usd-1.7000 eur-1.7513 rub-1.6667
Bakı 5°C 2.24 m/s
Son xəbərlər
14-01-2025
12-01-2025
11-01-2025
10-01-2025
09-01-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Hər duamda Allah adı

details

ƏDƏBİYYAT

09.01.2025, 17:31 Oxunub: 224

Bir mələyin pərvanəsi - Əbülfət Mədətoğludan poetik nümunələr

 

Hər duamda Allah adı

 

Hər duamda Allah adı,

Hər kəlməmdə birincisən!..

Ömür tamı - ağız dadı -

Özün kimi bir incisən!

 

Fikir yükü hopan sözün -

Əzəli O, ünvanı Sən!

Zərrəsitək Günəş közün -

İsidirsən dünyanı Sən!

 

Bir mələyin pərvanəsi,

Bir aşiqlik müridiyəm!

Ruhum sevgi təranəsi -

Qəlbi onla kiridirəm!

 

...Xəyal yoldu - Haqqa gedən,

Güvənc yerim tutduğum əl!

Məni Haqq adamı edən -

Xəyalımı gerçək et, gəl!

 

Yayda da yarpaq tökülür...

 

Ruhumun qəddi bükülüb,

Toxunur yerə çənəsi...

Dizinin üstə tökülüb -

Çürümüş ümid dənəsi!..

 

Xəşəmdi həvəs deyilən,

Üyünür səsi içində...

Tıncıxır nəfəs deyilən -

Ömür adlanan biçində...

 

Bataqdı gözün yuvası,

Şüatək işıq süzülür...

Allahdı dilin duası -

Əl də ətəkdən üzülür...

 

Ürəyin ovuc içində,

Həniri sönür qor kimi...

Araşdır özün üçün də -

Öldürürsən sən, gör kimi?!.

 

...Özünü gizlətmir daha,

Ruhumun qəddi bükülür...

Sevib batmışam günaha -

Yayda da yarpaq tökülür...

 

Məni xoşbəxt edən səs

 

Bu axşam xoşbəxtəm - bildiyin kimi,

Səhəri səsinlə açmışam axı!..

Axşam da üzümə güldüyün kimi -

Şirin təbəssümlə kiridib ahı!..

 

Bütün xatirələr halay qurubdur,

Süzürəm onları bir-bir, gözaltı...

Xoşbəxtlik başıma elə vurubdu -

Demək mümkün deyil heç nə - sözaltı!

 

Dünyanın neçənci möcüzəsidi -

Bilmirəm, mən indi yaşadığım hal!

İndi sənə çatan könül səsidi -

Gecəmə qonaq gəl, səhərimdə qal!

 

...İlahi, nə qədər sadə və asan -

İş imiş, xoşbəxtlik daddırmaq mənə!

Hər sabah sübh çağı oxunur azan -

Ricamdı o səsi çatdırmaq mənə!..

Bir ovuc buludun şeiri

 

Gözümün önündə bir ovuc bulud,

Pərdətək sərilib bəbəklərimə...

Hərdən qığılcım da oynayır, sanki -

Arılar tələsir pətəklərinə.

 

Nə qədər sıxsam da kirpiklərimi,

Ovcumla ovsam da dammır o bulud...

Mən öz gözlərimlə dərdiklərimi -

Tanımır adamtək, qanmır o bulud!

 

Bükülür fikrimdə yolların qəddi,

Ağ işıq kimidi sonuncu umud...

Əlimi açıram, ya ONUN cəddi -

Bəlkə sən deyəsən - yağa o bulud!

 

...Ümid yerim də sən, güvənc yerim də

Allaha çatmayan əlim səndədi!

Tək bircə dilək var bax, bu şerimdə -

Sən də de, əllərin, de ki, məndədi!

 

Gecə pıçıltısı

 

Bir dərin quyudu qurduğum xəyal,

Yüz kəndir sallasan əlimə çatmaz...

Məndən cavab umur bir qalaq sual -

Bu yerdə qələm də susar, naz satmaz...

 

Gecənin rəngini səsə çevirib,

O səsi xəncərtək qından sivirib...

Mənim duyğularım elə sevilib -

Ona xəncər deyil, güllə də batmaz!

 

Qəmin yatağıdı bu ömrün çimi,

Tarıma çəkilib ruhumun simi!

Ötən gecələrdə olduğu kimi -

Şəklinlə danışar Əbülfət, yatmaz!

 

Baxışlarla...

 

Məni göynədirsən yara vurmadan

Sükut hakim olan lal baxışlarla...

Həsrətlə, kədərlə ara vurmadan -

Qal özün seçdiyin, qal, baxışlarla!..

 

Çöhrəmdə izlər var köhnə puçurdan,

Təklikdi, həsrətdi ruhu uçurdan!

Mənim istəyimi dilin ucundan -

Dindirmə, eləcə al baxışlarla!

 

Döyəndə qapımı bir gözəl baxtı,

Ürəyim boylanıb gözünə baxdı!

Dua zamanında, dəstəmaz vaxtı -

Məni də yadına sal, baxışlarla!

 

Sənin üçün...

 

Əlim açıq, ağlım onda və... bir də

Mən özümü hiss edirəm o pirdə!

Yazılmayan bir qanun var hər sirdə -

Anlarım da sənin ilə başlayır...

 

Şölə saçır gecə-gündüz ürək - şam

Bu sevgidən almaq üçün ürək kam!

Sənin ilə varlığını görüb tam -

Özü ilə inanc kimi daşıyır...

 

Göz ovudur bu həsrətin, Əbülfət

Yorulmadan yer üzünə səp ülfət!

Kəsə deyim, sən də bil ki, məhəbbət -

Dəlisi var, sənin üçün yaşayır!

 

Qalır...

 

Çox ovutdum öz-özümü səbirlə -

Qovrulduğum ağrılarla, cəbirlə...

Üz-üzəyəm son mənzillə - qəbirlə -

Demədiyim, yazmadığım söz qalır...

 

Gözlərimi dilə tutdum bax, Dana

Gör nə düşüb qismətinə, baxtına!

İndən belə yaşamalı vaxtına -

Külü soymuş, odu sönmüş köz qalır!

 

Bilə-bilə gözlənilən axırı da,

Mən atdandım bu qurumuş arxı da!

Boylanmıram, bilirəm ki, arxada -

Sənə məndən "Mənsizliyə döz!" qalır.

 

Gün yaşayır sələmiylə Əbülfət

Dəftəriylə, qələmiylə Əbülfət...

Sevgi adlı ələmiylə Əbülfət -

Yol ölçdüyü bu dünyada iz qalır...

 

Yenə...

 

Yenə Allah, yenə özüm, yenə Sən...

Yenə məni qucaqlayan dörd divar...

İnsaf edib bəlkə yerə enəsən -

Burda Səni gözləyən bir aşiq var!

 

Yenə xəyal, yenə gerçək, yenə də

Yanılmışam bu sevgidə de, nədə?!

İnsaf edib göy üzündən enəndə -

Bu quruyan ümidləri sən suvar!..

 

Yenə ürək, yenə dilək və yenə

İstəyirəm olduğumtək bəyənə!..

Meh əsəndə üz-gözümə dəyənə -

Səpələnib tala-tala çiçək "qar"...

 

... "Qu" deyəndə, qulaq batır qu, yerdə...

Yenə Allah, yenə özüm, yenə sən...

Dayanmışıq o nöqtədə, bu yerdə -

Hər görüşdə tər çiçəksən, yenisən!

 

Sevgimi

 

Göz yaşımda suya çəkib didəmi,

Köklənim mən "do"da, yoxsa "si"dəmi?!

Haqlı sayıb bu edilən sitəmi -

Yaşayıram, sevə-sevə sevgimi!

 

Əlim gəlmir ah dalınca daş atam,

Ah özü də daş biçimli, daş adam!

Sevgim mənə güc verir ki, yaşadam -

Yaşayıram, sevə-sevə sevgimi!

 

Gözüm, könlüm bir şəkilə çərçivə

O şəkili öpürəm mən ərk ilə!

Ümidlənib, havalanıb hər cürə -

Yaşayıram, sevə-sevə sevgimi!

 

Silinmir...

 

Bu ocaq da, köz də qübar,

Yanıb itmir közdə qübar!

İz salıbdı gözdə qübar -

Silinmir, ağlayanda da...

 

Külək dəyir, meh toxunur

Yağış vurur, şeh toxunur...

Gözümə bir zeh toxunur -

Silinmir, ağlayanda da!..

 

İlk anlamda addı dildə,

O addan tam daddı dil də!

Dadlı sözü dadlı dildə -

Silinmir, ağlayanda da!

 

Həyat dərsdi, məcbur oxu -

Çəkib yayı, atıb oxu!

Sən ahını mənə toxu -

Bilinmir, ağlayanda da!

 

Qoy olsun...

 

Bu dünyanın göyərməyən daşının,

Bəxti mənim, taxtı mənim qoy olsun...

Budanmalı qurusunun, yaşının -

Ömrü mənim, vaxtı mənim qoy olsun!..

 

Səpələnib pərən düşən istəyin

Məndən adın, nə ünvanın istəyin!

Haqqa aid bildiyimiz dəstəyin -

Nisyəsi, həm nağdı mənim qoy olsun!

 

Harda durub, ya kim vurub? - sormayın

Niyə erkən edib qürub? - sormayın!

Özünüzü Əbülfətlə yormayın -

Haqqı idi, yaxdı məni... qoy olsun!

 

Darıxacaqsan...

 

Ya axşam, ya sabah qapını külək

Döyəcək - söyləyib, ümidlənmə sən...

Bütün çırpıntını, ay dəli ürək, -

Gözünə yığaraq kilidlənməsən -

Yollara, mənimçün darıxacaqsan...

 

Alın söykədiyin pəncərə şüşən

Hər an damlalarla şırımlanmasa...

Dünyada ən isti yağışa düşən -

Varlığın sığınıb qımıldanmasa -

Qollara, mənimçün darıxacaqsan...

 

Ötən saata da, bitən günə də

Yaşıl budamatək baxmasan sonda,

İbadət etdiyin Haqqa, dinə də

Sevgini gizlədib saxlasan, onda -

Mənimçün, səninçün darıxacaqsan...

 

Dilin titrəyəndə, dodaq əsəndə

Saçında ilişib qalanda daraq...

Mətbəxdə əlini bıçaq kəsəndə

Qana bələnəndə yazdığın varaq -

Olanlara... mənimçün darıxacaqsan...

 

Ünvanlı məktub

 

Mən dünyanı gözlərinlə görürəm,

Əllərinlə toxunuram, duyuram...

Mən yuxumda dağılmış saç hörürəm -

Nə ətrindən, nə dadından doyuram...

 

Mən səhəri çıxardıram gecədən

Bilirəm ki, həsrətimdi köç edən...

Ürəyimə zənglərini ges edən, -

Nəfəsimlə qabığımı soyuram...

 

Mən özümdə daşıyıram dünəni,

Bu günü yox, yaşayıram dünəni!

Yer üzündə O, Tanrıma dönəni -

Öpüb hər an gözüm üstə qoyuram!

 

Ruh dincəlmir, indi dəli ozantək,

Ürəyimin minbərindən azantək

Çəkdiyim ad, nəqqaş daşda yazantək -

Mən də səni varlığıma oyuram...

 

Qədir gecəsi

 

Mən hər gecə Allahıma,

Bir də Sevgimə diz çökdüm...

Ürəyimi sətir-sətir -

Oxuyub ortaya tökdüm -

Gecə, Qədir gecəsidi!

 

Duaya içdən kökləndim,

Dindirərək hər bir simi...

Mən yalnız inanc yükləndim -

Bütünlüklə Adəm kimi -

Gecə, Qədir gecəsidir!

 

Büdrəmədi səsim, sözüm

Bu anlar kim kiminlədi...

Duamı hiss etdim özüm

Allah da, yar da dinlədi -

Gecə, Qədir gecəsidir!

 

Yerə, göyə sülh dilədim,

Bir də körpə təbəssümü...

Kaş gözündə uca tutsun

Yaradan öz təbəsini! -

Gecə, Qədir gecəsidi...


Əbülfət MƏDƏTOĞLU

Digər xəbərlər