usd-1.7000 eur-1.8399 rub-0.0185
Bakı 12°C 4.51 m/s
Son xəbərlər
28-03-2024
26-03-2024
23-03-2024
22-03-2024
19-03-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Zərifə xanım onu bu mübarizədə tək qoymamışdı. Onun üçün İlham kimi oğul böyütmüşdü...- Hüseynbala Mirələmov yazır

details

TARİX

28.04.2023, 11:28 Oxunub: 2423

Nur bağışlayan bir ömür... - Akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə


 
...İnsan ömrünün elə məqamları var ki, onun xatirəsini ömür boyu unutmaq olmur. İllər ötdükcə hər şey öz mahiyyətini dəyişir. Amma keçmişin xatirəsi bütün dövrlərdə dəyişilməz qalır.
Deyirlər, insan min bir budaqlı ağac kimidir, hər budağı bir ünvana gedir. Əliyevlərin ailə albomuna baxanda qollu-budaqlı, nəhəng gövdəli ağacın getdikcə şaxələnən budaqlarını, yaşıllaşan yarpaqlarını və gələcəyə bəhrə verən meyvələrini görürsən!
1932-ci ildə çəkilmiş bir şəkildə Zərifə milli geyimdə atasının arxasında dayanıb. Özü də Azərbaycanda oğlanların geyindiyi milli geyimdə. Başında papaq, yaxalığına patrondaş düzülmüş çuxa. Fotoobyektivə boylanan ağıllı gözləri sabah vətən üçün gərəkli işlər görməyə can atan doqquz yaşlı qızcığazın kiçik qəlbindəki böyük arzulardan soraq verir. Valideynləri kimi, qardaşı ilə bacıları da gələcəyə ümidlə, inamla boylanırlar. O vədələrdə Əziz Əliyev övladlarına "siz mənim ulduzlarımsınız" deyirdi.
Zərifə xanımın tələbəlik illərində papaqla çəkdirdiyi başqa bir şəkli də diqqəti cəlb edir. Papaq həm də ucalığın simvoludur. Ucalığa, elmdə zirvələrə can atmaq Zərifə xanımı uşaqlıq və gənclik çağlarından fərqləndirən xüsusiyyətlərdən idi.
Zərifə xanımın həyat fəlsəfəsinin kökü, tərcümeyi-halına sonradan yazdıra biləcəyi uğurlu məqamların ilkinliyi onun uşaqlıq çağlarından qaynaqlanır.
Çox sonralar - özü də ailə qurub analıq sevincini yaşayan zamanlar təkrar-təkrar deyərmiş ki, uşaqlıq çağları insan həyatının ən vacib dövrüdür. O dövrü heç nə əvəz edə bilməz. O dövr insanın hər zaman müraciət etdiyi dövrdür. Uşaq xeyirxahlığın, şəfqətin nə olduğunu dərk edir və onu başa düşəndə sevincinin h?dsiz-hüdudsuz olduğunu anlayır.
Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının ən yüksək mənəvi xüsusiyyətlər bəxş etdiyi böyük insanın obrazı canlanır. Gözlərimiz önündə onun portreti yaranır.
Zərifə xanımın müxtəlif illərdə çəkdirdiyi şəkillərin "yaşından" asılı olmayaraq, hamısına xas bir cəhəti sezmək mümkündür. Xarici görünüşündəki təmkin, sərbəstlik, hər şeydən əvvəl, onun daxili harmoniyasından irəli gəlir.
Fotoşəkillərində olduğu kimi, portretlərində də işıqlı çöhrəsinin nurunu artıran xəfif təbəssümünün altında lirik duyğularla psixoloji cizgilər bir-birini tamamlayır. Zərifə xanımın portret cizgilərində diqqəti cəlb edən obrazlar qalereyası çoxdur: o, günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu idi. Qəlbini şam kimi əridib ondan xeyirxahlıq, işıq umanların yoluna nur çiləmək üçün yaradılmışdı Zərifə xanım Əliyeva...
Həyatımız qəribə qurulub... Göz açıb-yumunca o, artıq sona yaxınlaşır... Güzəştsizdir, amansızdır... Yer kürəsinin yaşı ilə müqayisədə o, cəmi qısa bir işartıdır. Kimisi parlaq yanır, kimisi piltə kimi tutqun, yavaş-yavaş işarır. Burada iş qətiyyən illərin sayında, qocalıqda, uzun ömür yaşamaqda deyil, daha mühümü odur ki, həyat izsiz keçməsin.
Zərifə xanım fədakarlıqla dolu həyat yaşayaraq  öz adını tarixin səhifələrində əbədiləşdirən şəxsiyyətlərdən biri idi. Zərifə xanım öz işıqlı xarakteri ilə taleyin onunla eyni yolda addımlamağı qismət etdiyi adamların da, öz ömür yolunda onunla bircə dəfə qarşılaşanların da qəlbində parlaq bir mələk kimi silinməz iz qoymuşdur. O, cismən axirət dünyasına köçsə də, qoyub getdiyi yadigar İŞIQ öz nurunu bircə zərrə belə azaltmayıb. Əksinə, bu işığın NURU onun yenidən günəşi, səmanı, dənizi, dağı görmək imkanını qaytardığı adamların yaddaş saxlancında Zərifə xanımla bağlı kövrək xatirələrdə əbədiləşmişdir.
Biz hamımız bu dünyada qonağıq. İnsanın xatirəsi yaşadıqca, özü də yaşayır. İnsan öz əməlləri, yaradıcılığı, nümunəvi həyatı sayəsində öz ömrünü uzadır. O, yaşayır və əbədiyyətə qovuşana qədər sözlə, işlə yaxşılıq etməyə tələsir.
Rus şairi Andrey Voznesenski hind xalqının böyük övladı İndira Qandinin özündən sonra nəsillərin dünyagörüşünə təsir göstərdiyindən danışarkən belə yazmışdı: "Qandi tarixə qovuşdu". Öz xalqının tarixinə qovuşmaqdan, Tarix adlanan nəhəng çayın axınını vahid məqsəd üçün idarə etməkdən, öz dövrünün sadəcə şahidi yox, həm də qurucusu olmaqdan, əbədilik qazanmaq və özün haqqında işıqlı xatirə qoymaqdan daha yüksək missiya yoxdur.
Zərifə xanım tariximizin əfsanəvi şəxsiyyətləri arasında layiqli yer tutaraq bu şərəfi və şöhrəti qazanmışdı. Buna görə də onun haqqında əfsanə yeni, gur akkordlarla davam edir və tarixə qovuşur. Buna görə də bu ömür kitabının "son söz"ü yoxdur. Onun haqqında xatirələr bitmirsə, Zərifə xanımı şəxsən tanıyan müasirləri keçmiş günlərin xatirələrini danışmağa başlayırlarsa, "son söz" yazmaq olarmı?! Xatirələr öz xeyirxahlığı ilə ürəkləri isitmək üçün doğulan bu böyük şəxsiyyətə məhəbbət və hörmətlə doludur.
Zərifə xanımın tarixdəki rolu bu tarixi yaradan böyük insanın ən böyük məhəbbəti olmaqdan ibarətdir.
Filosoflardan biri deyib: "Hər böyük sərkərdənin arxasında bir qadın var". Zərifə xanım məhz belə qadınlardandır - böyük insanlarla yanaşı olduqda, o insanların ulduzlarının daha parlaq bərq vurmasına səbəb olan qadınlardandır. Bu dünyaya məsum, gözəl qız simasında gələn Zərifə xanım mənsub olduğu əsl azərbaycanlı ailəsinin bütün mənəvi dəyərlərini özündə cəmləşdirmişdi. Və bir qadın, bir ana, bir həkim, bir alim, bir ictimai xadim və birinci xanım olaraq o, əfsanəvi taleyə malik olmuş insanların ümumi axınına nə qədər də təbii bir şəkildə qoşulmuşdu!
Onun xeyirxah ürəyi sanki nadir tapılan qızıl külçəsi idi - çox az tapılan və qəlblərə sevinc bəxş edən tapıntı idi. Onunla rastlaşan hər kəs, ilk növbədə, təsəlli, inam və sakitlik tapırdı. Az tanıdığı adamlar belə onunla ünsiyyətdə olanda bu alicənablıqdan enerji alırdılar, qəlbləri xeyirxahlıqla dolurdu. Üzləri onun üzünün nuru ilə işıqlanırdı.
Zərifə xanımın mərhəməti Böyük Yaradanın bizə bağışladığı insani keyfiyyətlərin, ən yüksək ləyaqətin etalonu ola bilər. Və az sayda adam bu yüksək keyfiyyətləri taleyin o cür sınaqları qarşısında qoruyub saxlaya bilər.
Zərifə xanımın xarakterində sosial motivlər - xeyirxahlıq və başqalarının dərdinə şərik olmaq - o qədər güclü idi ki, o, həkim peşəsini seçmək qərarına gəlmiş və bu peşəni ləyaqətlə yerinə yetirmişdir. O, peşəsini sevirdi və ona böyük qüvvə sərf edirdi. Zərifə xanım adamları qiymətləndirməyi bacarırdı. Xəstələr ona inam və ümidlə müraciət edirdilər; hər biri ayrı-ayrılıqda ondan xoş münasibət görür, onun kabinetindən xoş əhval-ruhiyyə ilə çıxırdı. Onun ürəyi insansevərlik hissi ilə dolu idi. Buna görə də o, insanların qəlbinə yol tapmağı bacarırdı. Bu onun xəstələrlə münasibətinin başlıca prinsipi idi.
Zərifə xanım belə yazırdı: "Xəstəyə xeyirxah, mərhəmətli münasibət həkim peşəsinin əsas mahiyyətidir. Həkimin gündəlik işi onu əhatə edən adamlara - hər şeydən əvvəl köməyə ehtiyacı olan adamlara müraciət formalarını öyrənməyi tələb edir".
Həkimlik - böyük bir missiyadır. Həkim səbirli olmaq, dinləməyi öyrənmək məcburiyyətindədir. Zərifə xanım həkim kimi tez-tez filosofların kəlamlarından sitat gətirirdi. Onun sevdiyi kəlamlardan biri antik yunan filosofu Platonun sözü idi: "Həkimlərin buraxdığı ən böyük səhv ondadır ki, onlar qəlb haqqında düşünməyərək, birinci növbədə bədəni müalicə edirlər".
Həqiqətən, Zərifə xanım həkim yox, həkim-filosof idi. Şərqdə belə həkimləri loğman adlandırırlar. Zərifə xanım Qədim Şərq loğmanlarının ənənələrini əxz etmişdi və XX əsrdə bu ənənələrin təbliğatçısı idi. O, daşqəlbli olmağı, laqeyd qalmağı bacarmırdı; o, başqalarının dərdinə ürəkdən şərik olur, kömək etməyə çalışır, xəstəlikdən əzab çəkəni sağaltmaq üçün çıxış yolu axtarırdı. O, həmişə işığın tərəfində dayanırdı və bununla qaranlığı qorxuda bilirdi...
Zərifə xanımın bir nəcib İNSAN kimi daim tibbi praktikada əxlaqi meyarlara böyük üstünlük verməsi, ilk növbədə, onun yüksək intellektual mövqeyindən irəli gələn ən mühüm amillərdən biri idi.
Bir göz həkimi olaraq Zərifə xanım bütün ömrünü insanlara işıq bağışlamağa həsr etmişdi. Bu mənalı insan ömrünün missiyası zülmət və qaranlıqla mübarizə aparmaqdan ibarət idi. Bəli, işığını itirmiş gözlərə nur çiləmək istəyi, arzusu onun parlaq obrazını ilahi bir nəcibliyə qovuşdururdu.
Həkimin həyatı bir adamın həyatından daha uzun və məzmunludur. Homer deyirdi: "Bir bacarıqlı həkimin həyatı çox adamın həyatına dəyər". Zərifə xanım məhz belə həkim idi və ola bilsin ki, ona əbədi şöhrət gətirən də bu xüsusiyyəti idi. O, hələ 1969-cu ildə respublika rəhbərinin həyat yoldaşı, Azərbaycanın birinci xanımı olmuşdu, sonrakı tarix sübut etdi ki, onun bu şərəfə layiq olmaq haqqı vardır. Təəssüflər olsun ki, həyat yoldaşının və oğlunun prezident seçildiyi o xoşbəxt günləri görmək Zərifə xanıma qismət olmadı. Yəqin ki, bir prezidentin həyat yoldaşı və digərinin anası olduğu xəbərini biləndə onun ruhu şad olmuşdur.
Hər dəfə Heydər Əliyevin müstəqil Azərbaycanın şanlı simvolunun həyat və fəaliyyətinə həsr olunan filmə baxdıqda ürəyimdə incə hisslər baş qaldırır. Onun öz həyat yoldaşına bəslədiyi müqəddəs məhəbbət ürəkləri riqqətə gətirir. Mən Zərifə Əliyeva ilə vidalaşma səhnəsini - Heydər Əliyevin öz əbədi məhəbbəti ilə ayrılığına acı göz yaşı ilə ağladığı səhnəni nəzərdə tuturam... Zərifə xanım gül dənizinin içində, sanki həyat yoldaşının, öz əbədi məhəbbətinin göz yaşlarını görməmək üçün gözlərini açmaq istəmir...
Aman Allah, itkiylə barışmaq istəməyən kəsin yanıb-qovrulan ürəyini necə sakitləşdirmək olar?.. Heç vaxt heç bir dərdin, bədbəxtliyin qarşısında baş əyməyən, mərdlik və igidliyin təcəssümü olan bu güclü insan taleyin o ağır zərbəsinə dözə bilməyərək ömründə ilk dəfə acı göz yaşları axıtdı. Sevimli həyat yoldaşı son mənzilə yola düşdüyü, əbədiyyətə qovuşduğu vaxt onun əli hər şeydən üzülmüşdü.
Lakin əbədi həyat və əbədi məhəbbət haqqında əfsanə davam edir. Allahın böyük işlər görmək üçün yaratdığı böyük insan tezliklə gərgin mübarizəyə girişməli idi. Zərifə xanım onu bu mübarizədə tək qoymamışdı. Onun üçün İlham kimi oğul böyütmüşdü. Bilirdi ki, oğlu atasının şərəfini hər şeydən yüksək tutan layiqli övlad kimi böyüyüb...
Ayrılıqlar da, qovuşmalar da taleyin qismətidir... Məhəbbətlə dolu iki ürək on səkkiz ildən sonra əbədi qovuşdu.


Bu gün Fəxri xiyabanda - bütün azərbaycanlıların and yeri olan bu müqəddəs guşədə əbədiyyət dastanının iki qəhrəmanının məzarları üstündə, sanki keçmiş xoşbəxt günlərdə olduğu kimi, bir-birini sözsüz başa düşən iki qranit abidə ucalır... Onlarla, yüzlərlə, minlərlə azərbaycanlı əllərindəki gül dəstələri ilə bu məzarların önündə baş əyməyə gəlirlər... İki qəlbin əbədi məhəbbəti ilə möhkəmlənmiş uzun və xoşbəxt bir həyata xeyir-dua almaq üçün...

Hüseynbala MİRƏLƏMOV

 

Digər xəbərlər