USD-1.7 EUR-1.8451 RUB-0.0184
Bakı 3°C 1.85 m/s
Son xəbərlər
28-02-2024
26-02-2024
25-02-2024
24-02-2024
23-02-2024
21-02-2024
20-02-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Uzaq illərdən gələn doğma səs - Xalq yazıçısı Anar yazır

details

ƏDƏBİYYAT

19.05.2023, 13:04 Oxunub: 1465

                Unudulmaz Ulu öndərin əziz xatirəsinə


Bu günlər ölməz Heydər Əliyevin 100 illiyi ərəfəsində onun haqqında xeyli yazı çıxıb. Onu şəxsən tanıyan, onunla təmasda olan insanların xatirələri xüsusi dəyərə malikdirlər. Həmin yazılarda Ulu öndərin xasiyyəti, davranışlarıyla bağlı yeni çalarlarla tanış oluruq. Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsüylə çapdan çıxmış "Əbədi ömrün yüz ili" kitabı da bu baxımdan çox önəmlidir. Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli tərəfindən tərtib olunan və onun Ön sözüylə açılan bu kitabda həm Heydər Əliyevlə şəxsən tanış olan, onu yaxından müşahidə edə bilən yazıçıların, həm də onunla şəxsən təmasda olmayan, amma onun xalqımızın taleyində oynadığı rolu dəqiq dərk edənlərin yazıları dərc olunub. Mən də bu böyük insan haqqında dəfələrlə yazmışam, çıxışlar etmişəm. Elə 100 illiyi ərəfəsində azı bütün TV kanallarında onun haqqında onlarla çııxışlarm olub. Heydər Əliyevin sağlığında "Oqonyok" jurnalının sifarişiylə onun haqqında yazdığım "Şəxiyyətin miqyası" adlı essem bu Moskva jurnalının səhifələrində çap edildi. Vəfatından dərhal sonra "Qalib gəldi, qalib getdi" adlı yazını qələmə aldım və nəhayət, bu böyük insanla görüşlərimi, söhbətlərimi, onun barəsində düşüncələrimi ehtiva edən "Unudulmaz görüşlər" adlı kitabım Azərbaycan və rus dillərində nəşr olundu.
Bütün yazdıqlarımda bu dahi siyasətçinin xalqımızın həyatında, taleyində, tarixində tutduğu müstəsna yeri, Azərbaycana misilsiz xidmətlərini, vətənimizi bəlalardan qurtarmaq yolunda fədakarlığını dərk etmək istədim.
Yubiley yazısı olmayan bu qeydlərimdə isə böyük insanın şəxsən mənim taleyimdə həlledici rolundan bəhs etməyə çalışacam.
60-cı illərin sonlarından başlayaraq, Heydər Əliyevin həyatının son vaxtlarına qədər mənim butün yaradıcılıq ömrüm onun gözləri qarşısında keçib və onun diqqətini çəkib. Dəfələrlə haqqımda xoş sözlər deyib və dedikləri mətbuat səhifələrində yer alıb. Sovet vaxtında mənə Əməkdar incəsənət xadimi adını verib, Azərbaycanın dövlət mükafatıyla təltif edib. Müstəqillik dövründə, 1998-ci ildə 60 yaşım tamam olanda məni o vaxt dövlətin ən yüksək ordeni olan İstiqlal ordeniylə təltif etdi və mənə çox səmimi təbrik məktubu ünvanladı. Elə həmin 1998-ci ildə məni Xalq yazıçısı adına layiq bildi. Müstəqil Azərbaycan Parlamentinin - Milli Məclisinin ilk iclasını açmaq və aparmağı da mənə məhz Prezident Heydər Əliyev təklif etdi. Tarixə düşəcək bu məqamın nə qədər şərəfli vəzifə olmasıyla ömrüm boyu fəxr etmişəm.
Amma mənimçün bu rəsmi təltiflərdən daha önəmli, daha mühüm həyatımın bir sıra çətin məqamlarında onun xüsusi diqqətini və qayğısını duymaq idi. 1981-ci ildə yüz gün içində hər iki valideynimi itirdiyimdən sonra həyatda arxalandığım, özümə həyan bildiyim yeganə insan - Heydər Əliyev idi və ən müxtəlif hadisələrin gedişatı heç bir vaxt bu inamıma şübhə oyatmadı.
Son dərəcədə əsassız, ədalətsiz və insafsızlıqla Heydər Əliyev Moskvada tutduğu yüksək vəzifələrdən uzaqlaşdırıldı.
1990-cı ildə Bakının Qara Yanvar müsibətindən sonra Moskvada daimi nümayəndəliyimizə gəlib inanılmaz cəsarətlə SSRİ rəhbərlərini bu cinayətdə ittiham etdi. Bundan sonra Moskva mətbuatında onun haqqında bir-birindən iyrənc böhtanlar çıxmağa başladı. Vətəninə, qurduğu, yüksəltdiyi Respublikaya qayıtdı, amma burda da vaxtilə onun əlinin altında işləmiş məmurlardan bir qayğı, diqqət görmədi.
Və belə bir şəraitdə biz onu - bütün vəzifələrindən uzaqlaşdırılmış təqaüdçü Heydər Əliyevi yazıçıların Filarmoniyada keçirilən Qurultayına dəvət etdik, hörmətlə qarşıladıq. Heydər Əliyevi Qurultaya dəvət etmək fikri mənim Elmira Axundovayla söhbətimizdə ortaya çıxdı. Mən onu Qurultaya əvvəl Elmira xanım vasitəsilə şifahi şəkildə, sonra isə imzaladığım dəvətnaməylə yazılı şəkildə dəvət etdim. Amma bu barədə onun özünün artıq Azərbaycanın Prezidenti kimi X Qurultayımızda söylədiyi sözləri gətirmək daha münasibdir. Qurultay kürsüsündən geniş nitqlə çıxış edən Prezident deyirdi:
"Elmira xanım mənə bildirdi ki, Yazıçılar Birliyinin Qurultayı olacaq, məni oraya dəvət edirlər. Mən dedim ki, Elmira xanım çox sağ olun, ancaq güman edirəm ki, mənim ora getməyim lüzumsuzdur. Çünki indi mən kiməm ki, oraya gəlim? Yazıçı deyiləm ki, oraya yazıçı kimi gəlim. Eyni zamanda, elə bir dövr idi ki, o vaxt həm Sovet İttifaqının rəhbərliyində, həm də Azərbaycanın rəhbərliyində mənə qarşı çox ədalətsizliklər edirdilər. Mənim əleyhimə böhtanlar quraşdırırdılar və yayırdılar. Mən çox böyük təzyiq və təqib altında idim. Fikirləşdim ki, bəlkə xatir naminə dəvət ediblər, bilirlər ki, gəlməyəcəm. Ondan - xahiş etdim, dedim ki, sən bir daha dəqiqləşdir. Sonra o mənə zəng edib dedi ki, mən Anar müəllimlə bu barədə danışdım, Anar müəllim dedi ki, biz onu ürəkdən dəvət etmişik, bu, formal xarakter daşımır, ona görə də əgər gəlsə, biz məmnun olarıq. Mən ondan sonra ürəkləndim, dedim ki, əgər belədirsə, pis  olmaz, gedim görüm yazıçılar nə edirlər. Gəldim. Bunu burada xatırladılar, siz mən hörmətlə rəyasət heyətinə dəvət etdiniz. Ətrafımda da yazıçılar vardı, çox mehriban söhbət edirdik. Mən bu faktı niyə bir daha xatırlayıram, çünki müqayisə etmək istəyirəm. Mən o dövrdə, fevral-mart aylarında Ali Sovetin sessiyasında olmuşdum. Xatirinizdədir, Ali Sovetin sessiyasında o salonda oturanların 99 faizi mənimlə bir yerdə və mənim rəhbərliyim altında işləmiş adamlar idi. Ancaq orda mənə qarşı çox hörmətsizlik etdilər, pis münasibət göstərdilər. Hətta mənim çıxışımı da kəsdilər və mənim çıxışımdan sonra cürbəcür böhtançı çıxışlar da etdilər. Ancaq o vaxt cəsarət edib çox kəskin çıxış edən Bəxtiyar Vahabzadə oldu. O salonda oturanların əksəriyyəti ilə mən gecə-gündüz bir yerdə işləmişdim. Ancaq baxın o həmin insanların münasibəti, bu da şairin münasibəti. Yəni mən yenə də ədəbiyyatla bağlılığımı və ədəbiyyatla məşğul olan şəxslərin başqalarına nisbətən daha sədaqətli olduğunu qeyd etmək istəyirəm. Orada mənə qarşı o qədər hörmətsizlik olduğu halda Filarmoniyanın salonunda yazıçıların qurultayında, mənə çox mehribanlıq, çox istiqanlılıq, çox yüksək hörmət göstərildi. O vaxt mənim imkanım olmadı ki, belə geniş təşəkkür edim. Altı il keçəndən sonra məhz o hadisəyə görə mən sizin hamınıza təşəkkür edirəm. Çox sağ olun".
Qurultayda geniş və dərin məzmunlu çıxışında Heydər Əliyev bir çox başqa məsələlərə də toxundu. Deyirdi:
"Bir dəfə 1989-cu ildə Moskvada bir jurnalist məndən müsahibə götürərkən Azərbaycana rəhbərlik etdiyim zamandan danışırdıq. Mənə sual verdi ki, Sizdə Azərbaycanda o vaxt dissident var idi, yoxsa yox? Dedim ki, yox idi. Dedi nə üçün? Dedim biz dissident axtarmırdıq. Təbii ki, əgər axtarsaydıq, çox dissident çıxarmaq olardı. Məsələn, əgər o illər, 60-70-ci illərdə Azərbaycanda dissident axtarsaydıq, onlar çox idi.
Ən böyük dissident Bəxtiyar Vahabzadə idi. Yaxud da Xəlil Rza ən böyük dissidentlərdən biri idi. Çünki onun əsərləri, o cümlədən, Bəxtiyar Vahabzadənin əsərləri həqiqəti deyirdi. Amma bu həqiqət o vaxtki kommunist idealogiyasına zidd idi və buna görə də onlar dissident idilər. Ancaq biz Xəlil Rzanı da qoruyub saxladıq.
Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov əsl dissident idilər. Ancaq biz qoymadıq ki, onlar dissident olsunlar".
Heydər Əliyevin bu tarixi sözlərinə o faktı da əlavə etmək olar ki, Moskvaya göndərilən danoslar əsasında Bəxtiyar Vahabzadə sovet quruluşuna zidd olan adam kimi qələmə verilirdi, amma Heydər Əliyevin MK-nın Birinci katibi olduğu elə həmin illərdə Bəxtiyar Vahabzadə Xalq şairi adını aldı, Azərbaycan Ali Sovetinin deputatı və Akademiyanın həqiqi üzvü seçildi, SSRİ Dövlət mükafatına layiq görüldü, Xəlil Rzaya qarşı heç bir təqib və təzyiq olmadı, Maqsud İbrahimbəyov Əməkdar incəsənət xadimi adını aldı, Azərbaycanın dövlət mükafatına layiq görüldü. Eyni adları və mükafatları Rüstəm İbrahimbəyov da aldı.
Prezident Heydər Əliyev mənim haqqımda da bu sözləri söyləyib:
"Yaxud götürək Anarı. O da dissident idi. Məsələn, "Qobustan" jurnalının yaranması və o jurnalın səhifələrin də yazılan əsərlər, şübhəsiz ki, dissident xarakter daşıyırdı. Amma keçən şeyləri indi açmaq olar. Gəlib nə qədər şikayət edirdilər, elə sizin öz içərinizdən. Biri gəlirdi, deyirdi ki, bu, pantürkistdir, biri deyirdi ki, bu, paniranistdir, biri deyirdi, nə bilim bu, Türkiyənin casusudur, biri deyirdi, bu, sovet hökumətinin əleyhinədir, biri deyirdi ki, bunun babası da sovet hökumətinin əleyhinə olub, özü də sovet hökumətinin əlehinə gedir. Nə qədər gəlirdilər, deyirdilər və nə qədər çalışırdılar ki, bu əsərlərin qarşısını alsınlar. O vaxtlar bizim həyatımızda olan mənfi halları tənqid edən əsərlərin qarşısını almaq istəyirdilər. Amma siz də bilirsiniz ki, 1969-cu ildə mən Azərbaycana rəhbər seçilən gündən Azərbaycanın həyatında olan eybəcərlikləri, mənfi cəhətləri daim tənqid etmişəm və onlarla mübarizə aparmışam. Ona görə də gəlib mənə deyəndə ki, "Anar "Şəhərin yay günləri" pyesini yazıbdır, orda bizim quruluşun əleyhinə gedir, filan edir", dedim, yaxşı, gedib baxaram. Gəldim, baxdım, çox da təriflədim, mükafat da verdim".
Başqa bir çıxışında da Ulu öndər "Şəhərin yay günləri"ni yada salırdı: "Tariximizin hələ çox səhifələri var ki, onları kinoya salmaq lazımdır. Məsələn, "Dədə Qorqud"ın kinoya salınması tariximiz üçün nə qədər böyük hadisədir. O vaxt  Anarın "Şəhərin yay günləri" pyesi də mənim çox xoşuma gəlmişdi. Dedim ki, kinoya çəkilsin, rus dram teatrında da tamaşaya qoysunlar".
Bir çox çıxışlarında Ulu öndər "Dədə Qorqud"la bağlı dəyərli fikirlər söyləyib:
"Mən bir daha qeyd edirəm ki, məsələn, Anarın bu barədə təşəbbüsü olmasaydı və o "Dədə Qorqud" filmini yaratmasaydı, "Kitabi Dədə Qorqud" dastanı haqqında xalqımızın bu qədər geniş məlumatı yox idi" ("Dədə Qorqud" yubiley komitəsinin iclasında çıxışından. 8 aprel 1995).
"Kitabi Dədə Qorqud"un elmi nöqteyi nəzərdən tədqiq edilməsi bizim üçün çox lazımdır. Mən bu baxımdan Anarın xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Mənə elə gəlir ki, biz bu gün müəyyən zaman keçəndən sonra Anarın bu sahədəki axtarışlarına, xidmətlərinə daha da yüksək qiymət verməliyik. Bəlkə də Anar uşaqlar üçün Dədə Qorqud haqqında kitab yazanda, yaxud başqa kitablarını yazanda çoxları bunun nə qədər əhəmiyyətli olduğunu o dərəcədə dərk edə bilmirdilər. Amma indi biz artıq öz milli dəyərlərimizi, köklərimizi, tariximizi olduğu kimi təsvir etməyə çalışarkən vaxtilə atılmış belə addımların nə qədər qiymətli olduğunu dərk edirik. Mən Anarın bu münasibətlə yaratdığı filmi də qiymətləndirirəm" (16 fevral 1999).
"Təqdirəlayiqdir ki, "Kitabi Dədə Qorqud" ensiklopediyasının yaranma ideyası da məhz Anara məxsusdur" (Heydər Əliyevin "Kitabi Dədə Qorqud" Ensiklopediyasına yazdığı Ön sözdən).  
Böyük milli liderimizin "Qobustan" toplusuna münasibəti də son dərəcə önəmli və maraqlıdır. 1996-cı il 23 iyul tarixli çıxışında deyirdi: "O vaxtlar "Qobustan" jurnalist həyatımızda çox böyük rol oynayırdı. Bizim bu milli dirçəliş, milli oyanış, milli özünütanıma prosesində "Qobustan"ın rolu çox böyük olubdur. Bunu o vaxtlar bəziləri bəlkə də dərk etmirdilər. Bəlkə indi də bəziləri o dərəcədə dərk edə bilmir. Amma mən bunların hamısını daim istəyirdim və hər bir belə tədbirin həyata keçməsi üçün şərait yaradırdım".
Qeyri-adi fəhmiylə "Qobustan"a vaxtında qiymət verən Ulu öndər məhz elə buna görə də bütün danoslara rəğmən, "Qobustan"ı qoruyub saxladı. Bu danoslar barədə də 1997-ci il 30 oktyabrında çıxışında ətraflı bəhs etdi: "Məsələn, mən "Qobustan" jurnalını xatırlayıram. O yarananda əleyhinə nə qədər cürbəcür hərəkətlər oldu. Mənim xatirimdədir, biri gəlirdi ki, nə bilim, millətçilik ideyaları yayır, biri deyirdi ki, bizim quruluşun əleyhinə ideyalar yayır, biri o tərəfdən, biri bu tərəfdən gəlirdi. Mən isə götürürdüm, baxırdım bu "Qobustan" jurnalına, görürdüm burada bunların dedikləri yoxdur, amma bizim üçün lazım olan şeylər çoxdur. Ona görə də "Qobustan" jurnalı yaşadı. Bu gün məmnuniyyət hissi ilə deyirəm: "Qobustan" jurnalı o vaxt çox böyük işlər gördü".
"Qobustan" bədxahlarının ürəkləri yalnız Heydər Əliyevə xəbərçilik etməklə soyumurdu. Moskvaya, Sov. İKP MK-ya, SSRİ və Azərbaycan DTK-larına danos dalınca danos tutuzdururdular. "Qobustan" - əlbəttə, mənfi səciyyəylə - hətta Sov. İKP MK katibi Kapitonovun məruzəsinə də düşmüşdü.
Bakıda isə Azərbaycan KP MK-nın o vaxtkı İkinci katibi Kozlov MK-nın o vaxtkı ideoloji katibi Cəfər Cəfərovdan soruşurmuş, doğrudanmı "Qobustan" türkcə (yəni Türkiyə türkcəsində) çıxır? Ona da danosu bu məzmunda verirmişlər. Kozlovun bu sualı haqqında mənə Universitetdə diplom işimin rəhbəri olmuş Cəfər Cəfərov şəxsən demişdi.
Bütün bu Moskvadan və Bakıdan gələn bulanıq axınla bağlı Heydər Əliyev 1971-ci il oktyabrın 29-da Plenumda məruzəsində ikicə cümlə demişdi: "Qobustan" almanaxının (redaktor Anar Rzayev yoldaş) səhifələrində sağlam olmayan meyllər, "obıvatel" meylləri özünü göstərir" ("Kommunist" qəzeti, 2 noyabr 1971).
Fikir verin, nə millətçilik, nə türkçülük, nə antisovetlikdən, bircə söz deyilmir, heç bir siyasi səhvə işarə belə vurulmur, yalnız yüngülvarı "sağlam olmayan "obıvatel meylləri" tənqid olunur. Vəssəlam. Əslində bu iki cümləylə Respublikanın partiya rəhbəri "Qobustan"ı daha ağır siyasi ittihamlardan qorudu, redaktoru partiya töhmətindən uzaqlaşdırdı, toplunu bağlanmaq təhlükəsindən xilas etdi. Bu çıxışdan sonra "Qobustan" Mədəniyyət Nazirliyinin orqanı kimi təsdiq olundu, bizə əlavə ştallar və Aktyor evində iki otaq verildi.
Amma mənim taleyimçün son dərəcə önəmli olan bu məsələylə bağlı söhbət bununla bitmir.
O vaxt mən Moskvada rejissor emalatxanasında təhsil alırdım. Plenumda MK-nın Birinci katibinin "Qobustan"la bağlı dediyi sözlərini mənə telefonla çatdırdılar. Amma elə o günlər Plenumda iştirak edənlərdən birinin yolu Moskvaya düşmüşdü. O mənə dedi ki, Plenumda məruzədən başqa Heydər Əliyev Yekun sözü də söyləyib. Məruzə müəyyən ixtisarlarla qəzetlərdə dərc olunubsa da, Yekun sözü heç yerdə çap edilməyib. Yekun sözündə Heydər Əliyev mənim barəmdə çox xoş sözlər deyibmiş. Bu fakt elə o vaxtlardan yaddaşıma həkk olunmuşdu, amma zənn etmirdim ki, haçansa bu sözlərlə tanış olacam.
Görkəmli alim, akademik Rafael Hüseynov Ulu öndərin 100 illiyi ərəfəsində "525-ci qəzet"də çox maraqlı silsilə yazılar dərc edirdi. Bir gün mənə zəng edib: Sabahkı "525"ə baxın - dedi - sizi sürpriz gözləyir. Səbirsizliklə qəzetin aprelin 21-də çıxan nömrəsində Rafaelin "Dərinlərin birgəliyi" başlıqlı yazısını oxumağa başladım. Və birdən gözlərimə inanmadım. Heydər Əliyevin haqqımda əlli iki il bundan qabaq dediyi sözlər mənə İNDİ gəlib çatmışdı.
Plenumun stenoqramında hifz olunmuş bu sözlər belədir: "Burada "Qobustan" almanaxından söhbət getdi. Almanaxın redaktoru Anar Rzayev yoldaş istedadlı yazıçıdır, istedadlı insandır. Bəlkə siz onun sentyabrın 1-də "Pravda"da çıxan, məktəblərdə yeni dərs ilinin başlanmasına həsr edilmiş hekayəsini oxumamısınız. Təkcə həmin əsər göstərir ki, bu insan nə qədər böyük istedad sahibidir. Çox da iri olmayan bu yazıda o, yüksək ideyalı, siyasi  məsələlər qaldırır, hekayədə o qədər yüksək, sağlam fikirlər əks olunub ki, bu əsər məni heyran etdi. Deməli, bu yoldaş qabiliyyətlidir, daha artıq - istedadlıdır, bizim partiyamızın siyasətini düzgün başa düşür, ancaq o, haradasa yanılır, haradasa səhvlər buraxır. Həm də bəlkə heç o özü səhv etdiyini, yanıldığını bilmir. Bax bu yerdə cavan istedadlara qayğıkeş münasibət lazımdır, həm də belə münasibət ilk növbədə özünü iti, prinsipial, amma dostcasına edilən tənqiddə göstərməlidir".
Mənimçün taleyüklü olan bu sözlər - müəllifin məhz ideyaca sağlam olmasının vurğulanması haqqımda Moskvaya və Bakıya verilən bütün açıq və gizli danoslara cavab idi, məni gələcəkdə belə baş verə biləcək hər növ siyasi ittihamlardan sığortalayırdı. Həm də tək məni yox, həm də "Qobustan"ı da və o vaxtkı dissident ruhlu 60-cılar nəslini də hücumlardan qoruyurdu. Bir cəhət də vacib idi, yazımın ölkənin Baş partiya qəzeti "Pravda"da çap olunması ağzıgöyçəklərin ağzını yumdururdu. Heydər Əliyev bizləri cəmiyyətdə mövcud olan naqisliklərə qarşı daha cəsarətlə mübarizə aparmağa, milli dəyərlərimizin keşiyində daha böyük əzmlə durmağa çağırırdı.
Bu il mart ayının 14-də 85 yaşım tamam oldu. Haqqımda xeyli xoş sözlər deyildi, yazıldı. Çoxlu təbriklər aldım. Amma unudulmaz Heydər Əliyevin 52 il bundan qabaq söylədiyi sözlər mənə illərin uzağlığından, gənclik çağımdan gələn ən dəyərli ismarış idi. Sanki çox illər sonra həmişə mənə qayğıyla və diqqətlə yanaşan əziz bir insanın doğma səsini eşidirdim.
8 may 2023

Digər xəbərlər