaşdıra bilim. Hazırda bütövlükdə konservatoriyanın qayğıları ilə yaşayıram. Bu il Azərbaycan Milli Konservatoriyasının 25 illiyidir, yəni bizim üçün əsrin bir hissəsini başa vuran tarixi hadisədir. Bununla bağlı silsilə tədbirlər keçirmək planımız var. Bu, təkcə konservatoriyanın deyil, eyni zamanda milli musiqimizin keçdiyi yola bir baxış olacaq. Tədbirlərin sırasında "Miras" adlı layihənin adını çəkmək istərdim. Bu layihədə milli musiqimizin ən ünlü simaları haqqında söhbət açılacaq. Daha bir əhəmiyyətli tarix Üzeyir bəyin 140 və şanlı qələbəmizin beş illiyidir. Hər iki tarix silsilə tədbirlərlə qeyd olunacaq.    

- Uzun illər Milli Konservatoriyaya rəhbərlik edən sələfiniz Xalq artisti Siyavuş Kərimidən sonra davam edəcək ənənələr yəqin ki, qalacaq...

- Təbii ki... Burada illər ərzində bir çox tədbirlər keçirilib, festivallar, simpoziumlar, konfranslar olub və onların birmənalı şəkildə davamı olacaq. Bu sıradan çox önəmli bir konfransın adını çəkmək istərdim: "Şuşanın səsi - Azərbaycanın səsi". Konfrans konservatoriyanın nəzdində fəaliyyət göstərən "Səsin  tədqiqi" elmi-tədqiqat  laboratoriyası (rəhbəri Aleksandriya Sultan fon Brüseldorfdur) tərəfindən həyata keçirilir. Planlaşdırmışıq ki, bu ilin aprel ayında konfrans üçüncü dəfə həm Şuşada, həm də Xankəndində Qarabağ Universitetində öz iştirakçılarını dəyirmi masa ətrafında elmi-praktiki konfransa toplasın. Konfransda xarici mütəxəssislərin də iştirakı gözlənilir. Bir sözlə, ənənələr davam edəcək.  

- Müsahibəmizin giriş hissəsində oxuculara bir söz vermişəm. Artıq onun məqamı çatıb. Kamilə Dadaş-zadənin xatirələrində yaşayan əmisi Vəli Axundov...

- Mənim üçün əmim uşaqlığımdan ta bu günə kimi Vətənə, xalqına təmənnasız xidmətin, dürüstlüyün, yüksək intellektuallığın, ziyalılığın nümunəsi olaraq qalmaqdadır. Maraqlıdır ki, zaman bu qavrayışı əsla dəyişə bilməyib. Hər zaman məsul vəzifələrdə çalışan, 10 il Azərbaycana rəhbərlik edən Vəli Axundov heyrətamiz hafizəyə, gözəl nitq qabiliyyətinə, müxtəlif sahələrə dair biliklərə malik olan nadir şəxsiyyətlərdən idi. Onun haqqındakı xatirələrimin əksəriyyəti  yay tətilini keçirdiyimiz  Novxanı bağı ilə bağlıdır. Uzun yay axşamları əmimlə atamın müxtəlif mövzularda məzmunlu söhbətləri indi də yadımdadır. Bazar günləri radioda səslənən ənənəvi muğam saatının birlikdə dinlənməsi və sonra müzakirə olunması, Vəli Axundovun biz uşaqlarla ünsiyyəti, onun heç zaman unutmayacağım tövsiyələri yaddaşıma həkk olunub. Uşaqlıq illərimdə bir çox bədii əsəri onun məsləhətilə mütaliə edib, esseyə bənzər ilk yazılarımı onun təklifilə qələmə almışam. Üstündən uzun illər keçməyinə baxmayaraq, bu günün özündə hansısa vacib qərarı qəbul etmədən əvvəl əmim və valideynlərimlə daxilən bir dialoq  qururam və onların verə biləcəyi faydalı məsləhətləri özüm üçün müəyyənləşdirməyə çalışıram. Ömrümün ən işıqlı xatirələri onlarla bağlıdır.

- Və bir də yaşadığınız akademik Məmməd Arif ocağının ziyasından danışaq...

- Akademik Məmməd Arifin adını hələ kiçik yaşlarımdan əmim və atamdan tez-tez eşidərdim. Məhz onların söhbəti əsnasında bilirdim ki, Məmməd Arif Dadaşzadə  Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidin təməlini qoyan, xalqımızın elmi, ictimai-mədəni həyatında fəal iştirak edən şəxsiyyətlərdən biridir. Məmməd Arif əmim Vəli Axundovun məsləkdaşı, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirən atamın müəllimi olub. Onu görməsəm də, təsəvvürümdə bu görkəmli şəxsiyyəti uzun illərdir tanıyırammış kimi düşüncəm var. Zənnimcə, bu hiss ondan qaynaqlanır ki, Məmməd Arifi  dövrünün ziyalıları ilə birləşdirən ortaq keyfiyyətlər mövcud olub - alicənablıq, dürüstlük, təmənnasızlıq, təmkin... Elmi araşdırmalarımla məşğul olanda digər müəlliflərlə yanaşı, Məmməd Arifin tədqiqatlarını da mütaliə edirdim. Alim haqqında şifahi və yazılı xatirələr bu insan haqqında təsəvvürümü daha genişləndirə bildi. Ümid edirəm mənimlə razılaşarsınız ki, bu gün əqidəsi, sözü, əməli bütöv olan belə şəxsiyyətlərə cəmiyyətimizin böyük ehtiyacı var. Biz də çalışırıq ki, Məmməd Arif ziyasını yaşadaq, öz fəaliyyətimiz və əməllərimizlə onun müəyyən etdiyi meyarlara sadiq qalaq.

SÖZARDI: "...qiyabi də olsa, onun kübarlığını hiss etmək olurdu. Kökdən gələn ziyalılıq daha sonra parlaq bir nəslin nuruna qarışa bilmişdi". Kamilə xanımla qarşılaşmazdan əvvəl məndə yaratdığı təəssürat belə idi. Və bir saatlıq ünsiyyətimiz ərzində düşündüyümün gerçək olduğuna şahid oldum. Atalar əbəs deməyib: "Ot kökü üstündə bitər"...

Tamilla M-ZADƏ

525-ci qəzet

Digər xəbərlər