ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
"Xarı bülbül" çiçəyini kəşf edən, amma əslini-nəslini gizlədən bilgə qadın

TARİX
03.04.2022, 21:38 Oxunub: 5779
Azərbaycanın şərəfli ad daşıyan qadınları: Sürəyya Qacar, Güvarə xanım Nuriyeva, Kövkəb Səfərəliyeva kimi hakim şah ailəsinə mənsub Bəhmən Mirzə Qacarın nəvələrindən biri də məşhur bioloq alimimiz Validə Tutayuq olub. O, hakimiyyətdə olan Qacarlara ana tərəfindən mənsub idisə, atası Xaspolad bəy əslən Şimali Qafqazdan idi. Onun Azərbaycana yolu Peterburq Meşəçilik Akademiyasındakı təhsil illərindən başlamışdı.
Xaspolad bəy Tutayuq ali məktəbi əla qiymətlərlə bitirdikdən sonra bir daha yetimçilik, xüsusən anasızlıq qəhrini çəkdiyi doğma ata yurduna dönmək istəməmiş, təhsil illərində yaxın olduğu, əslində ata tərəfdən qohumu Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə Şuşaya gəlmişdi. Qohumluq bağları ilə gedib Xurşidbanu Cavanşirin (şair Natəvan) əri general Xasay xan Usmiyevlə bağlı olan Xaspolad bəy Tutayuq həvəslə işə başlamış, Qarabağ ormanlarına gözətçi meşəbəyi təyin edilmişdi.
Xaspolad bəy gec ailə qurmuşdur: O 1903-cü ildə Şuşada Qızlar Gimnaziyasında müəllim işləyən, rus dilini mükəmməl bilən, şəhərdəki savadlı qadınlardan biri sayılan Südabə adlı xanımla evlənmişdi. Südabə xanım Şuşanın Qacar soyuna mənsub kübar ailəsinə mənsub idi. Onların uşaqları - qızları Zinyət, Fatma, Ənbər, Validə və oğlu Murad bu izdivacdan doğulmuşdu. Xaspolad bəyin qayınatası Çar ordusu Kazak qoşunu polkovniki Rüstəm bəy Mirzəyev idi. ADR zamanı Bakının şəhər polis rəisi işləyən Rüstəm bəy Mirzəyev bolşevik hökumətinin ilk 1 saylı hökmü ilə edam olunmuş 15 adamdan biri idi.
Validə Tutayuqun ana babası şahzadə Şahrux Mirzə Qacar (1843-1915) Çar ordusu Kazak qoşununda fəaliyyət göstərmiş, həmyerlisi Rüstəm bəylə demək olar ki, birgə xidmət aparmışdılar. Hərbi qulluqla əlaqədar Vətəndən uzaqlarda olan və cəbhədən-cəbhəyə adlayan Rüstəm bəy Qarabağa döndükdə yaxşı tanıdığı Qacar şahzadə ailəsi ilə qohum olur.
Tutayuq ailəsinin bərk-bərk gizlədikləri, yaxına belə qoymadıqları bu mənşə "sirr"i Validə xanımın, istərsə də bu şanlı-şöhrətli ailənin tərcümeyi-halında bir qırıqlıq, donuqluq yaratmışdı. Yadımdadı, bizim tələbəlik illərində məşhur "Qara Bəhram" adı ilə tanıdığımız savadlı, prinsipial bir adam olan fizika-riyaziyyat üzrə alimin həmin şöhrətli ailəyə mənsub olmasını da bilməzdik. Bəhram müəllimin deyimləri, cəsarətli zərb-məsəlləri universitetimizdə məşhur idi.
... Bakıda AXC hökuməti zamanı hazırladıqları qiyam ərəfəsində ələ keçən Əli Bayramovun səbəbi bu gün də bilinməyən müəmmalı ölümünün şəxsi ədavət zəminində olması ehtimalı çox güclüdür. Çünki Şaumyan hakimiyyəti dövründə onun əli ilə çox qanlar axıdılmışdı. Sovetlər Bakını işğal edən kimi bolşevik hökumətinin Bakıda keçirdiyi ilk məhkəmə, ilk hökm: bolşevik ədliyyə komissarı Əliheydər Qarayevin təklifi üzrə 29 apreldə (!) Əli Bayramovun qətlinin araşdırılmasına başlandı. Onun ölümündə təqsirli bildikləri xeyli adam (20 nəfər) məsuliyyətə cəlb edildi. 15 adam ağır cəzalara, o cümlədən Bakı şəhər polis rəisi Rüstəm bəy Mirzəyev Cümhuriyyətimizin qurucularından biri Murad Gəray Tlexas ilə bərabər ölüm cəzasına məhkum edildi...
Özünün çox ahıl yaşında günahkar kimi Ali İnqilab Tribunasının hökmü ilə güllələnən sabiq Bakı polismeystri Rüstəm bəy Mirzəyev Validə Tutayuqun baba anası Südabə xanımın atası idi.
Rüstəm bəy Bəhmən Mirzənin nəvəsi Şəmsi xanım Cəmaləddin Mirzə qızı Qacarla (Cəmaləddin Mirzə Bəhmən Mirzənin oğlu Şahrux Mirzənin oğlu idi) ailə qurmuşdu. Əliş bəy, Vəliş bəy, Bəhmən bəy, Bəhram bəy adlı oğulları, Südabə xanım, Ziba xanım, Zivər xanım, Mənzər xanım adlı qızları vardı.
Faciəli ailə
Xaspolad bəyin oğlu Murad Tutayuq çox savadlı fizika-riyaziyyat müəllimi idi. Təyinatla Naxçıvana gedən Murad bəyin orada Həsən Əliyev, Həsən Abdullayev, Heydər Əliyev kimi sevimli tələbələri olmuşdu. Validə xanımın bacısı Fatma Tutayuq da respublikamızın ilk ali təhsilli qadın pedaqoqlarından biri olub. O da ilk təhsilini Şuşada almış, elə pedaqoji fəaliyyətə doğma şəhərdə başlamışdı. 1922-ci ildə Şuşa Qəza Maarif şöbəsi tərəfindən Bakıda yeni açılan Azərbaycan Ali Pedaqoji Qızlar İnstitutuna oxumağa göndərilən Fatma xanım təhsilini başa çatdıraraq yenidən Şuşaya qayıtmış və burada vaxtilə işlədiyi məktəbə müdir təyin edilmişdir. Gənc pedaqoq 1926-cı ildə həyat yoldaşı Haşım Feyzullayevin iş yerinin dəyişilməsi ilə əlaqədar Salyana köçmüş və əri ilə birlikdə pambıqçılıq texnikumunda müəllim işləmişdir. Fatma xanımın həyat yoldaşı Haşım Feyzullayev 1927-ci ildə Müsavat təşkilatının üzvü kimi həbs edilmiş və ona on il həbs cəzası verilərək məşum "Solovki" adalarına sürgün olunmuşdu. Validə xanımın bacısı Zinyət xanım Azərbaycanın tanınmış səhiyyə təşkilatçısı və əməkdar həkim olub. İbtidai təhsilini Şuşada alıb, Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra bir müddət bu məktəbin direktoru, Quba şəhərindəki Uşaq evinin direktoru olmuşdur. 1935-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olan Zinyət xanım təhsili başa çatdıqdan sonra təyinatla doğma Şuşaya qayıdıb və burada mərkəzi xəstəxanada həkim, baş həkim, səhiyyə şöbəsinin müdiri işləmişdir. 1980-ci ildə 79 yaşında Şuşada vəfat etmişdir.
Validə Tutayuqun digər bacısı Ənbər Tutayuqun taleyi gətirməmişdir. Repressiya illərinin ağırlığına tuş gələn ziyalılardan olub. O, 1910-cu ildə anadan olmuş, 1925-ci ildə orta məktəbi bitirdikdən sonra pedaqoji fəaliyyətə başlayaraq bir müddət Şuşadakı "Nərimaniyyə" məktəbində dərs demişdir. 1937-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olsa da bu zaman həyat yoldaşı, Şuşa Pedaqoji Texnikumunun müəllimi Əyyub Hacıyev müsavatçı kimi həbs edilərkən onun özünü də əksinqilabçılıqda, antisovet təbliğat aparmaqda təqsirləndirmişlər. Ərinin həbsi ilə əlaqədar olaraq Ənbər xanımı da xalq düşməninin arvadı kimi həbs etmişlər. 1938-ci ilin aprelində Ənbər xanıma səkkiz il iş kəsilib və cəzasını çəkmək üçün Moldova Respublikasının Yavaş qəsəbəsindəki həbs düşərgəsinə göndərilmişdir. Burada onun oğlu dünyaya gəlib. Lakin onun iki aylıq körpəsini əlindən alaraq uşaq evinə, özünü isə Temnikov şəhər islah-əmək düşərgəsinə sürgünə göndəriblər. Bütün bu işgəncələrə dözə bilməyən Ənbər Tutayuqun 28 yaşında ürəyi partlayıb.
Sovet istibdadı zülmü bu ailəyə çox ağır yaralar vursa da bu nikbin insanları əyib sındıra bilmədi.
Həyatdan səhifələr: gülə-çiçəyə könül verən, "Xarı bülbül" çiçəyini kəşf edən bilgə qadın bu adda opera yazmaq istəyirdi.
Tutayuq ailəsinin sonbeşiyi olan Validə Xaspolad qızı Tutayuq 1914-cü il sentyabrın 23-də Qarabağın ürəyi sayılan Şuşada I Dünya müharibəsi başladıqdan az sonra anadan olmuşdur.
Atasının peşəsinə böyük sayğı ilə yanaşan Validə xanım onun yolunu seçir. Tutayuqun namizədlik dissertasiyası "Şəbbügülündə çoxləçəkliliyin təbiəti" adlanırdı. O, bioloq idi, çəmənin, çölün dilini bildikcə ana təbiətə Vətən deyib yaxınlaşırdı. Görüb tanımadığı həsrətli nağıllardan xəyalların gücü ilə uçub bağlandığı ata-baba yurdu Noqay çöllərinin səfasını, cazibəsini yaşayırdı əməllicə. O, 1930-cu ildə Şuşa şəhər 9 illik orta məktəbini bitirərək Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Bağçılıq və bostançılıq" fakültəsinə daxil olur. 1932-ci ildə həmin institutun Bağçılıq kafedrasına preparator vəzifəsinə qəbul edilən V.Tutayuq bu vaxtdan etibarən institutda axşam təhsili ilə yanaşı əmək fəaliyyətinə başlayır. 35 yaşında biologiya elmləri doktoru adını alan ilk azərbaycanlı qadın olmuşdur Validə Tutayuq. 1939-cu ildən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Botanika kafedrasına başçılıq etməyə başlayır. Eyni zamanda, o, SSRİ-nin müxtəlif zonalarında örtülü toxumlu bitkilərin nümayəndələrində çoxləçəkli çiçəklərin tədqiqatını davam etdirir.
Məhz Azərbaycan təbiətinə aid bitkilər onu məşğul edirdi: tarixi relik bitki olan dəmirağacı, şabalıd, nar... bunlar üzərində sitogenetik təhlillər aparır, nəinki Sovet İttifaqı ölkələri, habelə Qərb dövlətlərindəki elm aləminə yeni töhfələr bəxş edirdi. Şuşanın Cıdır düzündə yetişən "Xarı bülbül" çiçəyinin bio-ekoloji xüsusiyyətlərini də ilk dəfə Validə Tutayuq öyrənmiş, elmi şərhini vermişdi. Bununla bu nadir bitkinin məhz Şuşa təbiətinə aid olduğunu bütün dünya botaniklərinə çatdırmışdı. Çox keçmir ki o, çiçəklərin elmi şəkildə tədqiqi üzrə fəaliyyətini doktorluq dissertasiyası ilə nəticələndirir. Beləliklə, Validə Tutayuq 35 yaşında biologiya elmləri doktoru adını alan ilk azərbaycanlı qadın olmuşdur. Bu onun uğuru idi. Bu yorulmaq bilməyən zəhmətkeş alimin elmi uğurları onun şöhrətini vətəndən uzaqlara yaymış, onu dünyanın məşhur alimlərinin sırasına çıxarmışdır.
Sevdiyi təbiəti, poeziyanı, musiqini birləşdirmək istəyirdi və bəstəkar Fikrət Əmirovla birgə "Xarı bülbül" operasına başlamağa niyyətli idilər. Xarı bülbül sevdasını Gəncədə həm qonşusu, həm dostu olan bəstəkarın da başına Xarı bülbül əfsanəsini danışa-danışa o yerləşdirmişdi. Dönə-dönə olduğu Cıdır düzündə gülü-çiçəyi az müşahidə etməmişdi. Həm də müşahidəsində o da maraqlı idi ki, gül-çiçəyə aşiq idisə də bu aşiqliyin kökündə onun bioloq ixtisası dayanırdı. İxtisasının ustadı olan Validə xanımdan ətrafındakıları heyrətə salan "göydəndüşmə" xəbərlər eşitmək olardı. Deyirdi ki, həmişə çal-çağırlı, tar-kamanlı Çıdır düzündə çiçəklər qalan yerlərdəkilərdən tez açırdı. Onları həvəsə gətirib düymələnmiş qönçələrindən ləçək-ləçək açdıran muğam avazı olub. Bu sözü ölkənin ilk qadın akademikinin, şair ürəkli bioloqun ağzından sözün əsl mənasında qəbul etməli olursan.
..."Xarı bülbül" elə nağıl olaraq qaldı. Vaxtsız-vədəsiz gələn ölüm bu işi onların əlindən aldı:
Validə xanım 1980-ci il dekabrın 12-də əbədiyyətə qovuşdu. Ondan 3 il sonra Fikrət Əmirov.
Minaxanım Nuriyeva Təkləli
